Məhkəmə qərarları › İş №2-1(103)-1216/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1216/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1216/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan yəni 10.05.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan yəni 10.05.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4426/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxx 1960-cı il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 25.04.1979-cu il tarixli hərbi biletdən görünür ki, Cəbiyev İlyas 25.04.1979-cu 08.05.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı 0517084-saylı əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə 10.02.1978-ci ildən başlamış və müxtəlif müəssisələrdə çalışmışdır. İddiaçının pensiya işindən görünür ki, ona DSMF-nun Sumqayıt rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən Komissiyasının 1901 saylı 12.06.2017-ci il tarixli qərarı ilə 10.05.2017-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. 1-ci Sumqayıt Tikinti-Quraşdırma” MMC-nin 07 saylı 10 avqust 2018-ci il tarixli arayışından görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı "xxxx" MMC-də (keçmiş “Azərneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsi) 2 noyabr 1983-cü il tarixdən 28 yanvar 1985-ci il tarixədək elektrik qaynaqçısı, o cümlədən 1983-cü ilin noyabr – dekabr aylarında Kimya zavodunda (sex - 115-də - elektroliz vannaları), 1984-cü ildə Superfosfat zavodunda (sex - sulfat turşusunda), 1985-ci ilin yanvar ayında Sintezkauçuk zavodunda (sex E-9,10) elektrik qaynaqçısı işləmişdir. 1-ci Sumqayıt Tikinti-Quraşdırma” MMC-nin 05 saylı 13 sentyabr 2018-ci il tarixli arayışından görünür ki, İddiaçı 1-ci Sumqayıt Tikinti Quraşdırma” MMC-də (keçmiş “Azərneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsi) 2 noyabr 1983-cü il tarixdən 28 yanvar 1985-ci il tarixədək əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmış və onun işlədiyi sahə kimya sənayesi olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ dərəcəsinin (kod- 1080A010) 1-ci hissəsinə aiddir. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya sonuncu dəfə ünvanlanmış **********5 saylı 03.05.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən Sizə pensiya hüququnun yarandığı 10 may 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 yanvar 2006-cı il tarixədək ümumi staj – 27 il 07 ay 23 gün, 1 oktyabr 2007-ci il tarixdən 1 yanvar 2018-ci il tarixədək 05 il 02 ay sosial sığorta stajı, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 14.237 manat təşkil edir. 1 yanvar 2019-cu il tarixə pensiyanın məbləği 283,77 manat təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığöortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan səbəbdən də təyin edilmiş əmək pensiyasının 52 yaşdan yenidən hesablanması qanuna ziddir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 15.02.1978-ci il tarixli əmək kitabçasında 02.11.1983-cü il tarixdən 28.01.1985-ci il tarixə kimi işlədiyi müddətin sosial sığortasına daxil edilərək, 52 yaşdan yəni 10.05.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1978-ci ildən etibarən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisələrdə işləmişdir. Əmək kitabçasına əsasən müxtəlif vəzifələrdə çalışmaqla onun 1 yanvar 2006-cı il tarixədək 27 il 07 ay 23 gün ümumi sığorta stajı var, bu stajın 10 il 6 ay 26 günü yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Belə ki, 160-k nömrəli 2 noyabr 1983-cü il tarixli əmrlə keçmiş “Azərkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində ("xxxx" MMC) 28 yanvar 1985-ci il tarixədək elektrik qaynaqçısı işləməklə onun 1 il 2 ay 26 gün sosial sığorta stajı var və bu müddət də AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 1080A010 sifri üzrə 1 saylı siyahısında qeyd olunmuş göstərişə əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir. 29 aprel 2019-cu il tarixdə iddiaçı cavabdeh DSMFnun Sumqayıt şəhər şöbəsinə ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 il ümumi və 1 nömrəli Siyahı üzrə 10 il sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası «Əmək pensiyaları haqqında» AR Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndi ilə müəyyən edilmiş 52 yaşa çatdığı 2012-ci ilin 10 mayından təyin edilməlidir. Cavabdeh inzibati orqan onun 1983 – 1985-ci illər ərzində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, yəni “Azərkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində ("xxxx" MMC-də) elektrik qaynaqçısı işlədiyi müddəti nəzərə almır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4426/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı onun əmək kitabçasında göstərilən, o cümlədən 2 noyabr 1983-ci il tarixdən 28 yanvar 1985-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə 52 yaşdan (10 may 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının keçmiş müddət üzrə ödənilməmiş məbləğinin son üç ilinə aid hissəsinin «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsində müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehinn üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının “Vİİİ. Kimya istehsalı” bölməsində elektrik qaynaqçısı peşəsi nəzərdə tutulmamışdır. Siyahının “Xİİİ. Ümumi peşələr” bölməsindəki elektrik qaynaqçısı peşəsi isə digər iş şəraitində (rezervuarların, bakların və s. daxili işlərində) fəaliyyətlə bağlıdır, hansı ki, hazırkı iddiaçı 1983 - 1985-ci illərdə fərqli sahədə çalışmışdır. İddiaçının müvafiq dövrdə işdəyi sahə üzrə elektrik qaynaqçısı peşəsi həmin qərarla təsdiqlənmiş 2 nömrəli siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000 - 19906 kodu ilə göstərilmişdir. İddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 27 ildən artıq ümumi iş stajına, o cümlədən 9 il 4 ay güzəştli şərtlərlə iş stajına malik olmasını DSMF orqanları mübahisələndirmir və hazırkı işin də mübahisələndirilməyən hallarına aiddir. 1983-cü ilin noyabr ayından 1985-ci ilin yanvar ayınadək 1 il 3 aylıq müddət üzrə iş stajına gəldikdə isə, məhkəmə vurğulayır ki, həmin dövrdəki işlədiyi vəzifə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulsa da, 1 il 3 aylıq həmin iş stajı sözügedən 1 nömrəli Siyahı üzrə ən azı 8 aylıq staja bərabər qiymətləndirilə bilər. İddiaçının 2012-ci ildə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etməsini, şöbənin isə, İddiaçının 52 yaşda pensiya təyin edilməsi barədə müraciətindən imtina etməsi barədə sənəd vardır. Şöbənin 11 sentyabr 62/2958 saylı 2012-ci il tarixli imtinası belə əsaslandırılıb ki, iddiaçı, 10 il güzəştli iş stajına malik deyildir. İddiaçı, şöbənin bu imtinası ilə bağlı məhkəmədə iddia qaldırmamışdır, yəni imtina ilə razılaşmışdır. Daha sonra, 2017-ci ildə İddiaçıya şöbə tərəfindən pensiya da təyin edilmişdir. Belə ki, məhkəmə, iddiaçının 1983-cü ilin noyabr ayından 1985-ci ilin yanvar ayınadək 1 il 3 aylıq müddət üzrə iş stajının 320 saylı qərarla təsdiqlənmiş 1 saylı deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğunu qeyd edir. Lakin daha sonra, heç bir hüquqi akta istinad etmədən, həmin dövrü hissəvi azaldaraq 1 nömrəli Siyahıda təsbit edilmiş iş stajı kimi qələmə verir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, iddianın təmin edilmədiyi hissədə məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın ilkin imtina məktubu 11.09.2018-ci il tarixli olsa da, sonradan edilmiş müraciətə əsasən 03.05.2019-cu il tarixdə də imtina məktubu verilmişdir. İddiaçı isə iddia ilə məhkəməyə 07.06.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı “onun 15.02.1978-ci il tarixli əmək kitabçasında 02.11.1983-cü il tarixdən 28.01.1985-ci il tarixə kimi işlədiyi müddətin sosial sığortasına daxil edilərək 52 yaşdan, yəni 10.05.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun 10 il güzəştli iş stajının olmamasına, eyni zamanda ona 10.05.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın təmin edildiyi” hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına və güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və arxiv arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən aydın olur ki, o, 25.04.1979-cu il tarixdən 08.05.1981-ci il tarixədək (2 il 5 gün) hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun ümumi iş stajı 20 ildən artıq təşkil edir və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Hazırki işdə cavabdeh inzibati orqan xüsusi iş stajının kifayət qədər olmamasını mübahisələndirir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Buna baxmayaraq Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bu məqsədlə apellyasiya baxışı zamanı iddiaçının işlədiyi 1-ci Sumqayıt Tikinti- Quraşdırma MMC-nin hansı müəssisənin hüquqi varisi olması, İddiaçı 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-də (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində) işlədiyi 1983-1985-ci illərdə müəssisənin fəaliyyət istiqamətləri, o cümlədən İddiaçı həmin dövrdə tam iş vaxtında hansı kimyəvi maddələrdən istifadə etməklə elektrik qaynaqçısı kimi işə cəlb edilməsi barədə və onun həyata keçirdiyi funksiyaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında hansı kod altında olan peşənin funksiyaları ilə eynilik təşkil etməsinin, (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində) işlədiyi 1983- 1985-ci illərdə kimyəvi maddələrdən istifadə etməklə tam iş vaxtında elektrik qaynaqçısı kimi işə cəlb edilib-edilməməsinin, işçilərin vəzifə təlimatının (elektrik qaynaqçısı və fəhlələrin yerinə yetirdikləri iş göstərilməklə) məhkəməyə təqdim edilməsi, İddiaçı 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-də (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində) işlədiyi dövrdə - 1983-1985-ci illərdə müəssisədə “fəhlə” və “elektrik qaynaqçısı” ştatlarının olub-olmaması, olduğu təqdirdə “elektrik qaynaqçı”sının gördüyü işlərin funksiyalarının “fəhlə”lərin gördüyü işlərin funksiyaları ilə eynilik təşkil edib-etməməsi müəyyən edilməsi ilə bağlı 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-yə müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-dən daxil olmuş cavab məktublarından görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin müvafiq əmrinə və Ədliyyə Nazirliyinin 30.05.2003-cü il tarixli 0203C2-2584 №li Şəhadətnaməyə əsasən «Azneftkimyaquraşdırma» Trestinin 1-ci Sumqayıt Mexaniki - Quraşdırma idarəsi, 100% özələşdirilmiş və "xxxx" MMC olmuşdur. Azərbaycan Respublikası Quraşdırma və Xususi Tikinti işləri Birliyinin Qırmızı əmək Bayraqı ordenli «Azneftkimyaquraşdırma» Trestinin 1-ci Sumqayıt Mexaniki - Quraşdırma idarəsi 1950-ci illərdə fəaliyyətə başlamış və Sumqayıt şəhərinin salınmasında iştirak edən idarələrdən biri olmuşdur. Adından da göründüyü kimi, bu idarənin fəaliyyəti kimya sənayesi sahəsini də əhatə edərək, kimya zavodları ilə baglanmiş müqaviləyə əsasən kimya sexlərində təmir-quraşdırma işlərini həyata keçirmiş, o cümlədən kimya məhsullarının istehsalında istifadə olunan borular, vannaların və digər butun metallokonstruksiya avadanlıqlarının quraşdırılması və təmiri işlərini yerinə yetirmişdir. «Azneftkimyaquraşdırma» Trestinin 1-ci Sumqayıt Mexaniki - Quraşdırma idarəsinin işçiləri kimya sənayesində əmək fəaliyyətini həyata keçirərkən həmin dövrdə tətbiq edilən qanunvericiliyə görə “SSRİ Xalq Təsərrüfatında işçilərin işlərinin və peşələrinin Vahid Tarif-İxtisas məlumatı kitabının ümumi müddəalari'na uyğun olaraq, fəhlə kateqoriyasına aid edilirdilər. Həmin qaydalara görə müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir. Bu baxımdan vətəndaş İddiaçı yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan iş qaynaqçı olduğu üçün əmək kitabçası və digər sənədlərdə peşə adı qaynaqçı kimi qeyd edilmişdir. Lakin onun yerinə yetirdiyi əmək funksiyası ümumilikdə fəhlə peşəsinə aid olmuşdur. Belə ki, sonradan "xxxx" MMC- yə çevrilmiş «Azneftkimyaquraşdırma» Trestinin 1-ci Sumqayıt Mexaniki - Quraşdırma idarəsində ayrıca “fəhlə” adlanan ştat olmamış və maşinistlər, motorçular, sürücülər, traktorçular, sazlayıcılar, krançılar, elektrik montyorları və montajçılar kimi, qaynaqçı da fəhlə peşəsi ilə eynilik təşkil etmişdir. Yəni, sorğuda adı çəkilən vətəndaş İddiaçı 1983-1985-ci illərdə əl ilə elektrik qaynagçısı kimi Kimya zavodunda elektroliz vannaların, “Superfosfat” zavodun sulfat turşusu istehsal sexində və “Sintezkaucuk” zavodun qələvi turşusu istehsal edən sexlərində kimyəvi məhsulların daşınmasında, sexlər arası kommunikasiyaların yaradılmasında istifadə edilən boruların və həmçinin kimyəvi məhsulların istehsal prosesində istifadə edilən təmir işlərini yerinə yetirmiş, digər texnoloji avadanlıqların təmiri, profilaktikası və xidmətilə məşğul olmuşdur. Həmin kimya sənayesindəki istehsal prosesində təmir işlərinin yerinə yetirilməsi insan orqanizmi üçün olduqca zərərli olduğu üçün «Azneftkimyaquraşdırma» Trestinin 1-ci Sumqayıt Mexaniki - Quraşdırma idarəsinin işçiləri ilə eyni qaydada süd məhsulları ilə təmin olunumuş və onlara əlavə əmək haqqı hesablanmışdır. Qeyd edilənlərə əsasən vətəndaş İddiaçı 1983- 1985-ci illərdə kimya sənayesi sahəsində işlədiyi zaman yerinə yetirdiyi əmək funksiyası fəhlə peşəsinə aid olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının 8-ci bölməsinin 1080A010 saylı şiriftinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Həmçinin sorğuya cavab məktubunda qeyd olunur ki, İddiaçı 1983-1985-ci illərdə əl ilə elektrik qaynagçısı kimi Kimya zavodunda elektroliz vannaların, “Superfosfat” zavodun sulfat turşusu istehsal sexində və “Sintezkaucuk” zavodun qələvi turşusu istehsal sexində boruları və vannaları təmiri işləri yerinə yetirməklə həftəlik tam iş vaxtı bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi işə cəlb olunmuşdur. Həmin dövrdə zərərli sexlərdə əlavə iş saatı işlədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq əmək haqqı hesablanmışdır. Həmçinin həmin dövrdə zərərli sexlərdə işlədiyinə görə süd məhsulları ilə təmin olunmuş və əlavə əmək haqqı hesablanmışdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının ümumi iş stajı 20 ildən, xüsusi iş stajı isə 10 ildən (9 il 4 ay + 1 il 3 ay = 10 il 7 ay) artıqdır. Bununla yanaşı, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisədə işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının XVİİİ fəslinin Kimya istehsalatı bölməsinin 1080A010 şifrəsinə (kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarətölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri) uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının 8-ci bölməsinin 1080A010 saylı şiriftinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edildiyi hissədə düzgün nəticəyə gəlmişdir. O ki qaldı birinci instansiya məhkəməsinin “iddiaçının 1983-cü ilin noyabr ayından 1985-ci ilin yanvar ayınadək işlədiyi peşənin (1 il 3 ay) AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda nəzərdə tutulsa da, bunun 1 nömrəli Siyahı üzrə ən azı 8 aylıq staja bərabər olması barədə apardığı qiymətləndirməyə, Kollegiya bu cür qiymətləndirməni kobud pozuntu hesab etmir və nəzərə alır ki, həmin mübahisələndirilən müddətdə (1983-cü ilin noyabr ayından 1985-ci ilin yanvar ayınadək) iddiaçının işlədiyi peşənin sözügedən 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrə aid olduğu apellyasiya baxışı zamanı işəgötürənin verdiyi ətraflı arayışla öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə kollegiyası qeyd olunan hal ilə bağlı apellyasiya şikayətinin dəlilini də qəbul etmir və hesab edir ki, bu hal qərarın ləğv edilməsi üçün əsas vermir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4426/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4426/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar