Məhkəmə qərarları › İş №2-1(103)-1217/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1217/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1217/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Oruczadə Aytən Pənah qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X5 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-1602/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 17-20 may 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1957-ci il tarixdə doğulmuş və 1978-ci ilin avqust ayından əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildən müxtəlif vəzifələrdə işləmiş və “X9” MMC-nin 15 iyul 2020-ci il tarixli 129 “k” saylı əmri ilə onunla işəgötürən arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. 2014-cü ilin aprel ayında 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə pensiya müəyyən edilməsi üçün müraciət etmişdir. Lakin uzun müddət davam edən süründürməçilikdən sonra cavabdeh **********1 saylı, 08 yanvar 2020-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə pensiya müəyyən edilməsindən imtina etmişdir. İmtina məktubunda onun 20 dekabr 1981-ci il tarixdən 16 may 1983-cü il tarixədək olan dövr ərzində "xxxx" ASC-də elektrik təmir sexində rəis vəzifəsində işlədiyi əsas göstərilərək işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarında nəzərdə tutulmadığı və bu səbəbdən onun əmək stajının 12 il 06 aydan az olduğu göstərilmişdir. Göstərilən məktubda ona məxsus olan İT-İ № ******* saylı əmək kitabçasına istinad edilmişdir. Halbuki ona məxsus olan İT-İ № ******* saylı əmək kitabçasında ümumiyyətlə onun 20 dekabr 1981-ci il tarixdən 16 may 1983-cü il tarixədək olan dövr ərzində "xxxx" ASC-də elektrik təmir sexində rəis vəzifəsində işləməsi barədə qeyd yoxdur. Əmək kitabçasına əsasən o, 20 dekabr 1983cü il tarixli 84/k saylı əmrlə Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinə böyük mühəndis vəzifəsinə qəbul olunmuş və 18 aprel 2001-ci ilədək həmin qurumda işləmişdir. Sonra isə 04 aprel 2002-ci il tarixdən 15 iyul 2020-ci il tarixədək “X9” MMC-də işləmişdir. "xxxx" ASC-nin 118 saylı 12 mart 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, o, 20 oktyabr 1983-cü il tarixdən 18 aprel 2001-ci il tarixədək əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 3-cü hissəsinin 5-ci sırasının 2040500a-24125-ci bəndinə əsasən güzəştli şərtlərlə pensiya ala bilər. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə siyahısına daxildir. Bu halda onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var və cavabdehin imtinası qanunsuzdur. İddiaçı sonda iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşı tamam olduğu 2014-cü ilin aprel ayından güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-1602/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: F.Mədətli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının metallurgiya istehsalatı (qara metallar) bölməsinin (7), dəmirin birbaşa bərpa olunması və qan metallardan ovuntu istehsalı bəndində (7.5) sex rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 20 fevral 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik təmir sexində rəis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 57 yaşı tamam olduğu 2014-cü ilin aprel ayından güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 24 aprel 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür İş materiallarında olan НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus Э № 013546 saylı diplomun surətindən görünür ki, İddiaçı 1972-ci ildə X2 daxil olmuş və 1976-cı ildə “Metalların kəsməklə emalı” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilməklə tərcümə olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Şəki birliyində mexaniki şöbədə keyfiyyət üzrə usta və həmin şöbənin sahəsinə usta vəzifəsində işləmişdir. xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikası Təkrarqara metallurgiya birliyi texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə müvəqqəti rəis vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixdən ştat cədvəlinə görə ETMS rəisi təyin edilmiş, xx.xx.1993-cü il tarixdən əmək haqqının vahid tarif şkalasının tətbiq edilməsi ilə əlaqədar ETMS rəisi 13-cü tarif dərəcəsi verilmişdir. Metallurgiya Dövlət Şirkətinin “Təkrarqarametal” X4 Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 119 saylı sərəncamı ilə X10 Cəmiyyəti (ATSC) adlandırılmış və xx.xx.2001-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “X9”də satış şöbəsində fəhlə, xx.xx.2010-cu il tarixdən hazır məhsullar anbarına dəstləyici vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdən işdən azad olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 118 saylı, 12 mart 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən “Təkrarqarametal” İB-də işləmişdir və əmək kitabçasındakı qeydləri təsdiq olunur. xx.xx.1983-cü il tarixindən “Təkrarqarametal” İB-nə texniki təhlükəsizlik şöbəsinə böyük mühəndis qəbul edilib. (əmr84/k xx.xx.1983) xx.xx.1985-ci il tarixdən Elektrik Təmir sexinə müvəqqəti rəis keçirilib. (əmr 49//k xx.xx.1985) xx.xx.1986-cı il tarixindən ştat cədvəlinə əsasən Elektrik Təmir sexinin rəisi keçirilib. (əmr 5/k xx.xx.1986) xx.xx.1993-cü il tarixindən vahid tarif dərəcəsinin tətbiq olunması ilə əlaqədar olaraq Elektrik Təmir sexinin rəisinə 13-cü dərəcə təyin edilib. (əmr 50/adm xx.xx.1993) xx.xx.2001-ci il tarixindən öz xahişi ilə işdən azad olunub. (əmr 10/k xx.xx.2001) Xüsusi əmək şəraitli sahədə təmir işləri ilə məşğul olduğuna görə əlavə məzuniyyət günləri verilib. Xüsusi əmək şəraitli sahədə işlədiyi illərə görə: xx.xx.1983-ci il tarixindən xx.xx.2001-ci il tarixinə qədər (17 il 09 ay). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahının İİİ bölməsinin Metallurgiya istehsalatı (qara metal): 5-ci sırasının 2040500a-24125 bəndinə uyğun güzəştli təqaüd ala bilər. Azərbaycan Respublikası “Təkrarqarametal” İB-yi Dövlət Əmlak Nazirliyinin 119 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə həmin tarixdən "xxxx" ASC adlandırılır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08 yanvar 2020-ci il tarixli, **********1 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, iddiaçının ərizəsinə ona əlavə olunmuş sənədlərlə baxılaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq bildirilmişdir ki, qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (qara metallar) bölməsinin (7), dəmirin birbaşa bərpa olunması və qara metallardan ovuntu istehsalı bəndində (7.5) sex rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş 20 fevral 1979-cu il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik təmir sexində rəis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2017-ci il tarixədək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2014-cü il tarixdə tamam olmuşdur və o, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş (2 il 4 gün), 1972-ci ildən 1976-cı ilə kimi X1 təhsil almış (3 il 10 ay), xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Şəki birliyində mexaniki şöbədə keyfiyyət üzrə usta və həmin şöbənin sahəsinə usta vəzifəsində (4 il 11 ay 17 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Təkrarqara metallurgiya birliyi texniki təhlükəsizlik üzrə mühəndis, müvəqqəti rəis, ETMS rəisi (17 il 5 ay 28 gün), xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “X9”də satış şöbəsində fəhlə, xx.xx.2010cu il tarixdən hazır məhsullar anbarına dəstləyici vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdən işdən azad olunmuşdur (xx.xx.2017-ci il tarixədək 15 il 2 ay 27 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2017-ci il tarixədək 43 il 6 ay 16 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin apelyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 23 saylı, 12 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Təkrarqarametal İ.B-də işləmişdir və aşağıdakı əmək kitabçasındakı qeydlər təsdiq olunur. xx.xx.1983-cü il tarixindən Təkrarqarametal İ.B-nə texniki təhlükəsizlik şöbəsinə böyük mühəndis qəbul edilib (əmr84/k xx.xx.1983). xx.xx.1985-ci il tarixindən Elektrik Təmir sexinə müvəqqəti rəis keçırilıb (əmr 49//kl6.07.1985), xx.xx.1985-ci il tarixindən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Təkrarqarametal İ.B.-nin Elektrik Təmir sexində sex rəisi vəzifəsində işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalişan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”-nın İİİ Metallurgiya İstehsalı (qara metal) adlı bölməsinin (Kod ********), Dəmirin birbaşa bərpa olunması və qara metallardan ovuntu istehsalı (Kod 2040500) adlı 5-ci yarımbölməsinin sex rəisi və onların müavinləri (Kod 2040500a- 24125) vəzifəsinə uyğundur və həmin dövr üzrə iş stajı 15 il 09 ay 06 gün təşkil edir. xx.xx.2001-ci il tarixindən öz xahişi ilə işdən azad olunub (əmr 10/k xx.xx.2001). Xüsusi əmək şəraitli sahədə təmir işləri ilə məşğul olduğuna görə əlavə məzuniyyət günləri verilib. Xüsusi əmək şəraitli sahədə işlədiyi illərə görə:-xx.xx.1983-ci il tarixindən,xx.xx.2001-ci il tarixinə qədər (17.9 il):Azərbaycan Respublikası Nazirlər kabinetinin İİİ bölməsinin (Metallurgiya istehsalatı: qara metal):5-ci sırasının 2040500a- 24125 bəndinə uyğun güzəştli təqaüd ala bilər. Azərbaycan Respublikası Təkrarqarametal İ.B-yi Dövlət Əmlakı Nazirliyinin 119 saylı xx.xx.2000-ci il tarixindən "xxxx" ASC adlandırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı xx.xx.2017-ci il tarixədək 15 il 9 ay 6 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən, həmçinin 57 yaşı xx.xx.2014-cü il tarixdə tamam olduğundan, iddiaçının əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan təyin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-1602/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar