Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1221/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın və hesablanmış dəbbə pulunun ləğv olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********9444 nömrəli qərarının əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi 2022-ci il 21 iyul tarixli, **********9444 nömrəli qərarı ilə iddiaçı barəsində vergi ödəyicisi kimi 1000 manat məbləğində cərimə tətbiq edilməklə hesabına maliyyə sanksiyası qoyulmuşdur. Məlumat üçün bildirilir ki, onun xx.xx.2021-ci il tarixdən icarə müqaviləsi ilə fəaliyyət göstərdiyi Baki şəhəri, ünvan 1 ünvanında yerləşən “Ormado Kaffeehaus” xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə rəsmi qaydada 2 saylı “Asan Xidmət”də yerləşən notariat ofisində adı çəkilən şirkətin rəhbərinə (X5) təhvil vermişdir. Bundan sonra adında olan nəzarət kassa aparatını təhvil alınması üçün "xxxx" MMC-yə dəfələrlə müraciət etmiş, onlar işlərinin çox olmasını əsas gətirərək nəzarət kassa aparatını əvvəllər işlədiyi yerdə, yəni “Ormado Kaffeehaus” kafedə saxlamasını və özlərinin gəlib təhvil almalarını bildirmişlər. İddiaçı öz növbəsində onların dediklərinə riyayət edərək kassa nəzarət aparatını Ormado kafenin yeni sahibi X1 təhvil vermiş və "xxxx" MMC-nin nümayəndəsinə təhvil verilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları Ormado Kafeyə gəlmiş və həmin kafenin xidmətindən istifadə etmiş hesabı qəbul edib ödədikdən sonra Vergi xidmətinin əməkdaşı olduqlarını bildirmiş və cərimə tətbiq olunması barədə xəbərdarlıq edərək yenidən qəbzi tələb etmişdir. Ormado kafesində çalışanlar həmin qəbzi iddiaçıya məxsus olan nəzarət kassasından qəbz çıxararaq vergi əməkdaşlarına təhvil vermişdir. Bundan sonra xx.xx.2022-ci tarixdə onun adına verilmiş qəbzə 1000 manat cərimə tətbiq olunmuşdur. Həmin gün vergi əməkdaşı onun etibarnamə üzrə nümayəndəsi X3 məxsus olan ********** telefonuna zəng edərək obyektin cərimə olunması barədə bildirmişdir ki, Nicat da öz növbəsində həmin obyektin artıq bizə aid olmadığını, həmin obyekti rəsmi təhvil verməsi barədə Vergi əməkdaşlarına məlumat vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9444 nömrəli qərarının ləğv edilmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının 12-ci səhifəsinin 2-ci abzasında qeyd edilmişdir ki, cavabdehin özü də iddiaçıya məxsus kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatından istifadə olunduğunu, həmin aparatını müvafiq qaydada vergi orqanı tərəfindən qeydiyyata alındığını və operativ vergi nəzarətinin həyata keçirildiyi 29 yanvar 2021-ci il tarixdə müştəriyə çek təqdim edildiyini göstərmişdir. Cavabdehin mübahisələndirdiyi hal həmin çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş məlumatların göstərilməməsindən və “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulmasından ibarət olmuşdur. Bildirilmişdir ki, qeyd olunan abzasda öz əksini tapmış fikirlər ümumiyyətlə aydın deyildir. İddiaçı xx.xx.2021 -ci il tarixdə vergi uçotuna alındığından, onun barəsində 29 yanvar 2021 -ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilə bilməzdi. Məhkəmə qərarının 13-cü səhifəsində qeyd edilmişdir ki, iş materiallarında olan çeklərdən müəyyən olunur ki, iddiaçıya məxsus obyektdə müştəri tərəfindən alınmış isti içkiyə görə 4,50 manat nağd pul ödənilmiş və 17:36-da nəzarət-kassa aparatına çek vurulmuşdur. Sübut kimi əsas götürülmüş çeklərə nəzər yetirilsə, görmək olur ki, aparılmış əməliyyat nəzarət-kassa aparatına daxil edildiyindən heç bir vergidən yayınmadan söhbət gedə bilməz. Çünki vergi ödəyicisi olaraq satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergi dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə qərarında qeyd olunanların tam əksinə, xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı müştəri tərəfindən alınmış isti içkiyə görə 4,50 manat nağd pul ödənilmiş və ödəniş müqabilində müştəriyə çək təqdim edilməmişdir. Nəticədə yayındırılmış məbləğ saat 17:36-da vergi orqanı əməkdaşları tərəfindən 4003 saylı kassa çeki ilə nəzarət-kassa aparatına bərpa edilmiş və həmin çek xx.xx.2022-ci il tarixli 014069 saylı akta qoşma edilərək məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsinin iddianın təmin etməsinin növbəti əsası ondan ibarətdir ki, yoxlama xx.xx.2022- ci il tarixdə bitdiyi halda cavabdeh inzibati orqan tərəfindən qərar qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə, yəni 10 gündən gec müddətə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Bununla əlaqədar qeyd edilir ki, iş materiallarsndan da görünür ki, operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt iddiaçı tərəfindən imzalanmamışdır. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə görə, vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Tərtib edilmiş aktın surəti vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, xx.xx.2022-ci il tarixli **********334300 məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 09:26-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin 39-43 və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə, yoxlama materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri 10 gün müddətində qərar qəbul edir. Göründüyü kimi, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq qərar yoxlama aktından 55 gün (30+15+10) müddətində qəbul edilməlidir. Nəzərə alsaq ki, vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir, bu halda prosessual müddətlərə əməl edilməsi sübuta yetirilmiş olur. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün Kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9444 saylı 21 iyul 2022-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarla vergi ödəyici olan iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına əsasən vergi məsuliyyətinə cəlb edilərək 1000 (min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmiş və xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin dövlət büdcəsinə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İddiaçı MMC onun barəsində tətbiq edilmiş maliyyə sanksiyasının əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan sənədlər: - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır; - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********61752 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan obyektdə (ünvan 2 ünvanında yerləşən Ormado Kaffeehaus” kafedə) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (0707.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya şurasının 2 dekabr 2022-ci il tarixli 116 nömrəli qərarının surətindən görünür ki, həmin qərarla fiziki şəxs İddiaçı inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 iyul 2022-ci il tarixli **********9444 nömrəli və Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında" 5 sentyabr 2022-ci il tarixli **********924600 nömrəli qərarları dəyişdirilmədən saxlanılması, qərarın maraqlı şəxsə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilməsi qərara alnmış və qərardan onun təqdim edildiyi gündən 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmuşdur. - İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya şurasına ünvanlanmış “inzibati şikayətin təmin edilməməsi haqqında qərardan” şikayətdə bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********924600 nömrəli qərarı ilə, Baş İdarənin xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarı ilə barəsində vergi ödəyicisi kimi 1000,0 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyasından verdiyi şikayət təmin edilməmişdir. Şikayətin məzmunu tam fərqli olmasına baxmayaraq, qərarda əsassız faktlara istinad olaraq onun məqsədli şəkildə dövriyyənin bölüşdürülməsi yolu ilə vergi üstünlüyü əldə etmək məqsədi güdərək vergidən yayınma sxemi qurduğu önə sürülmüşdür. Halbuki istər hüquqi şəxs, istərsə də fiziki şəxs kimi fəaliyyət göstərdiyi müddətdə vergilər vaxtlı-vaxtında ödənilmişdir. Pandemiyanın sahibkarlara təsiri şirkətdən də yan keçmədiyi üçün məcbur olaraq fəaliyyəti fərdi sahibkar kimi davam etməli olmuşlar. Adı çəkilən "xxxx" MMC nizamnamə kapitalı 30020 AZN təşkil edir. Nizamnamə kapitalı 30020 manat təşkil edən sahibkarın vergidən yayınması qeyrimümkündür. Belə ki, hər kəsə məlumdur ki, əksər şirkətlər tərəfindən nizamnamə kapitalı az məbləğ göstərilməklə vergidən yayınma hallarına yol verilir. Fəaliyyət göstərdiyi müddətdə konstitusiyon hüquqularını və öhədliklərini bildiyi üçün vaxtlı-vaxtında vergi borcunu ödəmişədir. Həmin illər ərzində bir dəfə də olsa vergidən yayınma halı olmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında AR qanunun məqsədi Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etdiyi halda yoxlayıcı orqan olaraq, tərəfimdən heç bir pozuntu olmadığı təqdirdə vergi sanksiyası tətbiq edilir. Eyni zamanda fiziki şəxs olaraq, VÖEN-i dəyişdirmək kimi hüququnun məhdudlaşdırılması heç bir qanunvericilikdə nəzərdə tutulmamışdır. Əgər qanun bunu qadağan etmirsə yoxlayıcı orqan tərəfindən (vergi əməkdaşları) bunu əsas gətirərək, borclu olaraq tanıması hansı qanuna uyğundur?! Eyni zamanda pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməli olduğunu bilir. Vergi Məcəlləsinin bu tələbinin pozulduğu halda məsuliyyətini də vətəndaş olaraq başa düşür. O, qanunvericiliyin tələblərini bildiyi halda belə bir kobud pozuntuya yol verməsi mümkünsüzdür. Həmin nəzarət-kassa aparatının adından çıxaılması ilə bağlı "xxxx" MMCyə müraciət etmişdir. Həmin müddətdə də "xxxx" MMC-nin işçiləri tərəfindən ondan xəbərsiz, heç bir məlumatı olmadığı halda nəzarət-kassa aparatından istifadə etmişlər. Bu səbəbdən məsuliyyətin artıq ona aid olmadığı, "xxxx" MMC tərəfindən belə bir pozuntunun törədildiyi və məsuliyyətin də ona aid olması nəzərə alınmalıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********924600 nömrəli qərardan görünür ki, fərdi sahibkar İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2022-ci il tarixli DVX seriyalı 014069 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış, qərarın şikayətçiyə göndərilməsi qərara alınmış, bu Qərardan onun təqdim olunduğu gündən 30 gün müddətində İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilmişdir; Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Göründüyü kimi, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar yuxarda qeyd edilən normalarda öz əksini tapmışdır. İş materiallarında olan “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********61752 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus “Ormado kafehaus” kafesində quraşdırılmış P********** zavod nömrəli, Pax A930 markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alındığı və kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunduğu qeyd edilmişdir. Həmçinin aktda qeyd edilmişdir ki, xx.xx.2022ci il tarixdə saat 17:31-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müşahidə nəticəsində alınmış 1 fincan “isti şokolad” içkisi üçün 4,50 manat ödənildiyi və müqabilində ödənilən məbləğ (uçotdan yayındırılmış məbləğ) xx.xx.2022-ci il tarxdə saat 17:36-da çeklə bərpa edilmiş və “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bərpa edilmiş çekin nömrəsi 4003. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” müvafiq qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş və qərar əsaslandırılmamışdır. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada beş əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul edilmiş qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına deyil, həmçinin cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. İnzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, o zaman Vergi Məcəlləsinin 50.2-ci maddələsinin müddəaları baxımından diskresion səlahiyyətini bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Kollegiya xüsusi olaraq vurğulayır, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Vergi Məcəlləsinin 48.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda vergi yoxlamasının keçirilməsi zamanı protokollar tərtib edilir. Vergi Məcəlləsinin 49.6-ci maddəsinə əsasən Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. Bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi – fərdi sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. Göründüyü kimi, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsi və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması qeyd olunan qanunvericilik normalarında imperativ şərt kimi nəzərdə tutulsada, cavabdeh tərəfindən aparılmış vergi nəzarti zamanı heç bir çəkiliş aparılmamış və aşkar edilmiş pozuntu Vergi Məcəlləsinin qeyd edilən tələbləri pozulmuşdur. Bu səbəbdən də Kollegiya qanunvericilik normalarının pozulması ilə aparılmış yoxlamanın nəticələrini qanuni hesab etmir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası Konstitusiyasınын 73-cü maddəsinin İİ-ci hissəsinəəsasən «Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, cavabdeh tərəf gördüyü tədbirlərin qanunauyğunluğunu sübuta yetirə bilməmişdir. Əlavə olaraq Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, yoxlama xx.xx.2022-ci ildə bitdiyi halda cavabdeh iznibati orqan tərəfindən qərar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə, yəni 10 gündən gec müddətdə xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Kollegiya məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə, yoxlama materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri 10 gün müddətində qərar qəbul edir. Göründüyü kimi, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq qərar yoxlama aktından 55 gün (30+15+10) müddətində qəbul edilməlidir. İş materiallarından görünür ki, operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt iddiaçı tərəfindən imzalanmamışdır. Tərtib edilmiş aktın surəti vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, xx.xx.2022-ci il tarixli **********334300 məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuşdur. vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qərarın qəbulu zamanı hər hansı müddət pozuntusuna yol verilməmişdir. Kollegiya onuda qeyd edir ki, qəbul edilən qərar qanunvericiliklə nəzərdə tutulmuş müddət daxilində qəbul olunsa belə, həmin qərar yuxarda sadalanan (VM-nin 41.1-ci, 48.1-ci və s. ) qanunvericilik normalarının pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsi qərarın ləğv edilməsi ilə bağlı qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prоsеssuаl Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dяyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1221/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1221/2024
10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver