Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1222/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı «maddi və mənəvi ziyanın cavabdehdən tutulması tələbinə dair» inzibati mübahisə üzrə məhkəmə qərarının icrasının təmin edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3515/2021 saylı xx.xx.2023cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3515/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı «ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması tələbinə dair» iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1312/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3515/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ləğv edilərək, yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş və 4 mart 2015-ci il tarixdən 25 iyun 2015-ci il tarixədək olan müddət ərzində vaqondan istifadə və yükün qorunmsına görə ödənilmiş 15.215,32 manat pul və vurulmuş mənəvi ziyana görə 500 manat pul vəsaitinin cavabdeh Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-224/2023 saylı 10 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1312/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1312/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərarı qanuni qüvvəsini almış və həmin qərar icra edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikasının İnzibati Prosesssual Məcəlləsinin 116.2-ci maddəsinin tələblərinə müvafiq olaraq Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş, Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olduqdan sonra, məhkəmə tərəfindən 14 aprel 2023-cü il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı icra edilməsi üçün cavabdeh Bakı Baş Gömrük İdarəsinə göndərilərək, icra üçün 15 gün müddət təyin edilmiş və nəticəsi barədə məhkəməyə və tələbkara məlumat verilməsi tələb olunmuşdur. Cavabdeh isə məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya ödənilməli olan vəsait idarənin 2023-cü il üçün təsdiq edilmiş xərclər smetasında nəzərdə tutulmadığından ödənilməsi mümkün deyil, vəsait 2024-cü ilin xərclər smetasında nəzərə alındığı təqdirdə ödənilərsə, məhkəməyə bu barədə məlumat veriləcək. Bundan narazı qalan iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək İPM-in 120-ci maddəsinin tələbləri qaydasında qərarın icrasının cavabdəh tərəfindən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi 5 iyul 2023-cü il tarixli məktubu ilə Bakı Baş Gömrük İdarəsinə yenidən müraciət ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarının icrasının təmin olunması tələb olunmuş və xəbərdarlıq verilmişdir ki, 20 gün müddətində qərar icra olunmadığı halda, qurum İPM-in 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacaq. Cavabdeh məhkəmənin həmin xəbərdarlığına da məhəl qoymamış və məhkəmə tərəfindən tərəflərə 19 mart 2023-cü il tarixli məhkəmə bildirişi ünvanlanaraq, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarının icrası ilə bağlı iddiaçının ərizəsinə baxılması üzrə xx.xx.2023-cü il tarixinə məhkəmə iclası təyin edilmiş və həmin bildirşdə də bir daha cavabdehə İPM-in 120-ci maddəsinin tələbləri izah edilmişdir. Həmin Məhkəmə iclasında iştirak edən cavabadehin nümayəndəsi (E.S.Əliyev) Bakı Baş Gömrük İdarəəsinin əvvəlki mövqeyini təkrarlayaraq, məsələnin həllinin yalnız 2024cü ildə tapacağını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3515/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Baş Gömrük İdarəsi 500 (beş yüz) manat miqdarında cərimələnmiş və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin cərimədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin həmin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini İPM-in 120-ci maddəsinin tələblərinə istinadən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021 -ci il tarixli, 10 nömrəli Qərarının “Dövlətə, bələdiyyəyə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələblərinin icra edilməsi” adlanan İİİ hissəsini qeyd etməklə onunla əsaslandırmışdır ki, məhkəmə inzibati orqana cərimə tətbiq etməklə İPM-in 120-ci maddəsinə və Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarına riayət etməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulması ilə qərardad qəbul etmişdir. Cavabdehin işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclaslarında iştirak edən nümayəndəsi E.Əliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və İPMin 120.1-ci maddəsinin pul tələbi ilə bağlı məhkəmə qərarlarına aidiyyəti olmadığını, Ali Məhkəmənin Plenumunun sözügedən qərarına müvafiq olaraq, bu qəbildən olan məhkəmə qərarlarının icrası, icra vərəqəsi verilməklə, icra qürumu tərəfindən icra edilməli olduğunu qeyd edərək, eyni zamanda, iddiaçıya ödənilməli vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müvafiq müktub göndərildiyini bildirərək, çox güman ki, müvafiq maliyyə vəsaiti köçürüldüyü təqdirdə, məsələ öz həllini tapacağını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən Maliyyə Nazirliyinə göndərilməsindən 5-6 ay müddət keçsə də aqibəti idarəni maraqlandırmadığını, qərarın icrasının bilərəkdən gecikdirildiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşıdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 117.1.1-ci maddəsinə əsasən icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı proses iştirakçısı, o cümlədən, konkret halda, cavabdeh inzibati orqan üçün məcburidir. İşin qeyd olunan hallarından isə göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı icra edilməsi üçün 15 gün müddət təyin edilməklə, cavabdeh Bakı Baş Gömrük İdarəsinə göndərilmiş, lakin sonuncu tərəfindən həmin müddət ərzində qərar icra olunmamışdır. Əksinə, məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya ödənilməli olan vəsait idarənin 2023-cü il üçün təsdiq edilmiş xərclər smetasında nəzərədə tutulmadığından həmin vəsaitin ödənilməsi mümkün deyildir. Bundan sonra, məhkəmə 5 iyul 2023-cü il tarixli xəbərdarlıq məktubu ilə də cavabdehə 20 gün müddət təyin etməklə, qərarın icrasını tələb edərək xəbərdarlıq etmişdtir ki, qərar həmin müddət ərzində icra olunmadığı halda, cərimə tətbiq olunacaq Lakin buna da cavabdeh tərəfindən məhəl qoyulmamış, hazırkı günə qədər təxminən, ötən 1 il müddətində qərar icra olunmamış qalmışdır. Cavabdehin hazırkı mərəhələdə iştirak edən nümayəndəsi bildirir ki, müvafiq vəsait ayrılması üçün Maliyyə Nazirliyinə müraciət olunmuş, lakin həmin maliyyə vsaiti bu günə qədər idarənin hesabına köçürülməmişdir. Halbuki, nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş Maliyyə və Təchizat İdarəsi rəisinin Bakı Baş Gömrük İdarə rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya ödənilməsi tələb olunan vəsatinin ayrılması üçün sözügedən Maliyyə və Təchizat İdarəsinə cavabdeh xx.xx.2023-cü il tarixli məktubla, yəni, məhkəmənin qərarı icra edilməsi üçün idarəyə daxil olduğu aprel ayından 4 ay keçdikdən sonra yalnız vəsaitin ayrılması üçün müraciət etmişdir. Bununla yanaşı cavabdeh, Maliyyə və Təchizat İdarəsiin xx.xx.2023-cü il tarixli cavab məktubundan sonra da, ötən 4 ay ərzində məsələ ilə bağlı maraqlanmamış, hazırkı 2024-cü ilin bitməkdə olan üçüncü ayında da qərarın icrası barədə dəqiq məlumat vermək iqtidarında olmamışdır. Əksinə, Bakı Apellyasiya Məhkəməsinin qərarının icrasını daha da uzatmaq naminə “Dövlətə, bələdiyyəyə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələblərinin icra edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021 -ci il tarixli, 10 nömrəli Qərarına istinadən hesab etmişdir ki, “İcra haqqında” Qanununa müvafiq olaraq icra vərəqsi verilməklə qərar icra edilməsi üçün icra qürumuna (icra məmuruna) göndərilməlidir. Halbuki, Plenum qərarın cavabdehin istinad istinad etdiyi 3-cü hissəsində aşağıdakıları qeyd etmişdir: “...21. Dövlətə, bələdiyyəyə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələblərinin icrasını təmin etmək üçün məhkəmə əvvəlcə İPM-in 119.2-ci maddəsinə uyğun olaraq sözügedən subyektlərə yazılı şəkildə icra haqqında xəbərdarlıq ünvanlamalıdır. Sözügedən xəbərdarlıqda borcluya icranın həyata keçirilməsi üçün 15 (on beş) gündən çox olmamaqla müddət müəyyən olunmalı, eləcə də könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma öz əksini tapmalıdır.
22. Xəbərdarlıqda göstərilən müddətdə məhkəmə qərarının icrası təmin edilmədikdə hakim İPM-in 119.1 -ci maddəsinə uyğun olaraq tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə icra haqqında qərardad çıxarmalıdır. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyət daşıdığı, eləcə də məhkəmə qərarları icrasız qaldıqda məhkəmə müdafiəsi hüququnun xəyali xarakter qazanacağı nəzərə alınmaqla, tələbkar ərizə vermədikdə belə (tələbkar tələbdən imtina etdikdə və s. bu kimi xüsusi hallar istisna olmaqla), hakim mütləq ağlabatan müddətlərdə xidməti vəzifəsinə görə icra haqqında qərardad çıxarılması məsələsini həll etməlidir...” Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin könüllü icra üçün müəyyən etdiyi 15 gün müddətində qərarı icra etməmiş, sonradan icra üçün əlavə təyin edilmiş 20 gün müddətində onu icra etməmiş, cərəmə olunacağı barədə xəbərdəarlığa da etinasız yanaşmış və bu günə qədər də məhkəmənin qərarının icrasından yayınmaqda davam etməkdədir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdehə 500 manat məbləğində cərimə tətbiq olunmasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3515/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3515/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.