Məhkəmə qərarları › İş №2-1(103)-1222/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1222/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1222/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-178/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz sökülmüş əmlaklarına və torpaq sahəsinə görə 7.832.000 manat məbləğində dəymiş maddi ziyanın, 100.000 manat məbləğində isə mənəvi zərərin, cəmi 7.932.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-178/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində yerləşən idman-sağlamlıq və iaşə xidməti obyektinin sökülməsinə görə 4.400.000 (dörd milyon dörd yüz min) manat və tikilinin yerləşdiyi torpaq sahəsinin alınmasına görə 352.000 (üç yüz əlli iki min) manat olmaqla, cəmi 4.752.000 (dörd milyon yeddi yüz əlli iki min) manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 100 (yüz) manat məhkəmə ekspertizası xərcinin İddiaçı aid edilməklə, ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 178/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı tərəf 25 fevral 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin geri götürülməsi və iş üzrə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-178/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı tərəfə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar