Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-122/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, iddiaçı X2 vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2052/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli **********185185 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********185185 nömrəli qərarı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 1.363,10 manat məbləğində ÖMV-nin hesablanması hissəsi istisna olmaqla, qalan hissələrdə ləğv edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, vergi ödəyicisi tərəfindən bəyan edilmiş ümumi hasilatın həcmi, ödənilmiş vergilər onun çoxsaylı təsərrüfat obyektində sahibkarlıq fəaliyyəti həyata keçirməsi nəzərə alınsa, reallığa uyğun olmamışdır. Belə ki, iddiaçının bəzi rüblər üzrə bəyan etdiyi ümumi hasilatın obyektlərin idarə edilməsi, xidmətlərin göstərilməsi, işçi qüvvəsinin saxlanılması və digər xərclər belə nəzərə almadan həmin obyektlər üzrə ödənilən aylıq icarə haqqı məbləğlərindən az olduğu görülə bilər. Belə olan təqdirdə vergi ödəyicisinin hansı iqtisadi maraq əsasında fəaliyyət göstərməsi anlaşılan olmamışdır. Eyni zamanda, iddiaçının bəyan etdiyi hasilat rüblərdən asılı olaraq dəfələrlə bir-birindən fərqlənmişdir. Səyyar vergi yoxlaması zamanı ********* nömrəli cinayət işi üzrə əldə edilmiş ilkin sənədlər, o cümlədən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektlərdən götürülmüş və həmin obyektlərin real dövriyyə və əməliyyatlarını özündə əks etdirən sənədlər, yəni “qara mühasibatlıq” sənədləri, nəzarət kassa aparatının “Z" hesabatları və bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumat əsasında müəyyən edilmişdir ki, iddiaçının ictimai iaşə fəaliyyəti və otel fəaliyyəti üzrə dövriyyəsi 2017-ci ilin iyun ayı üzrə 304.833,44 manat olmuş və ardıcıl 12 aylıq dövrün 12-ci ayında vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olmasına baxmayaraq, ƏDV məqsədləri üçün qeydiyyat haqqında vergi orqanına ərizə verilməmişdir. Aparılan yoxlama zamanı iddiaçının iki fərqli fəaliyyətinin olduğu, yəni həm ictimai iaşə fəaliyyəti, həm də mehmanxana xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu, sahibkarlıq fəaliyyətində gəlirlərin və xərclərinin ayrılıqda uçotunun aparılmadığı və bu barədə yoxlamaya sənədlərin təqdim edilmədiyi nəzərə alınaraq, ən yuxarı həddə vergilərin hesablanması məqsədilə xx.xx.2017-ci il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmaqla ƏDV hesablanmışdır. Eyni zamanda, ödəyiciyə artıq hesablanmış sadələşdirilmiş vergi məbləğləri azaldılmışdır. Beləliklə, iddiaçıdan götürülmüş ilkin sənədlərə - “qara mühasibatlıq’’ sənədlərinə əsasən iyul 2017 - iyul 2018 dövrlərdə müəssisə tərəfindən göstərilən xidmətlərin dəyəri 4.179.762,25 manat müəyyən edilməklə 752.357,2 manat (4.179.762,25 x 18%) ƏDV hesablanmışdır. Bununla yanaşı, əldə edilmiş sənədlərə, o cümlədən xx.xx.2017-ci il tarixdən iddiaçının məcburi ƏDV qeydiyyatına alınması nəzərə alınaraq, iddiaçının sadələşdirilmiş vergi öhdəliyi aşağıdakı kimi müəyyən edilmişdir: Vergi ödəyicisi yoxlanılan dövr üzrə 2017-ci ilin 2-ci rübünədək (daxil olmaqla) sadələşdirilmiş vergini 4 faiz dərəcəylə hesablamışdır. Vergi ödəyicisi xx.xx.2017-ci il tarixdə vergi orqanına müraciət edərək, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmiş, lakin iki fərqli vergi rejiminə malik olan fəaliyyət növləri üzrə uçotu ayrı-ayrılıqda aparmamış, eləcə də, sadələşdirilmiş vergi bəyannaməsində “qara mühasibatlıq" sənədlərinə əks olunmuş real hasilat əvəzinə məqsədli şəkildə azaldılmış hasilatı bəyan etmişdir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə mövcud qara mühasibatlıq sənədləri əsasında vergi ödəyicisinin 2017-ci ilin iyun ayı üzrə dövriyyəsinin 304.833,44 manat, fəaliyyətinin isə həm ictimai iaşə, həm də mehmanxana xidmətlərinin göstərilməsi olması nəzərə alınaraq, Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən vergi ödəyicisi xx.xx.2017-ci il tarixdən etibarən məcburi ƏDV qeydiyyatına alınmış və həmin tarixdən sonra əlavə dəyər vergisinin ödəyicisi olduğu üçün vergi ödəyicisi tərəfindən hesablanmış və ödənilmiş sadələşdirilmiş vergi üzrə azalma verilmişdir. Yoxlama ilə sadələşdirilmiş verginin 11.365,28 manat az, 72.618,80 manat artıq hesablandığı müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi 2017-ci ilin iyul ayından ƏDV ödəyicisi olduğu üçün 2018-ci ilin l-ll rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinin ödəmə mənbəyində tutulan vergi hissəsində göstərilmiş müvafiq olaraq 12.600 və 15.302 manat vergi məbləğləri üzrə azalma verilmiş və yoxlama ilə müəyyən edilmiş həmin dövr üzrə ödənilmiş icarə haqlarının məbləğləri 2018-ci ilin İ və İİ rübləri üzrə təqdim edilməli olan ödəmə mənbəyində tutulan vergi bəyannamələrində (səyyar vergi yoxlaması aktının ödəmə mənbəyində tutulan verginin müqayisəli cədvəli bölməsində ətraflı əks olunmuşdur) qeyd edilmişdir. Bundan başqa, “qara mühasibatlıq" sənədləri əsasında 2017-ci il üzrə iddiaçının gəliri 1.914.377,16 manat müəyyən edilməklə şərti rentabellik norması əsasında 63.812,57 manat (1.914.377,16 / 6 x 20%) gəlir vergisi hesablanmışdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia tələbini qismən təmin etməklə, iddianın təmin edilmiş hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə qərarını məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 18450 saylı rəyinə müvafiq olaraq əsaslandırmışdır. Məhkəmə qərarın nəticə hissəsində mübahisələndirilən qərarın xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 1.363,10 manat məbləğində ÖMV-nin hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsini qərara almasına baxmayaraq ÖMV-yə hesablanmış maliyyə sanksiyası ilə bağlı məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. Belə ki, məhkəmə qərarında sadəcə ekspert rəyinə əsaslanmaqla, mübahisələndirilən qərarın 1.363,10 manat məbləğində ÖMV hissəsində əsaslı olduğunu bildirmiş, maliyyə sanksiyası ilə bağlı hissəyə toxunmamış və nəticədə prosessual normaların pozulması ilə müşayiət edilən qərar qəbul etmişdir. Məhkəmənin mövqeyinə əsasən iddiaçının fərqli vergi rejiminə malik fəaliyyətinin olduğu təsdiqini tapmamış, onun ictimai iaşə fəaliyyəti ilə məşğul olaraq buna dair qanunvericiliklə müəyyən edilmiş sadələşdirilmiş vergini ödədiyi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergini 8 faiz dərəcə ilə ödədiyindən, onun xx.xx.2017-ci il tarixdən etibarən məcburi ƏDV qeydiyyatına alınaraq həmin tarixdən sonra ƏDV ödəyicisi kimi vergi hesablanması və bunun əsasında yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi əsassızdır. Məhkəmənin qeyd edilən dəlilinə münasibətdə bildirilir ki, məhkəmə işin mahiyyətini düzgün müəyyən etməmişdir. Belə ki, vergi hesablanmasında həlledici rolu cinayət işinin ibtidai araşdırılması zamanı aşkar olunmuş “qara mühasibatlıq” sənədləri oynamışdır. Buna baxmayaraq, məhkəmə “qara mühasibatlıq" sənədlərinin mövcudluğuna ümumiyyətlə toxunmamış, həmin sənədləri tədqiq etməmiş, o cümlədən, ekspertiza təyin edərkən həmin sənədlərin ekspert tədqiqatının predmeti olması üçün heç bir tədbir görməmişdir. Başqa sözlə, məhkəmə iş üzrə ən vacib sübut olan "qara mühasibatlıq” sənədlərinə ümumiyyətlə münasibət bildirməmiş və həmin sənədlərin məhkəməmühasibatlıq ekspertizasına təqdim edilməsi üçün hər hansı tədbir görməmişdir. Bundan başqa, vergi ödəyicisi xx.xx.2016-cı il tarixdə vergi orqanına müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 2.246,9 kv.m. olan fərdi yaşayış evini vergi uçotuna aldırmış və vergi ödəyicisinə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********8 nömrəli arayışla vergi ödəyicisinin “Hotel” adlı təsərrüfat subyekti qeydiyyata alınmışdır. Təsərrüfat subyekti qeydiyyata alındıqdan sonra vergi ödəyicisi xx.xx.2016-cı il tarixdə elektron ərizə ilə vergi orqanına müraciət edərək, **********-14003 kodlu və “Hotel” adlı təsərrüfat subyektində nəzarət kassa aparatının qeydiyyata alınmasını xahiş etmişdir. Həmin ərizədən və ərizəyə əlavə edilmiş kassa aparatının fiskal yaddaş çekindən də görünür ki, vergi ödəyicisinin obyekti otel fəaliyyəti ilə məşğul olmuş, vergi ödəyicisinin NKA **********5 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin, səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi, yoxlama vergi ödəyicisinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə banklardan alınmış rəsmi məlumatlara, nəzarət kassa aparatlarından əldə edilmiş “Z” hesabatlarına, ********* nömrəli cinayət işi üzrə əldə edilmiş sənədlərə əsasən aparılmışdır. Həmin cinayət işi üzrə əldə edilmiş sənədlər əsasında vergi ödəyicisinin məhz Abbas Səhhət ev 5 F ünvanda otel fəaliyyətinin olduğu təsdiq edilmiş və həmin fəaliyyətdən əldə edilmiş dövriyyəyə münasibətdə vergilər dövlət büdcəsinə hesablanmamışdır. Vergi Məcəlləsinin 13.2.56-cı maddəsinə əsasən ictimai iaşə fəaliyyəti dedikdə, fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti nəzərdə tutulur. Otel fəaliyyəti ictimai iaşə fəaliyyəti olmadığı üçün və vergi ödəyicisinin dövriyyəsi ardıcıl 12 aylıq dövrün iyun ayında 200.000 manatı keçdiyi üçün, onun sadələşdirilmiş vergi mükəlləfiyyətinə xitam verilmiş, xx.xx.2017-ci il tarixindən ƏDV tədiyyəsi üzrə və gəlir vergisi üzrə öhdəliyi yaranmışdır. Başqa sözlə, vergi ödəyicisi tərəfindən həyata keçirilən fəaliyyətlərə uyğun olaraq ayrıca uçot aparılmamış, həyata keçirilmiş fəaliyyət növləri üzrə ayrı-ayrılıqda gəlir və xərclər müəyyən edilməmiş, bununla qanunvericiliklə nəzərdə tutulmuş tələblər yerinə yetirilməmişdir. Beləliklə, qeyd edilənlərdən və apellyasiya şikayətinə əlavə edilən sənədlərdən də göründüyü kimi, vergi ödəyicisi ictimai iaşə fəaliyyəti ilə yanaşı, otel fəaliyyəti ilə də məşğul olduğundan onun 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamış və səyyar vergi yoxlaması ilə vergi ödəyicisi düzgün olaraq ƏDV qeydiyyatına alınmış, ona ƏDV və gəlir vergisi hesablanmışdır. Digər tərəfdən, məhkəmə qərarını ekspert rəyində qeyd edilmiş “tədqiqatla təqdim olunmuş iş materiallarına əsasən (bank çıxarışları, kassa sənədləri, Z hesabatları) sadələşdirilmiş verginin az hesablanması müəyyən olunmadı" dəlili ilə əsaslandırmışdır. Həmin dəlilə münasibətdə bildirilir ki, ekspert rəyində qeyd edilənlərdən göründüyü kimi, ekspert üzrə tədqiqat yalnız “bank çıxarışları, kassa sənədləri, Z hesabatları”na münasibətdə aparılmışdır. Lakin səyyar vergi yoxlaması ********* nömrəli cinayət işi üzrə əldə edilmiş ilkin sənədlər - “qara mühasibatlıq” sənədləri, nəzarət kassa aparatının “Z” hesabatları və bank hesabları üzrə aparılmış əməliyyatlar barədə əldə edilmiş məlumatlar əsasında aparılmışdır. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş aktda hesablamanın əsası olmuş həmin sənədlərə aktın 6-cı, 7-ci, 11-ci, 13-cü, 18-ci səhifələrində istinadlar edilmişdir. Lakin ekspert rəyində qeyd edilənlərdən də görünür ki, ekspertiza səyyar vergi yoxlaması zamanı hesablamaya əsas olmuş sənədlər, yəni “qara mühasibatlıq’’ sənədləri əsasında aparılmamışdır. Maraqlıdır ki, ekspertin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 63.3-cü maddəsinə əsasən əlavə sənədlər tələb etmək hüququ olduğu halda həmin sənədləri tələb etməmiş, əvəzində natamam sənədlər əsasında obyektiv araşdırma aparmadan ekspertizanı yekunlaşdıraraq, düzgün olmayan rəy vermişdir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən ekspertin üzərinə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, həmin qanunun 26-cı maddəsinə əsasən ekspert rəyində məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması əks olunmalıdır. Bundan əlavə, iş üzrə mövcud ittiham aktından da göründüyü kimi cinayət işinin ibtidai istintaqı zamanı əldə olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019cu il tarixli rəyinə əsasən vergi ödəyicisinin real dövriyyəsini özündə əks etdirən “qara mühasibatlıq” sənədləri əsasında ƏDV-nin 752.357,2 manat ƏDV-nin, gəlir vergisinin 63.812,95 manat, sadələşdirilmiş verginin 11.365,28 manat və ödəmə mənbəyində tutulan verginin 30.247,93 manat yayındırılması müəyyən edilmişdir. Göründüyü kimi, eyni ekspert təşkilatının vergilərin hesablanması ilə bağlı birbirindən kəskin fərqlənən iki müxtəlif rəyi olduğu halda, məhkəmə tərəfindən qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün hər hansı tədbir görülməmişdir. Əlavə olaraq, məhkəmə iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq vergilərin hesablanmasına əsas olmuş qara mühasibatlıq sənədlərinin əldə edilməsi üçün tədbir görməli olduğu halda, bunu etməmişdir və nəticədə İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən «ne eat judex ultra petita partium» - «məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır» tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində «temtum devolutum qantum appelatum» - «nə qədər şikayət - o qədər qərar» qaydasına çevrilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qərarın qismən ləğv edilərək, iddianın qalan hissədə də rədd olunması xahiş edildiyi və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qərar onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qərarının əsaslılığı yalnız onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) yoxlanılmalıdır. Bu baxımdan, işdə olan, cavabdehin xx.xx.2019-cu il tarixli **********164273 nömrəli Səyyar vergi yoxlaması aktından görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixli **********163609 nömrəli qərarına əsasən iddiaçıda muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il - 2017-ci il, ödəmə mənbəyindən tutulan vergi 4-cü rüb 2016 - 2-ci rüb 2018, əlavə dəyər vergisi oktyabr 2016 - iyul 2018, mədən vergisi oktyabr 2016 - iyul 2018, aksiz vergisi oktyabr 2016 - iyul 2018, gəlir vergisi 2016-cı il - 2017-ci il, sadələşdirilmiş vergi 4-cü rüb 2016 - 2-cü rüb 2018 tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.6 və 38.3.5-ci maddələrinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Akt əsasında tərtib olunan cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********185185 nömrəli qərarına görə, sadələşdirilmiş vergi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə olmaqla, iddiaçıya 93.708,44 manat əlavə vergi məbləği hesablanmış (ondan 89.785,91 manatı artıq hesablamadır) və Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən ona 39.412,02 manat məbləğdə maliyyə sanksiyası tətbiq olunmuş, ƏDV (qeydiyyatsız) üzrə iddiaçıya 752.357,20 manat məbləğdə əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən ona 376.178,61 manat məbləğdə maliyyə sanksiyası tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 18450 nömrəli məhkəmə-mühasibatlıq rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fərdi sahibkar D.Dəmirçiyev tərəfindən aparılmış əməliyyatlara görə 1.363,10 manat məbləğdə ÖMV-nin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. Səyyar vergi yoxlaması ilə müəyyən olunmuş vergilərin (ƏDV, mənfəət və sadələşdirilmiş vergi) düzgün olmamasının səbəbi hazırkı rəyin tədqiqi hissəsində ətraflı şərh olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-1534/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə AR VN Bakı şəhəri X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə təqsirli bilinib, 1 il 11 ay 14 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla 1 il 6 ay sınaq müddəti ilə cəzanın şərti hesab edilməsinə, onun CM-in 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə və AR VN Bakı şəhəri X3 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Cinayət işinə baxan məhkəmə kollegiyası qərarında birinci instansiya məhkəməsinin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 18450 nömrəli, xx.xx.2019-cu il tarixli 18086 nömrəli və xx.xx.2019-cu il tarixli 18877 nömrəli rəyləri, o cümlədən həmin rəylərin təsviri-əsaslandırıcı hissəsi ilə ittihamın əsaslandığı nəticə hissəsi arasında uyğunsuzluq olması, eyni zamanda vergi tutulan dövriyyənin və yaranan vergilərin həcminin müəyyən edilməsi qaydaları Vergi Məcəlləsinin İX-Xİ fəsillərində əhatəli göstərilmiş və “qara mühasibatlıq” adlanan sənədlərinə istinad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmaması, qara mühasibat sənədlərinin (kağızların) ilkin mühasibat sənədi sayılmadığı üçün mühasibatlıq ekspertizası zamanı nəzərə alına bilməməsi və bu səbəblərdən dolayı təqsirləndirilən şəxs D.Dəmirçiyevin Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilinməməsi ilə bağlı gəldiyi qənaətlə razılaşmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-144/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli hökmünün 13-cü səhifəsindən isə müəyyən olunur ki, D.Dəmirçiyevin Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilməsi üzrə iki epizoddan biri onun cəmi 756.279,73 manat məbləğdə vergiləri ödəməkdən yayınması barədə AR VN Bakı şəhəri X3 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli **********164273 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********185185 nömrəli qərarı ilə bağlı olmuşdur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin qanuni əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Cavabdehin mübahisəli xx.xx.2019-cu il tarixli qərarının qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən edilir ki, sözügedən inzibati akt qəbul edilən vaxt qanunvericiliyin icraat və forma ilə bağlı bir sıra müddəaları pozulmuşdur. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun: 58.1-ci maddəsinə görə, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə əsasən, inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə görə, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir; 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İşdən görünür ki, mübahisəli qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş, vergi borcunun hansı qaydada hesablanması əsaslandırılmamış, formal şəkildə xx.xx.2019-cu il tarixli **********164273 nömrəli Səyyar vergi yoxlaması aktına və “tarixli 0 nömrəli sənəd” adlı məchul materiala istinad olunmuşdur. Hətta iş materiallarının araşdırılması ilə də tam aydın olmur ki, həmin vergi borcu hansı əsasla və necə hesablanmışdır. Belə ki, nəinki xx.xx.2019-cu il tarixli qərar, xx.xx.2019-cu il tarixli akt da yalnız rəqəmlərdən və bu rəqəmlərin riyazi toplanmasından ibarətdir. Bu da onu göstərir ki, cavabdehin mübahisəli qərarı iddiaçıya münasibətdə formal-hüquqi qanunilik baxımından icraatla bağlı müddəalara riayət olunmadan qəbul edilmiş qanunsuz əlverişsiz (yükləyici) inzibati akt olmaqla, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati icraat haqqında» AR Qanununun tələblərinin ciddi pozuntuları ilə qəbul edilmişdir. Adıçəkilən Qanunun: 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə formal-hüquqi qanunilik baxımdan icraatla bağlı vergi qanunvericiliyinin də tələbləri pozulmuşdur. Belə ki, VM-in 49.2-ci maddəsinə görə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Cavabdehin xx.xx.2019-cu il tarixli qərarında xx.xx.2019-cu il tarixli akta formal istinad olunmuş, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillərin yoxlanılmasının nəticələri, işin faktiki və hüquqi hallarını təsdiq və ya rədd edən sübutlar qeyd olunmamışdır. VM-in 49.5-ci maddəsinə görə, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmçinin, İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı, qəbul edildiyi andan qanuni qüvvəyə mindiyi üçün, iddiaçının CM-in 213.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə və cavabdeh tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması ilə yaranan hüquqi vəziyyət, yəni iddiaçının xx.xx.2019-cu il tarixli akt əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarla məsuliyyətə cəlb edildiyi cəmi 756.279,73 manat məbləğdə vergiləri ödəməkdən yayındırması hadisəsinin olmaması barədə nəticə hazırkı işə münasibətdə məcburi olduğundan, iddia bu baxımdan da əsaslıdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi səyyar vergi yoxlamasını həyata keçirən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona əlavə vergi məbləğləri hesablamasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir (İPM-14.1), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur (VM-49), cavabdeh iddiaçının hüquqları-nı və qa-nu-ni mə-na-fe-lə-ri-ni gözləməmişdir (VM-24.0.2), cavabdehin mübahisəli qərarı müzakirə olunan hissədə qanuna zidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-70.1), qərar eyni hissədə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Yekunda, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-87.6), apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2052/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səforov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-1(103)-122/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-122/2020
09.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver