Məhkəmə qərarları › İş №2-1(103)-122/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-122/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-122/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçnın nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-695/2022 saylı 09 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 27 may 1972-ci il tarixli “evlənmək haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı ilə X11 arasında xx.xx.1972-ci il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 525 saylı qeydiyyat vəsiqəsinin fotosurətinin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 08 saylı sərəncamı əsasında X5 Pirəküşkül kəndində Bakı-Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüququ dövlət qeydiyyatına alınmış və texniki pasport verilmişdir. 3 saylı Bakı “ASAN” xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 063648 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçı mərhum ərinə məxsus daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********6 saylı məktubla iddiaçıya bildirilmişdir ki, aparılan araşdırma zamanı elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq aidiyyəti üzrə Xidmətin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan sonra iddiaçı mərhum ərinə məxsus daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********94 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müraciətlə əlaqədar qeyd edilən əmlakın qeydiyyata alınması ilə bağlı idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Həmçinin, qeyriyaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 22 iyun 2004cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli Qeydiyyat Vəsiqəsi ilə mərhum həyat yoldaşı X4 miras payı qalmış Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Pirəkəşkül kəndi, Bakı- Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası iddiaçının mərhum həyat yoldaşı X5 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli qeydiyyat vəsiqəsi və texnik pasport verilmişdir. Həyat yoldaşı X11 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra iddiaçı ondan miras payı qalmış qeyri-yaşayış binasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət ünvanlamışdır. Müraciətinə xx.xx.2020-ci il tarixli, **********6 saylı cavab məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmiş və aidiyyatı üzrə Xidmətin 1 saylı Bakı Şəhər Ərazi idarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçıya tövsiyə olunduğu kimi arayışın əldə olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı ərazi İdarəsindən ərizəsinə cavab olaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış binasına dair idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin qeyri-yaşayış binası 20 ildən artıq bir müddətdir ki, iddiaçının ailəsinin mülkiyyətindədir və kafe kimi fəaliyyət göstərir. Qeyri-yaşayış binası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi İdarəsindən qeydiyyatdan keçmiş və ********** saylı VÖEN-lə vergi ödəyicisidir. Kommunal ödənişlər (qaz, su, işıq) iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənilmiş və bu vaxta qədər obyekt fasiləsiz olaraq fəaliyyətini davam etdirmişdir. Cavabdeh orqanın cavabından belə məlum olur ki, qeyriyaşayış binasının arxiv sənədləri yoxdur. Lakin qeyri-yaşayış obyektinə dair sənədlərdən aydın şəkildə məlumdur ki, 17 ilə yaxın bir müddət mərhum həyat yoldaşı Rafiq Xəlilovun mülkiyyəti kimi dövlət tərəfindən tanınmış və onun adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vesiqəsi, texniki pasport verilmişdir. Cavabdeh orqanın arxivində qeyri-yaşayış binasına dair hər hansı məlumatın olmaması iddiaçının arayışı əldə edə bilməməyi və birinci dərəcəli vərəsə kimi miras payından kənarda qalmağı üçün əsas ola bilməz. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qeydiyyat vəsiqəsi ilə mərhum həyat yoldaşı X4 miras qalmış Bakı - Şamaxı yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına iddiası etirazla qarşılanır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Bundan əlavə, qeyd edilən əmlakın qeydiyyata alınması ilə bağlı idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Həmçinin, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-695/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin dəlilinə görə, onun tərəfindən cavabdehə torpaq və onun üzərindəki qeyri-yaşayış sahəsi üzərində mərhum əri X5 hüquqlarını təsdiq edən sənəd təqdim edilməmişdir. Belə ki, o, Bakı-Şamaxı maqistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində mərhum əri X5 hüququnun qeydiyyata alınmasını təsdiq edən sənəd kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 525 saylı qeydiyyat vəsiqəsinin fotosurətini təqdim etmişdir. Lakin həmin sənədin əsli ondan tələb edilsə də, məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə yalnız həmin sənədin fotosurətinin notariat qaydada təsdiqlənmiş surəti təqdim edilmişdir. xx.xx.2021-ci il tarixə saat 12:10-a təyin edilmiş məhkəmə prosesində və məhkəmə iclas zalında hakim onun nümayəndəsi və vəkilindən X5 hüququnun qeydiyyata alınmasını təsdiq edən sənəd kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 525 saylı qeydiyyat vəsiqəsinin notariat təsdiq edilmiş surətinin iş materiallarında olmasına baxmayaraq, həmin sənədin əslinin məhkəməyə təqdim etməsini tələb etmiş, nümayəndə və vəkil isə sənədin əslinin onda olduğunu, növbəti məhkəmə iclasında təqdim edəcəyini bildirmişdir. Növbəti məhkəmə prosesində yəni, xx.xx.2021-ci il tarixində məhkəmə iclas zalında ondan tələb olunan qeydiyyat vəsiqəsinin və texniki pasportun əsli hakimə şəxsən təqdim edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və sözügedən daşınmaz əmlakın iddiaçının mərhum həyat yoldaşına məxsus olması ilə bağlı arayışın verilməsi barədə iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, əvvəla iddiaçı birinci instansiya məhkəməsində mərhum ərinə məxsus daşınmaz əmlakın yüklülüyünə dair arayış verilməsini tələb etsə də, apellyasiya instansiyası məhkəməsində Kollegiyanın göstərdiyi hüquqi yardımla əlaqədar sözügedən daşınmaz əmlakın mərhum ərinə məxsus olması barədə reyestrdən müvafiq arayışın verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsini və sonuncunun həmin tələbin təmin olunmasından xx.xx.2020-ci il tarixli məktubla imtina etməsini, həmin imtina məktubunun iddiaçı tərəfindən hansı tarixdə alınması barədə iş materiallarında hər hansı sübutun olmadığını, iddiaçının isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etməsini, həmçinin Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia ümumi və xüsusi mümkünlük şərtləri ödənilməklə verildiyindən mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki tələbi “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 22 iyun 2004cü il tarixli 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli Qeydiyyat Vəsiqəsi ilə mərhum həyat yoldaşı X4 miras payı qalmış Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Pirəküşkül kəndində Bakı- Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mərhum əri olmuş X5 hüququnu təsdiq edən sənədin təqdim edilməməsi barədə cavabdehin dəlillərinin qanuni və əsaslı olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 08 saylı sərəncamı əsasında X5 Pirəküşkül kəndində Bakı-Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüququ dövlət qeydiyyatına alınmış və texniki pasport verilmişdir. X11 ilə iddiaçı arasında xx.xx.1972-ci il tarixdə nikah bağlanmış, sonradan xx.xx.2020-ci il tarixdə X11 ölmüşdür. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş BA-01017-2021 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 4/1231 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə, Dövlət Arxivinin Bakı filialına və Abşeron rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək xahiş edilmişdir. Cavabdehin **********77 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə bildirilmişdir ki, Abşeron rayonu, Pirəkəşkül kəndi, Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasına dair məlumat və müvafiq sənədlərin surətini əldə etmək üçün iddiaçının aidiyyəti üzrə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyi məqsədəuyğundur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin XO-xx-xx-2021-02159 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 525 nömrəli Qeydiyyat Vəsiqəsinin və həmin vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər idarənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin H210 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon İHB-nin 25 dekabr 1997-cı ıl tarixli sərəncamı arxiv sənədlərinin içərisində aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli XO-xx-xx-2021- 05644 saylı məktubundan görünür ki, Abşeron rayonu, Pirəşkül kəndi, Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının X7 adına Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və həmin vəsiqənin verilməsinə əsas olmuş sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin Bakı İnzibati Məhkəməsinə təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli 2-1(112)-4718/2021 nömrəli sorğuya Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin arxivi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün arayışın verilməsi tələb olunan daşınmaz əmlaka dair arxivdə olan bütün hüquqmüəyyənedici sənədlər toplusunun məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş məktuba əlavə olunan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin 08 saylı 25 dekabr 1997-ci il tarixli sərəncamından görünür ki, Bakı- Şamaxı magistral yolunun sol kənarında 20.0 x 10.0 m ölçüdə torpaq sahəsi R.Xəlilova “Görüş” kafesi tikintisi üçün ayrılmışdır. Bundan sonra Rafiq Xəlilov xx.xx.2004-cü il tarixdə öz şəxsi vəsaiti hesabına tikdirdiyi tikililərə texniki pasport və qeydiyyat vəsiqəsinin hazırlanmasını xahiş etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Rafiq Xəlilovun adına sözügedən daşınmaz əmlakla bağlı texniki pasport hazırlanmış və xx.xx.2004-cü il tarixdə 01 No-li reyestr kitabında 132 səhifədə 525 reyestr nömrəsi altında həmin daşınmaz əmlak qeydə alınaraq bu barədə 525 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən mərhum həyat yoldaşına məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış obyekti ilə bağlı reyestrdən daşınmaz əmlakın mərhuma məxsusluğuna dair arayışın verilməsi üçün tələb olunan bütün sənədlər təqdim olunmuş hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İşin hallarından görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tədim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər (bax bu qərarın 18-ci bəndinə). Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 2113/2021 saylı, 2-1(102)-207/2022 saylı və 2-1(102)-2357/2019 saylı inzibati məhkəmə işləri). Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-695/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilərək, Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-695/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 08 saylı sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə 01 No-li reyestr kitabında 132 səhifədə 525 reyestr nömrəsi altında qeydə alınmış və bu barədə 525 saylı qeydiyyat vəsiqəsi verilmiş Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar