Məhkəmə qərarları › İş №2-1(103)-122/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-122/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-122/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin hüquqi varisi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi ilə sxematik xəritə arasında uyğunsuzluğun aradan qaldırılaraq hüquqların qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1202/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “Sabunçu rayonu, Ləhiş bağları ərazisindəki 945 nömrəli bağ sahəsinin onun adına özəlləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti 10.11.2005-ci il tarixli, 289 saylı sərəncamına əsasən müvafiq olaraq və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən Sabunçu rayonunun Ləhiş bağlar ərazisində ayrılmış 945 nömrəli bağ sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi dəfələrlə əsassız bəhanələr gətirməklə özəlləşmə sənədini vermir. Sabunçu rayonu, Ləhiş bağları ərazisindəki 945 nömrəli bağ sahəsinin onun adına özəlləşdirilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 04 aprel 2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 945 saylı bağ sahəsi ilə sxematik xəritə arasında olan uyğunsuzluğun aradan qaldırılaraq, 945 saylı bağ sahəsi üzərində İddiaçı hüquqlarını qeydiyyata alaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması”na dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, bağ sahəsində çöl-ölçü işləri aparılması üçün əlaqə saxlanılan zaman bağ sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmaması, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar göstərilən bağ sahəsi sxematik xəritəyə əsasən 1042,1043 və 1044 saylı bağ sahələrinin ərazisi olması, sözügedən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluğun olması və bağ sahəsinin öz həqiqi yerindən 40 m aralı məsafədə yerləşməsi məlum olmuşdur. Bu barədə iddiaçıya 14.06.2014-cü il tarixli, **********55 saylı, 01,03.2014-cü il tarixli, **********77 saylı, 15.01.2016-cı il tarixli, **********64 saylı və 23.02.2016-c lil tarixli, **********64 saylı cavab məktubları ünvanlanmışdır. Vətəndaşın yeni müraciəti qeydə alınmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, “kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış və 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən İddiaçı iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-833/2018 saylı 03 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti vermiş, qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin yazılı etirazının məzmununa uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1812/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-833/2018 saylı 03 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1202/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-162/2020 saylı 14 yanvar 2020-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1202/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1336/2020 saylı 24 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-162/2020 saylı 14 yanvar 2020-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin 03.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcraiyyə Komitəsinin 22.09.1989-cu il tarixli qərarı ilə Ləhiş bağlar massivində 108 saylı BİK nəzdində 0,12 ha 1044 saylı bağ sahəsi ayrılmış Maraqlı şəxs hazıki iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin hüquqi varisi X11 izahat verərək iddiaçının çıxarış verilməsini tələb etdiyi bağ sahəsinin 40 kv.m sahəsinin onun ərazisinə düşdüyünü, həmin ərazi xaric olmaqla digər sahəyə çıxarış verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin faktiki hallarından görünür ki, X5 və İstismarı Birliyi ilə bağlanmış 14 noyabr 2005-ci il tarixli, 36390 nömrəli müqavilə ilə Ləhiş bağlar sahəsində 0,12 hektar torpaq sahəsi olan 945 saylı bağ sahəsi İddiaçı icarəyə verilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, “Ləhiş” bağ massivində yerləşən bağ sahəsinə dair mülkiyyət hüquqlarını qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq olduğuna, bağ sahəsinin öz həqiqi yerindən 40 m aralı məsafədə yerləşdiyinə əsaslanaraq iddiaçının müraciətindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirmiş və mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqan iddiaçının müraciətindən imtinaya əsas kimi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, bağ sahəsinin öz həqiqi yerindən 40 m aralı məsafədə yerləşməsi ilə əsaslandırsa da bu halların mövcudluğunu təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı natamam aparmış, iddiaçıya məxsus 945 saylı bağ sahəsinin üçüncü şəxslərə məxsus bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün işi tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə texniki baxış keçirilərək müəyyən edilmişdir ki, iddia olunan hasarlanmış torpaq sahəsi 1335,0 m2 təşkil edir, üzərində tikili yoxdur. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən 945 nömrəsinin bu sahəyə heç bir aidiyyəti yoxdur, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1042, 1043 və 1044 saylı bağların ərazisinə düşür. Birinci instansiya məhkəməsi 945 nömrəli bağ sahəsinin koordinatlarının, habelə onun yerləşmə mövqeyində hər hansı uyğunsuzluğun olub-olmamasının müəyyən edilməsi məqsədilə GPS aparatı vasitəsilə yerində ölçmə işləri apararaq mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi ilə bağlı edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilmiş və sorğunun cavabı olan mütəxəssis rəyi məhkəməyə daxil olmamış, işə baxan məhkəmə araşdırmaları yekunlaşdıraraq yekun məhkəmə qərarını 03 may 2018-ci il tarixdə elan etmişdir. Mütəxəssis rəyi məhkəməyə 07 may 2018-ci il tarixdə daxil olmuşdur. Həmin rəyin nəticə hissəsindən görünür ki, 945 saylı bağ sahəsinin həqiqi ərazisi sxematik xəritəyə əsasən faktiki göstərilən sahədən 70 m qərb istiqamətində 25X48 ölçüdə yerləşməlidir. Faktiki göstərilən sahə sxematik xəritəyə əsasən bağların sıra ardıcıllığına uyğun olmayaraq perpendikulyar istiqamətdə yerləşməklə 1044,1043 və 1042 saylı bağların bir hissəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 11.10.2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-833/2018 saylı 03 may 2018-ci il tarixli qərarı ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilərkən məhkəmə kollegiyasının əsas göstərişlərindən biri də Ləhiş bağ massivində yerləşmiş həmin bağ sahiblərinin icraata cəlb edilməklə onların mübahisə üzrə münasibətinin öyrənilməsi və iddiaçıya məxsus bağ sahəsinin 1044, 1043 və 1042 saylı bağ sahələri ilə üst-üstə düşüb-düşməməsinin araşdırılması olmasına baxmayaraq işə baxan məhkəmə tərəfindən həmin xüsusatlar tam araşdırılmamış, mübahisəli bağ sahələrinin koordinantlarının və üst-üstə düşməsinin müəyyən edilməsi üçün lazım gələrsə ekspertiza təyin edilməsini müzakirə etməmişdir. Təkrar apellyasiya baxışında məhkəmə kollegiyası hesab etmişdir ki, 1044,1043 və 1042 saylı bağların xüsusi mülkiyyətdə olub-olmaması, 945 saylı bağ sahəsinin ərazisi ilə həmin bağların ərazilərinin üst-üstə düşməsi ilə həmin bağ sahiblərinin hüquqlarının pozulubpozulmaması müəyyənləşdirilməli, həmin bağ sahibləri inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmalıdırlar. Buna görə də məhkəmə kollegiyasının 2-1(103)- 122/2021 saylı 03 mart 2021-ci il tarixli qərardadı ilə 1044 saylı bağ sahəsinin icarəçisi Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilmiş, onun ölümü ilə əlaqədar məhkəmə iclasında onun hüquqi varisi X11 iştirak etmişdir. X1 iclasında iştirak edərək iddiaçının çıxarış verilməsini iddia etdiyi 945 saylı bağ sahəsinin 40 kv.m sahəsinin onlara məxsus 1044 saylı bağ sahəsi ilə üst-üstə düşdüyünü bildirmişdir. Ona görə də mübahisələndirilən məhkəmə qərarının onun əmlak hüquqlarını pozduğuna görə ləğv edilməsini və işə cəlb olunmaqla yenidən baxılmasını xahiş etmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən yuxarıda göstərilən bağ sahələrinin üst-üstə düşübdüşməməsini müəyyən etmək məqsədilə ilə məhkəmə texniki ekspertizası təyin edilsə də, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin olmaması səbəbindən ekspertizanın keçirilməsindən imtina olunmuşdur. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı məhkəmə həmin rəyin alınması üçün müvafiq sorğular verməli və mübahisənin həlli üçün vacib olan digər prosessual hərəkətləri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında təsbit olunan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına, habelə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə diqqət yetirilməklə, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.” Göründüyü kimi, məsələ ilə bağlı Plenumun qərarında qeyd etdiyi hüquqi mövqeyinə görə işdə iştirak etməyə cəlb edilməyən, lakin məhkəmə qərarı qanuni maraqlarına toxunan şəxslərin işə cəlb edilməsi İPM-in 28-ci maddəsinin tələbləri qaydasında həll edilməlidir. Məcəllənin 28.1-ci maddəsinin göstərişi isə belədir ki, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Lakin birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli qaydada araşdırılmamış, iş üzrə zəruri olan sübutlar toplanaraq onlara hüquqi qiymət verilməmiş, zəruri cəlbetmə qaydasında üçüncü şəxslər cəlb edilməmişdir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, işə baxan məhkəmə mübahisənin düzgün həlli məqsədilə işdə iştirak edən şəxslərin izahatları və onların təqdim etdiyi sübutlarla kifayətlənmədən, əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalıdır. Göründüyü kimi, işə baxılarkən məhkəmə tərəfindən ciddi prosessual pozuntulara yol verilmiş, iş üçün əhəmiyyəti olan çoxlu sayda sübutlar araşdırlmamışdır. Belə olan halda, İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1202/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 28, 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1202/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar