Məhkəmə qərarları › İş №2-1(103)-1214/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1214/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1214/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11953/2021 saylı 30.12.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11953/2021 saylı 30.12.2021-ci il tarixli qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə («İPM») edilən sonra, edilən son dəyişikliyə əsasən mübahisələndirmə haqqında iddialarla bağlı müəyyənləşdirilmiş ərazi aidiyyəti qaydaları həmçinin məjburetmə haqqında iddialara da şamil edildiyindən,«Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci bəndinə müvafiq olaraq Kimitənin inzibati akt qəbul etmək səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, məhkəmə qərardadda hesab etmişdir ki, işə ərazi aidiyyəti üzrə iddiaçının yaşadığı yerinə məhkəməsində bpxılmalıdır. Lakin qərardad qəbul olunan zaman məhkəmə iddiaçının məcburi köçkün ailəsinin üzvü olmasını, şəxsiyyət vəsiqəsiə əsasən Füzuli rayonu, Qacar kəndi olmasına baxmayaraq uzun illər Bakı şəhərində müvəqqəti qeydiyyatda olmaqla müvəqəti məskunlaşmasını nəzərə almamışdır.İddiaçı məjburi köçkün statusuna malik olan şəxsin himayəsində olan şəxs kimi ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır.Xüsusilə vurğulanmalıdır ki, İPM-in 8.1.2-ci maddəsində «hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi» ifadəsinin işlədilməmi təsadüfi deyildir. Belə ki, qanunverici, iddiaçının şəxsiyyət vəsiqəşəsi üzrə qeydiyyatda olduqları ünvanda faktiki yaşamaması halını nəzərə alaraq, onların müvafiq iddia tələblərinə məhz olduğu yerin məhəkəməsi tərəfindən baxılmalı olduğunu bildirir. İddiaçı bakı şəhəri ünvan 2 ünvanında müvəqqəti məskunlaşmışdır. Belə olan halda onların yaşayış yeri həmin ünvan hesab olunur. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (apellyator) və iddiaçı (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, İPMin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının cavabdeh inzibati orqana qarşı qaldırdığı «məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iddiası öhdəliyin icrası haqqında iddia növünə aid edilir. İPM-in 2.2.1, 2.2.2-ci və 2.2.3-cü maddələrinin tələblərindən görünür ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), eləcə də inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələbinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) - inzibati məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsinin qərardadında hesab etmişdir ki, iddiaçının iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə İPM-in 8.1.2-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti üzrə işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, İPM-in 8.1.2-ci maddəsinin 01.10.2021-ci il tarixindən qüvvədə olan redaksiyasına görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin qeyd olunan normasının mənası baxımından, məcburetmə və öhdəliyin icrası haqqında iddialara da, həmçinin, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı yaşayış yerini müəyyən edən sənədlər sayılır. İddiaçının iş materiallarında olan fərdi identifikasiya kartı yaşayış yerini müəyyən edən Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış “şəxsiyyət vəsiqəsinin məlumatları”na əsasən müəyyən olunur ki, onun yaşayış yeri: Füzuli rayonu, Qaçar Ərazi dairəsi, Qaçar kəndidir. İPM-in istər 8.1.2-ci maddəsinin qeyd olunan tələbi baxımından, hazırkı işin ərazi aidiyyəti üzrə məhkəmə iddiaçının şəxsiyyət vəsiqəsinə əsasən müəyyən edilən yaşayış yeri, Füzuli rayonunun aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Füzuli rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahididir (19.5-ci bənd) Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11953/2021 saylı 30.12.2021-ci il tarixli qərardadı ilə ərazi adiyyəti üzrə işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə qərarı prosessual qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 8.2-ci maddəsi də məhz nəzərdə tutur ki, ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin (hələ məcbur köçkün statusu olmayan) iddiaçının faktiki yaşayış yerinin Bakı şəhəri olmasına əsaslanaraq, işin ərazi adiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11953/2021 saylı 30.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 8, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11953/2021 saylı 30.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar