Məhkəmə qərarları › İş №2-1(103)-1220/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1220/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1220/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Murğuzova Nərminə Sahib qızının katibliyi ilə, İddiaçının nümayəndəsi x2 və cavabdehin nümayəndəsi x3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən “Hesablanmış vergilərin Xülasəsi” barədə 25 dekabr 2018-ci il tarixli **********524700 saylı və 22.08.2017-ci il tarixli **********394900 saylı qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)- 1633/2019 saylı qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması” barədə 25 dekabr 2018-ci il tarixli **********524700 saylı qərarı ləğv edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)- 1633/2019 saylı qərardadı ilə iddia 22.08.2017-ci il tarixli, **********394900 saylı qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verilərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından və məhkəməyə cavabdehin təqdim etdiyi materialların məzmunundan müəyyən olunur ki, “xxxxxxx” MMC Cavabdeh 25 dekabr 2018-ci il tarixli **********524700 saylı “Hesablanmış Vergilərin Xülasəsi” barədə müvafiq Qərarı ilə əsassız yerə 4098.37 manat məbləğində borc hesablanmışdır. Həmin borcun 2016-cı vergi ili üçün hesablanması bildirilmişdir. Bundan əlavə, “xxxxxxx” MMC Cavabdehmn 22 avqust 2017-ci il tarixli **********394900 saylı “Hesablanmış Vergilərin Xülasəsi” barədə müvafiq Qərarı ilə əsassız yerə 2996 manat məbləğində borc hesablanmışdır. Bu qərarlarla bağlı hazırkı məhkəmə mübahisəsindən öncə onun iddiası olmuş və müəssisə barəsində hesablanmış bütün borc halı mübahisələndirilmişdir. Lakin vegi orqanı işin məhkmədən kənar həlli qaydasında öz təşəbbüsü ilə vermiş olduğu qərarları ləğv etməsi üzündən məhkəmə 28.11.2018-ci il tarixli, 2-1(82)2924/2018 saylı Qərarı ilə iddia mümkün sayılmamışdır. Sonradan vergi orqanı yenə də, bir yekdil qərarla yeni borc halı yaratdığından məcbur qalıb onu mübahisələndirmişdir. Həmin qərarların mübahisələndirilməsi üzrə müddət ötürülməmişdir. Cavabdeh apelyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə vergi orqanı arasında 13.05.2015-ci il tarixdə vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin, o cümlədən, qərarların elektron şəkildə göndərilməsini nəzərdə tutan elektron sənəd mübadiləsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən tərəflər razılaşmışdır ki, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi x4 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, elə bilirdi ki, cərimə barədə kağız gələndən sonra 1 ay müddətində şikayət verə bilər. Qərar elektron poçtuna gəlmişdi, açdı lakin oxumadı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etirazı müdafiə edərək bildirdi ki, 2018-ci ilin sentyabrında verib, 30 günlük müddət ötürülüb. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)- 1633/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən İPM-də başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatı orqanın hərəkət: hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” 22.08.2017-ci il tarixli **********394900 saylı qərarı 22.08.2017-ci ildə onlayn qaydada iddiaçının elektron kabinetinə göndərilmiş, 24.08.2017-ci ildə iddiaçı tərəfindən oxunmuş, həmin qərarın mübahisələndirilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə 18.09.2019-cu il tarixli məhkəmə iclasında təqdim etmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə iddiaçı həmin qərarın mübahisələndirilməsi barədə 25.09.2017-ci ilə kimi məhkəmədə iddia qaldıra bilərdi. İddiaçı mübahisələndirdiyi qərardan onun təqdim olunduğu vaxtdan 16 aydan çox müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır və qeyd edir ki, Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilmə-si-dir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavab-dehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdır-maq-la mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkün-lü-yü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyər-lən-dirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcud-lu-ğu-nu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüz-lüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhə-miy-yət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Departament tərəfindən iddiaçı barəsində 22.08.2017-ci il tarixli **********394900 saylı “Vergilərin hesablanması barədə” Qərar qəbul edilmişdir. İddiaçı tərəfindən həmin qərarın mübahisələndirilrnəsı ilə bağlı iddia qaldırmaq müddəti ötürülmüşdür. Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. İddiaçı MMC ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti arasında 13.05.2015-ci il tarixdə bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilənin: 2.1.1-ci bəndinə əsasən müqavilə vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin)elektron qaydada göndərilməsini və sair məsələləri müəyyən edir; 2.5-ci bəndinə görə tərəflər müəyyən edilmiş formada tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər; 2.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır; 4.1.6-cı bəndinə görə elektron sənədlərin mübadiləsindən imtina etdikdə vergi orqanına ərizə vermək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi, Müqavilə ilə iddiaçı (vergi ödəyicisi) ona göndərilən elektron sənədin kağız sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul etmiş, elektron qutusuna daxil olmuş sənədin ona təqdim edilmiş sayılması ilə razılaşmışdır. İş materialları ilə müəyyən olunur ki, 22.08.2017-ci il tarixli **********394900 saylı qərar 22.08.2017-ci ildə elektron qaydada iddiaçının elektron kabinetinə göndərilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” 22.08.2017-ci il tarixli **********394900 nömrəli qərarın vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi hissəsində aydın şəkildə izah edilmişdir ki, qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətinə məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə inzibati prosessual normalarının tətbiqi baxımından qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2- 1(82)-1633/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)- 1633/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar