Məhkəmə qərarları › İş №2-1(103)-1215/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1215/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1215/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs 11 saylı Şəhər Poliklinikası) “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2- 1(112)-4876 /2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 09.03.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı artıq uzun müddətdir ki, göz xəstəliyindən əziyyət çəkir. Artıq neçə illərdir ki, o, müxtəlif xəstəxanalarda müalicə və müayinə olunur. Xəstəliyinin diaqnozu arxa qütbün və ləkənin degenerasiyası (H 35.3). Dəfələrlə müalicə və müayinə olunmağına baxmayaraq, xəstəliyi ağırlaşmaqda davam edir. Xəstəlik üzündən sağlamlıq imkanları məhdudlaşmışdır. O, səhhəti ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Maddi durumu yaxşı olmadığından dərmanları vaxtı-vaxtında ala bilmir. İddiaçının yaşadığı sahə üzrə Bakı 11 nömrəli şəhər poliklinikası tərəfindən onun əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə 28.11.2020-ci il tarixində Tibbi-Sosial Ekspert Komissiyasına 2749003AADTG nömrəli göndəriş göndərilmişdir. Lakin göndərişə imtina edilmişdir. İmtina səbəbi kimi göstərilmişdir ki, Bakı 11 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2749003AADTG nömrəli göndərişdə stasionar müalicə müddəti yetərli olmadığından əlilliyin təyin edilməsi mümkün olmamışdır. İddiaçının yaşı artdıqca bu xəstəlikdən əlavə digər xəstəliklərdən də əziyyət çəkir. O, xəstəlik ilə əlaqədar kifayət qədər müalicə və müayinə almışdır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4876 /2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-4876 /2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3.-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-4876 /2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.1960-cı il tarixində doğulmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı 18.01.2021-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2749003AADTG nömrəli göndərişi əsasında 24.11.2020-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edildiyi və iddiaçıya dair Bakı 11 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2749003AADTG nömrəli göndərişdə stasionar müalicə müddəti yetərli olmadığından əlilliyin təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, qiymətləndirmə tarixi 24.11.2020-ci il göstərilmiş və iddiaçıya “arxa qütbün və ləkənin degenerasiyası, gözün digər xəstəlikləri nəticəsində ikincili qlaukoma, OS 2ci li qlaukoma. Ağırlaşmış katarakta astiqmatizm” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 T 212/2021 nömrəli,02 sentyabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: «1.2.İddiaçı tibbi sənədlərinə əsasən o, halhazırda “H35.3-Arxa qütbün və ləkənin degenerasiyası, H40.5- Gözün digər xəstəlikləri nəticəsində ikincili qlaukoma, OS 2-li qlaukoma, H26.2-Ağırlaşmış katarakta, H52.2- Astiqmatizm. H54.4 Monokulyar korluq” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar xəstənin müalicə müddətinin az olması hazırda onda əlillik dərəcəsinin təyini üçün yetərli deyildir. Bu səbəbdən də o, əlavə stasionar müalicə aldıqdan sonra nəticələrlə birlikdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilərək müayinə edilməklə əlillik dərəcəsi təyin edilə bilər." - işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad. X2 Milli Oftalmologiya Mərkəzinin 31.03.2022-ci il tarixli tibbi rəydə qeyd olunmuşdur ki, “vətəndaş İddiaçı Rza , 1960-cı il təvəllüdlü; Diaqnoz: H35.3- Arxa qütbün və ləkənin degenerasiyası; H54.4- Monokulyar korluq; H52.2-Astiqmatizm; H26.2- Ağırlaşmış katarakta; H40.8- Digər qlaukoma” (Baş həkim S.Məcidova,müayinə aparmış həkim N.Hümbətova, tibbi ekspert komissiyasının sədri A.Məmmədbəyli tərəfindən imzalanmışdır) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.4-ci bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, V mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 09.10.2020 – 22.10.2020-ci ilədək Oftalmologiya xəstəxanasında, 07.08.2020-ci il tarixdə akademik X2 Milli Oftalmologiya Mərkəzində müalicədə olmuşdır. Göründüyü kimi iddiaçının stasionar müalicədə olma müddəti qanunvericilikdə göstərilmiş zəruri müddətdən az olmuşdur. Bundan başqa iddiaçıda olan xəstəliklər, qanunla müəyyən edilmiş müddət gözlənilmədən göndəriş verilməsi üçün əsas olan xəstəliklərin siyahısına daxil edilməmişdir. Belə olan halda Bakı 11 nömrəli şəhər poliklikası tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsi üçün göndəriş yuxarıda göstərilən qanunvericiliyin normaları nəzərə alınmadan verilmişdir. Eyni zamanda işin birinci instansiya icraatı zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 T 212/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, iddiaçının tibbi sənədlərinə əsasən onun, halhazırda əziyyət çəkdiyi xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar müalicə müddətinin az olması onda əlillik dərəcəsinin təyini üçün yetərli deyildir və ona əlavə stasionar müalicə aldıqdan sonra nəticələrlə birlikdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilərək müayinə edilməklə əlillik dərəcəsi təyin edilə bilər. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad. X2 Milli Oftalmologiya Mərkəzinin 31.03.2022-ci il tarixli tibbi rəyi ilə hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən iddiaçının stasionar müalicə müddətinin yetərli olmaması təkzib edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına, eyni zamanda müvafiq ekspert rəyinə əsasən iddiaçının əlavə ixtisaslaşmış tibb müəssisəsində müalicə olunmasının zəruriliyi müəyyən edildiyindən cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, iddiaçının əlillik dərəcəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM- 73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-4876 /2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-4876 /2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar