Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1215/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) «qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8314/2023 saylı 10 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Qeyri-yaşayış sahəsinin alqı-satqısına dair” xx.xx.2020-ci il tarixli 009 nömrəli Müqavilənin surətindən görünür ki, (alıcı) İddiaçı ilə (satıcı) hüquqi şəxs olan "xxxx" MMC arasında Bakı şəhəri, Nizami küçəsi, 96706-cı məhəllədə yerləşən tikilməkdə olan “Dolçasaray Rezidence” adlanan hündürmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanılmışdır. Müqavilədə qeyriyaşayış sahəsinin ümumi sahəsi 444 kv.m. olaraq göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli N-146-C148 nömrəli “Maliyyə Arayışı”nın surətindən görünür ki, Nakxal X19 rayonu, ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində 444 kv.m. qeyri yaşayış sahəsinin tam dəyərini şirkətin kassasına ödəmişdir. İddiaçı şirkətə heç bir borcu qalmamışdır. “MEGA EKSPRESS” məktub və bağlamaların daşınması xidmətinin 329873 nömrəli poçt qəbzinin surətindən görünür ki iddiaçının vəkili hazırki tələb ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən həmin məktub xx.xx.2023-cü il tarixdə alınmış, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami küçəsi 96 706-cı məhəllədə yerləşən, “Dolçasaray Rezidence” adlanan hündürmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 444 kv.m. olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının tanınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə üçüncü şəxs "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən, “Dolçasaray Rezidence” adlanan hündürmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 444 kv.m olan qeyri-yaşayış sahəsi dəyəri ödənilməklə İddiaçı tərəfindən 610.000 (altı yüz on min) manata alınmış və hazırda da onun istifadəsindədir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından da göründüyü kimi, İddiaçı həmin qeyri-yaşayış sahəsi ilə bağlı şirkətə heç bir borcu yoxdur. Bina "xxxx" MMC tərəfindən tikilmiş, həmin binada mənzillər və qeyri-yaşayış sahələri vardır. İddiaçı qeyriyaşayış sahəsinə dair hüquqlarının qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona şifahi olaraq bildirilmişdir ki, bina müvafiq qurumlar tərəfindən təhvil alınmadığı üçün çıxarışın verilməsi mümkün deyil. Eyni zamanda sənədlər iddiaçıdan təhvil alınaraq, iddiaçının müraciətinə cavab veriləcəyi bildirilsə də, 1 aydan artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçının müraciətinə rəsmi cavab verilməmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, həmin binada sakinlər yaşayır, digər şəxslər də qeyri-yaşayış sahəsindən istifadə edirlər, qonşular həmin binada yerləşən mənzillərə və qeyri-yaşayış sahlərinə dair hüquqlarını qeydə aldıraraq müvafiq çıxarışlar əldə etmişlər. İddiaçı həmin çıxarışları iddia ərizəsinə əlavə etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “Dolçasaray MMC”yə məxsus çoxmərtəbəli yaşayış binasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) idarəyə təqdim edilməmişdir. Həmçinin qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilə bilər. Eyni zamanda etibar edilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8314/2023 saylı 10 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı tərəfindən həmin binada olan digər mənzillərə aid çıxarışlar məhkəməyə təqdim edilmiş, eyni zamanda məhkəmə tərəfindən sorğu verilmiş və cavabdeh inzibati orqan mübahisəli binada olan bir neçə mənzillərə dair çıxarışları və çıxarışların verilməsinə əsas olmuş sənədləri təqdim etmişdir. Lakin bu hal da iddia tələbinin təmin edilməsi üçün məhkəməyə kifayət etməmişdir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir: "Məhkəmə araşdırması zamanı, mübahisəli daşınmaz əmlakın müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi, tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktının olmadığı müəyyən edilmişdir. Eyni zamanda üzərində hüququların qeydiyyata alınması tələb edilən daşınmaz əmlaklar üzrə hüquqlar dövlət reyestrində qeydiyyatdan keçməmiş və həmin əmlaklara dair bağlanılmış müqavilələr notarial qaydada təsdiq edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilən əsasların mövcudluğu müəyyən edilmədiyindən, eyni zamanda hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya qanuni əsaslar olduğundan iddia tələbi əsassızdır". Bu qənaətə gələn məhkəmə nəzərə almamışdır ki, həmin binada 30-a yaxın mənzilin və qeyri- yaşayış sahəsinin çıxarışı vardır və bu çıxarışların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilib. Onda belə çıxır ki, həmin çıxarışların verilməsinə əsas olmuş məhkəmə qərarları qanunsuzdur?!. Bu hala birinci instaniya məhkəməsi belə qiymət verib: "Məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə qərarı əsasında qəbul edilən və qüvvədə olan inzibati aktın məzmununa qiymət vermək səlahiyyəti yoxdur. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər, o cümlədən cavabdeh üçün məcburidir". Məhkəmənin gəldiyi bu nəticə ilə bağlı bildirmək istəyir ki, onun müraciəti hansısa məhkəmə qərarının qanuni və ya qanunsuz olması ilə bağlı deyil. O, pozulmuş hüquqlarının bərpasını istəyir. 610 000 manat məbləğində ödəniş edərək, qeyri-yaşayış sahəsi əldə etmiş və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını istəyir, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, məhkəmə qərarlarının icrası hamı üçün məcburidir və eyni zamanda preyudisial əhəmiyyət daşıyır. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs "xxxx" MMC lazımi qaydada məlumatlandırılmasına baxmayaq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştiraçıları hazırki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1215/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC-nin üçüncü şəxs statusu ləğv edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə idia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinə hər hansı münasibət bildirilməmişdir. Yəni cavabdeh qurum iddiaçının müraciətinə münasibətdə hərəkətsizlik göstərməklə onun təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməklə Azərbaycan Respublikası İPM-nin 39-cu maddəsinə uyğun davrandığı üçün iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən, “Dolçasaray Rezidence” adlanan hündürmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 444 kv.m. olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının tanınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətə münasibətdə hərəkətsizlik göstərilsə də, sonradan məhkəmə icraatında verilmiş etirazın məzmunundan göründüyü kimi, “Dolçasaray MMC”-yə məxsus çoxmərtəbəli yaşayış binasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsinin və “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nın (və ya istismara icazə sənədi) İdarəyə təqdim edilməməsi əsası ilə tələbin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı ilə hüquqi şəxs olan "xxxx" MMC arasında Bakı şəhəri, Nizami küçəsi, 96, 706-cı məhəllədə yerləşən tikilməkdə olan “Dolçasaray Rezidence” adlanan hündürmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 444 kv.m. qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2020-ci il tarixli 009 nömrəli müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin tam dəyərini alıcı şirkətin kassasına ödəmişdir. Hazırda iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarışın verilməsini tələb edir. Cavabdeh orqan həmin çıxarışın verilməsindən “binanın istismara qəbul aktının olmaması” səbəbindən imtina edir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə olunan sənədlərdən müəyyən olunur ki, X3 adına ünvan 4 ünvanda yerləşən "xxxx" MTK-nın inşa etdiyi binanın 75 saylı mənzilinə dair reyestrdən çıxarışın verilməsi barədə Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-3574/2012 nömrəli xx.xx.2012-ci il tarixli Qərarı mövcud olmuş, həmin qərarın icrası ilə bağlı sonuncunun X8 ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən mənzil özgəninkiləşdirilmiş və X4 adına ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. Həmçinin Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4070/2016 nömrəli xx.xx.2016-ci il tarixli Qərarı ilə ünvan 5 ünvanında yerləşən "xxxx" MKT-nın inşa etdiyi “Dolçasaray Residence” adlanan 1 girişli, 18 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 457 kv.m olan 29 saylı mənzilə iddiaçı X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, məhəllə 706, 29 nömrəli ümumi sahəsi 418,3 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə X5 adına qeydiyyata alınmışdır. Daha sonra adı çəkilən binanın 22 saylı mənzilinə dair X9 mülkiyyət hüququ daşıqmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Digər- qeyd olunan binanın 22 saylı mənzili isə X3 X21 ilə bağladığı alqı-satqı müqaviləsi nəticəsində sonuncunun adına rəsmiləşdirilmiş və ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. İşin apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusu əsasında cavabdeh orqanın təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, qeyd edilən ünvanda inşa edilmiş binada yerləşən nəinki ayrı-ayrı mənzillər, həmçinin qeyri-yaşayış sahələri üzərində də müxtəlif şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınaraq bu barədə həmin daşınmaz əmlaklara (həm qeyri-yaşayış sahələri, həm də mənzillərə) dair reyestrdən çıxarışlar verilmişdir, hansı ki, bu çıxarışlardan bəziləri cavabdeh qurumun inzibati praktikası və ya məhkəmə aktının icrası əsasında verilmişdir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Hazırki işin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi qeyriyaşayış sahəsinin qonşuluğunda olan qeyri-yaşayış sahələri və mənzillər üzərində ayrıayrı şəxslərin mülkiyyət hüquqlarının qeydə alındığı müəyyən olunmuş və aydın olmuşdur ki, bu barədə həm inzibati orqanın inzibati praktikası, həm də vahid məhkəmə təcrübəsi mövcuddur. Belə ki, oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin eyni imtina dəlilləri ilə bağlı müvafiq qərarında (2-1(102)-1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarda) göstərilmişdir ki, “iddiaçı X10 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə cavabdehin **********42 saylı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvan 6 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasında 23 ədəd mənzil qeydiyyata alınmışdır. Həmin mənzillər məhkəmə qərarına, “Dərəçiçək“ MTK tərəfindən verilmiş maliyyə arayışlarına, protokolundan çıxarışlara əsasən qeydiyyatdan keçmişdirlər. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin yerləşdiyi binadan 23 mənzilin qeydiyyatdan keçməsi barədə iddiaçının dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, “İnzibati icraat haqqında” qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz. Hazırkı mübahisənin faktiki halları üzrə isə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571 ünvanında yerləşən yaşayış binasının “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə”si olmadığı halda, inzibati orqanın həmin bina üzrə digər mənzillərə çıxarış verilməsi ilə əhatə olunan hərəkətlərinə vətəndaşın etimad hüququnun qorunması məhkəmə kollegiyası tərəfindən müdafiə edilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin məktubunda qeyd olunmuş mənzillərin məhkəmə qərarı, “Dərəçiçək“ MTK tərəfindən verilmiş maliyyə arayışları, protokoldan çıxarışlar əsasında qeydiyyata keçməsini araşdırmamış, hansı məhkəmə aktı əsasında mənzilin qeydiyyatdan keçməsini müəyyən etməmiş, həmin 23 mənzil üzrə aparılmış inzibati icraat barədə ətraflı araşdırma aparmamış, həmin 23 mənzilin barəsində qeydiyyatın aparılması barədə inzibati icraat materiallarını tələb etməmiş, bu mənzillərə dair qeydiyyatın hansının məhkəmə qərarı əsasında, hansının inzibati orqanın öz təşəbbüsü ilə aparılmasını, həmin məhkəmə qərarlarından inzibati orqan tərəfindən şikayət verilib-verilməməsini, cavabdeh inzibati orqan qeyd olunan məhkəmə qərarları əsasında özünün yeni inzibati praktikasını yaradıb-yaratmamasını aydınlaşdırmadan iddiaçı barəsində bərabərlik və inzibati orqanların praktikasına etimad hüququnun qorunması prinsiplərinin pozulması barədə dəlillərini əsassız hesab etmişdir”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdi ki, “....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?” Hazırkı mübahisəyə baxılarkən oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqe əsas götürülərək cavabdeh quruma məhkəmə sorğusu verilmiş və sonuncunun təqdim etdiyi sənədlərdən məlum olmuşdu ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binada ayrı-ayrı şəxslərin adına müxtəlif qeyri-yaşayış sahələri və mənzillər üzərində mülkiyyət hüquqları qeydə alınaraq müvafiq çıxarışlar verilmişdir: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2657/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96, 706-cı məhəllə, “Dolçasaray Rezidens” adlanan hündürmərtəbəli binanın zirzəmisində 60 kv.m. qeyri-yaşayış sahəsinin, 1-ci mərtəbəsində girişin sol istiqamətində yerləşən ümumi sahəsi 170 kv.m. olan 3 saylı qeyri-yaşayış sahəsinin, bundan başqa 194 kv.m. qeyri-yaşayış sahəsinin, ayrıca olan 473 kv.m. qeyri-yaşayış sahəsinin və 389 kv.m. qeyri-yaşayış sahəsinin X14 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq reyestrdən çıxarışların verilməsi qərara alınmış, bundan sonra məhkəmə qərarının icrası ilə bağlı X14 adına müvafiq çıxarışlar verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1751/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96, 706-cı məhəllədə yerləşən 167 kv.m. qeyriyaşayış sahəsinə dair iddiaçı X11 mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi verilməsi qərara alınmış və bundan sonra da məhkəmə qərarının icrası ilə bağlı sonuncunun adına qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarış verilmişdir. Nəzərə alınmalıdır ki, sözügedən binada yerləşən qeyri-yaşayış sahələri və mənzillərlə bağlı cavabdeh quruma ərizəçilərin (yuxarıda adları çəkilən şəxslərin) təqdim etdiyi sənədlər (“Dolçasaray“ MMC tərəfindən verilmiş maliyyə arayışları, MMC ilə fiziki şəxslər arasında bağlanmış müqavilələr) iddiaçının təqdim etdiyi sənədlərlə eyni olmuşdur. Odur ki, həmin sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, onlarla eyni hüquqi vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina əsassız olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, həm mənzillə, həm də qeyri-yaşayış sahələri ilə bağlı mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışların verilməsi barədə qəbul edilmiş məhkəmə aktları ilə cavabdeh qurum razılaşaraq apellyasiya şikayəti verməmişdir. Bununla da müəyyən olunur ki, cavabdeh inzibati orqanın həmin daşınmaz əmlaklar üzərində (məhkəmədə olan məlumata görə) mülkiyyət hüquqlarının qeydə alınıb müvafiq çıxarışların verilməsi ilə bağlı nəinki əvvəlcədən mövcud olmuş inzibati praktikası olmuş, hətta bu barədə qəbul edilmiş məhkəmə qərarları ilə də razılaşaraq apellyasiya şikayəti vermədiyi üçün yeni inzibati praktika da yaratmamışdır. Odur ki, hazırki vəziyyətdə cavabdeh qurumun iddiaçıya tələbinin təmin olunmasından imtina etməsi ilə iddiaçının bərabərlik və inzibati orqanın praktikasına etimad hüququnun qorunması prinsipləri pozulmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan qeyri-yaşayış sahəsinin iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunduğu üçün qərar ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməli, bununla da iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8314/2023 saylı 10 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8314/2023 saylı 10 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən, “Dolçasaray Rezidence” adlanan hündürmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 444 kv.m. olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X20 Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(103)-1215/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1215/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver