Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1216/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X3 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5894/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8112/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 09 mart 2021-ci il tarixli qərarın etibarsız hesab edilməsini, həmin qərara əsasən artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin geri qaytarılmasını, həmin qərara əsasən tutulması nəzərdə tutulan pul məbləğinin tutulmasının qadağan edilməsini, pensiya məbləğinin 614,83 manatdan aşağı salınaraq 427,56 manat müəyyən edilməsi barədə əmək pensiyasının yenidən hesablanması barədə 09.03.2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və aldığı 614, 83 manat pensiya məbləğinin “H.Zərdabi adına X1 təhsil aldığım illərin nəzərə alınmaqla yenidən hesablanaraq artırılması barədə iddia tələbi təmin qismən təmin edilməmiş, Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 09 mart 2021-ci il tarixli **********1 nömrəli qərar etibarsız hesab edilmiş, Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 09 mart 2021-ci il tarixli **********1 nömrəli qərara əsasən İddiaçı tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyi Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmiş, “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 09 mart 2021-ci il tarixli **********1 nömrəli qərar əsasında tutulması nəzərdə tutulan artıq ödənilmiş pul vəsaitinin tutulması Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, M.A.Alıyev 14.09.2016-cı il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi zaman Fondun Suraxanı rayon şöbəsi tərəfindən əmək pensiyası yenidən hesablanarkən pensiya kapitalı düzgün hesablanmamışdır. Nəticədə, Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 09.03.2021ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında tərtib edilmiş qərarına əsasən 14.09.2016-cı il tarixdən 28.02.2021-ci il tarixədək pensiyanın artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. M.A.Alıyev Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etdiyi zaman təhsil illərini təsdiq edən diplom və arayış təqdim etmişdir. Belə ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 31.05.2021-ci il tarixli **********2 nömrəli məktubundan da aydın olur ki, İddiaçı 03.11.2020-ci il tarixli müraciətinə əsasən onun əyani təhsil müddəti nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək 39 il 1 ay sosial sığorta stajına və 24.09.2010-cu il tarixdən 14.09.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9859.5 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. İddiaçının 01.08.2021-ci il tarixinə aylıq pensiya məbləği 427,56 manat, aylıq tutulma məbləği 82,74 manat, artıq ödənilmiş pensiyanın qalıq məbləği 7383,09 ( yeddi min uç yüz səksən üç manat 9 qəpik ) manat təşkil edir. Nəticə etibarilə, cavabdeh orqan tərəfindən pensiyanın yenidən hesablanması zamanı artıq ödənilmiş 82.74 manatın tutulması ilə bağlı inzibati akt qanuni və əsaslı olaraq qəbul edilmiş, nəticədə iddiaçının hüququ pozulmamışdır Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini əsassız hesab edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə icraata qəbul edilərək, iddia tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 09 mart 2021-ci il tarixli qərarın ləğv edilməsi və həmin qərara əsasən iddiaçıdan tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı artıq ödənilmiş pensiya məbləğinin cavabdeh orqan tərəfindən qəbul edilmiş iznibati aktın ləğvini və aktın icrası nəticəsində tutulmuş məbləğin geri qaytarılmasını tələb edir. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı təhsil aldığı 1965-1970-ci illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə ilkin olaraq 15.02.2021-ci il tarixdə qərar qəbul etmiş, pensiya məbləği 614,83 manatdan 413,70 manata endirilmişdir. Daha sonra isə 09.03.2021-ci il tarixli qərarla əmək pensiyası yenidən hesablanmış iddiaçının təhsil aldığı illər nəzərə alınmaqla əmək pensiyasının məbləği 427,60 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya təyin edilmiş ilkin 614,83 manat pensiya məbləği sonda 427,60 manat olaraq müəyyən edilmişdir. İşdən göründüyü kimi, apelyasiya baxışı zamanı cavabdehə pensiya təyin edilməsinə dair keçmiş tarixdə qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın dəyişdirilməsinə dair inzibati orqan tərəfindən şərh edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması müəyyən edilmir. Belə ki, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş pensiya ödənişinin məbləği 09.03.2021-ci il tarixli qərarla dəyişdirilmiş, iddiaçıya yalnız bundan sonra,21.04.2021-ci il tarixdə məlumat verilərək artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutulduğu bildirilmişdir. Vətəndaş xeyrinə olan inzibati aktın dayişdirilməsinə dair aparılmış inzibati icraatın gedişi haqqında məlumatlı olmamış, maraqlı şəxs qismində cəlb edilməmiş, yalnız öz müraciətindən sonra 09.03.2021-ci il tarixli qərarın məzmunu və artıq icra edilməsi barədə məlumatlandırılmışdır. Eyni zamanda. işdən görünür ki, iddiaçının əmək pensiyası sonuncu dəfə 09.03.2021-ci il tarixdə yenidən hesablamış və həmin tarixli inzibati akt qəbul edilərək, artıq ödənildiyi hesab edilən məbləğin iddiaçıdan tutulması qərara alınmışdır. Məhkəmə isə cavabdeh orqanın iddiaçının razılığı olmadan artıq ödənilmiş pensiya məbləğinin tutulmasına dair qərar qəbul etmək səlahiyyəti olmadığını bildirərək, 65.1.2-ci maddəyə istinad etmişdir. Kollegiya vurğulayır ki, məhkəmə tərəfindən işin faktiki hallarına uyğun gəlməyən maddi hüquq norması tətbiq edilmişdir. Belə ki, hazırki mübahisə üzrə cavabdeh inzibati orqan ümumilikdə artıq ödənilmiş pensiya məbləğinin tutulmasına dair qərar qəbul etmək səlahiyyəti olmayan orqan deyil, onun müvafiq səlahiyyəti qanunvericiliklə məhdudlaşdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırki halda isə belə razılığın olmadığı, cavabdeh tərəfindən artıq ödənilmiş pensiya məbləğinin tutulmasına dair birbaşa qərar qəbul edilərək icra edildiyi, müvafiq məbləğin iddiaçıdan tutulduğu müəyyən olunur. Halbuki, qanunvericilikdə şəxsin razılığı olmadığı təqdirdə artıq ödənilmiş məbləğin yalnız məhkəmə qaydasında tutulması məcburi norma olaraq müəyyənləşdirilmişdir. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Sadalananlardan da göründüyü kimi, iddiaçının cari iddia tələbində mübahisələndirdiyi 09.03.2021-ci il tarixli inzibati akt etibarsız deyil, qanunvericilik normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən və iddiaçının vəziyyətini pisləşdirdiyindən qanunsuz əlverişsiz inzibati akt kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuzluğa yol verilərək əlverişsiz inzibati akt qəbul edilmiş, iddiaçının qanunla qorunan hüquq və maraqlarının əsassız olaraq pozulması ilə nəticələnmişdir. “İnzibati icraat haqqında” AR Qanunun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 09 mart 2021-ci il tarixli **********1 nömrəli qərarı qanunsuz əlverişsiz inzibati akt qismində qəbul edilərək ləğv edilməli və qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələr aradan qalxmış hesab edilməli, qanunsuz əlverişsiz aktın icrası nəticəsində “artıq ödənilmiş” hesab edilərək iddiaçıdan tutulmuş pensiya məbləği geri ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hisssində əsaslı olduğundan və məhkəmə tərəfindən maddi hüquq normaları işin hallarına düzgün tətbiq edilmədiyindən apelyasiya şikayəti qismən təmin edilməli və mübahisələndirilən qərar ləğv edilməlidir. Qalan hissədə isə şikayət əsassız olduğundan təmin edilməməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı:
Apelyasiya şikayəti təmin qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5894/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 09 mart 2021-ci il tarixli **********1 nömrəli qərar ləğv edilsin. AR ƏƏSMN tabeliyində DSMF Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 09 mart 2021-ci il tarixli **********1 nömrəli qərara əsasən İddiaçı tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə