Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1212/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusu verilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14959/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilməsi və ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Ramzan X1 Respublikasının Lahor şəhərində dünyaya gəlmiş və dini etiqadına görə müsəlmandır. İddiaçı Pakistan vətəndaşıdır və 08 noyabr 2018-ci il tarixində Pakistan İslam Respublikasının Lahor şəhərində olarkən Faruk adlı şəxs ona ağır xəsarətlər yetirmişdir. Aldığı xəsarətlər çox olduğundan üç il ərzində müalicələr almış, aldığı uzun müalicələr nəticəsində həkimlər nəhayət sağlamlığının bərpasına nail olmuşdurlar. Lakin iddiaçı ilə düşmənçilik edən Faruk adlı şəxs xx.xx.2021-ci il tarixində onu taparaq yenidən ayaq nahiyyəsinə xəsarət yetirmişdir. Həyatı təhlükədə olduğu səbəbindən uzun müddət ərzində Pakistan Respublikasının müxtəlif şəhərlərində gizlənmək məcburiyyətində qalmışdır. Sonuncu dəfə 6 ay ərzində Behrin şəhərində gizlənmişdir. İddiaçı ilə düşmənçilik aparan şəxsin onu öldürmək niyyətində olduğunu bildiyi üçün Pakistan İslam Respublikasını tərk etmək məcburiyyətində qalmış və sığınacaq əldə etmək məqsədi ilə xx.xx.2003-cii il tarixində Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra Bakı şəhərində “Odlar Yurdu” universitetində təhsil almağa başlamışdır, lakin təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini davam etdirə bilməmişdir. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Pakistan Respublikasına qayıtmağı mümkün deyil, çünki həyatı böyük təhlükədədir. Düşmənçilik edən şəxslər Pakistana qayıdacağı halda ona xəsarət yetirə bilərlər. İddiaçı qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2023-cü il tarixində elektron qaydada müraciət etmişdir. Ərizəsi araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmışdır. Lakin xx.xx.2023-cü il tarixində elektron poçt ünvanına Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi İdarəsi tərəfindən “Qaçqın statusunun verilməsindən imtina edilməsi barədə” 29 sentyabr 2023-cü il tarixli 3-37/2-A- 8095-xx-xx- 25277/2023 nömrəli cavab məktubu göndərilmişdir. Bundan əlavə olaraq, Miqrasiya Xidmətinin əməkdaşı tərəfindən onunla əlaqə saxlanılaraq qaçqın statusunun verilməsindən imtina edildiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin ona qaçqın statusu verilməsi barədə imtinası qanunsuzdur və buna görə ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Belə ki, Pakistan İslam Respublikasının hüquq mühafizə orqanlarına müraciət etməyinə baxmayaraq ona heç bir köməklik göstərilməmişdir və həyatı hələ də təhlükədədir. Beləliklə, iddiaçının həyatı təhlükədədir və bu səbəbdən ona qaçqın statusu verilməlidir ki, Azərbaycan Respublikasında təhlükəsiz şəraitdə yaşaya bilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14959/2023 nömrəli, xx.xx.2023-cü il qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin sonrakı prosessual hərəkətlərinin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilməyinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi ona təklif edilsə də tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qərarını bununla əsaslandırmışdır ki, cavabdehə xx.xx.2023-cti il tarixli onlayn müraciətindən görünür ki, məktubda iddiaçının Pakistanda həyatına qarşı təhlükənin və bununla bağlı cinayət işinə dair məlumatın mövcud olduğu bildirilmişdir və qaçqın statusu verilməsi məzmunlu ərizə ilə iddiçı tərəfindən müraciət edilməmişdir. Qeyd olunanlarla əlaqədar bildirir ki, “Vətəndaşların müraciətləri haqqında*' AR Qanununun 3.0.2-ci maddəsinə əsasən müraciət - müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin qanunun 3.0.12-ci maddəsinə əsasən elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Məhkəmənin nəzərinizə çatdırır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2023-cti il tarixində elektron qaydada müraciət etmiş və bu müraciəti məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim etməyinə baxmayaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki. tərəfindən cavabdeh orqana müraciət edilməsi ilə bağlı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə qərar qəbul edərkən “Vətəndaşların müraciətləri haqqında*' AR Qanununun 3.0.2-ci, 3.0.12-ci və 6.7-ci maddələrin tələblərini pozmuşdur. xx.xx.2023-cti il tarixli elektron müraciətində Pakistanda həyatına qarşı təhlükənin və bununla bağlı cinayət işinə dair məlumatın mövcud olduğunu bildirməyinin məqsədi cavabdeh orqan tərəfindən ona qaçqın statusunun verilməsi ilə bağlı qərarın qəbul edilməsi olmuşdur. Hüquqi biliyə sahib olmadığı üçün müraciətində xahişini bu formada ifadə etmişdir. Qeyd olunanlara əsasən, hesab edir ki, cavabdeh orqana qarşı elektron müraciəti qaçqın statusunun verilməsi kimi qəbul edilməlidir və qaldırdığı iddia tələbi mümkün hesab edilərək təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclaında verdiyi izahatında apellyasiya şikayətinin dəllillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddia tələbinin mahiyyəti “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilməsi və ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsidir. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbi ilə, yəni ona qaçqın statusu verilməsi məzmunlu ərizə ilə cavabdehə müraciət etmədiyini əsas götürərək iddianı mümkün hesab etməmişdir. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Birinci instansiya məhkəməsi də yuxarıda qeyd olunan göstərişləri nəzərə alaraq, İPMin 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipinın iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunmasını əsas götürərək, müəyyən etmişdir ki, iddiaçının cavabdehə müraciəti nümayəndəsi vasitəsi ilə olmuş, lakin həmin müraciət ona qaçqın statusu ilə bağlı deyil, onun həyatına qarşı Pakistanda təhlükə olması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya baxışı zamanı da iddiaçının cavabdehə hazırkı tələbi ilə bağlı müraciətinin olması müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməməklə düzgün nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgün olduğundan, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14959/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1212/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1212/2024
12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver