Məhkəmə qərarları › İş №2-1(103)-1224/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1224/2021

27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1224/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçıün Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “onun avtomobili ilə birlikdə və ya avtomobilsiz ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçıün, tərcüməçisi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçıün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “onun avtomobili ilə birlikdə və ya avtomobilsiz ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-931/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Türkiyə Respublikasının vətəndaşı İddiaçı idarə etdiyi 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobili ilə 23.09.2018-ci il tarixində **********6000 saylı 24.09.2018-ci il tarixli gömrük bəyannaməsinə əsasən Azərbaycan Respublikasının ərazisinə “X12 Ltd Şti” şirkəti tərəfindən göndərilmiş “metal mebel” yükünü gətirmiş və həmin mallar 24.09.2018-ci il tarixdə "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, buraxılışına icazə verilmişdir. **********6000 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən müvafiq gömrük xidmətləri üçün 10750,87 manat məbləğində pul ödənilmişdir. İddiaçı H.Öztürk idarə etdiyi və ölkəyə gətirdiyi yükün daşınma vasitəsi olan 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobilini Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi üçün ölkəyə daxil olduğu 23.09.2018-ci il tarixdə «Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı»na daxil edilmişdir. Türkiyə vətəndaşı olan İddiaçı ilə “İL" MMC arasında mübahisə yarandığından sürücü malları boşaltmaqdan imtina edərək bu günədək qeyd olunan nəqliyyat vasitəsində saxlamış və nəqliyyat vasitəsini İpək Yolu gömrük postundan çıxartmaqdan imtina etmişdir. "xxxx" MMC isə adına gömrük rəsmiləşdirilməsi aparılan malları təhvil almaqdan imtina etmiş, nəticədə iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin ölkə ərazisindən çıxarılması və ya onun gömrük nəzarəti altında saxlanılması, həmçinin avtomobilin içərisindəki yükün cavabdeh tərəfindən saxlanca götürülməsi mümkün olmamışdır. Hazırda İddiaçı onun avtomobili ilə birlikdə ölkədən çıxışına cavabdeh inzibati orqan tərəfindən qadağa qoyulduğuna istinad edərək həmin qadağanın götürülməsini, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. İddiaçının əsaslandırması: İddiaçı, Türkiyə Respublikasının hüquqi şəxsi olan “X10 Malzemeleri Ticaret Limited” ŞTİ-nin sürücüsü olaraq Azərbaycan Respublikasının hüquqi şəxsi olan "xxxx" MMC ilə Reynak şirkəti arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus malları Azərbaycan Respublikasına öz maşını ilə gətirmişdir. Həmin müqaviləyə əsasən maşına Raf sistemləri yüklənilib gətirilmişdir. İddiaçı 19.09.2018-ci ilədək gömrükdə rəsmi işlər bitənə qədər gözləmiş, 23.09.2018-ci ildən Azərbaycan Respublikasına giriş etmişdir. Malın sahibi pulu vermədiyi üçün o, mallarla birlikdə Azərbaycan Respublikasında qalmışdır, ölkədən çıxa bilmir. O, qaldığı hər gün ziyan edir. Danışılan pul məbləğindən ona cəmi 1600 ABŞ dolları pul ödənilmişdir. "xxxx" MMC tərəfindən 2000 ABŞ dolları ona verilməmişdir, ona görə də bu hadisələr baş vermişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasında məcburi olaraq heç bir əsas olmadan idarə etdiyi 61K 3570/61K3571 nömrəli yük maşını – Tırla birlikdə saxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin aidiyyatı orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh bugünədək heç bir kömək göstərmir ki, o, malları sahibinə təhvil verib ölkədən çıxa bilsin. Onun burada qalması kimlərəsə sərf edir. "xxxx" MMC malları satır "xxxx" MMC-yə, "xxxx" MMC şirkəti isə “Reynak” şirkəti ilə müqavilə bağlayır və yükü sahibinə çatdırmağı 61 K 3570 nömrəli maşının sahibi kimi ona tapşırır. Yəni, “X10 Malzemeleri Ticaret Limited” ŞTİ ilə müqavilə bağlanılır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, "xxxx" MMC öhdəliklərini yerinə yetirməmişdir. "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən şantaj, təhqir və hədə-qorxuya məruz qalmışdır. Övladının ayaq barmağı qırılmışdır, lakin Türkiyəyə gedib övladını görməyə ona icazə verməmişlər. Bir neçə aydır Azərbaycan Respublikasındadır, ailəsini görə bilmir, övladlarından uzaq düşmüşdür. Çox çətinliklə dolanır. Maddi ehtiyacı çoxdur. Burada qohumu, tanışı yoxdur ki, ona kömək etsin. Ona Tırla birlikdə çıxıb getməsinə icazə verilməlidir, tırın içərisindəki mallar isə müvəqqəti saxlama məntəqəsinə boşaldılmalıdır. İddia tələbində texniki səhv olaraq qətnamə çıxarılması xahiş edilmişdir. Həmin qətnamə sözünün qərar kimi başa düşülməsini xahiş etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı idarə etdiyi 61K3570/61K3571 nömrəli DAF markalı yük avtomobili vasitəsilə 23.09.2018-ci il tarixdə "xxxx" MMC-nin adına «X12 Ltd Şti» şirkəti tərəfindən göndərilmiş «metal mebel» yükünü 24.09.2018-ci il tarixli **********6000 nömrəli gömrük bəyannaməsi ilə «sərbəst dövriyyə üçün buraxılış» gömrük proseduru altında yerləşdirərək rəsmiləşdirilmiş və malların buraxılışı təmin edilmişdir. Lakin iddiaçı ilə “İL" MMC arasında problem yarandığından iddiaçı həmin malları boşaltmaqdan imtina edərək bu günədək qeyd olunan nəqliyyat vasitəsində saxlamışdır və nəqliyyat vasitəsini gömrük postundan çıxartmaqdan imtina etmişdir. Cavabdeh tərəfindən bu zaman qeyri-qanuni hərəkətlərə yol verilməmiş, iddiaçı ilə “İL" MMC arasında olan problemin cavabdehə heç bır aidiyyəti yoxdur, bu məsələ cavabdehin səlahiyyətlərinə aid olmayan məsələdir. İddiaçı idarə etdiyi və ölkəyə gətirdiyi yükün daşınma vasitəsi olan 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobilini Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi üçün ölkəyə daxil olduğu 23.09.2018-ci il tarixdə «Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı»na daxil edilmişdir. İddiaçı müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini ölkədən çıxardığı anda avtomatik olaraq sistem tərəfindən "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”ndan çıxarılacaqdır. «Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı»na daxil edilmiş, aparılması məcburi olan nəqliyyat vasitəsini aparmayan şəxs müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini gömrük orqanlarının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanması barədə müraciət etdikdən və nəqliyyat vasitəsinin gömrük nəzarəti altında saxlanılması təmin olunduqdan sonra “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısından” çıxarılır. Lakin iddiaçı ilə “İL" MMC arasında problem yarandığından iddiaçı həmin malları boşaltmaqdan imtina edərək bu günədək qeyd olunan nəqliyyat vasitəsində saxlamışdır. İddiaçı ilə "xxxx" MMC arasında mülki hüquq münasibətlərindən əmələ gələn mübahisə yaranmasına baxmayaraq o, Dövlət Gömrük Komitəsinə qarşı heç bir əsas olmadan məhkəməyə müraciət etmişdir. Onun maddi və mənəvi zərər tələb etməsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Komitənin iddiaçıya iddia etdiyi zərərin dəyməsində hər hansı təqsiri yoxdur. Bu isə iddia tələbi üzrə Dövlət Gömrük Komitəsinin cavabdeh kimi tələbə cavab verməli şəxs olmasını istisna edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının ölkədən çıxışına hər hansı qadağa qoyulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-931/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 24 may 2019-cu il tarixində cavabdehin nümayəndəsi 1 saylı İnzibati- İqtisadi Məhkəməsində məhkəmə prosesində onun heç bir maneə olmadan Respublikadan öz Tırı ilə birlikdə çıxa bilməsini bildirmişdir. Eyni zamanda 2 saylı İnzibati- İqtisadi məhkəməsində "xxxx" MMC-yə qarşı “X11 Malzəmələr ticarət Limited” şirkəti yəni onun sürücüsü olduğu şirkət, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə prosesi zamanı "xxxx" MMC-nin nümayəndəsi və vəkili təmsil etdiyi şirkətin adından həqiqətən "xxxx" MMC şirkəti tərəfindən Hacı Oztürkə 2000 ABŞ dolların məbləğində pulun vaxtında verilmədiyini, ona görə də bu hadisələrin baş verdiyini etiraf etmişdir. Çıxarılmış qərarla razı deyil, iş materialları düzgün araşdırılmamışdır. Onun maddi vəziyyəti çox çətindir. Haqlı olduğu halda məhkəmə düzgün qərar qəbul etməmişdir. Cavabdehin apellyasiya şikayətinə etirazları: Türkiyə Respublikasının vətəndaşı H.Öztürk idarə etdiyi 61K3570/61K3571 nömrəli yük avtomobili vasitəsilə 23.09.2018-ci il tarixdə "xxxx" MMC-nin adına “X12.Ltd Şti” şirkəti tərəfindən göndərilmiş “metal mebel” yükünü 24.09.2018-ci il tarixli “**********600” nömrəli gömrük bəyannaməsi ilə gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim etmişdir. Lakin daşıma xidmətini həyata keçirən H.Öztürklə "xxxx" MMC arasında xidmət haqqının ödənilməsində müəyyən problemlər yaranmışdır. İddiaçının apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, iddiaçı H.Öztürklə "xxxx" MMC arasında mülki hüquq münasibətlərindən əmələ gələn mübahisə yaranmasına baxmayaraq iddiaçı H.X9 Komitəsinə qarşı heç bir əsas olmadan məhkəməyə müraciət etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş 24.09.2018-ci il tarixli **********6000 nömrəli gömrük bəyannaməsinə əsasən Türkiyə Respublikasının vətəndaşı H.Öztürk idarə etdiyi 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobili ilə 23.09.2018-ci il tarixində Azərbaycan Respublikasının ərazisinə “X12 Ltd Şti” şirkəti tərəfindən göndərilmiş “metal mebel” yükünü gətirmiş və həmin mallar "xxxx" MMC tərəfindən 10750,87 manat məbləğində pul ödənilərək 24.09.2018-ci il tarixdə "İL” MMC-nin adına rəsmiləşdirilmiş və buraxılışına icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.04.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.19.2-ci yarımbəndinə və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.01.2012-ci il tarixli 5 nömrəli qərarının 6.7-1.1-ci yarımbəndinə əsasən nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatların “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi təmin edilir. İddiaçı H.Öztürk idarə etdiyi və ölkəyə gətirdiyi yükün daşınma vasitəsi olan 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobilini Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi üçün ölkəyə daxil olduğu 23.09.2018-ci il tarixdə “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilmişdir. H.Öztürk müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini ölkədən çıxardığı anda avtomatik olaraq sistem tərəfindən "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”ndan çıxarılacaqdır. Digər tərəfdən, AR MM-nin 21.1-ci, 21.2-ci, 1096.1-ci və 1097.1-ci maddələrindən müəyyən olunur ki, zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olmaqla yanaşı bu hüquqlarının pozulmasını iddia edən hər bir şəxs hüquqlarının, qanunla qorunan maraqlarının müdafiəsini istənilən şəxslərdən tələb etmək, əgər həmin hüquq və qanunla qorunan maraqların müdaxiləsinin aradan qaldırılması mümkün olmazsa, məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir. Qeyd edilən normalara görə mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Belə olan halda iddia tələbi maddi zərərin ödənilməsi hissəsində əsassız olduğundan təmin edilə bilməz. İddiaçı H.Öztürkün apellyasiya şikayətinin maddi zərərin tələb edilməsi əsassız olduğundan, tələbin mənəvi zərərin ödənilməsi hissəsi də maddi zərərin tələb edilməsindən birbaşa asılı olduğundan və törəmə tələb olduğundan, mənəvi zərərin ödənilməsi tələbinin də təmin edilməsi istisna edilməlidir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuranın təqsiri müəyyən edilmiş olsun. Apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə iddiaçı H.Öztürkün hər hansı bir qarşılıqlı münasibəti olmadığından iddiaçının qeyriəmlak xarakterli hüququ pozulmamışdır. Əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının Respublikaya girişçıxışına qadağa qoyulması faktı da öz təsdiqini tapmamışdır. İddiaçılə "xxxx" MMC qarşılıqlı münasibətdə olmaqla bir-birləri qarşısında hüquq və vəzifələr daşımışlar və Dövlət Gömrük Komitəsinin iddiaçıya iddia etdiyi zərərin dəyməsində hər hansı təqsiri yoxdur. Bu isə iddia tələbi üzrə Dövlət Gömrük Komitəsinin cavabdeh kimi tələbə cavab verməli şəxs olması qənaətini istisna edir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının iddiası “ölkədən çıxışına qoyulmuş qadağaya və dəymiş maddi və mənəvi ziyana görə cavabdehdən 2.000.000 ABŞ dolları pulun onun xeyrinə tutulması, ölkədən çıxışına qoyulmuş qadağanan qaldırılması və öz DAF markalı qoşqulu yük avtomobili- Tırı ilə birlikdə çıxa bilməsi və ya Tırsız Azərbaycan Respublikasından Türkiyə Respublikasına ailəsini gedib görüb qayıtmasına heç bir problemin olmayacağına dair qərar qəbul edilməsi” barədə olsa da, iş üzrə verdiyi izahatlarından müəyyən olunur ki, onun hazırki iddianı qaldırmaqda hüquqi marağı əslində onun Azərbaycan Respublikasına mal gətirdiyi DAF markalı qoşqulu yük avtomobili ilə və ya həmin avtomobilsiz ölkədən çıxışına cavabdeh inzibati orqan tərəfindən qoyulmuş qadağanın götürülməsinə və qoyulmuş bu qadağaya görə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə yönəlmişdir. İddiaçı hazırki iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbi sonuncu tərəfindən təmin olunmamışdır. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsinə və iddiaçının ölkədən çıxışına heç bir məhdudiyyətin tətbiq olunmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8.0.5 və 8.0.6-cı maddələrinə əsasən gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifələri kimi, 9.0.6 və 9.0.12-ci maddələrinə əsasən malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-axtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audio yazılarını, video və foto çəkilişlərini aparmaq isə bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanlarının hüquqları kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.5. malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görmək; 3.1.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 3.1.43-2. nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən Komitə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 4.1.6. malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirmələrini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyataxtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək; 4.1.13. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audioyazılar, video və foto çəkilişlər aparmaq. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə”nin 8.19-cu bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: 8.19.1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi; 8.19.2. nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatların “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi; 8.19.3. gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatların, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatların “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2012-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydalarının 4.2-1-ci və 4.2-1.1-ci bəndlərinə əsasən “Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemi - altsistem vasitəsilə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan, həmçinin bu Qaydaların 6.7-1.2-ci yarımbəndində nəzərdə tutulan fiziki şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlər üçün, o cümlədən aparılması məcburi olan əvvəllər gətirilmiş nəqliyyat vasitələrinin və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına görə inzibati xəta haqqında iş üzrə icraata gömrük orqanları tərəfindən başlanılması üçün bu tələbləri pozan fiziki şəxsin sərhəd keçməsinə icazə verilməməsi məqsədilə istifadə olunur. Həmin Qaydaların 6.7-1.1 və 6.7-1.2-ci bəndlərinə əsasən “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı” informasiya resursu üzrə nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar haqqında məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusu dəyişdirilir; gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatlar, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir. Hazırki işdən görünür ki, İddiaçı idarə etdiyi 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobili vasitəsi ilə 23.09.2018-ci il tarixdə "xxxx" MMC-nin adına “X12 Ltd Şti” şirkəti tərəfindən göndərilmiş “metal mebel” yükünü Azərbaycan Respublikasının ərazisinə gətirmiş və həmin mallar 24.09.2018-ci il tarixdə "xxxx" MMCnin adına rəsmiləşdirilmiş və buraxılışına icazə verilmişdir. İddiaçı idarə etdiyi və ölkəyə gətirdiyi yükün daşınma vasitəsi olan yük avtomobilini Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi üçün Respublikaya daxil olduğu 23.09.2018-ci il tarixdə «Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı»na daxil edilmişdir. “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısından” çıxarılmaq üçün müvəqqəti gətirilmiş nəqliyyat vasitəsi ölkədən çıxarılmalıdır, yaxud aparılması məcburi olan nəqliyyat vasitəsini aparmayan şəxs müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini gömrük orqanlarının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanması barədə müraciət etməli və nəqliyyat vasitəsinin gömrük nəzarəti altında saxlanılması təmin olunmalıdır. Lakin iddiaçı ilə “İL" MMC arasında mübahisə yarandığından iddiaçı həmin malları boşaltmaqdan imtina edərək bu günədək qeyd olunan nəqliyyat vasitəsində saxlamışdır və nəqliyyat vasitəsini gömrük postundan çıxartmaqdan imtina etmişdir. Qeyd olunan səbəblərdən iddiaçının müvəqqəti gətirdiyi, aparılması məcburi olan nəqliyyat vasitəsinin Respublikadan çıxarılması və ya nəqliyyat vasitəsinin gömrük nəzarəti altında saxlanılmasının təmin olunması mümkün olmamışdır. Həmçinin avtomobilin içərisindəki yük müvafiq vergi bəyannaməsi ilə “İL" MMC-nin adına rəsmiləşdirildiyindən həmin yükün cavabdeh tərəfindən saxlanca götürülməsi də mümkün olmamışdır. Hazırda iddiaçı onun istər adı çəkilən nəqliyyat vasitəsilə, istərsə də onsuz ölkədən çıxışına qadağa qoyulmasına istinad edərək həmin qadağanın götürülməsini və qoyulmuş bu qadağaya görə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçı ilə “İL" MMC arasında yaranmış mübahisənin ona aid olmadığını, "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”ndan çıxarılmaq üçün müvəqqəti gətirilmiş nəqliyyat vasitəsinin ölkədən çıxarılmalı olduğunu, bunun üçün Komitə tərəfindən hər hansı hüquq pozuntusuna yol verilmədiyini bildirir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi nəqliyyat vasitəsi Respublikaya daxil olduğu 23.09.2018-ci il tarixdən «Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı»na daxil edilsə də, iddiaçı həmin müddət ərzində müvəqqəti gətirdiyi və aparılması məcburi olan həmin nəqliyyat vasitəsini ölkə ərazisindən çıxarmaq öhdəliyi daşımış, lakin bunu təxminən 3 il müddətində etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçıün idarə etdiyi və ölkəyə gətirdiyi yükün daşınma vasitəsi olan 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı, qoşqulu yük avtomobilinin gömrük orqanının gömrük nəzarəti altında olub-olmaması və yaxud həmin avtomobilin gömrük orqanına məxsus olan (və ya məxsus olmayan) dayanacaqda saxlanılıb-saxlanılmaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 nömrəli 12 yanvar 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” İdarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin istismarının təşkili Qaydaları” na əsasən “Sərhədkeçmə zamanı xüsusi diqqət Siyahısı”na bu avtomobilin daxil edilməsinin və aktiv statusunun itirilməsi əsası, adı çəkilən xüsusi diqqət Siyahısındakı məlumatlar əsasında İddiaçıün əcnəbi olaraq Azərbaycan Respublikasından kənara çıxmasına məhdudiyyətin olub-olmaması, belə məhdudiyyət olduğu təqdirdə onun kim tərəfindən, hansı əsasla götürülə bilməsi ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən bildirilmişdi ki, iddiaçı H.Öztürk idarə etdiyi 61K3570/61K3571 nömrəli yük avtomobili vasitəsilə 23.09.2018-ci il tarixdə "xxxx" MMC-nin adına “X12 Ltd Şti” şirkəti tərəfindən göndərilmiş “metal mebel” yükünü 24.09.2018-ci il tarixli “**********600” nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmiş və malların buraxılışı təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.04.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.19.2-ci yarımbəndinə və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin12.01.2012-ci il tarixli 5 nömrəli qərarının 6.7-1.1-ci yarımbəndinə və Azərbaycan Respublikası Prezidentinin 04.06.2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 3.1.43-2-ci yarımbəndinə əsasən nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatların “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi təmin edilir. İddiaçı H.Öztürk idarə etdiyi və ölkəyə gətirdiyi yükün daşınma vasitəsi olan 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobilini Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi üçün ölkəyə daxil olduğu 23.09.2018-ci il tarixdə “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilmişdir. İddiaçıün ölkədən çıxışına qoyulmuş məhdudiyyət onun müvəqqəti gətirdiyi DAF markalı 61K3570/61K3571 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərhədkeçmə zamanı xüsusi diqqət siyahısına daxil edilməsi ilə əlaqədardır. İddiaçıün idarə etdiyi DAF markalı 61K3570/61K3571 qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan yükü könüllü olaraq boşaltmaqdan imtina etmiş və buna görə də adı xüsusi diqqət siyahısında qalmaqdadır. Onun idarə etdiyi DAF markalı 61K3570/61K3571 nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası gömrük ərazisindən kənara aparılmamasına görə gömrük orqanı tərəfindən inzibati xəta haqqında icraat başlanılmamışdır. H.Öztürk müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini ölkədən çıxardığı anda avtomatik olaraq sistem tərəfindən “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”ndan çıxarılacaqdır. Eyni zamanda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 92-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.01.2013-cü il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələbindən müəyyən edilir ki, mal və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçərək müvafiq gömrük proseduru altında yerləşdirilənədək gömrük nəzarəti altında olur. H.Öztürk idarə etdiyi 61K3570/61K3571 nömrəli yük avtomobili vasitəsilə 23.09.2018 tarixdə "xxxx" MMCnin adına “göndərilmiş “metal mebel” yükünü 24.09.2018-ci il tarixli “**********600” nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir. İddiaçıün idarə etdiyi DAF markalı 61K3570/61K3571 qeydiyyat nişanlı nəqliyyat vasitəsi hal-hazırda Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun ərazisindədir. Göründüyü kimi, iddiaçı aparılması məcburi olan Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini Respublikanın gömrük ərazisindən kənara aparmaq öhdəliyi daşısa da, bunu etmədiyinə görə inzibati xəta törətmiş, lakin bu inzibati xəta ilə bağlı cavabdeh inzibati orqan tərəfindən icraat başlanılmamışdır. Belə ki, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçı idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə təxminən 3 ilə yaxın müddətdə “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısında saxlanılıb, müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini ölkə ərazisindən çıxarmamasına görə iddiaçı barəsində inzibati xəta üzrə icraat cavabdeh inzibati orqan tərəfindən başlanılmadığı halda isə, eyni zamanda onun cavabdeh tərəfindən “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısında saxlanılması qanunsuz olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2012-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydalarının 4.2-1.1-ci bəndində “Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemindən istifadə məqsədlərindən biri kimi- aparılması məcburi olan əvvəllər gətirilmiş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına görə inzibati xəta haqqında iş üzrə icraata gömrük orqanları tərəfindən başlanılması üçün bu tələbləri pozan fiziki şəxsin sərhəd keçməsinə icazə verilməməsi nəzərdə tutulmuşdur. Yəni, qanunvericiliyin mənasına görə iddiaçının adı çəkilən xüsusi diqqət siyahısında adının saxlanılması bir növ onun barəsində gömrük orqanı tərəfindən törətdiyi inzibati xətaya görə icraatın başlanılması məqsədi daşımışdır ki, bu icraata da başlanılmamış, nəticədə 3 ilə yaxın müddətdə iddiaçının ölkədən çıxışına məhdudiyyət qalmaqdadır. Qeyd olunmalıdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarında İddiaçıün ölkədən çıxışına məhdudiyyətin qoyulmadığı göstərilsə də, apellyasiya baxışı zamanı müəyyən olundu ki, belə bir məhdudiyyət mövcuddur və bu fakt cavabdeh inzibati orqanın məhkəmə sorğusuna əsasən verdiyi cavab məktubunda da öz əksini tapmışdır. Həmin cavab məktubunda Komitə tərəfindən bildirilmişdi ki, sözügedən məhdudiyyət iddiaçının müvəqqəti gətirdiyi DAF markalı 61K3570/61K3571 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərhədkeçmə zamanı xüsusi diqqət siyahısına daxil edilməsi ilə əlaqədardır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ölkədən çıxışına qoyulmuş məhdudiyyətin onun barəsində törətdiyi inzibati xəta ilə bağlı icraata başlanılmadığı halda nə vaxta qədər davam edəcəyinə dair əsaslı dəlillərlə izah verilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə iddiaçı onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı iddiaçının ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə tələbin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia əsaslı olduğu üçün təmin edilməlidir. İddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısında saxlanılmasına gəldikdə isə qeyd olunur ki, işin müəyyən edilən halına görə iddiaçı ilə "xxxx" MMC arasında yaranmış mübahisə ilə bağlı iddiaçı idarə etdiyi nəqliyyat vasitəsinin içində olan və "xxxx" MMC-nin adına gömrük rəsmiləşdirilməsi aparılmış malı boşaltmaqdan imtina etdiyi üçün, MMC tərəfindən də həmin malın qəbulundan imtina olunduğundan, beləliklə, ölkə ərazisinə müvəqqəti gətirilmiş aparılması məcburi olan nəqliyyat vasitəsinin Respublikadan çıxarılması və ya nəqliyyat vasitəsinin gömrük nəzarəti altında saxlanılmasının təmin olunması mümkün olmadığından, bu hallar həmin nəqliyyat vasitəsinin “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısından çıxarılmasını da mümkünsüz edir. Odur ki, iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi barədə tələbi əsassızdır, həmin tələbin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən qərar həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının “maddi və mənəvi ziyanın ödənilməsi” ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin tələblərin rədd edilməsi ilə bağlı da düzgün nəticəyə gəlmişdir. Belə ki, əvvəla maddi ziyanın ödənilməsi tələbi barədə qeyd olunur ki, iş üzrə iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçının ona vurulmuş mənəvi zərərin ödənilməsi barədə tələbinə gəldikdə isə qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiri müəyyən edilmiş olsun. Hazırki işdə isə qeyd olunan halların mövcud olmaması maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin təmin olunmasını istisna edir. O ki qaldı iddiaçının “Azərbaycan Respublikasından Türkiyə Respublikasına ailəsini gedib görüb qayıtmasına heç bir problemin olmayacağına dair qərar qəbul edilməsi” barədə tələbinə, bu barədə Kollegiya nəzərə alır ki, həmin tələb iddiaçının ifadə tərzi ilə bağlı olub, onun ölkədən çıxışına qoyulmuş qadağanan qaldırılması tələbi ilə əhatə olunur ki, həmin tələbə münasibətdə də bu qərarın əsaslandırma hissəsində hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, iddiaçının ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə tələbin rədd edildiyi” hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-931/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərarı qismən, iddiaçının ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə tələbin rədd edildiyi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. İddiaçıün ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar