Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1221/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 (sədrlik edən və məruzəçi), X15 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun X3 məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1385/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.24 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə X3 məxsus olmasına dair arayış verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2-1(81)- 1385/2019 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı Həsənəli oğluna ünvan 1 ünvanında yerləşən 0.24 ha torpaq sahəsinin mərhum X3 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş, icra olunması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə X7 vəsatətlə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2-1(81)-1385/2019 saylı qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və X1 üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1385/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1385/2019 nömrəli, 04 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və 2-1(81)-1385/2019 nömrəli inzibati iş üzrə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə yuxarıda təsvir olunan qərara gələrkən qanunun tətbiqində yanlışlığa yol vermiş, bir-birinə tam ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. Belə ki, hakimin istinad etdiyi İPM-nin 28.1 -ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Hazırki iş üzrə qeyd olunan maddələrdə nəzərdə tutulan halların, yəni iş üzrə məhkəmə qərarının qanuni qüvvəyə minməməsi və ya işin yuxarı instansiya məhkəməsinin icraatında olması hallarının heç biri mövcud deyildir. Bundan başqa hazırda sözü gedən məhkəmə qərarı qəbul edilməsi nəzərdə tutulan qərar deyildir. Göstərilən qərar 5 ildən artıq müddət bundan əvvəl, yəni, 09 mart 2019-cu ildə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi ərizəçinin mülkiyyət hüququnun, maraqlarının əhəmiyyətli dərəcədə pozulması qənaətinə gələrkən də, kobud səhvə yol vermişdir. Belə ki, hazırkı işə sıx bağlı olan, Bakı İnzibati məhkəməsinin icraatında olan digər işin, yəni 2-1(112)- 440/2024 saylı işin materialları ilə təsdiq edilir ki, mübahisəli hesab edilən torpaq sahəsinə ərizəçi Ələmdar Hüseynovun heç bir mülkiyyət hüququ yoxdur, keçmiş 26 Bakı Komissarı XDS İK-nın (indiki Səbail RİH) müvafiq sərəmcamına əsasən qeyd olunan torpaq sahəsinin müvəqqəti istifadəsi onun və digər bir neçə şəxsin səlahiyyətində qalması və ayrılmış ərazilərdə əsaslı tikintilərin tikintisi qadağan edilməsi və sahə sahiblərinə dövlət tərəfindən zəruriyyət yarandıqda həmin ərazilərin heç bir kompensasiya ödənilmədən geri götürəcəyi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995ci il tarixli 2505 №-li Sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, «Köhnə bağ» sahəsinin X4 adına sənədləşdirilməsi və fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Səbail Rayon İcra Hakimiyyəti başçısının 1480 №-li xx.xx.1997-ci il tarixli Sərəncamı ilə yuxarıda qeyd olunan xx.xx.1995-ci il tarixli 2505 №-li Sərəncamda dəyişiklik edilərək X4 razılıq ərizəsi və X2 torpağa olan tələbatını nəzərə alaraq mübahisəli torpaq sahəsi X2 adına sənədləşdirilmiş və fərdi evin tikintisinə icazə verilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən mübahisəli torpaq sahəsinin (0,24 ha) yerləşmə cizgisi tərtib edilmiş və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmçinin işdə olan 26 Bakı Komissarı RİK-nın xx.xx.1989-cu il traixli 40/4660 saylı qərarından görünür ki, İK-nın xx.xx.1989-cu il traixli 22/2175 saylı qərarına əlavə olaraq Badamdar qəsəbəsindəki bağşılıq yoldaşlığın üzvlərinin siyahısına Ə.M.Hüseynovun da adı əlavə edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən Bakı şəhəri 26 Bakı Komissarı RİK-nın xx.xx.1989-cu il traixli 40/4660 saylı sərəncamına əsasən vətəndaş X5 ayrılmış Badamdar qəsbəsində “Köhnə bağlar” ərazisində yerləşən 600 kv.metr bağ sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7301 nömrəli, 30 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X10 mülkiyyətində olan 2400 kv.m torpaq sahəsi və cavabdeh X1 faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Mütəxəssis rəyinə əsasən, göstərilən 152,0 kv.m sahənin (digər sahəyə nisbətən hündür ərazidə yerləşir) **********80 reyestr nömrəsi ilə X10 mülkiyyətində olan sahə olduğu müəyyən olunmuş, göstərilən sahəyə X1 müraciəti olduğu müəyyən olunur, cavabdehin nümayəndəsi tərəfindən göstərilən 152.0 kv.m sahənin iddiaçının mülkiyyətində olan 2400.0 kv.m torpaq sahəsinin bir hissəsi olduğu müəyyən olunmuşdur. Həmçinin işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-440/2024 saylı xx.xx.2024cü il tarixli qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, “iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı torpaq sahəsi üçüncü şəxsinin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür.”. Məhkəmə kollegiyası, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizəçi öz ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar massivində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2022-ci tarixli ********** və xx.xx.2022-ci il tarixli ********** saylı müraciətlərlə cavabdehə müraciət etmişdir. Müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli **********7 saylı imtina məktubu ilə cavabdeh bildirmişdir ki, elektron kadastr məlumatlarına görə faktiki torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üstüstə düşür. Həmçinin təqdim edilən 26 bakı komissarı DXK İK-in (indiki Səbail Rll 1) xx.xx.1989-cu il tarixli, 40/4660 saylı qərarın arxiv arayışında hüquq sahibinin adı, ata adı tam formada və torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Səbail RİH həmin sərəncam üzrə ona 600 kv.metr bağ sahəsinin yerləşmə cizgisini vermişdir. AR Dövlət Arxivinin Bakı filialı üzrə verilmiş 15 fevral 2022-ci il tarixli BA-00786-2022 saylı məktuba qoşma arxiv arayışı ilə də torpaq sahəsinin bağ sahəsi olaraq 600 kv metr olması və ona verilməsi öz əksini tapmışdır. Cavabdeh bildirmişdir ki, X3 məxsus 24 sot torpağın 1 sotu onun 6 sot torpağı ilə üst-üstə düşür. Bu mübahisə ilə bağlı 2-1(112)-12627/2022 saylı iş vardır. Həmin iş üzrə Səfərova Fatmanın mülkiyyətində olan torpaqla bağlı hüquqmüəyyənedici sənədlər tələb edilərkən reyestr xidmətindən bir sıra sənədlər daxil olmuşdur. Ona məlum olmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2-1(81)-1385/2019 saylı qərarı ilə Səfərova Fatma 24 sot torpağı guya qonşu X6 əldə etmişdir. Bununla bağlı X8 müraciət edəndə o bildirmişdir ki, o Səfərova Fatmaya cəmi 6 sot torpaq satmışdır. Lakin Milli Dövlət Arxivindən alınmış sənədlərdən görünür ki, guya X17 Fatmaya 24 sot torpaq vermişdir. Bakı İnzibati Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2-1(81)-1385/2019 saylı qərarı onun hüquqlarına toxunur. Belə ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2-1(81)-1385/2019 saylı qərarı ilə İddiaçı Həsənəli oğlu cavabeh DƏRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 0.24 ha torpaq sahəsinin məhrum X3 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Halbuki, mərhumun vərəsəsi 2 iyul 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X16 olmuşdur. Lakin 01 mart 2016-cı ildə 6 saylı Notariat Kontoru DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 7-470 saylı məktubla müraciət edərək X2 vəfat etməsi ilə bağlı xx.xx.2014-cü ildə vərəsəlik işinin açılması və İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat vermişdir. İddia tələbinin təmin edilərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2-1(81)-1385/2019 saylı qərarının verilməsinə əsasən Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin mübahisəli topaq sahəsinin (0,24 ha) yerləşmə cizgisi tərtib etməsi və Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsi olmuşdur. Halbuki, yerləşmə cizgisinin tarixi yoxdur, Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinin mübahisəli topaq sahəsinin (0,24 ha) yerləşmə cizgisi tərtib etmə hüququ olmamış, Bakı şəhər İcra Hakimiyyəti isə həmin cizgini təsdiq etməmişdir. Mübahisəli torpaq sahəsinin, yəni 0.24 ha torpaq sahəsinin X3 məxsus olması faktı mübahisələndirilən qərarla sübuta yetirilməmişdir. Belə ki, məhkəmə qərarında göstərsə də ki, iddiaçı mübahisəli torpaq sahəsinin sahibi xx.xx.2002-ci ildə ölmüş X2 vərəsəsidir, bu barədə hər hansı bir sübut mövcud deyil və iddiaçının həmin iddianı vermək kimi subyektiv hüququ olmamışdır. Ərizədən aydın olduğu kimi, ərizəçi hesab edir ki, iddiaçının iddia etdiyi ərazinin bir hissəsi ərizəçinin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7301 nömrəli, 30 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X10 mülkiyyətində olan 2400 kv.m torpaq sahəsi və cavabdeh X1 faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Mütəxəssis rəyinə əsasən, göstərilən 152,0 kv.m sahənin (digər sahəyə nisbətən hündür ərazidə yerləşir) **********80 reyestr nömrəsi ilə X10 mülkiyyətində olan sahə olduğu müəyyən olunmuş, göstərilən sahəyə X1 müraciəti olduğu müəyyən olunur, cavabdehin nümayəndəsi tərəfindən göstərilən 152.0 kv.m sahənin iddiaçının mülkiyyətində olan 2400.0kv.m torpaq sahəsinin bir hissəsi olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; -inzibati məhkəmə icraatına cəlb olunmamış şəxs öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci il tarixli Qərarı). Göründüyü kimi, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan şikayət vermək hüququna malik olması üçün ilk növbədə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməli və cəlb edilərkən həmin şəxslərin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə diqqət yetirilməlidir. Beləliklə, iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsinin ərizəçinin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi və ərizəçinin əvvəlki məhkəmə instansiyalarında aparılan araşdırma zamanı məhkəmə icraatına cəlb edilməməsi onu qeyd etməyə əsas verir ki, ərizəçinin məhkəmə qərarı üzrə hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı mövcud olduğuna görə o, üçüncü şəxs qismində hazırki işə cəlb olunmalıdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə isə, Kollegiya qeyd edir ki, ərizəçinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi hazırda iddiaçının iddia tələbinin əsaslı və ya əsassız olduğu mənasına gəlmir. Sadəcə olaraq yuxarda qeyd edilən əsaslara görə qəbul edilən məhkəmə qərarı ərizəçinin maraqlarına toxunduğundan və ərizəçi həmin məhkəmə icraatına cəlb olunmalı olduğu halda cəlb edilmədiyindən və bununla da öz maraqlarını hüquqi müstəvidə qorumaq imkanından məhrum olduğundan, həmin qərarın ləğv edilməsi və X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla iddia tələbinin əsaslılığının yenidən yoxlanılması zəruri olmuşdur. Qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1385/2019 nömrəli, 04 mart 2019-cu il tarixli qərarını ləğv edərək 2-1(81)-1385/2019 nömrəli inzibati iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə düzgün nəticəyə gəlmişdir. AR İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1385/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1221/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1221/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver