Məhkəmə qərarları › İş №2-1(103)-1217/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1217/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1217/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «torpaq sahəsinin cizgisinin verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 5- 20/2- M-179-091/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Yeni Suraxanı qəsəbəsinin yuxarı hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsinə köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də rayon icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqam”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir.”

2. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 2602 saylı xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yeni Suraxanı qəsəbəsinin, yuxarı küçəsində yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır.

3. Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-H-00686/2023 saylı məktubundan görünür ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2023- cü il tarixli müraciətinə əsasən İddiaçı torpaq sahəsi ayrılması barədə Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 2602 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 2 (iki) vərəqdən ibarət göndərilmiş, lakin sərəncama sxem əlavə edilməmişdir.

4. “X2 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 146 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsinin, yuxarı küçəsində yerləşən torpaq sahəsinin konfiqurasiyası naturaya uyğundur, sahəsi 600 kv.metr təşkil edir, torpaq sahəsində hər hansı tikili yoxdur, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə deyd olunur. Torpaq sahəsi Dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqlarıdır.” İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 2602 nömrəli sərəncamı ilə ona ayrılmış 600 kv.m, faktiki yerində 530 kv.m olan torpaq sahəsinə dair yerləşmə sxeminin (cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli sərəncamı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılan vaxtdan iddiaçının və ailəsinin daimi istifadəsindədir. Torpaq ayrılarkən yerləşmə sxemi (akt) verilmədiyindən iddiaçı arxiv idarəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, sərəncam olsa da, ayrılma aktı yoxdur. Torpaq sahəsi hazırda faktiki olaraq 530 kv.m təşkil edir ki, buna da yerləşmə sxeminin verilməsi ilə baglı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh torpaq sahəsinə yerləşmə sxeminin (cizginin) verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

7. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunsa da, etiraz məhkəməyə təqdim edilməmişdir.

8. İddiaçı sonradan iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 2602 nömrəli sərəncamı ilə ona ayrılmış 600 kv.m, torpaq sahəsinə dair yerləşmə sxeminin (cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (2-1(112)-13013/2023 saylı, xx.xx.2023-cü il tarixli yanlışlığın düzəldilməsi qərardadı ilə) iddianın təmin edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi iddia olunan torpaq sahəsi dövlət mülkiyyətidir və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. İddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir.

11. Birinci instansiya məhkəməsi “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6, 15.1, 15.2-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü, 65-ci maddəsinə « istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarxli, 2602 nömrəli sərəncamında qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur. 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 65-ci maddəsinin: 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin (hazırkı inzibati mübahisə yarandığı vaxt qüvvədə olmuşdur): 28-ci maddəsinə görə, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu qərarın-16-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

24. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işin hallarına görə, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 2602 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yeni Suraxanı qəsəbəsinin, yuxarı küçəsində yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının ailəsinin istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinə dair plan-cizginin verilməsi üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh ərizəsini təmin etməkdən imtina edərək onunla əsaslandırılmışdır ki, yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir.

25. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim etməklə hazırkı tələblə cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamış, formal imtina vermişdir.

26. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olaraq nəzərə almışdır ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətidir və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. İddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir.

27. Apellyasiya şikayətində cavabdeh bildirmişdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir.Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999cu il tarxli, 2602 nömrəli sərəncamında qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir.

28. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri heç bir mötəbər sübuta söykənmir və formal mülahizələrdən ibarətdir.

29. Belə ki, torpaq sahəsi ayrılmasından uzun müddət keçsə də iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir.

30. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarxli, 2602 nömrəli sərəncamında qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olmaması ilə bağlı cavabdeh heç bir sübut təqdim etməmişdir.

31. Buna baxmayaraq birinci instansiya məhkəməsinin araşdırması zamanı “X2 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 146 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsinin, yuxarı küçəsində yerləşən torpaq sahəsinin konfiqurasiyası naturaya uyğundur, sahəsi 600 kv.metr təşkil edir, torpaq sahəsində hər hansı tikili yoxdur, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə deyd olunur. Torpaq sahəsi Dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqlarıdır.

32. Məhkəmə Kollegiyası, qeyd etməyi zəruri hesab edir ki, “X.Mustayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir.

33. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

34. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar