Məhkəmə qərarları › İş №2-1(103)-1214/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1214/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1214/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X21 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 8478/2021 nömrəli qərarından üçüncü şəxslər X8, X16, X17, X3, X14 və X5 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, X24, X15, X16, X17, X18, X3, X14, X5 və X19) üçüncü şəxslərin ünvan 1 ünvanı üzrə pasport qeydiyyatına alınmaları qanunsuz hesab edilməklə həmin üçüncü şəxslərin ünvan 1 ünvanı üzrə pasport qeydiyyatından çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçının tam mülkiyyətindədir. Bu yaxınlarda ona məlum olub ki, mülkiyyətində olan evin ünvanı üzrə kimlikləri ona məlum olmayan, tanımadığı şəxslər pasport qeydiyyatına alınıb. O, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə üçüncü şəxslərin mülkiyyətində olan evin ünvanından pasport qeydiyyatından çıxarılmaları tələbi əsasında ərizə ilə müraciət etmişdir. Cavabdeh isə özünün 21 iyun 2021-ci il tarixli imtina məktubu ilə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 5-ci maddələrinin tələblərini əsas götürməklə tələbinin təmin olunmasının məhkəmə qərarı olmadan mümkünsüz olduğunu bildirib. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8478/2021 saylı qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Üçüncü şəxslər apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8478/2021 saylı qərarının ləğv edilərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1390/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, hazırkı iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “X4, X24, X6, X9, X10, X1, X7, X2 və X11 ünvan 1 ünvanı üzrə pasport qeydiyyatına alınmaları qanunsuz hesab edilməklə həmin şəxslərin ünvan 1 ünvanı üzrə pasport qeydiyyatından çıxarılması”na dair iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilərək apellyasiya instansiyası məhkəməsinin 7 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022ci il tarixli, 2-1(102)-1580/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1390/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qərarı ləğv edilib, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında X1 adı yanlış olaraq - Elena yazılmışdır. Həmçinin, məhkəmə qərarı qəbul edilərkən üçüncü şəxslərin iştirakı təmin edilməmişdir. Əsas xüsusat isə ondan ibarətdir ki, iddia mümkün sayılmamalı idi. Belə ki, ünvan 1 ünvanı iki əmlaka verilmişdir. Bu xüsusat birinci instansiya tərəfindən araşdırılmamışdır. Bu səbəbdən iddia mümkün sayılmamalı idi. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə məktub göndərilərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X8, X24, X15, X16, X17, X18, X3, X14, X5 və X19 ünvan 3 ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir: “xx.xx.1964-cü il təvəllüdlü X16 xx.xx.2002-ci il tarixdən, xx.xx.1963- cü il təvəllüdlü X12 xx.xx.2005-ci il tarixdən, xx.xx.1960-cı il təvəllüdlü X18 xx.xx.2004-cü il tarixdən, xx.xx.1985-ci il təvəllüdlü X5 xx.xx.2005-ci il tarixdən, xx.xx.1984-cü il təvəllüdlü X14 xx.xx.2003-cü il tarixdən, xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.2005-ci il tarixdən, xx.xx.1982-ci il təvəllüdlü X17 xx.xx.2003-cü il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Həmin ünvanda qeydiyyatda olan xx.xx.2015-ci il təvəllüdlü X19 xx.xx.2015-ci il tarixdən, xx.xx.2007-ci il təvəllüdlü X24 xx.xx.2013-cü il tarixdən, xx.xx.2011-ci il təvəllüdlü X15 xx.xx.2013-cü il tarixdən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar.” Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, sorğuda qeyd olunan şəxslərin adlarına sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022ci il tarixli, 2-1(102)-1580/2022 saylı qərarına əsasən eyni ünvanda iki fərqli yaşayış sahəsinin mövcud olub-olmadığı, üçüncü şəxslərin həmin ünvanda həqiqətən ayrıca yaşayış sahəsinə faktiki malik olub-olmadıqları və yaşadıqları apellyasiya məhkəməsi tərəfindən yoxlanılmamış və müəyyən edilməmişdir. Bundan başqa, üçüncü şəxslərin qeydiyyatda olduqları yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyi, üçüncü şəxslərin həmin ünvanda faktiki hansı yaşayış sahəsində yaşadıqlarına aydınlıq gətirməli, nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı üçüncü şəxslər X8, X16, X17, X3, X14 və X5 ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslərdir. Belə ki, apellyasiya şikayətinin əsas dəlili ünvan 3 ünvanının iki əmlaka verilməsindən, bu halın birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamasından ibarətdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında nəzərdə tutulmuş göstərişlər nəzərə alınaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğu verilmiş və həmin idarənin 03 fevral 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, ünvan 3 ünvanının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq başqa hər hansı tikiliyə verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən iş üzrə ünvan 3 ünvanına iddiaçının, üçüncü şəxslərin, o cümlədən mütəxəssisin iştirakı ilə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində və istifadəsindədir. Həmin evə bitişik yerləşən, lakin ayrıca giriş qapısı olan üçüncü şəxslərin yaşadığı ev özbaşına tikilidir və iddiaçının mülkiyyətində olan evə heç bir aidiyyəti yoxdur. Qeyd olunan ərazidə yerləşən evlərin böyük əksəriyyəti biri birinə bitişik formadadır. Baxış zamanı üçüncü şəxslər onların yaşadığı evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın olmadığını bildirmişlər. Üçüncü şəxslər iddiaçının ünvan 3 ünvanında yerləşən mənzilinə bitişik formada olan evlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmasına dair hər hansı sübut təqdim etməmişlər. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qanunun mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus ev üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıldığından iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxslər X8, X16, X17, X3, X14 və X2 apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxslər X8, X16, X17, X3, X14 və X5 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8478/2021 saylı qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar