Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1216/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1216/2023 (Açar sözlər: “torpaq sahəsinə və evə vahid əmlak kimi çıxarışın verilməsi”) Bakı şəhəri 30 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-3363/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Serebrovski (indiki Qaraçuxur) qəsəbəsi, Üzümlük (indiki T.Şirinov) küçəsi, ev 1, mənzil 2 ünvanına Suraxanı rayon XDS tərəfindən X3 adına xx.xx.1992-ci il tarixli 015806 nömrəli order verilmişdir.
2. 07.02.1997-ci il tarixli 011523 nömrəli müqaviləyə əsasən X7 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Üzümlük (indiki T.Şirinov) küçəsi, 1 saylı evin 2 saylı mənzilini X1.
3. Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1950 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi ev 1, 2 nömrəli mənzilin X4 adına rəsmiləşdirilməsinə icazə verilməsi qərara alınmışdır.
4. xx.xx.1999-cu ildə X4 adına tərtib edilmiş Texniki pasportda da Bakı şəhəri, ünvan 2 ünvan mənzil kimi qeyd olunmuşdur
5. xx.xx.2000-ci il tarixli 068073 nömrəli müqaviləyə əsasən X8 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, 1 saylı evin 2 saylı mənzilini X2.
6. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X9 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, 1 saylı evin 2 saylı mənzilini İddiaçı bağışlamışdır.
7. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, 1 saylı evin 2 saylı mənzilinə İddiaçı adına 5 dekabr 2015-ci il tarixli çıxarış verilmişdir.
8. İddiaçı cavabdehə müraciət edərək ona mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir.
9. Cavabdehin 22 oktyabr 2020-ci il tarixli imtina məktubuna əsasən bildirilmişdir ki, qanunvericilikdə mənzilin altındakı torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmadığından həmin mənzil dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alındığı təqdirdə müraciətinizə yenidən baxıla bilər. Bundan başqa əlavə 145.0 kv.metr sahəsi zəbt edilərək tərəfinizdən istifadə edilməkdədir və arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq 35.0 kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999- cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin 23 oktyabr 1999-cu il tarixində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportu var. Həmin texniki pasportda mənzil A tikili olaraq göstərilməklə yanaşı, mənzilin yerləşdiyi torpaq sahəsinin ölçüləri yazılmış hüdudları da göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əmlak üzərində hüquqların əldə olunmasını təsdiq edən sənəd olaraq qəbul edilir. O, yuxarıda sadalananlara əsaslanaraq cavabdehə müvafiq sənədlərin qoşma edildiyi 12 avqust 2020-ci il tarixli yazılı ərizə ilə müraciət edərək mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin (texniki pasportda göstərilən ölçülər daxilində) mülkiyyət hüquq üzrə adına qeydiyyata alınmasını və ona hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tələbini təmin etməmiş və ona 22 oktyabr 2020-ci il tarixli imtina məktubunu göndərərək həmin imtinasında mənzil altında yerləşən torpağın özəlləşdirilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Halbuki onun müraciəti mənzilin deyil, fərdi tikilinin yerləşdiyi torpaq sahəsinə aiddir. Bu isə o deməkdir ki, cavabdeh ümumiyyətlə ona həvalə olunan işlərə məsuliyyətsiz yanaşır və qanunsuz hərəkətlər nümayiş etdirir. O ki qaldı zəbt qeydinə, o, texniki sənəddə göstərilən ərazi hüdudları daxilində özəlləşdirilməni tələb etmişdir və edir. O, imtinanı əsassız hesab etdiyi üçün və cavabdehin hərəkət və hərəkətsizliyindən müdafiə oluna bilməsi, eləcə də tələbinin icrasının cavabdehin üzərinə bir öhdəlik olaraq qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
12. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, qanunvericilikdə mənzilin altındakı torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmamışdır. Bundan başqa əlavə 123.0 kv.m torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilərək istifadə edilməkdədir və arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir. Müvafiq mənzilə dair Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 22 sentyabr 1999-cu il tarixli 1950 nömrəli sərəncamda torpaq sahəsi deyil, yalnız mənzilin X4 adına rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. X9 ilə İddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli 4Ə-120 nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilə dair İddiaçı adına ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-3363/2021 nömrəli (hakim P.Hüseynov) qərarı ilə iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin mənzilin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Lakin həmin ünvana dair sənədlərdə ünvanın daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi, mənzil kimi qeydiyyata alındığı öz təsdiqini tapır. Belə ki, Suraxanı rayon XDS tərəfindən verilmiş xx.xx.1992ci il tarixli orderdə, Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli sərəncamında, alqı-satqı və bağışlama müqavilələrində, habelə xx.xx.1999-cu ildə tərtib edilmiş texniki pasportda həmin ünvan mənzil kimi qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 2.4-cü bəndə istinad etsə də, həmin bənddə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport nəzərdə tutulmuşdur. İddiaçının mülkiyyətində olan əmlak isə daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi deyil, mənzil kimi qeydiyyatdadır. Eyni zamanda iddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununda və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş sənədlərdən hər hansı birini həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir və iddiaçı onun altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini təqdim edə bilməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
18. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) 23 iyun 2022-ci il tarixli, 2-1(103)-407/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı ünvan 3 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən 2 saylı fərdi ev mənzil kimi qeydiyyata alınsa da, həmin mənzil ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğundan, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alınaraq, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin ünvan 3 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
c) Kassasiya instansiya məhkəməsində icraat
20. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2044/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-407/2022 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2044/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hazırkı iş üzrə iddiaçının tələbi ünvan 3 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasıdır. Cavabdeh inzibati icraat zamanı qeydiyyatdan imtinanın dəlillərində, sonradan məhkəmə icraatında iddia tələbinə etirazın dəlillərində və kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, qanunvericilikdə mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulmamışdır. Texniki pasportda mənzilin yerləşdiyi torpaq sahəsinin planı qeyd olunsa da torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir.Halbuki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndində, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir.Həmçinin, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, hazırkı iddianın təmin edilməsi barədə qərar qəbul edilsəydi belə, texniki pasportda torpaq sahəsinin ölçüləri göstərilmədiyindən, qərarın torpaq sahəsinin texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsi hissədə icrası mümkünsüz olacaqdı.”
a) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti ilə oxşar məzmunda şikayətə əlavə təqdim etmişdir.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatları
25. Yeni apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, mübahisələndirilən qərarın ləğv olunaraq iddiasının tam təmin olunmasını xahiş etmişdir.Həmçinin, təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edildiyi kimi mülkiyyətində olan mənzilə bitişik əlavə 60,0 kv.m sahə inşa etdiyini bildirmişdir.
26. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
28. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
30. “Torpaq islahatı haqqında” Qanun:
Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir
31. Torpaq Məcəlləsi Maddə 55. Hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
32. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
33. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
38. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
39. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi əsaslı olaraq rədd edilmişdir.
41. Kollegiya qeyd edir ki, işin hallarından müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçının tələbi ünvan 3 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasıdır.
42. Cavabdeh inzibati icraat zamanı qeydiyyatdan imtinanın dəlillərində, sonradan məhkəmə icraatında iddia tələbinə etirazın dəlillərində qeyd etmişdir ki, qanunvericilikdə mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulmamışdır.Texniki pasportda mənzilin yerləşdiyi torpaq sahəsinin planı qeyd olunsa da torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır.Torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir.
43. Məhkəmə kollegiyası iddiaçının mülkiyyətində olan əmlakın daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçməsi və qanunvericilikdə mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının nəzərdə tutulmaması ilə bağlı dəlillərini əsassız hesab edir və bununla bağlı qeyd edir ki, ünvan 3 ünvanında yerləşən 2 saylı fərdi ev mənzil kimi qeydiyyata alınsa da, həmin mənzil ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğundan, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alınaraq, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır.
44. Lakin məhkəmə Kollegiyası diqqətə çəkir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2044/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilənlər və apellyasiya şikayətinin dəlilləri baxımından Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı əsasında yeni apellyasiya baxışı zamanı təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində mənzilin texniki pasportunda qeyd olunan ölçülərə əsasən torpaq sahəsi 559,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 675.8 kv.m təşkil etdiyi, sözügedən torpaq sahəsi üzərində yerləşən iddiaçının mülkiyyətində olan mənzil ümumi sahəsi 62.9 kv.m təşkil etsə də mülkiyyətində olan mənzilə bitişik əlavə 60,0 kv.m sahə inşa etdiyi, həmçinin, mənzilin 30.10. 1999-cu il tarixli texniki pasportun baş planında göstərilən “İ” və “B” literli həyət tikililəri söküldüyü, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən mənzil torpaq sahəsinin daxilindən keçən elektrik xəttinin mühafizə zonasında yerləşdiyi bildirmişdir.
45. Apellyasiya baxışı zamanı iddiaçı verilən suala cavabında mülkiyyətində olan mənzilə bitişik əlavə 60,0 kv.m sahə inşa etdiyini, həmçinin, mənzilin 30.10. 1999-cu il tarixli texniki pasportun baş planında göstərilən “İ” və “B” literli həyət tikililəri söküldüyünü bildirmişdir.
46. Həmçinin, yeni apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda da bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi 1964-cü ildə istismara verilmiş “369 YST-PQ 131/KTM 3503” elektrik hava xəttinin mühafizə zonasında yerləşir.
47. Məhkəmə Kollegiyası işin yuxarıda sadalanan faktiki hallarına tətbiq edilən hüquq normalarına istinad edərək qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzil ümumi sahəsi 62.9 kv.m təşkil etsə də mülkiyyətində olan mənzilə bitişik əlavə 60,0 kv.m sahə inşa etdiyi və həmin sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi müəyyən edildiyindən bu hal həmin mülkiyyətdə olan mənzilin ayrıca təcrid olunmuş fərdi yaşayış evi kimi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istisna edir.
48. Belə ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. (Mülki Məcəllənin 11.1-ci maddəsi.)
49. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, iddiaçının tələbinin digər hissəsi mənzil fərdi yaşayış evi kimi qeydə alındığı təqdirdə həmin evin (mənzilin) yerləşdiyi, yəni 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması, bunun da hüquqi imkanı kimi hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasıdır. 50.Göründüyü kimi, iddia tələbinin birinci hissəsinin (iddiaçının mülkiyyətdə olan mənzilin ayrıca təcrid olunmuş fərdi yaşayış evi kimi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması) təmin olunmasına hüquqi əsaslar olmaması, iddia tələbinin ikinci hissəsinin də (ünvan 3 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999- cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını) təmin edilməsini mümkünsüz edir.
51. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)
52. Bundan başqa məhkəmə Kollegiyası vurğulayır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının digər dəlili ondan ibarətdir ki, torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir.
53. Yeni apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda da bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi 1964-cü ildə istismara verilmiş “369 YST-PQ 131/KTM 3503” elektrik hava xəttinin mühafizə zonasında yerləşir.
54. Halbuki, istehlakçı “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, həm-çinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18№-li Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.5-ci maddəsi)
55. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, hazırkı halda cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası əsaslı və qanuni olduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı qənaəti düzgündür.
56. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3363/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3363/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.