Məhkəmə qərarları › İş №2-1(103)-1218/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1218/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1218/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmməədlinin katibliyi ilə, İddiаçı İddiaçı, nümayəndəsi X3, vəkili X8 oglunun və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(112)-1562/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıAzərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində iddia qaldıraraq, Ukrayna Respublikası Milli Aerokosmik Universiteti «X4» tərəfindən adına verilmiş B17 № 211442 saylı, 30.06.2017-ci tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü il tarixdə Ukraynanın Milli Aerokosmik Universiteti «X4»nun qiyabi şöbəsinə daxil olmuşdur. 2017-ci il tarixdə həmin Universitetin tam kursunu bitirmişdir. İddiaçı Ukraynanın Milli Aerokosmik Universiteti «X4» tərəfindən adına verilmiş B17 № 211442 saylı, 30.06.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsi nazirlik tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. İddiaçı diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı ərizəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təmin olunmamasını əsassız və qanunsuz hesab edir. Buna görə də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ukrayna Respublikası Milli Aerokosmik Universiteti «X4» ali təhsil ocaqlarından biri hesab olunmaqla tam qanuni şəkildə fəaliyyət göstərir. Bakı İnzibati Məhkəməsinin 11.03.2020-ci il tarixli qərardadı ilə 2-1(112)-1562/2020 nömrəli inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə ekspert qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya’’nın 3.1.2 maddəsini (ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini (ukrayna dili) bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(112)-1562/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, Ukraynanın Milli Aerokosmik Universiteti “X4” tərəfindən verilmiş 30.06.2017-ci il tarixli 211442 nömrəli bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə öhdəlik qoyulması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı iddiaya səbəb olan mübahisəni tamamilə həll etmir və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə iddia tələbində əks etdirən heç bir öhdəlik qoymur. İddiaçı dil səviyyəsini müəyyən etmək üçün ekspertizanın keçirilməsini şifahi olaraq xahiş etsə də, məhkəmə ekspertizanı keçirməmişdir. Cavabdeh tərəfindən müsahibə video müşahidə ilə aparılmışdır, həmin video görüntüləri məhkəməyə təqdim edilməsi cavabdehdən xahiş edilsə də, təqdim edilməmişdir. Heç bir inzibati orqan öz səhv qərarının səhv olduğunu təsdiq etməz və yenidən müsahibənin keçirilməsi tamamilə perspektivsiz idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 30.06.2017-ci il tarixli 211442 nömrəli diplomun Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 2017-ci ildə Ukraynanın Milli Aerokosmik Universiteti “X4”nun tam kursunu bitirmiş, “psixologiya” hazırlıq istiqaməti üzrə bakalavriat proqramını mənimsəmiş, yekun dövlət attestasiyasını uğurla başa vurmuş və ona bakalavr dərəcəsi verilmişdir. Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən 01.08.2017-ci ildə A-49153-17 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. 17104855 nömrəli, 30.06.2017-ci il tarixli diploma əlavədən görünür ki, iddiaçı Ağazadə X2 Milli Aerokosmik Universiteti “X4”nda “psixologiya” ixtisası üzrə humanitar fakültədə 01.10.2013-30.06.2017-ci il tarixlərdə təhsil almış, həmin müddətdə tədris edilmiş 55 fəndən kafi və məqbul qiymətlər almış, 1 ümumi kurs işi yazmış və həmin kurs işindən, o cümlədən, ümumi milli imtahandan və dövlət imtahanından kafi qiymətlər almışdır. Diplom ali təhsilin ikinci pilləsinə, ikinci ali təhsil hazırlığı və qabaqcıl təlim kurslarına giriş hüququ verir, diplom üzrə professional status “psixoloq”dur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 09.09.2019-cu il tarixli, A-565/03-ANİ saylı məktubda bildirilmişdir ki, 12.03.2018-ci il tarixli elektron müraciətin nəticəsi barədə ona 18.05.2019-cu il tarixdə müvafiq elektron xidmət vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 18.05.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 3.7-ci maddəsinə əsasən 143B02FF0FC nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün sayılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublika-sının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 2.3-cü bəndinə əsasən həmin konvensiyada heç nə mövcud və ya gələcək razılaşmalara üzv ola biləcək, hazırkı Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən verilən ixtisasların tanınması ilə əlaqədar daha əlverişli şərtlərin ləğv edilməsi kimi hesab oluna bilməz. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə görə Azərbaycan tərəfi Ukraynada verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının müraciəti üzrə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığından hazırkı vəziyyətdə Ukraynanın Milli Aerokosmik Universiteti “X4” tərəfindən verilmiş 30.06.2017-ci il tarixli 211442 nömrəli bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 52.1-ci maddəsinin tələblərinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 61.1-ci maddəsində qeyd edilmişdir ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İş materiallarında cavabdehin iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı nəticəsinə hansı sübutlar əsasında gəlməsi, cavabdehin müsahibə zamanı iddiaçının dil biliklərini hansı qaydada yoxlaması, eləcə də, bu yoxlamanın nəticələrini əks etdirən sübut (məsələn, CD və.s) yoxdur. Bununla bağlı olaraq qeyd olunmalıdır ki, məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi bildirmişdir ki, tədris dilini bilməməsi əsası ilə imtina verilib, birinci müsahibə dövrünə aid disk yandırılıb, mövcud deyil. Bundan başqa, apellyasiya baxışı zamanı iddiaçının dil biliklərinin yoxlanmasının nəticələrinə dair sübut qismində disk təqdim olunmuşdur, lakin həmin disk cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən ilkin müsahibə ilə bağlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi - məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(112)-1562/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar