Məhkəmə qərarları › İş №2-1(103)-1212/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1212/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1212/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2017/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ərizəsinə əsasən cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dəmir yolu nəqliyyatında ilk yardım bölməsinin yaradılması barədə xx.xx.1992-ci il tarixli, 106/H saylı Azərbaycan Respublikası Dəmir yolu rəhbərliyinin əmrinə müvafiq olaraq, o cümlədən Azərbaycan Dəmir Yolu X4 tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli, 15/HBC saylı əmrinə müvafiq olaraq, Azərbaycan Respublikası Dəmiryolu 26 Bakı Komissarı adına olan Xəstəxana rəhbərliyinin “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrə əsasən xx.xx.1992-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün 26 nəfərdən ibarət dəstə yaranmış və Azərbaycan Respublikası Dəmir Yolları Bakı stansiyası Xəstəxanası üzrə verilmiş xx.xx.1992-ci il tarixli, 118 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixdən o, bir qrup tibb əməkdaşı tərkibində səkkizinci partiya ilə cəbhəyanı bölgəyə ezamiyyətə (Ağdam rayonuna cəbhəyanı bölgəyə) göndərilmişdir. Cəbhəyanı bölgədə qaldıqları və 19 gün ərzində hərbiçilərə tibbi yardım göstərdiklərinə görə onlara 19 günlük ezamiyyət pulu verilmişdir. Bundan başqa, o, arxivdən aldığı xx.xx.1992-ci il tarixli, 106/H saylı Azərbaycan Respublikası Dəmir yolu rəhbərliyinin əmri, Azərbaycan Oktyabr İnqilabı X9 tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli, 15/HBC saylı əmri və Azərbaycan Respublikası Dəmiryolu 26 Bakı Komissarı adına olan Xəstəxana rəhbərdiyinin xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmri Azərbaycan Dəmir Yolunun hərbi tibbisanitar qatarın həqiqətən formalaşdığını, Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilməsini və onun həqiqətən də həmin tibbi-yardım hərbi dəstənin tərkibində hərbi tibbi xidmət keçməsini təsdiq edir. xx.xx.1992 tarixdən xx.xx.1992-ci tarixə qədər Ağdam rayonunda yerləşən cəbhə bölgəsində təcili yardım hərbi tibb qatarın olmasını və zərər çəkənlərə və yaralanan əsgərlərə ilk tibbi yardım göstərməsi Ağdam rayonunun komendantı polkovnik P.Məmmədov tərəfindən 20 oktyabr 1992-ci il tarixində təsdiqlənmiş hərbi qatarın heyətinin siyahısı sübuta yetirir. Dörd ay ərzində onların cəbhə bölgəsində xidmət etmələrini komendant tərəfindən təsdiq edilmiş siyahı subuta yetirir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edərək həmin xx.xx.1992-ci il tarixli siyahı alınmışdır. Arxivlərdən toplanmış sənədləri aldıqdan sonra o, 2019-cu ili yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Xeyli müddət keçdikdən sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müraciətinə formal cavab verərək, onun xahişini təmin etməkdən imtina etmiş və döyüş əməliyyatlarında iştirakını subut edən sənədlər olduğu təqdirdə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla biləcəyini bildirmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə istinadən bildirmişdir ki, özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını, həmçinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2017/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələbərini pozmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və məhkəmə gedişi zamanı sorğularla əldə olunmuş sənədlərdən onun döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi və ya döyüş təminatı ilə bağlı ezamiyyətdə olması müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dəmir yolu rəisinin xx.xx.1992-ci il tarixli, 106/H nömrəli əmrinə əsasən, dəmir yolu nəqliyyatında ilk tibbi yardım dəstələri yaradılmış, həmin dəstələrin texniki, tibbi, ərzaq, tibbi sanitar heyətinin komplektləşdirilməsi başlanılmışdır. Azərbaycan Dəmiryolları Bakı stansiyası “26 Bakı Komissarı” adına Xəstəxanası rəhbərliyinin “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrinə əsasən, döyüş bölgəsində yaralı əsgərlərə və mülki vətəndaşlara ilkin tibbi yardımın göstərilməsi üçün 26 nəfər tibb işçisi ezam edilmişdir (24-cü sırada İddiaçı adı qeyd olunmuşdur). Bu arayışlardan (əmrlərdən) görünür ki, iddiaçının müharibə şəraitində olan rayonlara ezam olunması yaralılara ixtisasladırılmış tibbi yardım göstərilməsi məqsədi daşımış, döyüş təminatı ilə bağlı olmamışdır. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “(...) döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, (...)” müddəasına əsaslanaraq iddia tələbini təmin etmiş, lakin nəzərə almamışdır qanunun bu müddəası yalnız hərbi qulluqçulara şamil olunur. İddiaçı hərbi qulluqçu olmamış və o, həkim olaraq xidməti vəzifələrini yerinə yetirməklə xəstələrə və yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün mülki şəxs kimi ezam olunmuşdur. Eyni zamanda yuxarıda göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərindəözünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılara əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdir. İddiaçı xidməti vəzifələrinə uyğun olaraq tibbi yardım göstərilməsi barədə sənədlər mövcuddur, lakin özünümüdafiə dəstələrinin tərkibində döyüşməsi barədə heç bir sənəd mövcud deyil. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilmədiyi üçün, həmçinin özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməzdi...» Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-82/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməstinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1951/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərarı ləğv edilmiş iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmənin həmin qərarında ifadə olunan hüquqi mövqeyinə görə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtin iddiaçı tərəfindən təmin olunduğu işin hazırkı vəziyyətində təsdiq olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.” İşə təkrar apellyasiya qaydasında baxılarkən əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Q.Səfərli apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, hazırki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə isə onunla razılaşmamış, iddiaçının döyüş bölgələrində həqiqətən, ezamiyyətdə olduğunu və yaralılara tibbi yardım göstərdiyini, təsdiqedici sübutların işə əlavə edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; Maddənin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnamənin qeyd olunan normalarından göründüyü kimi, tərəfindən döyüş əməliyatları aparan bölgələr hesab edilən rayonlarının ərazilərdə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxslərə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının tələbini təmin edərkən qeyd etmişdir ki, Azərbaycan Dəmiryolu Tibbi və X10 və sanitariya xidmətinin xx.xx.1992-ci il tarixli, 106/H saylı və xx.xx.1992-ci il tarixli 15/HBC saylı əmrinə müvafiq olaraq, Azərbaycan Dəmiryolu Bakı stansiyası Xəstəxanasının Azərbaycan Dəmiryolu Bakı stansiyası 26 Bakı Komissarı adına Xəstəxanasının “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992- ci il tarixli, 68 nömrəli əmrinə əsasən döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün xx.xx.1992-ci il tarixdə iddiaçının da daxil olduğu 26 nəfərdən ibarət tibbi işçisi ezam edilmişdir. Lakin işə əlavə olunmuş adıçəkilən, xx.xx.1992-ci il tarixli 68 nömrəli əmrdəki Siyahıda iddiaçının adı göstərildiyi müəyyən olunmur, Siyahıda 24-sü sırada «Musayeva Svetlana» adında şəxs yer almışdır. Eyni zamanda, işə əlavə olunmuş, Ağdam rayon Komendantı tərəfindən xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş “xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərmiş şəxslərin Siyahısı”nda da, iddiaçının adı mövcud deyildir. Həmin Siyahıda adı göstərilən “Musayeva Svetlana” ilə 2002-ci ildə X3 adlı şəxslə rəsmi nikaha daxil olduqdan sonra, ərinin soyadını (Mustafayeva) götürmüş iddiaçı (qızlıq soyadı Hacıyeva) fərqli şəxslərdir. İşə əlavə olunmuş "xxxx" QSC Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli sorğusuna ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda da göstərilir ki, 68 saylı əmrdə adı göstərilən Musayeva ilə İddiaçı eyni şəxs deyillər. QSC tərəfindən sorğuya xx.xx.2022-ci il tarixdə digər bir sorğuya cavabında qeyd etmişdir ki, xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrin 24-cü sırasında adı göstərilən «Musayeva Svetlana» ilə hazırkı İddiaçı eyni şəxs olmaması onunla təsdiq olunur ki, Siyahıda adı qeyd olunan «X2» 1998-ci il tarixdə vəfat etmişdir(i.v.107, 191). İddiaçının istinad etdiyi, Azərbaycan Dəmir Yolu Bakı stansiyası Xəstəxanasının 118 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə gəldikdə, birincisi, baxmayraq ki, həmin əmrdə döyüş bölgəsində yaralı hərbi qulluqçulara ilk tibbi yardımın göstərilməsi üçün ezam olunan 5 nəfər şəxsə, o cümlədən tibb bacısı Hacıyeva Svetlanaya ezamiyyə pulunun verilməsi və xx.xx.1992-ci il tarixdən ezam olunmaları qeyd edilmişdir, həmin məzmunda əmrin verilməsi, iddiaçının bilavasitə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğunu və həmin tapşırıqları bilavasitə icra etdiyini özü-özlüyündə təsdiq etmir. İkinci, ən azından, tədqiq olunan Ağdam rayon Komendantı tərəfindən xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş “xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərmiş şəxslərin Siyahısı”nda iddiaçının adı göstərilməmişdir i.v 13, 53). İş materiallarında olan digər sənədlərə əsasən iddiaçının döyüş bölgəsində ezamiyyətdə olmasını təsdiq edən mötəbər məlumatlar müəyyən olunmur. İPM-in 14.3-cü maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə də işdə olan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya veteran adı və vəsiqəsi verilməsindən imtina olunması əsaslıdır. Bu isə onu deməyə əsas verir ki, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.1-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur uki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə cavabdehin apellyasiya şikayətinin - məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmadığını, habelə, qəbul etdiyi qərarla maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2017/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2017/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar