Məhkəmə qərarları › İş №2-1(103)-1217/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1217/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1217/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4912/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan pensiyanın təyin olunması, 2022-ci ilin avqust ayından əvvəlki üç ilə qədər verilməmiş pensiyanın hesablanması, 57 yaşdan bu günə qədər əmək fəaliyyətini davam etdirməyinə görə şəxsi hesabında yığılmış sığorta kapitalı nəzərə alınmaqla veriləcək pensiyasının yenidən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşdan pensiyanın təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə anadan olmuşdur. 1976-1978-ci illərdə Sovet ordu sıralarında xidmət etmiş, xx.xx.1978-ci il tarixdən Azərbaycan Respublikası Tikinti Sənaye Nazirliyinin nəzdində olan 4 saylı MASsın 43 saylı Tikinti İdarəsində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcıkonstruktoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdə Bakı baş tikinti idarəsinə dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində işə başlamış, xx.xx.1987ci il tarixdən iş icraçısı (sahə üzrə baş usta) vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə quraşdırıcı sahənin prorabı vəzifəsinə keçirilmiş və həmin vəzifədə xx.xx.2008-ci il tarixinədək davam etdirmişdir. xx.xx.2008-xx.xx.2010-cu il tarixlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin işində satıcı vəzifəsində işləmiş, xx.xx.2010-cu il tarixdən bu günə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçının 05 yanvar 2015-ci il tarixdə onun 57 yaşı tamam olmuşdur. 2022-ci ilin avqust ayında o, xüsusi şərtlərlə pensiyaya çıxmaq üçün DOST xidmətinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 18 oktyabr 2022-ci il tarixdə ona imtina məktubu verilmişdir. İmtinada əmək pensiyaları haqqında Qanunun 9.1ci maddəsinə istinad olunaraq 12 il 6 ay ağır və zərərli işlərdə işləməyi və ümumi olaraq 25 il sığorta stajının olması tələb olunduğu göstərilərək onun həmin stajın toplamadığı qeyd olunmuşdur. Cavabdehin ona xüsusi şərtlərlə pensiyanın təyin edilməsində imtinası tamamilə əsassızdır. Belə ki, əmək kitabçasında onun əvvəlki işlərdə yəni, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək Xüsusi quraşdırma trestində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sadəcə su basma nəticəsində idarənin arxivə verdiyi sənədlər məhv olunmuşdur. Bu səbəbdən ona verilmiş arxiv ayrayışında xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək olmuş əmək fəaliyyəti əks olunmamışdır. Eyni zamanda Arxiv arayışında xx.xx.1982-ci il tarixdən işləməyi barədə arxivə təhvil verilmiş illər və aylar üzrə hesabatların (xx.xx.1982xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1994-cü il, xx.xx.1984-xx.xx.1994-cü il) olması qeyd olunsa da həmin dövrlər arasındakı aylar (xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1994xx.xx.1994-cü il), xx.xx.1994-xx.xx.2008-ci il üzrə isə dövrü üçün məlumatların ümumiyyətlə qeyd olmadığını görmək olar. Arxiv arayışında xx.xx.1994-cü il tarixinədək aylar arasındakı qeyd olunmayan tarixlər, o tarixlər ki, əmək kitabçasında müddəti kəsilməyən iş kimi göstərilmişdir 1 il təşkil edir. Əlavə olaraq xx.xx.1994-xx.xx.2008-ci il üçün əmək kitabçasında qeyd olunan əmək faliyyəti isə 14 ildir. Arxivdə həmin dövrə dair məlumatın olmaması qeyd olunan illərdə onun ağır və zərərli işlərdə işləməməyi anlamına gəlmir ki, buna görə o, xüsusi şərtlərlə 57 yaşdan pensiyaya çıxmaq hüququndan məhrum edilməməlidir. Həmçinin qeyd etmişdir ki, 57 yaşı tamam olduğu vaxtdan o, əmək fəaliyyətini davam etdirir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, qanunun normalarına əsasən iddiaçıya münasibətdə minimum 12 il 06 ay güzəştli iş stajı, azı 25 il ümumi iş stajı tələb olunur. Cavabdeh orqanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməkdən imtinasının səbəbi iddiaçının qanunvericiliklə tələb olunan yetərli güzəştli iş stajına malik olmamasıdır. Cavabdeh orqana təqdim edilən sənədlərdə xx.xx.1982- xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində BBTİ 2 saylı Ev Tikmə kombinatında iddiaçının beton məmulatları quraşdırıcısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya dair 26 iyul 2019-cu il tarixli V-325 nömrəli arayışında 1990-cı ilin fevral ayı, 1991-ci ilin may və avqust ayları, 1992-ci ilin avqust, oktyabr, noyabr ayları, 1994-cü ilin avqust, oktyabr, noyabr, dekabr ayları və 1995-2000-ci illər üzrə arxiv sənədlərinin əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı almağı barədə heç bir məlumat olmadığı qeyd edilmişdir. Bundan başqa, cavabdeh orqan tərəfindən aparılan araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən də iddiaçıya əməkhaqqının ödənilməyən və məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi, iddiaçının işləmədiyi müddətləri iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 21 gün (xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991 -xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qanunvericiliyin tələbinə görə həm xx.xx.2006-cı il tarixədək, həm xx.xx.2006-cı il tarixdən sonra yalnız məcburi dövlət sosial sığorta haqları ödənilmiş dövrlər sosial sığorta stajına daxil edilir. Bu məsələnin tənzimlənməsi nəinki qanunvericiliyin tələblərindən, eləcə də formalaşmış məhkəmə təcrübəsindən irəli gəlir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4912/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 05 yanvar 2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 27 oktyabr 2023-cü ildən əvvəlki 03 (üç) il üçün ödənilməyən əmək pensiyası fərqinin aylıq əmək pensiyası ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın təmin olunduğu hissədə ləğv edilərək iş üzrə iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə, onun xx.xx.1982-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində BBTİ 2 saylı Ev Tikmə kombinatında beton məmulatları quraşdırıcısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ona dair 26 iyul 2019-cu il tarixli V-325 nömrəli arayışında 1990-cı ilin fevral ayı, 1991-ci ilin may və avqust ayları, 1992-ci ilin avqust, oktyabr, noyabr ayları, 1994-cü ilin avqust, oktyabr, noyabr, dekabr ayları və 1995-2000-ci illər üzrə arxiv sənədlərinin əmək haqqı cədvəllərində əmək haqqı almağı barədə heç bir məlumat olmadığı qeyd edilmişdir. Qeyd edilən səbəblərə görə, adıçəkilən şəxsin ümumi iş stajı 22 il 8 ay 1 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 6 ay 1 gün (xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1978- xx.xx.1982-cİ il, xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992- xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 5 il 2 ay) təşkil edir. Həmçinin iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 21 gün (xx.xx.1982- xx.xx.1990-Cl il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1992xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda Bakı şəhər İcra Hakimiyyəti X1 Birliyi’nin 2 saylı Evtikmə Kombinatının xx.xx.2008-ci ildə “Bakı İnşaat-2" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyi, xx.xx.2013-cü ildə səhmlərinin 100% özəlləşdirildiyi, cəmiyyətin emissiya prospektində ididaçının xx.xx.1982ci il tarixdən iş icraçısı vəzifəsində işlədiyinin qeyd olunduğu bildirilmişdir. Məhkəmə yuxarıda göstərilən məktuba istinadən araşdırmanın kifayət olduğu qənaətinə gələrək əsassız şəkildə iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qərardan apellyasiya şikayəti verilməmiş, qərar yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Odur ki, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində iddia tələbinin təmin edilən hissəsində qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Beləliklə, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçının 05 yanvar 2015-ci il tarixdə 57 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İşin mübahisəli halı tələb olunan ümumi və xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası tələb olunan 25 il ümumi iş stajının mövcud olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: -ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Respublikası Tikinti Sənaye Nazirliyinin nəzdində olan 4 saylı MAS-ın 43 saylı Tikinti İdarəsində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək BBTİ 2 saylı Ev tikmə kombinatında dəmir-beton məmulatlarının quraşdırıcıkonstruktoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həmin kombinatda quraşdırıcı sahənin tikinti ustası, xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək həmin kombinatda quraşdırıcı sahənin iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək sahibkar X2 mağazasında baş inzibatçı vəzifəsində işləmişdir. xx.xx.2010-cu il tarixdən hal-hazıradək fərdi sahibkar kimi fəaliyyət göstərir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti, X1 Birliyi”nin 2 saylı Evtikmə Kombinatı xx.xx.2008-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, xx.xx.2013-cü ildə səhmləri 100% özəlləşdirilmişdir. Cəmiyyətin emissiya prospektində İddiaçı xx.xx.1982-ci il tarixdən iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, həqiqətən BBTİ 2 saylı Ev Tikmə kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında İddiaçı xx.xx.1982-ci il tarixli, 269-sk saylı əmrlə xx.xx.1982ci il tarixdən 3-cü dərəcəli dəmir beton məmulatları quraşdırıcısı vəzifəsinə işə qəbul olunması və 1990, 1991, 1992, 1993, 1994-cü illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. 1995- 2000-ci illərə dair arxiv sənədlərinin əmək haqqı cədvəllərində əmək haqqı alması barədə heç bir məlumat yoxdur. Həmin dövrlər üçün tərtib olunmuş əmək haqqı cədvəlindən görünür ki, iddiaçı 1990-cı ildə 11 ay, 1991-ci ildə 10 ay, 1992-ci ildə 9 ay, 1993-cü ildə 12 ay, 1994-cü ildə 8 ay əmək haqqı almışdır. BBTİ 2 saylı Ev Tikmə kombinatının 2000-ci ildən sonrakı dövr üçün arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Bakı şəhər İcra Hakimiyyətinin 24 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Baş Tikinti İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə ləğv edilərək, tabeliyində fəaliyyət göstərən bütün trest, müəssisə və təşkilatlarla birgə yeni yaradılan Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyinə verilmişdir. Sonradan, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) xx.xx.2003-cü il tarixli, 001117 saylı şəhadətnaməsinə əsasən, Bakı Tikinti və Şəhərin İnkişafı İdarəsi (Departamenti) özəlləşdirildiyindən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarılmışdır. İş materiallarından görünür ki, iddiaçının 22 il 8 ay 1 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 6 ay 1 gün (xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1978- xx.xx.1982-cİ il, xx.xx.1982xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992- xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 5 il 2 ay) ümumi iş stajının olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Cavabdehin iddiaçının ümumi iş stajına daxil edilməyən dövrlərlə bağlı apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1982xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində BBTİ 2 saylı Ev Tikmə kombinatında beton məmulatları quraşdırıcısı vəzifəsində işlədiyi qeyd edilsə də, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya dair 26 iyul 2019-cu il tarixli V-325 nömrəli arayışında 1990-cı ilin fevral ayı, 1991-ci ilin may və avqust ayları, 1992-ci ilin avqust, oktyabr, noyabr ayları, 1994-cü ilin avqust, oktyabr, noyabr, dekabr ayları və 1995-2000-ci illər üzrə arxiv sənədlərinin əmək haqqı cədvəllərində əmək haqqı almağı barədə heç bir məlumat olmadığı qeyd edilmiş, həmçinin xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı əmək kitabçasının əslini məhkəməyə təqdim etmişdir, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X10) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Kollegiya məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə bağlı cavabdeh inzibati orqanın dəlilinə münasibətdə həmçinin qeyd edir ki, işin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin xx.xx.2006-cı ilədək qəbul etmədiyi iş stajı əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir, cavabdeh tərəfindən isə iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərdən görünür ki, şəxsin xx.xx.2006-cı ilədək olan sığorta stajı onun əmək kitabçası və digər mötəbər sübutlar əsasında müəyyən edilir. Beləliklə, iddiaçının əmək kitabçasında olan məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olduğu müəyyən edilmişdir. Kollegiya həmçinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Respublikası Tikinti Sənaye Nazirliyinin nəzdində olan 4 saylı MASın 43 saylı Tikinti İdarəsində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək BBTİ 2 saylı Ev tikmə kombinatında dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həmin kombinatda quraşdırıcı sahənin tikinti ustası, xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək həmin kombinatda quraşdırıcı sahənin iş icraçısı vəzifəsində işlədiyi müəyyən edilir ki, həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsasən 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, 2290000a—14612- polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar və 2290000b—24441 iş icraçıları yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Həmçinin həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri -bəndinə “Polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” və “iş icraçıları” bölməsinə uyğundur. İnzibati orqan iddiaçının qeyd edilən dövrlərdə güzəştli iş stajına qiymət verərkən yuxarıda qeyd edilmiş bəzi dövrlərdə iddiaçının çalışdığı peşənin güzəştli peşə olduğunu qəbul etmiş, ümumi stajda olduğu kimi güzəştli stajda da yalnız əmək haqqı cədvəlində qeyd edilməyən və mdss haqqları ödənilməyən dövrləri qəbul etməmişdir. Bununla bağlı da məhkəmə kollegiyası mövqeyini yuxarıda ətraflı qeyd etmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, “BBTİ 2 saylı Ev tikmə kombinatı mövcud olmuş, fəaliyyət göstərmiş, lakin 2000-ci ilə qədər natamam, 2000-ci ilidən sonra isə arxiv sənədləri aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda Bakı şəhər İcra Hakimiyyəti X1 Birliyi”nin 2 saylı Evtikmə Kombinatının xx.xx.2008-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyi, xx.xx.2013-cü ildə səhmlərinin 100% özəlləşdirildiyi, cəmiyyətin emissiya prospektində ididaçının xx.xx.1982-ci il tarixdən iş icraçısı vəzifəsində işlədiyinin qeyd olunduğu bildirilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövr üzrə olan güzəştli stajı nəzərə alınmasa belə onun həmin tarixədək güzəştli stajı mövcuddur. Belə olan halda iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsinə hər hansı maneə yoxdur. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən güzəştli sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4912/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar