Məhkəmə qərarları › İş №2-1(103)-122/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-122/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-122/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1128/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…xx.xx.1968-ci il tarixdə Cəbrayıl rayonun Soltanlı kəndində doğulmuşdur. 1994-cü ildə vət.X5 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan bir qız övladı doğulmuşdur. X2 Azərbaycan Ordusu sıralarına çağırılmış və 03 may 1994-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qız uşağını tək böyütmüş, tənha ana hesab olunur. Ərini, torpağını, əmakını və evini itirməsi onun sağlamlığına mənfi təsir göstərmiş, xroniki astma, bronxial allergiya, ürək infarktı, təzyiq, şəkər və digər xəstəliklərə (beş xəstəlik) düçar olmuşdur. Xeyli müddət müalicə alsa da, sonda ona 2-ci qrup əlillik verilməklə hər ay 288 manat müvainət ödənilməsi təyin edilmişdir. Lakin cavabdeh xx.xx.2021-ci ildə ona heç bir rəsmi məlumat vermədən hər ay aldığı 288 manat müavinəti kəsmişdir. Ona görə də 2-ci qrup əlil müvainətinin xx.xx.2021-ci il tarixdən bərpa edilərək ödənilməsi barədə iş üzrə cavabvdehə ərizə göndərmiş, sonuncu isə xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla ona imtina vermişdir. xx.xx.2022-ci ildə aldığı həmin imtina məktubunda ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarına əsasən “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti Cəbrayıl rayon Mərkəzi xəstəxanasının göndərişi əsasında xx.xx.2021-ci tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0338003AALA0 saylı göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri { => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son beş ildə aldığı müalicələr yetərli deyil.ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı var." səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na istinadən cavabdeh hesab etmişdir ki, iddia əsassızdır ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1128/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir…» Apellyasiya mərhələsində məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə-tibbi ekspertizası - Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü tarixli məktubu ilə, iddiaçının şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə birlikdə gəlmədiyi əsası ilə icrasız geri qaytarılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli aralıq qərardadı ilə iddiaçı əyani müayinə olunmaqla, onun əlillik vəziyyətinin qüvvədə olan meyarlara müvafiq yenidən qimətləndirilməsi üçün cavabdehə 35 gün müddət təyin olunmuşdur. Agentliyin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubuna və ona əlavə edilmiş ekspert komissiyasının 25 yanvar 2024-cü il tarixli qərarına əsasən məlum olmuşdur ki, həkim-ekspertlər tərəfindən qiymətləndirmə zamanı, həm gönədərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olmuş, həm də qüvvədə olan meyarlara müvafiq olaraq “diaqnozun əlillik əlaməti təyin etmədiyi” barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından isə görünür ki, Cəbrayıl Rayon Mərkəzi Rayon Xəstəxanasının göndərişləri əsasasında iddiaçının əlillik vəziyyəti xronoloji ardıcıllıqla aşağıdakı kimi qiymətləndirilmişdir: -xx.xx.2014-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma, infeksion allergik forma, boğulma tutmaları ilə, ağ ciyər emfizeması, tənəffüs çatmamazlığı-ll dərəcə; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmiş; -xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Səbəbi : Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40- J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma, infeksion allergik forma, boğulma tutmaları ilə, ağ ciyər emfizeması, tənəffüs çatmamazlığı-ll dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6, Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. -xx.xx.2016-cı il tarixli göndərişi əsasında elektron təyinatla “Səbəbi : Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40- J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma, infeksion allergik forma, boğulma tutmaları ilə, ağ ciyər emfizeması, tənəffüs çatmamazlığı-ll dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə. səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmiş; -xx.xx.2017-ci il tarixli 0327003AAD0B saylı göndərişi əsasında “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma,qarışıq forma,ağır gedişli,kəskinləşmə ilə. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə..; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Hal hazırki müayinələr diaqnozu təsdiq etmir.” səbəbi ilə imtina verilmiş; - xx.xx.2017-ci il tarixli 0338003AAKW8 saylı göndərişi əsasında “X1: X Sinif - : Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Əsas diaqnoz J45.8 Qarışıq astma, Ağciyərlərin obstruktiv xəstəliyi,qarışıq tip, orta ağır gedişli, kəskinləşmə ilə, TÇ-ğı İİ dərəcə, tez-tez boğulma tutmaları ilə. Ağırlaşma J43 Emfizema, Ağciyər emfizeması Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, TM- ğı İİ dərəcə, teztez boğulma tutmaları ilə Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, Xroniki qastroduodenit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə f müalicəyə ehtiyacın olması - Səbəb: - Xəstədə son bir il ərzində əsas diaqnozun agirlq dərəcəsinə gorə stasionar müalicə kursu yeterli deyil yoxdur ixtisaslaşmiş müayinə və müalicə olunmasina ehtiyac var.” səbəbi ilə imtina verilmiş; - sonuncu xx.xx.2021-ci il tarixli 0338003AALA0 saylı göndərişi əsasında “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri { => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son beş ildə aldığı müalicələr yeterli deyil, ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı var." səbəbi ilə imtina verilmişdir...” Göründüyü kimi, 2014-2016-cı illərdə Cəbrayıl Rayon Mərkəzi Rayon Xəstəxanasının üç göndərişi üzrə iddiaçıda ardıcıl olaraq aşkar olunan: “Tənəffüs sistemi xəstəlikləri => J40- J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma, infeksion allergik forma, boğulma tutmaları ilə, ağ ciyər emfizeması, tənəffüs çatmamazlığı ilə” diaqnozu üzrə iddiaçınının xəstəliyi ekspert komissiyası tərəfindən İİ dərəcə əlillik kimi qiymətləndirilsə də, sonrakı, o cümlədən, xx.xx.2021-ci il tarixli 0338003AALA0 saylı sonucu göndərişi əsasında ona qoyulmuş “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri { => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma.” – diaqnozu üzrə ona əlillik təyin olunmasından imtina olunmuşdur. Halbuki, həmin vaxt hələ qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4-cü bəndin nəzərdə tuturdu ki, ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31- J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8) ikinci dərəcə əlilliklə qiymətləndtirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 26 iyul 2023-cü il tarixədək qüvvədə olmuş 1.1.2-ci bəndi və qüvvədə olan 1.1.2.2-ci bəndi nəzərdə tutur ki, allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma (J45.0); qeyri-allergik astma (J45.1); qarışıq astma (J45.8); dəqiqləşdirilməmiş astma (J45.9) xəstəliyi, ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİ-İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA mərhələdə xroniki ağciyərürək çatışmazlığı ilə - 65-80 faiz (əyəni ikinci dərəcə) həyat fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirilir. Göründüyü kimi, sonuncu göndəriş üzrə iddiaçıda müəyyən olunan diaqnoz həm qüvvədən düşmüş, həm də qüvvədə olan əlillik meyarlarına uyğundur. İş materiallarından isə görünən odur ki, onun müalicələri onun sağalmasına gətirib çıxarmamış, hal-hazırda da davam etməkdədir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi də məhz nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Qeyd olunanlardan göründüyü kimi, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının sonuncu xx.xx.2021-ci il tarixli 0338003AALA0 saylı göndərişi əlillik meyarlarına uyğun olduğu halda, cavabdeh orqan tərəfindən ona əlillik təyin olunmasından həm məhkəməyə qədər, həm də məhkəmə gedişində aralıq qərardad əsasında yenidən qiymətləndirmə aparılarkən, ona əllik verilməsindən imtina olunmasının istər qüvvədən düşmüş, istərsə də qüvvədə olan əlillik meyarlarının tələbləri baxımından əsassız olduğu sübuta yetirilir. Belə olan halda həmin imtina iddiaçının qanunla qorunan hüququnu pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, maddi hüquq normaları baxımından məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1128/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1128/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar