Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1216/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı David oğlunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12522/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı David oğlu cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə məhkəməyə müraciət edərək Müharibə veteranı olaraq Azərbaycan Respublikası Bədən Tərbiyyəsi və İdman Akademiyasında əlavə təhsil aldığı müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Bədən Tərbiyyəsi və İdman Akademiyasına qəbul olunmuşdur. Qanunvericiliyə əsasən əlavə təhsil yalnız ödənişli əsaslarla mümkündür. Lakin Təhsil haqqında AR Qanunda dəyişiklik edilməsi barədə 07 may 2024 - cü il tarixli AR Qanunun 14.8-1.3-cü bəndinə əsasən dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir: İddiaçı müharibə veteranı olduğundan və qeyd olunan Qanunu rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təhsil haqqından azad olunmağı ilə bağlı müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətə cavab olaraq qeyd edilmişdir ki, müvafiq məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə daxil olmuş elektron müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 8.2-ci bəndinə əsasən əlavə təhsil yalnız ödənişli əsasında həyata keçirildiyi bildirilmişdir. İddiaçı hesab edir ki, müraciətə cavab olaraq verilmiş imtinanın əsasları Təhsil haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 07 may 2024- cü il tarixli Azərbaycan Respublikası Qanununun ilə ziddiyyət təşkil edir . İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 5.4-cü maddəsinə əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Həmçinin “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarına əsasən əlavə təhsilin digər istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12522/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı David oğlunun Azərbaycan İdman Akademiyasında əlavə təhsil aldığı müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair verilmiş yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan: - M/V 123792 nömrəli Müharibə Veteranı vəsiqəsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı David oğluna müharibə veteranı statusu verilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti uzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qəydası”nın 8.2-cı bəndinə əsasən əlavə təhsil yalnız ödənişli əsasda həyata keçirilir. - Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.4cü maddəsinə əsasən dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən İddiaçı David oğluna təqdim olunan T 028907 və İ 028239 nömrəli şəhadətnamələrdən onun xarici dövlətdə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın ölkə ərazisində tanınması müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 8.2-ci bəndinə əsasən əlavə təhsilin həmin Qaydanın 8.1-ci bəndində nəzərdə tutulmayan istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. İddiaçı David oğlunun hazırda əlavə təhsil almaq üçün ali təhsil müəssisəsinə qəbul olunmuşdur ki, bu halda onun ödənişsiz təhsil alması nəzərdə tutulmamışdır. - Azərbaycan İdman Akademiyası tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı David oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”nın tələblərinə müvafiq olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (indiki Azərbaycan İdman Akademiyası) xx.xx.2023-cü il tarixli T-441 nömrəli əmri ilə bakalavriat ali təhsil səviyyəsinin Məşqçilik ixtisasının qiyabi təhsilalma formasının İİ tədris ilinə ödənişli əsaslarla qəbul olunmuşdur. Hazırda Akademiyanın İİİ tədris ilində təhsilini davam etdirir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-1- ci maddəsinə edilmiş xx.xx.2024-cü il tarixli dəyişiklik əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur (maddə 14.8-1.3). Müvafiq maddədə ali təhsil müəssisələrində əlavə təhsil alan şəxslər istisna edilməmiş; sosial müdafiəyə xüsusi ehtiyacı olan bütün şəxslərin ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qeyd edilmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6- cı bənd).” Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçınınhəmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmadığını, cavabdehin həmin iddiaya cavab verməli olubolmadığını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini,prosessual həmiştirakçılığın yolverilənliyini,tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı David oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (indiki Azərbaycan İdman Akademiyası) xx.xx.2023-cü il tarixli T-441 nömrəli əmri ilə bakalavriat ali təhsil səviyyəsinin Məşqçilik ixtisasının qiyabi təhsilalma formasının İİ tədris ilinə ödənişli əsaslarla qəbul olunmuş, hazırda Akademiyanın İİİ tədris ilində təhsilini davam etdirir, eyni zamanda “müharibə veteranı” statusuna və vəsiqəsinə malikdir. O, hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh əlavə təhsilin yalnız ödənişli əsasda həyata keçirildiyini əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mümkünsüzdür. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə əsasən: 24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır. 24.2. Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir: 24.2.1; ixtisasartırma; 24.2.2. kadrların yenidən hazırlanması; 24.2.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi; 24.2.4. təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili; 24.2.5. dərəcələrin yüksəldilməsi; 24.2.6. yaşlıların təhsili. 24.3. Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.4. Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasının: 1.2. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. 1.3. Azərbaycan Respublikasında əlavə təhsil- ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir. 8.1. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan kadrların ixtisasartırma təhsilinin minimum həddi, eləcə də stajkeçmə və təkmilləşdirilməsi üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir. Digər müəssisə və təşkilatlarda çalışan kadrlar üçün müvafiq maliyyə xərcləri həmin qurumlar və yaxud kadrın özü tərəfindən ödənilir. 8.2. Əlavə təhsilin digər istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir. 8.3. Əlavə təhsil formaları təhsil müəssisələrinin ödənişli təhsil haqqından əldə etdikləri büdcədənkənar vəsaitlər, habelə qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər. 8.4. Hər il dövlət büdcəsinin tərtib edilməsi prosesində ixtisasartırma təhsili, stajkeçmə və təkmilləşdirmə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən proqnozlaşdırılan maliyyə xərclərinin həcmi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılır “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalvriat, magistratura, doktorantura, əsas(bazalı) tibb təhsili və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi” Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların: 1.2. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi dövlət sifarişi əsasında həyata keçirilir. 1.5. dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında,həyata keçirilir. Həmin Qaydaların 2-ci bölməsi: dövlət sifarişi — ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla, müəyyən edilmiş ixtisaslar və doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində elm sahələri üzrə təhsil xərclərinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan təhsilalanların sayı; dövlət sifarişi əsasında maliyyələşdirmə — dövlət sifarişi çərçivəsində təhsil almaq hüququnu əldə, edən, şəxslərin təhsil xərclərinin adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsi hesabına maliyyələşdirilməsi; adambaşına maliyyələşdirmə prinsipi — ali təhsil müəssisələrində təhsillə bağlı xərclərin hər bir təhsilalana düşən illik təhsil xərcləri əsasında müəyyənləşdirilməsi. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanı (Maliyyə Nazirliyi) növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən edir. Sadalanan qanunvericilik normalarından ali təhsil müəssisələrində adambaşına maliyyələşmənin dövlət büdcəsi vəsaiti hesabına Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməsi və cavabdeh inzibati orqanın fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında belə bir funksiyanın (büdcə vəsaiti hesabına təhsilalarınların təhsil haqqınının ödənilməsi) nəzərdə tutulmadığı müəyyən edilir. Digər tərəfdən əlavə təhsil üçün ödənişin miqdarı təhsil müəssisəsi ilə təhsilalan arasında bağlanmış müqaviləyə uyğun müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilk növbədə hazırkı tələblə təhsil aldığı müəssisəyə - Azərbaycan İdman Akademiyasına müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə yuxarıda qeyd edilən hallar hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12522/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı David oğlunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Müharibə veteranı olaraq Azərbaycan Respublikası Bədən Tərbiyyəsi və İdman Akademiyasında əlavə təhsil aldığı müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1216/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1216/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver