Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1222/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Cəmilova Xəyalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “yol nişanlarının quraşdırılması, maddi və mənəvi zərərin tutulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1441/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1441/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “yol nişanlarının quraşdırılması, maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail-Badamdar yolunda, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində olan yol boyunca digər yol nişanları quraşdırılmış olsa da, hadisənin baş verdiyi yerdə bugünkü tarixədək hələ də yol nişanları quraşdırılmamış və həmin yerdə bir çox nəqliyyat hadisələrinin baş verməsi halları davam etməkdədir. Məhkəmə iddiaçının nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməsi səbəbindən təhlükəsizlik adacığına dəydiyini və bu səbəbdən də nəqliyyat vasitəsinin zədələnməsində iddiaçını təqsirli hesab etmişdir. Məhkəmə heç bir əsas olmadan yüksək sürətin olmasına istinad etmiş və tamamilə səhv qənaətə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən nəqliyyat hadisəsinin baş verdiyi vaxt yol polisi əməkdaşları tərəfindən sürət həddini aşma halı müəyyən edilməmiş və iddiaçı bununla bağlı inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərindən göründüyü kimi yol nişanlarını quraşdırmaq, bununla da avtomobil yollarında hərəkət təhlükəsizliyini təmin etmək Bakı Nəqliyyat Agentliyinin vəzifəsidir və bu vəzifənin yerinə yetirilməməsinə və maraqlı şəxslərə dəymiş ziyana görə məsuliyyət daşıyır. Hadisənin baş verdiyi yerdə isə heç bir yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edilməməsi, yol nişanlarının qoyulmaması səbəbindən iddiaçıya ziyan dəymişdir. Məhkəmə iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin təhlükəsizlik adacığına dəyməsi ilə əlaqədar ona tətbiq edilmiş inzibati tənbehin Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilməsini nəzərə almayaraq, bu halın hadisənin səbəbkarının iddiaçının özü olmasını istisna etmədiyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixində baş vermiş hadisə ilə əlaqədar Səbail Dövlət Yol Polis şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə) iddiaçı barəsində xx xxxxxx 2019-cu il tarixli inzibati tənbeh verilməsinə dair qərar qəbul edilmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən verilmiş şikayətə Xətai Rayon Məhkəməsində baxılmış və məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarı ilə Səbail DYPŞ-nin qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Səbail DYPŞ-ə göndərilmişdir. Xətai Rayon Məhkəməsinin qərarında iddiaçının təqsirsiz olması, hadisənin yol nişanının olmaması səbəbindən baş verməsi faktları öz təsdiqini tapmışdır. Səbail DYPŞ iddiaçıya qarşı qərəzli olmuşdur, çünki hadisə baş verdikdən sonra hadisə yerinin video görüntülərinin verilməsi barədə Səbail DYPŞ-ya müraciət edilsə də, həmin müraciətə vaxtında cavab verilməmiş və iddiaçı video görüntülərin əldə edilməsindən məhrum olmuşdur. Səbail DYPŞ-nin qanunsuz olaraq hərəkətsizliyi barədə Daxili İşlər Nazirliyinə şikayət edilmiş və Səbail DYPŞ-nin polis baş leytenantı X1 (iddiaçı barəsində inzibati qərar çıxarmış şəxs) töhmət verilmişdir. Bu hadisədən sonra Səbail DYPŞ iddiaçıya qarşı qərəzli mövqedə olduğu üçün Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilənlərə əhəmiyyət verməyərək yenidən iddiaçı barəsində xx xxxxx 2019-cu il tarixli inzibati qərar qəbul etmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən ikinci inzibati qərarda mübahisələndirilmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə bir daha Səbail DYPŞ-nin qərarı ləğv edilmişdir. Xətai Rayon Məhkəməsinin bu qərarında da şəxsin inzibati xətanı törətməkdə təqsirli olmasının sübuta yetirilmədiyi göstərilmişdir. Beləliklə, Xətai Rayon Məhkəməsinin qərarları sübut edir ki, iddiaçının hadisənin baş verməsində heç bir təqsiri olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayəti müdafiə edərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdən görünür ki, iddiaçı Səbail-Badamdar yolunda 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində Kia-Rio markalı, 90TV014 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin Agentliyin hesabına ödənilməsi, habelə təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması barədə müraciət etmişdir. Cavabdeh Bakı Nəqliyyat Agentliyinin İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 09-2673/Ş-2682 nömrəli məktubu ilə müraciətin təminindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçıya dəymiş zərər ilə cavabdehin hüquq məsuliyyət arasında səbəbli əlaqə mövcud deyildir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail- Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması və İddiaçı dəymiş 6812 manat məbləğində maddi zərərin, hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi ilə əlaqədar çəkdiyi 220 manat məbləğində vəkil xərcinin, bu işlə əlaqədar hüquqi məsləhətin alınmasına görə 200 manat məbləğində xərcin və iddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi zərərin, beləliklə iddiaçıya dəymiş cəmi 8232 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Bakı Nəqliyyat Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi ilə həll edilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə qismən razılaşmır. Hazırki işdə olan sənədlərdən müəyyən olunur ki, xx xxxxxxxx 2017-ci il tarixli etibarnaməyə əsasən Kia Rio markalı, dövlət qeydiyyat nişanı 90TV014 olan avtomobil xx.xx.2010-cu il tarixdən xx.xx.2027-ci ilə qədər iddiaçının istifadəsinə verilmişdir. 030834 nömrəli “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayışa əsasən “Kia Rio” markalı, 90TV014 dövlət qeydiyyat nömrəli avtomobilin Badamdar yolunda qabaq təkər diski, qabaq sol qanadı, qapısı zədələnmişdir, zədə daş səkiyə dəymə nəticəsində baş vermişdir. xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “Kia Rio” markalı, 90TV014 dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 6812 manat məbləğində ehtiyat hissələrinin dəyişdirilməsi və işin görülməsi tələb olunur. 203944 və 659256 nömrəli mədaxil qəbzlərinə əsasən iddiaçı hüquqi yardım göstərilməsi üçün Bakı şəhər 6 saylı Vəkil Bürosuna 2019-cu ilin aprel və fevral aylarında 222 manat ödəniş etmişdir. 236564 nömrəli, xx.xx.2019-cu il tarixli qəbzə əsasən İddiaçı məsləhət xidmətlərinə görə “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə 200 manat ödəmişdir. İddiaçıya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına) görə 40 manat cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi barədə Səbail Dövlət Yol Polis Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərardan verilmiş şikayət Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında iddiaçının idarə etdiyi “Kia Rio” markalı, 90TV014 dövlət qeydiyyat nişanlı avtomobillə Səbail-Badamdar yolu ilə 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə yolun hərəkət hissəsində irəliləyərkən qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəyə - təhlükəsizlik adacığına dəymiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Hazırki iddiasında iddiaçı yol nəqliyyat hadisəsinin maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanının olmaması səbəbindən baş verdiyini, təhlükəsizlik adacığını göstərən yol nişanlarının cavabdeh Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmadığını əsas gətirərək yol nişanının quraşdırılması ilə bərabər ona dəymiş maddi ziyanın, eləcə də keçirdiyi sarsıntıya görə mənəvi zərərin ödənilməsini tələb edir. Kollegiya, ilk növbədə, iddiaçının yol nişanının quraşdırılması tələbinə qiymət verməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yerdə yol işləri aparılmamış, yol zədələnmiş olmamışdır, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarında təmir işləri görülmədiyi və ya yol qəzalı vəziyyətdə olmadığı halda təhlükəsizlik adacığını göstərən nişanın qoyulması kimi tələb nəzərdə tutulmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 4-cü maddəsinin 24-cü bəndinə görə yol hərəkəti sahəsində dövlətin yol nişanlarının və göstəricilərinin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrini yüngülləşdirmək üçün hadisə yerində tətbiq olunan qəza-xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini artırmağa kömək edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin; xüsusi məhsulların (sürücülük vəsiqələrinin blanklarının, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat nişanlarının və tanınma nişanlarının) sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla təmin etmək vəzifəsi vardır. Həmin Qanunun 10-cu maddəsinin: İ hissəsinə görə avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə: 1) avtomobil yolları yol hərəkətinin iştirakçıları üçün sərfəli və rahat şəraitdə saxlanılmalı, qorunmalı və daha da yaxşılaşdırılmalıdır. Yol hərəkətinin təhlükəsizliyi üçün qorxu törədən şərait yarandıqda, yol hərəkəti qadağan edilməli və ya məhdudlaşdırılmalıdır, təhlükəsiz hərəkət şəraitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir; 2) avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır; 6) avtomobil yollarında işlərin görüldüyü, yol tikintisində istifadə olunan mexaniki nəqliyyat vasitələrinin, tikinti materiallarının və s. qoyulduğu yerlər, yol örtüyünün hərəkət üçün təhlükə törədə biləcək zədələri (kələ-kötür və çökək yerlər, çuxurlar və s.) qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər vaxtında aşkar edilməli və təxirəsalınmadan aradan qaldırılmalıdır, bu mümkün olmadıqda isə müvafiq yol nişanları ilə, çəpərləyici və yönəldici vasitələrlə bu Qanunla nəzərdə tutulmuş xəbərdarlıq nişanları ilə işarələnməlidir. Qanunun 61-ci maddəsinin: İ hissəsinə görə yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır; İİ hissəsinə görə yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat; Xİ hissəsinə əsasən yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Qanunun 62-ci maddəsinin İ hissəsinə görə xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Həmin Qanun 69-cu maddəsinin İİ hissəsinə görə yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. İşin mübahisə olunmayan halı ilə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə təhlükəsizlik adacığını-maneəni göstərən hər hansı yol nişanı olmamışdır. İddiaçı həmin maneəni-təhlükəsizlik adacığını göstərən yol nişanının olmaması səbəbindən adacığa dəydiyini iddia edir. Kollegiya qeyd edir ki, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi dövlətin bu sahədə mühüm məqsədi və vəzifəsini təşkil etməklə, Konstitusiyanın 31-ci maddəsində təsbit olunmuş hər kəsin təhlükəsiz yaşamaq hüququnun təminatı kimi çıxış edir. Qanunvericilik avtomobil yollarının təhlükəsizliyinin təmin edilməsini təmin edilməsinə xidmət edən müvafiq yol nişanlarının quraşdırılması vəzifəsini müəyyən etmiş və bunu müvafiq orqan və qurumların üzərinə qoymuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx xxxxxx 1998-ci il tarixli, 24 nömrəli Fərmanın 2.31-ci bəndinə görə həmin Qanunun 61-ci maddəsinin 11-ci hissəsində, 69-cu maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin3.1.1-ci bəndinə əsasən Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.11. avtomobil yollarının normativ hüquqi aktlar və beynəlxalq standartlarla müəyyən edilmiş norma və tələblər səviyyəsində svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilməsi vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir və yolların zəruri yol hərəkəti təşkilinin texniki vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər görür; 3.1.8-ci bəndinə görə nəqliyyat axınının tənzimlənməsi üçün svetoforların və yol nişanlarının yerlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 rəyi nəzərə alınmaqla müəyyən edir və ya dəyişdirir, onları quraşdırır və lazımi qaydada saxlanılmasına nəzarət edir. Kollegiya hazırki iş üzrə müvafiq yol nişanının quraşdırılması tələbinin ictimai maraq baxımından mühüm əhəmiyyət kəsb etdiyini və yol hərəkəti təhlükəsizliyinə xidmət etdiyini nəzərə alaraq həmin tələbin təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, yol nişanlarının quraşdırılması tələbinin təmin edilməsi cavabdeh orqan tərəfindən iddiaçıya maddi və mənəvi zərərin dəyməsinə və bu barədə tələbin təmin edilməsinə əsas vermir. Belə ki, İnzibati icraat haqqında Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası MM-nin 21 və 23 cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası KM-nin xx xxx 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci və 8-ci bəndində qeyd olunur ki, «..mənəvi zərər anlayışı şəxsin hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab veçirməsi vahid konteksdə olmalı, yəni şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərər çəkənin mənəvi sarsıntı və iztirablara qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini zərərvuran şəxsin təqsirini, zərər çəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərər çəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edilən maddələrinin məzmununa görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları - iddiaçının istifadəsində olan avtomobilə ziyan dəyməsində cavabdehin təqsiri (qanunsuz qərarı (inzibati aktı) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində) müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, İddiaçı baş vermiş hadisə ilə bağlı ona tətbiq edilmiş inzibati tənbehin məhkəmə tərəfindən ləğv edilməsi iddiaçının istifadəsində olan avtomobilə ziyan dəyməsi ilə cavabdehin hüquq və vəzifələri arasında səbəbli əlaqənin mövcudluğuna dəlalət etmir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 6-cı maddəsinin İİ hissəsinə görə yol hərəkəti sahəsində fiziki şəxslərin 1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək; 2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək kimi vəzifələri vardır. Yol hərəkəti iştirakçısının əməlində inzibati xəta tərkibinin olub-olmamasından asılı olmayaraq hərəkət iştirakçısı hər bir halda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində şəxsən iştirak etməli, bunun üçün həm şəxsi təhlükəsizliyi, həm də ictimai təhlükəsizlik baxımından qanunla tələb olunan tədbirləri görməli, o cümlədən nəqliyyat vasitəsinin texniki vəziyyəti, hava şəraiti, yol hərəkəti vəziyyəti nəzərə almaqla hərəkətin təhlükəsiz başa çatması ilə bağlı maksimal tədbirləri görməlidir. Bu əsasdan kollegiya iddiaçının bilavasitə törətdiyi nəqliyyat hadisəsi nəticəsində zərərin yaranmasını iddiaçının məsuliyyət dairəsinə aid olan akt kimi qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı qismən - yol nişanlarının quraşdırılması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1441/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarı qismən - yol nişanlarının quraşdırılması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. Səbail-Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması öhdəliyi cavabdeh Bakı Nəqliyyat Agentliyinə həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Vahid Sadıqov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1222/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1222/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver