Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1223/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X13 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1486/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 2ci dərəcəli əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Gədəbəy RHK tərəfindən 1992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş və xx.xx.1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən güllə yarası almışdır. Bununla bağlı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Şəmkir rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Ona “Sağ bazu sümüyünün yuxarı 1/3 hissəsinin açıq yerini dəyişmiş qəlpəli sınığı və sağ çiyin nahyyəsinin dəlib keçən güllə yarası” diaqnozu qoyulmuşdur. Bundan sonra xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissənin qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı ona yaralanma nəticəsində bazu sümüyünün sınığı, ağrı sindromu ilə müşayiət olunan mil sinirinin hissəvi zədələnməsi ilə sağ bazunun yuxarı 1/3-nin odlu silahla dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Bununla bağlı AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 1115 nömrəli qərarı mövcuddur ki, həmin qərarda yuxarıda qeyd edilənlərdən savayı həmçinin qeyd edilmişdir ki, İddiaçı aldığı yara hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı döyüş zamanı güllə yarası almasını N nömrəli hərbi hissə tərəfindən verilən arayış da təsdiq edir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə 2-ci dərəcəli əlillik verilmişdir. Bu zaman TSEK tərəfindən qoyulan diaqnoz sağ bazu oynağın odlu silah yaralanmasından sonrakı vəziyyəti, sağ bazu sümüyü boynunun qeyri düzgün bitişmiş sınığı, sağ bazu kələfinin yaralanması nəticəsində pleksit, bazu kələfinin travması və sümük sınığının pis bitişməsi olmuşdur. Lakin sonradan cavabdeh heç bir əsas olmadan İddiaçı təyin edilmiş 2 dərəcəli əlilliyi ləğv etmişdir. Bundan sonra iddiaçı yenidən xx.xx.2022-ci il tarixdə TƏBİB nəzdində olan “Azərbaycan X7 və Ortopediya İnstitutu” PHŞ-də müayindən keçmiş və ona yenidən yuxarıda qeyd edilən diaqnoz qoyulmuşdur. Yəni iddiaçının xəstəliyi sağalmadığı halda xəstəliyə görə təyin edilmiş əlillik dərəcəsi qanunsuz olaraq ləğv edilmişdir. Bundan sonra iddiaçı cavabdehə rəsmi müraciət edərək xəstəliyinin sağalmaması səbəbindən ona 2-ci dərəcəli əliiliyin verilməsini xahiş etmişdir. İddiaçının müraciətinə uzun müddət cavab verilməmişdir. Lakin sonradan iddiaçı tərəfindən dəfələrlə edilmiş şifahi müraciətlərin nəticəsində xx.xx.2023-cü il tarixdə iddiaçının müraciətinə verilən imtina cavabı elektron sistemə yerləşdirilmişdir. Həmin imtina cavabı qanunsuzdur. Belə ki, iddiaya əlavə edilən sənədlərdən görünür ki, iddiaçıya əvvəllər qoyulmuş diqanoz hazırda da mövcuddur və iddiaçı sağalmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə imtina qərarı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1486/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qərarı ilə (S.Salahova) iddia qismən təmin edilmiş, İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Sözügedən hal X5 əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli 41720 nömrəli məsləhət vərəqində diaqnoz “Saq bazunun odlu silah yaralanmasından sonrakı çapığı, yad cisim (metal qəlpə), qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, əzələ atrofiyası. Saq bazu oynağının posttravmatik kontrakturası, funksional pozğunluq ilə. Sağ bazunun qısalığı- 4sm” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X7 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışda diaqnoz “Sağ bazu sümüyünün odlu silahlı yaralanması nəticəsində qeyri-düzgün bitişmiş sınığı və varus tipli deformasiyası, sağ bazu oynağının ağrıları, kontrakturası, sağ yuxarı ətrafın nahiyyəsində ağrılar və əzələlərin atrofiyası, kürək qurşağının hərəkətlərin koordinasiya pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qərardan apellyasiya şikayəti verilməmiş, qərar yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Odur ki, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində iddia tələbinin təmin edilən hissəsində qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati iş materiallarından görünür ki, iddiaçının inzibati orqan tərəfindən sonuncu dəfə xx.xx.2023-cü ildə əyani müayinə olmuş, barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Hazirki iş üzrə cavabdeh tərəfindən belə bir aktın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1ına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 1115 nömrəli, xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Gədəbəy RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Şəmkir rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "Sağ bazu sümüyünün yuxarı 1/3 hissəsinin açıq yerini dəyişmiş qəlpəli sınığı, sağ çiyin nahiyyəsini dəlib keçən güllə yarası” və xx.xx.1993-cü ildə N nömrəli hərbi hissənin qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi diaqnoz: “Bazu sümüyünün sınığı, ağrı sindromu ilə müşayiət olunan mil sinirinin hissəvi zədələnməsi ilə sağ bazunun yuxarı 1/3-nin odlu silahla dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Gədəbəy rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 1046 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 220 nömrəli arayışı, Şəmkir rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli 951 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi Tramvadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə “Sağ çiyin oynağının odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ bazu sümüyünün boyunu q/d bitişmiş oynağında” travmatik pleksit” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə iddiaçıya eyni diaqnoza əsasən yenidən 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İşdən görünür ki, xx.xx.2015-ci il tarixdə iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək 1 il müddətinə “Sağ bazu oynağın odlu silah yaralanmasından sonrakı vəziyyəti. Sağ bazu sümüyü boynunun qeyri- düzgün bitişmiş sınığı. Sağ bazu kələfinin yaralanması nəticəsində pleksit. Bazu kələfinin travması. Sümük sınığının pis bitişməsi.” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2016-cı ildə yenidən eyni diaqnoz ilə iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində “Hərbi əməliyyat nəicəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ bazu sümüyünün odlu silahla yaralanması nəticəsində qeyri-düzgün bitişmiş sınığı və varus tipli deformasiya” diaqnozu ilə göndərişlər verilsə də, Diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə iddiaçıya imtina cavabı verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, “Gədəbəy rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da 0346003AASQV nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod)Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1115 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ bazu sümüyünün yuxarı 1/3 hissəsinin açıq yerini dəyişmiş qəlpəli sınığı. Sağ çiyin nahiyəsini dəlib keçən güllə yarası. Bazu sümüyünün sınığı, ağrı sindromu ilə müşayiət olunan mil sinirinin hissəvi zədələnməsi ilə sağ bazunun yuxarı 1/3- nin odlu silahla dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı ətraflarda ağrıdan şikayətlənmişdir. Müayinə zamanı sağ çiyin və alt çənə nahiyəsində çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, yuxarı ətraflar simmetrik izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur.Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli 41720 nömrəli məsləhət vərəqində diaqnoz “Sağ bazunun odlu silah yaralanmasından sonrakı çapığı, yad cisim (metal qəlpə), qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, əzələ atrofiyası. Sağ bazu oynağının posttravmatik kontrakturası, funksional pozğunluq ilə. Sağ bazunun qısalığı- 4 sm” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.X7 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışda diaqnoz “Sağ bazu sümüyünün odlu silahlı yaralanması nəticəsində qeyri-düzgün bitişmiş sınığı və varus tipli deformasiyası, sağ bazu oynağının ağrıları, kontrakturası, sağ yuxarı ətrafın nahiyyəsində ağrılar və əzələlərin atrofiyası, kürək qurşağının hərəkətlərin koordinasiya pozğunluğu’’kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq о İ a ra q Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” İşdən görünür ki, iddiaçı bu qərardan narazı qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının obyektiv araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 ekspertlərinə həvalə edilmişdir. Həmin qərardadın icrası məqsədilə Birlik tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli T760/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəydən görünür ki, həmin rəy Birliyin eksperti X3 və cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin eksperti X9 tərəfindən tərtib edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 ekspertlərinə həvalə edilmişdir. Həmin qərardadın icrası məqsədilə Birlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli T152/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəydən görünür ki, həmin rəy Birliyin eksperti X10 və cavabdeh sosial tibb eksperti X11 tərəfindən tərtib edilmişdir. İşdə olan cavabdehin N.N.Seyfəddinli xx.xx.2021-ci il tarixində Agentlikdə işə qəbul edilmişdir. Hal-hazırda Agentliyin 5 X19-Sosial Ekspert Komissiyasında sədr vəzifəsində çalışır. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən yenidən xx.xx.2024-cü il tarixdə təkrar məhkəmə tibbi ekspertizası təyin edilsin və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 ekspertlərinə həvalə edilmişdir. Qərardadın icrası çərçivəsində Birlik tərəfindən xx.xx.2024-cü il tarixli T482/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd olunmuşdur ki, 15 avqust 2024cü il tarixdə Alıyev X4 Təkrari ekspertizalar şöbəsində müayinədən keçərkən ilkin və təkrari müayinə zamanı dediklərini bir daha təsdiq etdi. İddiaçı məsləhət üçün mütəxəssisə göndərildi. İddiaçı Azərbaycan ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-də xx.xx.2024-cü il tarixdə çəkilmiş sağ bazu oynağının (iki proyeksiyalı) R-qrammasında bazu sümüyünün proksimal metadiafızinin köhnə qeyri-düzgün bitişmiş sınığı aşkar edilir. Periartikulyar yumşaq toxumalar daxilində 3 mm və daha kiçik ölçülü çox saylı metal yad cisim (qəlpə) təyin edilir. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-in İddiaçı adına tərtib etdiyi xx.xx.2024-cü il tarixdə ********** saylı arayışda qeyd edilmişdir ki, şəxsin əyani və rentgen müayinələrindən sonra “Odlu silahla yaralanmadan sonra sağ tərəfli döş qəfəsinin körpücükaltı nahiyəsində, sağ bazunun yuxarı 1/3-nin tış ön səthlərində çapıq toxumaları, sağ bazu sümüyünün proksimal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası, periartikulyar yumşaq toxumalardan çoxsaylı metal qəlpələri, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası, uzaqlaşma 33°, əzələ atrofıyası, daimi ağrı sindromu, yuxarı ətraf qurşağının koordinasiyasının pozulması” diaqnozu müəyyən edilmişdir. Həmin məlumatlara əsasən ekspert belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən son 2016-cı il və 2022-ci il illərdə tərtib edilmiş göndərişlərdə qeyd edilən “XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T92 - Yuxarı..; Diaqnozun mətni: Sağ bazu oynağının odlu silah yaralanmasından sonrakı vəziyyəti, sağ bazu sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sağ bazu kələfinin yaralanması nəticəsində plexiti, bazu kələfinin travması, sümük sınığının pis bitişməsi” və “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazu sümüyünün odlu silahla yaralanması nəticəsində qeyri-düzgün bitişmiş sınığı” diaqnozunda olan xəstəliklərdən əziyyət çəkməsi qeyd edilmişdir. Belə ki, həmin xəstəliklər ona anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir. X1 kodu ixtisas sahəsi üzrə həkimin səlahiyyətlərinə aiddir. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-də şəxsin əyani və rentgen müayinələrindən sonra ona “Odlu silahla yaralanmadan sonra sağ tərəfli döş qəfəsinin körpücükaltı nahiyəsində, sağ bazunu yuxarı 1/3-nin tış ön səthlərində çapıq toxumaları, sağ bazu sümüyünün proksimal 3/1-nin qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası, periartikulyar yumşaq toxumalardan çoxsaylı metal qəlpələri, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası, uzaqlaşma 33°, əzələ atrofıyası, daimi ağrı sindromu, yuxarı ətraf qurşağının koordinasiyasının pozulması” diaqnozu müəyyən edilmişdir. Beləliklə, işin istinad olunan halları ilə müəyyən edilir ki, cavabdeh tibb müəssisəsi tərəfindən iddiaçıya qoyulmuş diaqnozun müvafiq əlilliyin təyininə əsas vermədiyini əsas gətirərək diaqnozun əlillik əlaməti təyin etmədiyini bildirsə də, həmin halların olması həm işdə olan məhkəmə tibb ekspertizası rəyi, həm də tibb müəssisəsinin məlumatı ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan iddiaçının müayinələrinə dair sənədlərlə onun həmin xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6-cı bəndinə əsasən - Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması – S44, 13.3-cü bəndinə əsasən - Ətrafların digər qazanılma deformasiyaları- M21 əlillik təyini üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş materiallarından göründüyü kimi, Meyarlar XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə iddiaçıya qoyulmuş diaqnoza uyğun xəstəliyi əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2013-cü il tarixdə 1 il, xx.xx.2014-cü il tarixdə 1 il, xx.xx.2015-ci il tarixdə 1 il, xx.xx.2016-ci il tarixdə 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2023-cü il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2013-cü il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçının ona təyin edilmiş əlilliklə bağlı qərarlara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçıda mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin hazırki qüvvədə olan Meyarlara əsasən əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının hazırda da adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz əvvəllər əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Beləliklə, kollegiya hesab edir ki, eyni diaqnozla iddiaçıya əvvəllər də əlillik dərəcəsi təyin edildiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçı əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixi məhkəmə qərarında qeyd edilməmişdir. Belə ki, iddiaçının əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası diqqəti çəkir ki, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi). Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmalına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı "İnzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, əvvəlki imtina qərarında sonra məhkəmədə iddia qaldırılmadığından, onun barəsində sonuncu göndəriş üzrə sonuncu imtina xx.xx.2023-cü il tarixdə imzalandığından, əlilliyin təyinat tarixinin sonuncu imtina tarixi nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərar). Məhkəmə kollegiyası həmçinin nəzərə çatdırır ki, iddiaçı iddia tələbində ona 2-ci dərəcəli əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi orqanizminin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinin müəyyən edilməsinin cavabdeh orqanın diskresion səlahiyyətinə aid olduğuna istinad etməklə, həmin hissədə iddia tələbini təmin etməmişdir. Lakin işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qərardan apellyasiya şikayəti verilməmiş, qərar yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası yalnız cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində iddia tələbinin təmin edilən hissəsində qərarın qanuniliyini və əsaslılığını yoxlamışdır. Bu səbəbən iddiaçıya təyin ediləcək əlilliyin dərəcəsi, yəni orqanizminin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinin müəyyən edilməsi hazırki iş üzrə prosessual qanunvericilik baxımından mümkünsüzdür. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1486/2024 nömrəli, 14 oktyabr 2024cü il tarixli qərarı “əlilliyin təyinat tarixi sonuncu imtina tarixi xx.xx.2023-cü il” qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1486/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qərarı “əlilliyin təyinat tarixi xx.xx.2023-cü il” qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-1223/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1223/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver