Məhkəmə qərarları › İş №2-1(103)-1213/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1213/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1213/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Yusifov Cahangir Afər oğundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və qeyrilərinə qarşı ( 3-cü şəxs AR Maliyyə Nazirliyi olmaqla) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-107/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh4ə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı İddiaçı MMC-nin mülkiyyətində olmuş və zəbt edilmiş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə 18.2 kv.m qeyri-yaşayış sahəsinə görə kompensasiya qismində 62000 (altmış iki min) manat, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinə görə kompensasiya qismində 775.000 (yeddi yüz yetmiş beş min) manat məbləğində pulun cavabdehlərdən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşən 18.2 kv.m qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinin həmin əraziyə yaxın, eyni ölçüdə və sahədə əvəzləşdirilməsi və ya ədalətli kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olmuş və zəbt edilmiş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə, 18.2 kv.m qeyri-yaşayış sahəsinə görə kompensasiya qismində 62000 (altmış iki min) manat məbləğində pulun cavabdehlərdən tutularaq, İddiaçı MMC-yə ödənilməsi və həmin qeyriyaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinin əvəzinə cavabdehlər tərəfindən İddiaçı MMC-nin istifadəsinə Nərimanov rayonu ərazisində 1041.6 kv.m həcmində torpaq sahəsi verilərək icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə, 18.2 kv.m qeyri-yaşayış sahəsi qanunauyğun olaraq özəlləşdirilmiş və Dövlət Əmlak Komitəsindən buna dair ******* saylı, xx.xx.1998-ci il tarixli Şəhadətnamə alınmışdır. Dövlət Əmlak Komitəsinin İnventarlaşma İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli inventarlaşma pasportuna əsasən həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsi də, MMC-nin istifadəsində olmuşdur. MMC tərəfindən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən səmərəli istifadə edilmiş və lazımi abadlıq işləri aparılmışdır. 2006-cı ilin əvvəllərində isə qeyri-yaşayış sahəsi və istifadə olunan torpaq sahəsi orada dövlət əhəmiyyətli tikinti (X5) aparılması ilə əlaqədar hasara alınmış və söküntü işlərinə başlanmış, söküntünü həyata keçirən şəxslər tərəfindən MMC-yə mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış və torpaq sahəsinə uyğun sahənin veriləcəyi vəd edilmişdir. Yuxarıda göstərilən qeyri-yaşayış sahəsi artıq 12 ildir ki, sökülsə də, bu günə kimi sahənin əvəzinə MMC-yə heç bir əmlak verilməmiş, təklif də, edilməmişdir. Qeyd edir ki, ““X5”nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamına əsasən, “X5”nin yaradılması üçün Bakı şəhərində müvafiq yer ayrılması və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı təkliflərin bir ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Tərəflərindən əmlak hüququnun bərpa olunması üçün xx.xx.2006-cı ildə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə xx.xx.2010-cu il tarixdə isə Əmlak Məsələləri Dövlət Komitəsinə məktubla müraciət olunmuşdur. Birinci məktuba ümumiyyətlə cavab verilməmiş, ikinci məktubla bağlı (xx.xx.2010-cu il tarixli, 12/5205-m-5/1 saylı) məsələyə qanunvericiliyə uyğun baxılması məqsədi ilə müvafiq araşdırmalar aparıldığı bildirilmişdir. Lakin, göstərilən sahədə həyata keçirilən tikinti işləri ilə bağlı əmlaklarına ziyan dəymiş şəxslərin mülkiyyət hüquqlarının bərpa olunmasına dair xüsusi göstərişin olmasına baxmayaraq, məsələ halhazıradək öz həllini tapmamışdır. Qeyd edir ki, "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən tərtib edilmiş ekspert rəyindən də, məlum olduğu kimi, MMC-yə məxsus qeyriyaşayış sahəsinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 62.000 (altmış iki min) manat, torpaq sahəsinin bazar dəyəri 1 550 000 (bir milyon beş yüz əlli min) manat müəyyən edilmişdir. Cavabdehlərdən qanunazidd əməllərinə son qoymağı tələb edərək, məsələnin məhkəməyə qədər həllinə çalışmışlar. Lakin, buna baxmayaraq, cavabdehlər mülkiyyətində olan sözügedən torpaq sahəsinin ona qaytarılması barədə heç bir tədbir görməmişdir. Elə, bu səbəbdən də, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun mülkiyyətindən bu formada məhrum edilməsi heç bir dövlətdaxili beynəlxalq qanunvericilik normasına uyğun deyildir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Heydər Əliyev prospeti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşən 18.2 kv.m qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olduğunu və “X5”nin yaradılması ilə əlaqədar olaraq söküldüyünü, lakin, sökülmüş həmin qeyriyaşayış sahəsinə və onun yerləşdiyi İddiaçı MMC-nin istifadəsində olmuş 1041.6 kv.m torpaq sahəsinə görə ona kompensasiyanın ödənilmədiyini qeyd etmişdir. Bildirirlər ki, qeyd edilən ərazidə “X5”nin inşası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməmiş və Komitə həmin ərazidə sökülmüş daşınmaz əmlaklara görə mülkiyyətçilərə kompensasiyanın verilməsi öhdəliyini daşımamışdır. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq sökülmüş əmlaka görə kompensasiya verilmədiyini və sökülmüş əmlakın yerləşdiyi torpaq sahəsinin əvəzində ona torpaq sahəsinin ayrılmadığını qeyd etmişdir. Bildirirlər ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə torpağın alına biləcəyi dövlət ehtiyaclarının dairəsi konkret olaraq müəyyənləşdirilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış obyekti torpağın dövlət ehtiyacı ilə alınması ilə əlaqədar olaraq sökülməmişdir. Bu səbəbdən, iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq hazırki iddia tələblərini irəli sürməsi əsassızdır. Bundan əlavə, göstərilən torpaq sahəsi dövlət ehtiyacları ilə əlaqədar alınmış olsaydı, belə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə uyğun olaraq torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Əmlak Məsələləri Komitəsi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olmaqla sərəncamında iddiaçıya sökülmüş əmlaka görə kompensasiya kimi verilə bilən pul vəsaiti mövcud deyildir və Komitə qanunvericiliyə əsasən belə bir vəzifə daşımır. Bu səbəbdən, iddiaçı müvafiq tələblərini yuxarıda qeyd edilən ərazidə “X5”nin inşasını həyata keçirmiş aidiyyəti orqanlara yönəldə bilər. Bakı şəhər İcra Hakimiyyətinin etirazına əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 20 saylı Sərəncamı ilə “X5”nin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1886 nömrəli və xx.xx.2007ci il tarixli, 1913 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 04/589 saylı məktubunu nəzərə alaraq, Nərimanov rayonu, Heydər Əliyev prospekt 842, 845, 849-cu məhəllələrdə yerləşən, "xxxx" ASC-nin tabeliyində olan "xxxx" TASC-nin əvvəllər istifadəsində olmuş 29.9 ha torpaq sahəsi “X5”nin yaradılması ilə əlaqədar tikintisinin layihələndirilməsi üçün mərkəzin istifadəsinə verilmişdir. Eyni zamanda hesab edirlər ki, iddia tələbinə bilavasitə aidiyyəti olan Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi cavabdeh kimi cəlb olunmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 1913 saylı Sərəncamının 3-cü bəndinə əsasən həmin ərazidə “X5”nin yaradılması ilə əlaqədar layihələndirmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə Mərkəzin inşası prosesində həyata keçirilən işlərin təşkili və əlaqələndirilməsi işləri Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. İddiaçı MMC-yə məxsus özəlləşmiş qeyri-yaşayış sahəsi isə Mərkəzin Yaradılması ilə əlaqədar söküldüyündən Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamında olan digər qeyri-yaşayış sahəsi ilə əvəzləndirilməlidir. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyətinin balansında olan sərbəst dövlət torpaqları yalnız sözügedən hüquqi şəxslərə torpaq icarə müqaviləsi əsasında verildiyini, digər kateqoriyaya aid özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə münasibətdə torpaq icarə müqavilələrinin bağlanması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-107/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş, 18.2 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə görə 45 500,0 (qırx beş min beş yüz) manat məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan üçüncü şəxs AR Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-107/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin, həmin qərardan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-107/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın Əmlak Məsələləri Dövlət Xidmətinə aid olan hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, “X5”nin inşası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməmiş və Komitə həmin ərazidə sökülmüş daşınmaz əmlaklara görə mülkiyyətçilərə kompensasiyanın verilməsi öhdəliyini daşımamışdır. Əmlak Məsələləri Komitəsi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olmaqla sərəncamında iddiaçıya sökülmüş əmlaka görə kompensasiya kimi verilə bilən pul vəsaiti mövcud deyildir və Komitə qanunvericiliyə əsasən belə bir vəzifə də, daşımır. Bu səbəbdən, iddiaçı müvafiq tələblərini yuxarıda qeyd edilən ərazidə “X5”nin inşasını həyata keçirmiş aidiyyəti orqanlara yönəldə bilər. Həmçinin, iddiaçı iddia müddətini də ötürmüşdür. AR Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il müəyyən edilmişdir. Lakin, iddiaçı ona məxsus hüquqların pozulmasının ona məlum olduğu vaxtdan 13 il keçdikdən sonra iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bundan əlavə məhkəmə kompensasiya miqdarını müəyyən edərkən iş üzrə təyin edilmiş məhkəmə ekspertizası əsasında mübahisə predmeti olmuş əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmə təşkilatının verdiyi ekspert rəyinə əsaslanmışdır ki, həmin rəydə əmlakın dəyəri həddən artıq şişirdilmişdir. Belə ki, dəmir materialdan ibarət mübahisə predmeti olan 18,2 kv.m qeyri-yaşayış sahəsinin 2006-cı ilin əvvəlində bazar dəyərinin 45 500 (qırx beş min beş yüz) manat müəyyən edilməsi əmlakın real dəyərindən xeyli artıqdır. Qiymətləndiricinin rəyində qiymətləndirmənin hansı məlumatlar əsasında aparıldığı, qiymətin necə müəyyən edildiyi barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinə İddiaçı MMC tərəfindən 17 mart 2022-ci il tarixdə apellyasiya şikayəti daxil olmuşdur. Şikayət iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə, 18.2 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin müstəqil qiymətləndirici şirkət tərəfindən 62.000 (altmış iki min manat) manat məbləğində qiymətləndirilməsinə və iddia tələbinin həmin məbləğdə olmasına baxmayaraq, məhkəmə həmin əmlakın dəyərinin 45.500,0 (qırx beş min beş yüz) manat olmasını qənatinə gəlsə də, bu mövqeyini faktiki olaraq əsaslandırmamışdır. Həmçinin, iddiaçının qeyri-yaşayş sahəsinin yerləşdiyi 1041,6 kv.m torpaq sahəsinin əvəzinə cavabdehlər tərəfindən İddiaçı MMC ilə Nərimanov rayonu ərazisində 1041.6 kv.m həcmində torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsininin bağlanması ilə bağlı heç bir araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsininn13 iyul tarixli qərardadı ilə AR Maliyyə Nazirliyinin məhkəmə icraatında üçüncü şəxs kimi iştirakına xitam verilmiş və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamışdır. Hazırki apellyasiya baxışının predmentini cavabdeh və iddiaçının apellyasiya şikayətlərinin araşdırılması təşkil edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 008150 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşən 18.2 kv.m qeyri-yaşayış sahəsi İddiaçı Şirkətinə satılmışdır. İddiaçı Şirkətinə mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən həmin şəhadətnamə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə İddiaçı Şirkəti arasında bağlanmış 103 nömrəli, xx.xx.1998-ci il tarixli “Qeyri-yaşayış sahəsinin alğısatqı müqaviləsi”nin surətindən görünür ki, müqavilənin predmetini Bakı şəhəri Səttarxan adına maşınqayırma zavodu ilə xx.xx.1997-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürdüyü və müqavilə ilə satın alındığı 18.2 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının “X5”nin yaradılması haqqında” 20 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamının surətindən görünür ki, “X5”nin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1886 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli, 1913 saylı sərəncamının 2.1-ci bəndinə əsasən və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinn xx.xx.2007-ci il tarixli, 04/589 saylı məktubunu nəzərə alaraq, Nərimanov rayonu, Heydər Əliyev prospekti 842, 845, 849-cu məhəllərlərdə yerləşən, "xxxx" ASC-nin tabeliyində olan "xxxx" TASC-nin əvvəllər istifadəsində olmuş 29.9 ha torpaq sahəsi “X5”nin yaradılması ilə əlaqədar tikintisinin layihələndirilməsi üçün mərkəzin istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ərazidə yerləşən mövcud tikililərin və qurğuların balans dəyərinin silinməsinin müvafiq qaydada həll edilməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2009-cu il tarixli məktubun surətindən görünür ki, “X5”nin tikintisi işlərini aparan DİA Holdinq Şirkəti Əmlak Məsələləri Dövlət Komitəsinə 16 iyul 2009-cu il tarixli, GDDDK-665 nömrəli məktubla müraciət edərək, Bakı şəhəri, Heydər Əliyev prospekti istiqamətində tikintiyə bitişik ərazidə yerləşən beş ədəd yaşayış binalarının Mərkəzin əsas girişindən nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik yaradacağı, Mərkəzin ümumi və estetik görünüşünə ciddi xələl gətirməsi səbəblərindən həmin yaşayış binalarının köçürülməsinin zəruriliyini bildirmişdir. “X5”nin layihələndirilməsini və tikintisini həyata keçirən "xxxx" Şirkətinin qeyd olunan məktubunu nəzərə alaraq, onların təqdim etdiyi cizgidə göstərilən yaşayış binalarının köçürülməsi ilə bağlı tədbirlərin görülməsi və onların yerləşdiyi ərazinin “X5”nin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinə əlavə olaraq ayrılması məsələsinə baxılması üçün göstəriş verilməsi xahiş edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 279 A nömrəli “X5”nin yaradılması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 20 saylı Sərəncamına əlavə” barədə Sərəncamın surətindən görünür ki, Sərəncamın 1-ci bəndinə əsasən “X5”nin tikintisi ilə bağlı, ətrafında müvafiq abadlıq işlərinin aparılması ilə əlaqədar, Heydər Əliyev prospekti istiqamətində tikintiyə bitişik ərazidə yerləşən yaşayış binalarının Mərkəzin əsas girişindən nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaradacağı və ümumi-estetik görünüşünə ciddi xələl gətirdiyindən, Cavabdeh4in xx.xx.2009-cu il tarixli, 185 saylı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli, 12/05M saylı xahişlərini nəzərə alaraq, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 73/A, 73/1, 73/2, 73/3 və 73/4 saylı binaların sökülməsinə və həmin binalarda yaşayan sakinlərin yaxınlıqdakı ərazidə yeni inşa edilmiş, müasir standartlara cavab verən yaşayış kompleksinə köçürülməsinə icazə verilmişdir. - Bakı şəhər Cavabdeh4 başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, Nərimanov rayonu ərazisində “X5”nin tikintisi həyata keçirilir. İnşa edilən mərkəzin tikintisi ilə bağlı və ətrafında müvafiq abadlıq işlərinin aparılması üçün həmin ərazidə yerləşən Heydər Əliyev prospekti 73/A, 73/1, 73/2, 73/3 v 73/4 nömrəli binaların sökülməsinə zərurət yaranmışdır. Bu məqsədlə, həmin binalarda yaşayan sakinlərin yaxınlıqdakı ərazidə yeni inşa edilmiş, müasir standartlara cavab verən yaşayış kompleksində, hazırda təmiri aparılan mənzillərə köçürülməsi planlaşdırılır. Cavabdeh4 köçürülmə zamanı üzərinə düşən işləri vaxtında və keyfiyyətlə həyata keçirəcək. Göstərilənlərlə əlaqədar, qeyd olunan binalarda yaşayan sakinlərin köçürülmə prosesinin həyata keçirilməsi üçün müvafiq sərəncam verilməsi xahiş edilmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2006-cı il tarixli, 141 nömrəli ərizədən görünür ki, iddiaçı tərəfindən Komitəyə ünvanlanmış müraciətdə bildirilmişdir ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası qanunlaraına uyğun olaraq, Bakı şəhəri, R.Qafur küçəsi, 845-ci məhəllədə dəyəri on iki milyon altı yüz on üç manat olan 18.2 kv.m qeyri-yaşayış sahəsi özəlləşdirilmiş və buna dair Dövlət Əmlak Komitəsinin 008159 saylı, xx.xx.1998-ci il tarilxi Şəhadətnaməsi alınmışdır. Eyni zamanda DƏK-nin İnventarlaşdırma İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixli inventarlaşdırma pasportuna əsasən müəssisə tərəfindən 1041.6 kv.m torpaq sahəsinin istifadə etdiyi əks etdirilmişdir. Lakin, bugünədək qeyri-müəyyən şəxslər tərəfindən həmin əmlak və torpaq sahəsi zəbt edilmiş və sonradan MMC-yə məxsus olan əmlak tamamilə dağıdılmış və torpaq sahəsi bərbad hala salınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, MMC-nin əmlakını və torpaq sahəsinə zəbt edərək, qeyri-qanuni hərəkətlərə yol verən şəxslər barəsində və MMC əmlak hüququnun bərpa olunması üçün müvafiq tədbir görülməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2010-cu il tarixli, xx.xx.2011-ci il tarixli və xx.xx.2012-ci il tarixli məktublardan görünür ki, iddiaçının nümayəndəsinin mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı müraciətlərinə “müraciətdə qeyd olunan məsələyə qanunvericiliyə uyğun baxılması məqsədi ilə müvafiq araşdırmalar aparılır” şəklində müvafiq cavablar verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, **********84 nömrəli məktubdan görünür ki, iddiaçının nümayəndəsinin mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı müraciətinə “ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə həmin ünvanda söküntü və abadlıq işlərini həyata keçirmiş təşkilata müraciət edilməsi məqsədəuyğundur” şəklində müvafiq cavab verilmişdir. - Məhkəmənin 2-1(112)-1212/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmış, ekspert qarşısında aşağıdakı məzmunda sual qoyulmuşdur: İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Rəşad Qafur üçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sahəsinin 2006-cı ilin əvvəlinə bazar qiyməti nə qədər təşkil edir?. "xxxx" MMC tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq ƏEM/İ83-639/11 nömrəli, 25 iyun 2021-ci il tarixli ekspert rəyi təqdim edilmiş, rəyin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Rəşad Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sahəsinin 2006-cı ilin əvəllərinə bazar dəyəri 45500.0 (qırx beş min beş yüz) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sahəsinə görə kompensasiya qismində 62.000 (altmış iki min) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etsə də, iş materiallarında olan ekspert rəyindən müəyyən edilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Rəşad Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sahəsinin 2006-cı ilin əvvəllərinə bazar dəyəri 45500.0 (qırx beş min beş yüz) manat təşkil etmişdir. Bu səbəbdən də, iddia tələbi qismən təmin edilməklə, iddiaçıya mülkiyyətində olmuş 18.2 kv.m qeyri-yaşayış sahəsinə görə 45500.0 (qırx beş min beş yüz) manat məbləğində kompensasiya məbləği Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, “X2 yaradılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli, 1913 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə müəyyən edilmiş torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada “X5”nin yaradılması üçün ayrılmasının təmin edilməsi tapşırılmışdır. Sərəncamın 3-cü bəndinə əsasən “X5”nin yaradılması ilə əlaqədar layihələndirməyə tikinti işlərində sifarişçi funksiyaları, habelə Mərkəzin inşası prosesində həyata keçirilən işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə (xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) həvalə edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “X5”nin yaradılması haqqında 20 nömrəli, xx.xx.2007-ci il tarixli Sərəncamının 1.1-ci bəndindən də, müəyyən edilmişdir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, ərazidə yerləşən mövcud tikililərin və qurğuların balans dəyərinin silinməsinin müvafiq qaydada həll edilməsi tapşırılmışdır. Göründüyü kimi, hazırki iddia üzrə cavabdehliyi bir başa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyriyaşayış sahəsinə görə kompensasiya qismində 62.000 (altmış iki min) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etsə də, ekspert rəyindən müəyyən edilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Rəşad Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sahəsinin 2006-cı ilin əvvəllərinə bazar dəyəri 45500.0 (qırx beş min beş yüz) manat təşkil etmişdir. Bu səbəbdən də, iddia tələbi qismən təmin edilməklə, iddiaçıya mülkiyyətində olmuş 18.2 kv.m qeyri-yaşayış sahəsinə görə 45500.0 (qırx beş min beş yüz) manat məbləğində kompensasiya məbləğinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının hazırki iş üzrə iddia tələbinin əsasını cavabdehin qanunsuz hərəkəti nəticəsində ona məxsus əmlakın sökülməsinə görə iddiaçıya dəymiş ziyanla bağlı kompensasiya ödənilməli olması təşkil etdiyindən və onun iddia tələbinin təmin olunmasına dair əsaslar müəyyən edilmədiyindən iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 2-1(112)-107/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-107/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar