Məhkəmə qərarları › İş №2-1(103)-1220/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1220/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1220/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştriakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə X1rşı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2452/2021 xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat X8, bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona pensiya hüququnun yarandığı gündən fəaliyyətdə olan dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə və təyin edilmiş pensiyanın məbləğinin xx.xx.2008-ci il tarixdən rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 15%-i məbləğində aylıq əlavə pul təminatı, qulluq stajına görə 30%-i və ixtisas dərəcəsinə görə əlavə məbləğində təyin edilən və ödənilən əlavə haqq, habelə xx.xx.2006-cı il tarixdən dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinat nəzərə alınmaqla hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona qanunvericiliyə əsasən xx.xx.2013-cü il tarixdən, yəni 58 yaş 6 ay nəzərə almaqla, pensiya hüququnun yarandığı gündən fəaliyyətdə olan dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə və təyin edilmiş pensiyanın məbləği nəzərə alınmaqla, son 3 ilin hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya 60 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi, yaranmış pensiya məbləği fərqinin cavabdeh inzibati orqana müraciət edildiyi dövrdən əvvəlki 3 ildən, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-cı il tarixdən müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1976-cı il tarixdə Azərbaycan SSR-nin «Azərticarətgeyim» bazasına mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.1977-ci il tarixdə müvəqqəti baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.1977-ci il tarixdə mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.1978-ci il tarixdə yenidən baş mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.1980-cı il tarixdə Azərbaycan SSR-nin Ticarət Nazirliyinə keçirilməyimlə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1980-ci il tarixdə Azərbaycan SSR-nin Ticarət Nazirliyinə Maliyyə şöbəsinə İqtisatçı vəzifəsinə təyin edilmişdir. xx.xx.1985-ci il tarixdə Azərbaycan SSR-nin «Azərticarətgeyim» bazasına baş mühasib müavini vəzifəsinə keçirildiyindən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə Azərbaycan SSRnin «Azərticarətgeyim» bazasına baş mühasib müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.1988-ci il tarixdə baş mühasib vəzifəsini icra etmişdir. xx.xx.1988-ci il tarixdə baş mühasib vəzifəsinə təsdiq edilmişdir. xx.xx.1989-cu il tarixdə Azərbaycan SSR-nin xx.xx.1989-cu il tarixli, 9 saylı əmrə əsasən «Azərticarətgeyim», «Bakıticarət», RORO «Geyim»ə birləşdirilərək, həmin birliyə müvəqqəti səlahiyyətlərini icra etmək üçün RORO «Geyim»ə baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.1989-cu il tarixdə həmin Birliyə baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublıkası ƏQM-n 36-cı maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1995-ci il tarixdə Yasamal Ticarət və İctimai İaşə İdarəsinə baş direktorun 1-ci (birinci) müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.1996-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1996-ci il tarixdə Azərbaycan Republikası Dövlət Əmlak Komitəsinə nəzarət-təftiş idarəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1997-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə CP «Gentleman» şirkətinə baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-ci il tarixdə CP «Gentleman» şirkətinə Maliyyə direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə CP «Gentleman» şirkəti ləğv edildiyinə görə tutduğu vəzifədən azad edilmişdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu əsas götürərək ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə görə xx.xx.2020-ci il tarixdə Filiala rəsmi ərizə ilə müraciət etmişdi. Lakin 8 ay müddətində cavab ala bilməmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci ilə qədər, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixə qədər və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixə qədər dövlət qulluğu kimi hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2452/2021 xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2452/2021 xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (5 il 2 ay 24 gün) olduğundan dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2452/2021 xx.xx.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilə qədər Azərbaycan SSR-nin “Azərticarətgeyim”də mühasib və baş mühasib (03 il 09 ay 04 gün), xx.xx.1980-cı ildən xx.xx.1985-ci ilə qədər Azərbaycan SSR-nin Ticarət Nazirliyi Maliyyə şöbəsində iqtisadçı (04 il 08 ay 27 gün), xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilə qədər Azərbaycan SSR-nin “Azərticarətgeyim”də baş mühasib vəzifəsini icra edən və baş mühasib (10 il 02 ay 18 gün), xx.xx.1995-ci ildən xx.xx.1996-ci ilə qədər Yasamal Ticarət və İçtimai İaşə İdarəsində baş direktorun birinci müavini (01 il 05 ay 14 gün), xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindəə Nəzarət-Təftiş İdarəsinin mütəxəssis (05 ay 22 gün), xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə qədər CP “Gentleman” şirkətinə baş mühasib və maliyyə direktoru (07 il 03 ay 08 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 04/xx-xx/0344 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. İddiaçı 1980-1985-ci illərdə Azərbaycan SSR Ticarət Nazirliyinin Maliyyə şöbəsində işlədiyi müddətlə bağlı bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 06 mart 1980-ci il tarixli 114 nömrəli Qərarına 2 nömrəli Əlavədə “Azərbaycan SSR Ticarət Nazirliyinin mərkəzi aparatının strukturu”nda həmin şöbə nəzərdə tutulmuşdur. Qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş iqtisadçı vəzifəsi “İnzibati və yardımçı və ğöstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığı üçün iddiaçının 1980-1985-ci illərdə işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. İddiaçının 1976-1980-ci və 1985-1995-ci illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, “База Азерторгодежда” yuxarıda göstərilən Azərbaycan SSR Nazirlər Sovetinin 06 mart 1980-ci il tarixli 114 nömrəli Qərarında, habelə “Azərbaycan SSR Ticarət Nazirliyinin mərkəzi aparatının strukturu və dövlət ticarət idarələrinin ümumi sxemi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 16 dekabr 1988ci il tarixli 446 nömrəli Qərarına 2 nömrəli Əlavədə - “Nazirliyin mərkəzi aparatının strukturu”nda nəzərdə tutulmamışdır. Adı çəkilən qurum “Azərbaycan SSR-də ticarət idarələrinin ümumi sxemi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 21 may 1981-ci il tarixli 235 nömrəli Qərarına Əlavədə - “Azərbaycan SSR-də topdansatış ticarətin əsas (ilkin) əlaqələndiricisi olan təşkilatlar və müəssisələrin siyahısfnda nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçının əmək kitabçasının 6-7-ci və 8-9-cu səhifələrində aparılmış qeydlərdən, habelə 8-9-cu səhifədəki möhürdən də müəyyən edilir ki, onun çalışdığı yuxarıda adı çəkilən qurum birlik kimi (Respublika topdan parəkəndə satış bjrliyi) fəaliyyət göstərmişdir. “База Азерторгодежда” “Azərbaycan SSR Ticarət Nazirliyinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmadığı və müəssisə (birlik, təşkilat) statusuna malik olduğu üçün iddiaçının 1976-1980-ci və 19851995-ci illərdə işlədiyi dövr dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. İddiaçının 1995-1996-cı illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 26 yanvar 1995-ci il tarixli 121 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Baş İdarənin Əsasnaməsinin 1-ci hissəsinə əsasən onun tərkibinə ticarət və ictimai iaşə birlikləri, müstəqil müəssisələr, kommersiya strukturları, qeyri-dövlət profilli təşkilat və müəssisələr daxildir. Həmin Əsasnamənin 3-cü hissəsində qeyd edilmişdir ki, Baş İdarə tam təsərrüfat hesablı olub, özünümaliyyələşmə, özünüödəmə prinsipləri əsasında fəaliyyət göstərmişdir. Ticarət və İctimai İaşə Baş İdarəsi hüquqi statusuna görə tam təsərrüfat hesablı olduğu, özünümaliyyələşmə, özünüödəmə prinsipləri əsasında fəaliyyət göstərdiyi üçün iddiaçının 1995-1996-cı illərdə Yasamal rayon ticarət və ictimai iaşə idarəsində işlədiyi müddət dövlət qulluğu stajı hesabanarkən nəzərə alınmır. İddiaçının 1996-1997-ci illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, yuxarıda adı çəkilən Siyahının 2.9-cu bəndində 18 oktyabr 1991-ci il tarixdən 31 avqust 2003-cü il tarixədək Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatında mövcud olmuş mütəxəssis vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nda Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün iddiaçının 1996-1997-ci illərdə işlədiyi müddət dövlət işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. - Filialın iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, dövlət qulluğunda iş stajı 15 ildən az (5 il 2 ay 24 gün) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işin hallarına “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2, 5.1, 8.2, 9.1-ci maddələrini, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1, 23.2-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 20.1.7, 20.11, 32.1- 1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, İddiaçı 60 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi, yaranmış pensiya məbləği fərqinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2015-ci ildə qüvvədə olan redaksiyasına əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. İddiaçının qeyd olunan dövrə dövlət qulluğu stajı 5 ildən artıq olması işin mübahisə olunmayan halıdır. Belə olan halda, məkhəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya yaşına çatanda, yəni 60 yaşı tamam olan zaman qüvvədə olan qanunvericilik normalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ mövcud olmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunaraq İddiaçı 60 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi, yaranmış pensiya məbləği fərqinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli olduğu qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2452/2021 xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar