Məhkəmə qərarları › İş №2-1(103)-1213/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1213/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1213/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı (1939-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı ( üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanmaqla əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsi ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-5061/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 12.06.2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı 07 fevral 2006-cı il 54-İİİQ Qanununun 24.0.2- ci maddəsinə əsasən şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə hesablanaraq əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə 5 (beş) il həbs cəzası 10 (on) il hesablanaraq 11 il 00 ay 24 gün iş stajının üzərinə əlavə edilməsində və 21 il iş stajı hesablanaraq pensiya təyin edilməsi və qüvvədə olan normativ aktlara müvafiq olaraq yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyini cavabdehlər Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi Kadrlar İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinə qarşı iddia tələbi üzrə 2017-ci il 14 yanvar tarixli, 2-1(82)-2985/2017 saylı qərar 25 yanvar 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsi onun xidmət müddətinin 11 il, 00 ay, 24 gün, yəni 20 təqvim ilindən az olduğunu səbəb kimi göstərilməklə ona pensiya təyinatının aparılması ilə bağlı müraciətlərinin həllindən imtina etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin 022/26-11121B-3220 nömrəli, 14.03.2020-ci il tarixli məktubunda da “Əmək pensiyaları haqqında” Qanunun 24.0.2-ci maddəsinə əsasən şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanaraq əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilməsi qeyd olunsa da, iddiaçının ümumi stajının 20 ildən az təşkil etdiyi göstərməklə məlumat vərəqəsinin göndərilməsinin mümkünsüz olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, bu hal qanunaziddir və onun qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə daxili işlər orqanlarında xidmət müddətinə hesablanmalıdır. Beləliklə, onun daxili işlər orqanlarında xidmət müddəti 20 ildən artıq olur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə dair dəqiqləşdirmənin aşağıdakı məzmunda icraata qəbul edilməsini xahiş etmişdir: “Onun qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə, yəni 10 (on) il xidmət müddəti kimi hesablanaraq, ümumilikdə, 20 ildən artıq iş stajının olması nəzərə alınmaqla, əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması”. Bakı İnzibati Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2-1(112)-5061/2020 saylı qərardadına əsasən iddia tələbi “İddiaçı qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə, yəni 10 (on) il xidmət müddəti kimi hesablanaraq, ümumilikdə, 20 ildən artıq iş stajının olması nəzərə alınmaqla, əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun” məzmunda icraata qəbul edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin işdə cavabdehlər kimi prosessual iştiraklarına xitam verilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-5061/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs kimi işə cəlb edilməklə “qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanmaqla əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi təmin edilməmişdir. 12.02.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-5061/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Sonradan iddiaçı tərəfindən 15.04.2021-ci il tarixdə apellyasiya şikayətinə əlavə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasına nümayəndə göndərməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-5061/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: İş materiallarında olan: Azərbaycan SSR Ali Məhkəməsinin 6-İ866 saylı, 26 oktyabr 1986-cı il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan SSR Ali Məhkəməsinin şikayət işləri üzrə məhkəmə kollegiyasının 27 mart-17 aprel 1972-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 167-ci maddəsininin 1-ci hissə və 172-ci maddəsinə əsasən təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, o, 1968-ci ildə Bakı şəhər İcraiyyə Komitəsinin DİN İdarəsində baş dövlət avtomobil müfəttişi vəzifəsində işlərkən Stepanakert qarışıq ticarət idarəsinin 98 №-li komision mağazasının müdiri R.O.Şirinovla cinayət əlaqəsinə girib şəxsi marağının güdərək öz vəzifəsindən sui-istifadə etmiş, vəzifə saxtakarlığı etmişdir. Belə ki, 1 noyabr 1968-ci il tarixdə avtomobil qəzası nəticəsində həlak olmuş Q.M.İskəndərova məxsus M-21 US “Volqa” markalı, 80-00-AZ №-li avtomaşını mərhumun adından satmaq məqsədilə saxta sənədlər düzəldərək uçotdan çıxarmışdır. Bu məqsədlə tanışı A.M.Artuyunovun pasportunu aldatma yolu ilə ələ keçirmiş, həmin avtomaşını guya 1968-ci ilin may ayının 15-də satılması barədə Q.M.İskəndərovun adından saxta etibarnamə tərtib etmişdir. Bundan başqa həmin avtomaşının 24.10.1968-ci il tarixli texniki müayinə aktını tərtib etmişdir. Aktda Q.M.İskəndərovun imzası saxtalaşdırılmış, onun adından avtomaşın uçotdan çıxarılması barədə saxta ərizə tərtib edilmiş, satılması üçün sənədlər rəsmiləşdirilmişdir. Bundan sonra Bayram Şirinovla birlikdə 1969-cu ilin yanvar ayının 16-da avtomaşının R.İ.Kantayevə 5280 manata satılması qanunlaşdırılmışdır. Göstərilənlər şahidlər İsmayılovanın, Verdiyevin, Sukermanın, M.İskəndərovun, Derqaçyovanın ifadələri, məhkəmə qrafik ekspertizasının rəyi və işin təhqiq edilmiş halları ilə təsdiq edilmişdir.Şərh olunanlara əsasən narazılıq etdiyi məhkəmə hökmündən protest verilməsinə əsaslar olmamışdır. Ona görə də şikayət təmin edilmədən saxlanılmışdır. (Ali Məhkəmənin sədr müavini – A.Zeynalov) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin müvafiq tələbnamə yoxlanıldıqdan sonra 03.11.2020-ci il tarixli, 012-22594-1220 saylı məktuba əlavə edilərək məhkəməyə təqdim etdiyi İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu barədə məlumatlardan müəyyən edilir ki, o, 06.02.1971-ci il tarixdə Azərbaycan SSR Bakı şəhər DİN İstintaq İdarəsi tərəfindən həbs edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin 17.04.1972-ci il tarixli hökmünə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ rayon Xalq Məhkəməsinin 09.11.1972-ci il tarixli qərarı ilə SSRİ X3 Heyətinin 20.03.1964-cü il tarixli Fərmanına əsasən 03 il, 02 ay, 27 gün müddətinə şərti olaraq azad edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin 21.03.1989cu il tarixli qərarı ilə 17.04.1972-ci il tarixli hökmü ləğv edilərək cinayət işinə Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 10-cu maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin 21.03.1989-cu il tarixli 4- 73/89 nömrəli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində qəbul edilmiş Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 17 aprel 1972-ci il tarixli hökmü ləğv edilmiş və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 18.05.1989-cu il tarixli, 4-73/89 saylı məktubda bildirilmişdir ki, Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1972-ci il 17 aprel tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 167-ci maddəsinin 1-ci hissəsi və 172-ci maddəsi ilə cəmi 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə cinayət işinə 1989-cu il mart ayının 21-də Azərbaycan SSR Ali Məhkəməsi Rəyasət Heyətində baxılmış, hökm əməldə cinayət tərkibi olmadığına görə ləğv edilmiş və işin icraatına xitam verilməsi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 15.09.2017-ci il tarixli, 039- ********* saylı cavab məktubuna əlavə edilmiş Azərbaycan SSR DİN-nin şəxsi heyət üzrə 25.02.1970-ci il tarixli 225 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin əmrə əsasən milis kapitanı Bakı şəhər Daxili İşlər İdarəsinin əlahiddə yol nəzarəti divizionunun yol nəzarəti baş inspektoru İddiaçı şəxsi heyəti adına xələl gətirən hərəkətlər törətdiyinə görə 25.02.1970-ci il tarixdən xidmətdən xaric edilmiş və onun 25.02.1970-ci il tarixə xidmət müddəti 08 il 06 ay 24 gün təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 02.05.2020-ci il tarixli, 045-828- 3220 saylı məktubdan müəyyən edilir ki, İddiaçı daxili işlər orqanlarının əməkdaşı kimi pensiya təyin olunması ilə əlaqədar müraciətlərinə baxılmış, cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 144cü maddəsinə istinad edilməklə onun xidmət müddətinin təqvimi hesablama ilə 11 il, 00 ay, 24 gün təşkil etməsi səbəbindən müraciətlərinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən hərbi qulluqçulara Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydaları müəyyən edilir. Qaydanın 2-ci bəndində qeyd olunur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 148-ci maddəsində də göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, tutduğu vəzifələrdən azad edilib aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarında xidmətdən xaric edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və daxili işlər orqanlarında xidmətə bərpa edilməlidirlər. Həmin Əsasnamənin 149-cu maddəsinə görə daxili işlər orqanlarında vəzifələrə, xüsusi rütbələrə və xidmətə bərpa olunma üçün əsaslar aşağıdakılardır: xidməti yoxlamaların nəticələri üzrə rəy, məhkəmənin qüvvəyə minmiş qərarı, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin xidmətə bərpa olunması barədə ərizəsi. Həmin Əsasnamənin 152-ci maddəsinə əsasən bu Əsasnamənin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı daxili işlər orqanlarında xidmətə bərpa edilməmiş və qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı Azərbaycan SSR DİN-nin şəxsi heyət üzrə 25.02.1970-ci il tarixli, 225 nömrəli əmrinə əsasən şəxsi heyət adına xələl gətirən hərəkətlər törətdiyinə görə 25.02.1970-ci il tarixdən xidmətdən xaric edilmiş, yalnız bundan sonra, yəni 06.02.1971-ci il tarixdə həbs edilərək cəza çəkmiş, sonradan isə barəsində olan 17 aprel 1972-ci il tarixli hökmü ləğv edilmiş və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində olan hökm ləğv edildiyinə baxmayaraq onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsinə dair verilmiş əmri mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı daxili işlər orqanlarından xidmətdən xaric edildiyindən, onun xaric edilməsinin əsassızlığı öz təsdiqi tapmadığından, daxili işlər orqanlarına xidmətə bərpa edilməsi və qanuni əsaslarla xidmətdən ehtiyata buraxılmasına dair hal müəyyən edilmədiyindən hazırkı iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-5061/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-5061/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar