Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1218/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8688/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək haqqına uyğun olaraq əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə doğma kəndində başlayıb və sonradan Ukrayna Respublikasının Nikolayev şəhərində zavodda işləmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun nəzdində olan H.Zərdabi adına X8 01 noyabr 2000-ci il tarixdən 03 aprel 2017-ci il tarixədək mühəndis vəzifəsində işləmişdir. 01 yanvar 2002-ci il tarixdən 03 aprel 2017-ci il tarixədək xüsusilə kimyəvi zərərli preparatlardan (mərgümüş, dixloretan, xloroform, üzvü turşu, dioksan, fenol, ammonium xlorit və s.) istifadə edərək işləmişdir. Zərərli işlərdə işlədiyinə görə iş yerindən qanunvericiliyə müvafiq olaraq 16% əməkhaqqına artım, əlavə məzuniyyət və qısaldılmış iş günü kimi güzəştlər almışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 16 iyun 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən aslı olamayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə ona dair qeyd olunan xx.xx.2000-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində olan “H.Zərdabi adına X10” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa grə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinə (8) aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh onun güzəştli iş stajının olmadığını qeyd etsə də, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu tərəfindən verilmiş 101 nömrəli, 05 aprel 2021-ci il tarixli elmi-texniki arayışda göstərilən iş stajlarını düzgün hesablamamışdır. 14 il 4 ay 3 gün əmək şəraiti zərərli olan işlərdə işləmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün üç şərt müəyyənləşmişdir: yaş, staj və pensiya kapitalı. İddiaçı isə güzəştli iş stajı ilə əlaqədar müəyyən olunmuş tələbə cavab vermir. Belə ki, iddiaçının xx.xx.2000xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Azərbaycan Milli Elmlər Akademiyası “Geologiya və Gezofızika İnstitutu”nun nəzdində olan “H.Zərdabi adına X10” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtləri hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinə aid deyildir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8688/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələr əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Belə ki, iddiaçının xx.xx.2000-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Azərbaycan Milli Elmlər Akademiyası “Geologiya və Geofizika İnstitutu”nun nəzdində olan “H.Zərdabi adına X10” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinə (8) aid deyildir. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Milli Elmlər Akademiyası “Geologiya və Geofizika İnstitutu tərəfindən tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli Elmi-texniki arayışdan görüner ki, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu nəzdində olan “H.Zərdabi adına X8” mühəndis vəzifəsində işləmişdir. O, mütəmadi olaraq muzey eksponatlarına qulluq etmiş, bu zaman kimyəvi zərərli preparatlardan (mərgümüş, dixloretan, xloroform, üzvü turşu, dioksan, fenol, ammonium xlorit və s.) geniş istifadə edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Ermənistan Ararat rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - 12 noyabr 1979-cu il tarixdə verilmiş NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-xx.xx.1981-cı illərdə hərbi xidmətdə olmuşdur. - MT seriyalı 575549 №-li xx.xx.1988-ci il tarixli diplomun notarial qaydada təsdiq və tərcümə edilmiş diplomun surətindən müəyyən olunur ki, o 1985-ci ildə X2 daxil olmuşdur və 1988-ci ildə qeyd edilən texnikumun inşaat maşın və avadanlıqları ixtisası üzrə tam kursu bitirmişdir. - notarial qaydada təsdiq və tərcümə edilmiş ПT-İ seriyalı ******* nömrəli xx.xx.1984-cü il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1982-ci ildə Xəlisə kəndi satış xidmətinə dərzi vəzifəsinə qəbul edilmiş, xx.xx.1984cü ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1984- cü ildə X7 50 illiyi adına “Dormaşına” Nikolayev zavodunun təmir sexinə qazan təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1985-ci ildə əsaslı təmir şöbəsinə 3-cü dərəcəli bənna keçirilmişdir. xx.xx.1988-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə X7 50 illiyi adına “Dormaşına” Nikolayev zavodunun əsaslı təmir şöbəsinə 3-cü dərəcəli bənna vəzifəsinə qəbul edilmişdir. xx.xx.1989-cu ildə nəqliyyat hissəsinə 5-ci dərəcəli mexanizator vəzifəsinə qəbul edilmişdir. xx.xx.1990-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə Azərbaycan Sənaye-Ticarət Evi istehsal sexinə 4-cü dərəcəli təmirçiçilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1991-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə İstehsal sexinə 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə Azərbaycan Respublikası “Borçalı” k/m tikinti sexinə 5-ci dərəcəli usta qəbul edilmişdir. xx.xx.1999-cu ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1999-cu ildə Elmlər Akademiyasının mənzil-tikinti kooperativinə komendant vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2000-ci ildə AMEA X6 Tarixi muzeyinə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2017-ci il tarixdə AMEA X10nə “Bərpa” şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. - Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika institutu tərəfindən verilmiş 101 №li və 150 №-li elmi-texniki arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək AMEA Geologiya və Geofizika institutunun nəzdində olan “H.Zərdabi adına X8” mühəndis vəzifəsində işləmişdir. İddiaçı mütəmadi olaraq muzey eksponatlarına qulluq etmiş və bu zaman o, kimyəvi zərərli preparatlardan (mərgümüş, dixloretan, xloroform, üzvü turşu, dioksan, fenol, ammonium xlorit və s.) geniş istifadə etmişdir. İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tərixədək xüsusi zərərli şəraitdə işlədiyinə görə aylıq əmək haqqına 16% artım, əlavə məzuniyyət və qısaldılmış iş günü kimi imtiyazlar verilmişdir. Odur ki, İddiaçı mütəmadi olaraq xüsusi zərərli şəraitdə işləməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarının 8.1 bəndinə uyğun olaraq güzəştli təqaüd almaq hüququna malikdir (tam iş günü sadalanan istehsalatlarda və işlərdə olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləei). -DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Müraciətçi tərəfindən filiala təqdim edilən sənədlərdə ona dair qeyd olunan xx.xx.2000-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Azərbaycan Milli Elmlər Akademiyası “Geologiya və Geofizika İnstitutu”nun nəzdində olan “H.Zərdabi adına X10” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinə (8) aid deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələr əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Belə ki, iddiaçının xx.xx.2000-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Azərbaycan Milli Elmlər Akademiyası “Geologiya və Geofizika İnstitutu”nun nəzdində olan “H.Zərdabi adına X10”ndə mühəndis peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Kimya istehsalatı” bölməsinə (8) aid deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir İş materiallarından göründüyü kimi iddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. İş materiallarından görünür ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələr əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Belə ki, iddiaçının xx.xx.2000-xx.xx.2017ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Azərbaycan Milli Elmlər Akademiyası “Geologiya və Geofizika İnstitutu”nun nəzdində olan “H.Zərdabi adına X10” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Kimya istehsalatı” bölməsinə (8) aid deyildir. Məhkəmə kollegiyası tərəfindən İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası “Geologiya və Geofizika İnstitutu”nda işləməsi barədə məlumatıların (arxiv kitablarına əsasən) o cümlədən, işlədiyi vəzifə və peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək pensiyası hüququ verən vəzifələrin siyahısında hansı peşəyə uyğun olub-olmadığını, eyni zamanda işlədiyi peşənin funksional xarakteristikasını, xüsusiyyətləri haqqında ətraflı güzəştli arayışın təqdim olunması ilə bağlı sorğu verilmişdir. Azərbaycan Milli Elmlər X3 Muzeyinin 18 iyul 2022-ci il tarixli 09/35 saylı cavab arayışa İddiaçı işlədiyi dövr üçün əmək haqqının alınmasına dair cədvəllər əlavə edilmiş, lakin iddiaçının güzəştli işdə işləməsinə dair hər hansı məlumat qeyd olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və iddiaçınin da “güzəştli arayış” kimi istinad etdiyi Azərbaycan Respublikası Milli Elmlər Akademiyası “Geologiya və Geofizika İnstitutu” tərəfindən 25 aprel 2021-ci il tarixli elmi-texniki arayışda İddiaçı 01 yanvar 2022-ci il tarixdən 03 aprel 2017-ci il tarixədək xüsusi zərərli şəraitdə işləməklə aylıq əmək haqqına 16 faiz artım, əlavə məzuniyyət və qısaldılmış iş günü kimi imtiyazlar verilməsi qeyd olunsa da, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının “Kimya istehsalatı” bölməsinin 8.1-ci bəndində nəzərdə tutulan kimya müəssisələri və neftkimya sənayesi sahələrinin fəhlələri, mütəxəssisləri və rəhbərləri peşələrinə uyğun deyildir. Belə ki, arayışa əsasən iddiaçının X8 mühəndis vəzifəsində işləməklə “qısaldılmış” iş günü kimi güzəştlərdən istifadə etməsi göstərilsə də, Siyahıda ”tam” iş günü ərzində istehsalatda və neft-kimya sənayesi sahələrində işləyən mütəxəssislər nəzərdə tutulmuşdur ki, bu da iddiaçının zərərli iş stajına malik olması şərtinə uyğun deyildir. Odur ki, inzibati orqanın imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmədiyindən iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarı əsaslı olmuşdur. AR İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin təmin edilməsinə əsas olan hallar iş materialları ilə öz təsdiqini tapmadığından apellyasiya şikayəti qərarın ləğv edilməsi üçün əsas təşkil etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8688/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1218/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1218/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver