Məhkəmə qərarları › İş №2-1(103)-1224/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1224/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1224/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Məhəmmədiyyə qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8942/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Məhəmmədiyyə qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 10 saylı evin 31 saylı mənzilinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1, 10 saylı evin 31 saylı mənzilində qeydiyyatda olmaqla orada yaşayır. Ona qədər həmin mənzilin kirayəçisi X3 olmuşdur. X3 həmin mənzildən qeydiyyatdan çıxmış və yaşaması üçün başqa mənzilə köçmüşdür. Həmin mənzildə uzun müddət yaşadığından həmin mənzilin adına keçirilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommu nal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 28 aprel 2021-ci il tarixli, 23 nömrəli Sərəncamı ilə həmin mənzilə olan kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, ünvan 1, 10 saylı evin 31 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Müraciətə əlavə edilən mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 23 saylı sərəncamı 28.04 2021-ci il tarixdə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-8942/2021 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətlərinə uyğun araşdırmamış, qərarda maddi hüquq normalarına istinad etsə də, həmin normaların cavabdeh tərəfindən əməl edilməməsinə hüquqi qiymət verməmişdir. İddiaçı hüquqlarının bərpası üçün məhkəməyə müraciət etsə də, hüquqları məhkəmənin qanunsuz qərar qəbul edilməsi ilə pozulmuşdur. Birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi iddiaçının iddia ərizəsində qeyd etdiyi və iş materiallarında mövcud olan ünvanına göndərilmiş, lakin poçt orqanı tərəfindən “ünvan düzgün deyil” əsası ilə geri qaytarılmışdır. Lakin SMS xəbərdarlıq AZEMİS vasitəsilə iddiaçının əlaqə nömrəsinə göndərilmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ünvanına göndərilmişdir. Buna baxmayaraq iddiaçı və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12.05.2009-cu il tarixli, 164 saylı sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus, ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli, çoxmənzilli yataqxana binası (o cümlədən 31 saylı mənzil daxil olmaqla) dövlət mənzil fonduna qəbul edilməklə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən 10 saylı evin, yaşayış sahəsi 14,0 kv.metr olan 1 otaqlı 31 saylı mənzilinin kirayəçisi X4 ölümü ilə əlaqədar 19.01.2011-ci il tarixdə qeydiyyatdan çıxdığını, hazırda göstərilən mənzildə kirayəçinin oğlu X1 yaşadığını nəzərə alaraq 30.11.2020-ci il tarixdə 71/8 saylı kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamla Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən 10 saylı evin, yaşayış sahəsi 14,0 kv.metr olan 1 otaqlı 31 saylı mənzilinin kirayə müqaviləsinin X2 adına dəyişdirilməsini və onun həmin mənzilin kirayəçisi hesab edilməsini qərara almış, İ.İ.İsmayılovun adına yeni şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. İ.İsmayılov 20 aprel 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 30.11.2020-ci il tarixli 71/8 saylı sərəncamına əsasən ünvan 3 evin 31 saylı mənzilinə dair bağlanmış kirayə müqaviləsindən imtina etmiş və kirayə müqaviləsinin İddiaçı ilə bağlanmasına sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən 10 saylı evin, yaşayış sahəsi 14,0 kv.metr olan 1 otaqlı 31 saylı mənzilinin kirayəçisi X1 başqa yerə köçməsi ilə əlaqədar 19.02.2021-ci il tarixdə qeydiyyatdan çıxmasına, hazırda göstərilən mənzildə qeydiyyatda olmaqla İddiaçı faktiki olaraq yaşamasına istinad edərək 28 aprel 2021-ci il tarixli 23 nömrəli Sərəcam ilə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən 10 saylı evin, yaşayış sahəsi 14,0 kv.metr olan 1 otaqlı 31 saylı mənzilinin kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsini qərara almış, İddiaçı adına yeni şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Hazırda iddiaçı bu sərəncama istinad edərək onun 2020-ci ildən qeydiyyatda olduğu sözügedən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasında mənzillərin özəlləşdirilməsi məsələləri 26.01.1993-cü il tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanunu ilə tənzimlənmişdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Eyni Qanunun əvvəlki redaksiyada 8-ci maddəsinə görə, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı on beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Azərbaycan Respublikasının 24.02.2015-ci il tarixli Qanunu ilə 8-ci maddəyə orderi sözündən sonra «və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam» sözləri əlavə edilmişdir. 24.02.2015-ci il tarixli Qanun mənzillərin özəlləşdirilməsi ilə bağlı tələb olunan sənədlərin dairəsini vətəndaşların lehinə genişləndirdiyindən, məhkəmə kollegiyası hesab edir ki, AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müvafiq olaraq iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran əlavələr nəzərə alınmaqla, 8-ci maddə hazırkı redaksiyada mübahisəyə tətbiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlarının yaşadıqları mənzilləri şəxsi mülkiyyətinə keçirmək hüququnun realizə olunması üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanunu ilə zaman məhdudiyyəti nəzərdə tutulmamışdı. Lakin Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsi bu hüququn həyata keçirilməsi üçün müddət müəyyən etmişdir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normanın təhlili göstərir ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı 01.10.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Bu mənada, AR Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə istinadən iddiaçının mübahisəli mənzili «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və hazırda da saxlanmış sayılardı ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən 01.10.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslanardı. Lakin işdən görünür ki, iddiaçı mübahisəli mənzilin onun adına özəlləşdirilməsi barədə müraciət etsə də, hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi sərəncam 28.04.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçı həmin mənzilə hüquqularının 01.10.2009-cu il tarixədək yaranmasını təsdiq edən hər hansı bir sübutu inzibati orqana və ya məhkəməyə təqdim etməmişdir. AR Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə görə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məcəllənin 146.3-cü maddəsində bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsinin Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə biləcəyi qeyd olunmuşsa da, belə hal və qaydaları nəzərdə tutan qanunvericilik qəbul edilməmişdir. Qanunvericinin bu məsələdə niyyətinin birmənalı və ardıcıl olması isə Azərbaycan Respublikasının 24.02.2015-ci il tarixli müvafiq qanunları ilə AR Mülki Məcəlləsinə əlavə edilmiş 139-1.1.11-ci (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur), «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa əlavə olunmuş 8.0.11-ci (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur) maddələrdən aydın görünür. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin, mənzilin özəlləşdirilərək, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Məhəmmədiyyə qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8942/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fuad Talışinski Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar