Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1223/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi-vəkili Vəkil Vəliyəddin oğlu və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)- 9358/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 26-29 aprel 2023-cü il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.02.2021-ci il tarixli **********144200 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianın mümkün sayılmaması barədə vəsatət təqdim edərək göstərmişdir ki, iddiaçı ilə vergi orqanı arasında bağlanmış 25.06.2016-cı il tarixli elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin elektron qaydada göndərilməsi həyata keçirilir. Vergi borcunun yaranmasına səbəb olan qərar vergi ödəyicisinə elektron üsulla göndərilmiş və iddiaçı tərəfindən 22.02.2021-ci il tarixdə oxunmuşdur. Vergi ödəyicisi tərəfindən həmin qərarın ləğv edilməsi üçün iddia müddəti buraxılmışdır. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-9358/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: S.Salahova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkünlüyünə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəflər arasında bağlanmış 25 iyun 2016-cı il tarixli elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsaslanmaqla yanlış olaraq belə qənaətə gəlmişdir ki, vergi orqanının elektron üsulla elektron kabinetə göndərdiyi akt qanunvericiliyin tələblərinə uyğundur və bucür sənədlər elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış hesab olunur. Məhkəmə bu qənaətə gələrkən qanunvericinin "elektron sənəd" anlayışından nəyi qəsd etdiyini nəzərə almamış, mübahisəyə düzgün hüquq norması tətbiq edilməmiş, bununla da iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, elektron kabinetə elektron formada göndərilən və ya yerləşdirilən (təqdim edilən) hər fayl (sənəd) elektron sənəd hesab olunmur. Onun elektron sənəd hesab olunması üçün təkcə bu meyar kifayət deyildir, o cümlədən onun (sənədin) elektron imza ilə təsdiq olunması da zəruridir. Necə ki, kommersiya işlərində hər hansısa məhkəmə aktının mübahisə tərəflərindən birinin (və ya vəkilinin) elektron kabinetinə elektron imza ilə təsdiq olunmadan yerləşdirilməsi həmin məhkəmə aktının tərəfə təqdim edilməsi hesab edilmir. Ümumiyyətlə belə sənəd imzasız və möhürsüz və ya elektron imzasız olması səbəbi ilə məhkəmə aktı belə hesab olunmur. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bu cür sənədi çap edərək hər hansısa dövlət orqanına təqdim etsək, təbii ki, imzasız və möhürsüz və ya elektron imza ilə təsdiq olunmaması səbəbindən qəbul edilməz və ya həmin sənədin əsli (imza və möhürlü) tələb edilər. Bu mənada məhkəmənin tərəflər arasında bağlanmış 25 iyun 2016-cı il tarixli elektron sənəd mübadiləsi haqqında müqaviləyə istinad etməklə "iddia mübahisələndirmə haqqında iddialar üzrə xüsusi mümkünlük şərtinə - iddia qaldırmaq müddəti ilə bağlı (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə dair) tələblərə cavab vermir. Çünki iddiaçı vergi orqanın qərarını ondan xəbərdar olduğu vaxtdan qanunla müəyyən edilmiş 30 günlük müddətində mübahisələndirməmişdir” nəticəsinə gəlməsi açıqca səhvdir. Ən azından ona görə ki, həmin müqavilə adından da göründüyü kimi elektron sənəd mübadiləsi haqqındadır, vergi orqanının iddiaçıya göndərdiyi sənəd isə "elektron sənəd" anlayışı ilə qəti uzlaşmır. İş materiallarından da göründüyü kimi vergi orqanının sistemə yerləşdirdiyi qərar imzasız və möhürsüz olmaqla yanaşı, imzalı və möhürlü qərarın skan edilmiş versiyası da deyildir. Bu baxımdan mübahisələndirilən qərarın sistemə rəsmi qaydada yerləşdirilmiş olduğu qənaətinə gəlinməsi mümkün deyildir. 6-ci başlıq altında əsaslandırdıqları kimi həmin qərarın sistemə rəsmi qaydada yerləşdirilmiş olduğu öz təsdiqini tapmadığından onun mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin ötürülmüş olduğu nəticəsinə gəlinməsi də təbii ki, mümkünsüzdür. Məhkəmə tərəfindən mübahisələndirilən qərarın sistemə rəsmi qaydada yerləşdirilmiş olduğu qənaətinə gəlinmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi vergi orqanının sistemə yerləşdirdiyi qərar imzasız və möhürsüz olmaqla yanaşı, imzalı və möhürlü qərarın skan edilmiş versiyası da deyildir. Bu baxımdan mübahisələndirilən qərarın sistemə rəsmi qaydada yerləşdirilmiş olduğu qənaətinə gəlinməsi mümkün deyildir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil Vəliyəddin oğlu apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.02.2021-ci il tarixli **********144200 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi orqanı ilə arasında olan müqavilə əsasında sənədlərin elektron qaydada təqdim edilməsi ilə razılaşdığından, vergi qanunvericiliyi elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsini tələb etmədiyindən, vergi orqanının aktı elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayıldığından və iddiaçı həmin qərarı yuxarı vergi orqanında mübahisələndirməklə artıq ondan xəbərdar olduğunu bəlli etdiyindən, lakin qanunla nəzərdə tutulmuş müddəti ötürməklə məhkəmədə iddia qaldırdığından və bu zaman müddətin ötürülməsinin onun təqsiri ucbatından baş vermədiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddia müddətinə riayət olunması araşdırlarkən ilk növbədə müddətin axımının başlandığı vaxt müəyyən olunmalıdır. Müddətin axımına səbəb olan hüquqi fakt - inzibati akın təqdim və ya elan olunmasıdır. Əgər bu hadisələr baş verməmişdirsə, müddətin axımı başlanmır və bu halda müddətin buraxılması barədə gəlinən nəticə də ziddiyyətli olacaqdır. Vergi Məcəlləsinin 70.1, 70.2-ci maddəsi, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4, 1.1.15, 27.3-cü maddələri və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 18-ci bölməsinin əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş sənəd elektron sənədlərin hazırlanmasına dair ümumi tələblər cavab verməmişdir (həmin elektron sənədin həqiqiliyi təsdiqlənməmiş, elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməmiş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmamış, elektron sənəd müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməmişdir). Bu hallar, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin inzibati akt hesab edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.02.2021ci il tarixli **********144200 nömrəli qərarının iddiaçıya çatdırılması məsələsinin tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin müddəaları çərçivəsində birinci instansiyası məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış olmaqla yanaşı, həm də Vergi Məcəlləsinin tələblərinə də ziddir. Bundan başqa, nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 01 yanvar 2019-cu il tarixədək qüvvədə olan 70.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazimi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Məhkəmə kollegiyası xususi ilə qeyd edir ki, yuxarıda əksini tapmış hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bu da o nəticə törədir ki, iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını bu Qanun müəyyən edir (maddə 1.1). Eyni zamanda inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt hesab olunur (maddə 2.0.2). Həmçinin inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (maddə 21.1) Həmin Qanunun 28-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsinin olması izibati icraatın başlanılması üçün əsas hesab olunur (maddə 28.1.2). Eyni zamanda Qanunun 36cı maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər inzibati icraatda iştirakçı hesab olunur (maddə 36.1.2.) Həmin Qanunun 46-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar (maddə 46.1.). Lakin cavabdeh mübahisələndirilən inzibati aktı qəbul edərkən yuxarıda qeyd olunan tələbləri yerinə yetirməsi və inzibati icraat zamanı iddiaçının iştirakını təmin etməsini barədə sübut təqdim etməmişdir. Bundan başqa “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.); elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin işin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Cünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-9358/2021 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1223/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1223/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver