Məhkəmə qərarları › İş №2-1(103)-1225/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1225/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1225/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndələri X1 və X4 iştirakları ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12582/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli **********2681 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır). İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinin rəisinin (X2) xx.xx.2024-cü il tarixli Qərarına əsasən onun 2023-cü ilin əvvəllərindən qərar qəbul edilən xx.xx.2024-cü il tarixdə daxil olmaqla olan dövrdə “Azərbaycan Respublikasına idxal etdiyi təsərrüfat təyinatlı malların Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nə gedən yolun Şimal-Qərbində yerləşən “Anbar-MAĞAZA (VÖEN **********-11003)” adlanan, TƏSƏRRÜFAT MALLARİNİN PƏRAKƏNDƏ SATİŞİ" obyektində “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında QƏRAR № **********9812” saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən fəaliyyət göstərdiyi obyektdə “TƏSƏRRÜFAT MALLARİNİN PƏRAKƏNDƏ SATİŞİ” zamanı: Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subtektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10 maddəsində (71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə) nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdə operativ Vergi Nəzarəti həyata keçirildi. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla (KY2********) o, xx.xx.2024-cü ildə tanış oldu. Yoxlamanın sonunda “Dövlət Vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət təbirlərinin həyata keçirilməsi Qaydalar”na 25 saylı Əlavəyə əsasən bu barədə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla) habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektlənə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanm tərtib edilməsinə nəzarət edilməsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında “SERİYA DVX № 103327 saylı, xx.xx.2024-cü il tarixli AKT tərtib edildi. Həmin AKTDA qeyd edilir ki: Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 13:30-da OVN fəaliyyətinin nəticəsi olaraq xx.xx.2023-xx.xx.2024-cü il tarixi aralığında idxal edilmiş, invoys dəyəri ilə 647344,77 manat (ƏDV-siz) məbləğində mallardan 159236,65 manat ((ƏDV və ticarət əlavəsiz) eqaimə ilə satılmışdır. Qalan malların 488.102,12 manat məbləğində olan hissəsi 2% ticarət əlavəsi ilə 18% ƏDV tətbiq edilməklə 587486,94 manata müxtəlif Vergi Ödəyicisinə satılmışdır və e-qaimə tətbiq edilməməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi Ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 58.748,69 manat məbləğində maliyyə sanksiyasə tətbiq edilməsi təklif edilir”. Bu Aktda onun guya Vergi Məcəlləsinin 16.1.3-cü (16.1.3. qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclıərin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq), 71-1-ci və 130-cu (Gəlirin və xərcin uçotu qaydası) maddələrinin tələblərini pozmağı aşkar edilməsi” göstərildiyindən o, yoxlama aparan vergi əməkdaşlarından guya onun yol verdiyi qanun pozuntularını xx.xx.2024-cü il tarixdə əlyazma formasında tərtib etdikləri “SERİYA DVX № 103326 saylı “NƏTİCƏ” hissəsində konkret faktlarla göstərmədiklərindən bunu etmələrini tələb etmiş və onlar faktları əlyazma şəklində olan “SERİYA DVX № 103326 saylı “NƏTİCƏ” hissəsində göstərməkdən imtina etdiklərinə görə də onların tərtib etdikləri “SERİYA DVX № 103326 saylı aktı imzalamaqdan imtina etmişdir. Çünki yoxlama aparan Vergi Orqanının əməkdaşlarının əlyazma şəklində olan tərtib etdikləri “SERİYA DVX № 103326 saylı Aktın “NƏTİCƏ” hissəsində onun yol verdiyi qanun pozuntularını hansı yolla sübut etmələri göstərilməmişdir. O, fəaliyyət göstərdiyi müddətdə vergi orqanları tərəfindən onun obyektində səyyar yoxlama aparılmamış, malların topdansatış və pərakəndə satışı barədə vergi orqanlarına mütəmadi daxil olan vergi hərəkətləri ilə bağlı vergi qanunvericiliyinin pozulması halları barədə də ona heç bir xəbərdarlıq edilməmişdir. Bundan başqa, o, hesabatları daim vaxtında vermiş və vergi ödənişlərini də vaxtlı-vaxtında yerinə yetirmişdir. O, malların bir hissəsini qaimə ilə satmış və bu elektron qaimələr hesabatdadır və onların satış pulları rəsmi qaydada onun VÖEN hesabına köçürülmüşdür və bu cür satışdan o, heç vaxt pulu nağd almamış və Vergi Orqanı da belə bir fakt aşkarlamamışdır. Kassa vasitəsi ilə malların pərakəndə satşı da iş Vergi orqanının verdiyi kassa ilə aparılmış və bu cür satışda hər bir satış faktı da vergi orqanının e-kassa uçotunda da daim qeydə alınmışdır. Vergi orqanı onu ƏDV ödəyicisi kimi qeydə aldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə daxil olan müddətdə bir dəfə də olsun ondan malların böyük hissəsini nə üçün e-qaimə faktura ilə deyil, e-kassa aparatı vasitəsi ilə satmağını irad tutmamışdır. Bunun isə səbəbi onun fəaliyyət göstərdiyi yerin vergi orqanında topdan və pərakəndə satış yeri kimi qeydə alınmasıdır. Bu isə o deməkdir ki, ondan iri partiyada məhsul alan şəxsə malı e-qaimə-faktura (yəni elektron qaimə) vasitəsi ilə, şəxsi istehlak niyyəti ilə alan şəxslərə isə e-kassa vasitəsi ilə satmalıdır. Onun fəaliyyəti nəticəsində Vergi Orqanına hər hansı bir zərər vurulmamışdır və qanunla müəyyən edilmiş bütün vergilər dövlət büdcəsinə tam ödənilmişdir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. O, vergi ödəyicisi kimi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz olmağımı sübuta yetirməyə borclu deyiləm və vergi əməkdaşları da tərtib etdikləri aktda haqlı olduqlarını sübut etməmişlər. O, təsərrüfat mallarının topdansatış və Pərakəndə satışı ilə məşğul olduğundan, topdansatış yolu ilə satdığı mallara “e-qaimə (elektron qaimə) tərtib etmiş, “Pərakəndə satış zamanı isə satışı elektron kassa vasitəsi ilə aparmış və belə faktların hamısı Vergi Orqanının kassa satışlarının qeydiyyatı idarəsində dərhal qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12582/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2024cü il tarixli **********2681 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarəti həyata keçirilmiş obyektin, yəni təsərrüfat subyektinin “anbar” olmasıdır ki, anbardan pərakəndə satışın həyata keçirilməsi qanunvericiliklə qadağan olunmaqla yanaşı (Vergi Məcəlləsinin 58.13 maddəsi), ümumi formalaşmış və qəbul edilmiş ticarət təcrübəsinə əsasən ağlabatan olmamaqla pərakəndə satış fəaliyyətinin xarakterinə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İddiaçı qeydiyyatda olan obyekti xx.xx.2023-cü il tarixli 212/23 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndindən də göründüyü kimi pərakəndə satış obyekti yox, 40 m² sahəsi olan anbardır (Vergi məcəlləsinin 58.13-cü maddəsinə əsasən, anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsaslardan biridir). Bunlardan əlavə, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyənedilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmiləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Qeyd olunanları nəzərə alaraq, vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları“pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Baza məlumatlarına əsasən təsərrüfat subyektinin anbar tipli olması və satışın pərakəndə qaydada nəzarət kassa aparatına mədaxil edilməklə həyata keçirilməsi vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti geniş şəkildə təhlil edilmiş və Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi üçün əsaslar müəyyən edilmişdir. Bu hal Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsinə əsas olmuş və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********9812 nömrəli qərarla operativ vergi nəzarəti tədbiri təyin edilmişdir Eyni zamanda məhkəmə tamamilə yanlış fikir olaraq : “Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir” bildirmişdir. Belə ki, anbardan pərakəndə satışın həyata keçirilməsi qanunvericiliklə qadağan olunmuşdur və Vergi Məcəlləsinin 58.13-cü maddəsində birbaşa olaraq göstərilmişdir ki: elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir). Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı vergi orqanlarında xx.xx.2016-cı il tarixdən vergi ödəyicisi kimi, xx.xx.2023-cü ildən isə əlavə dəyər vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və ********** saylı VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyəti “Təsərrüfat mallarının pərakəndə satışı” olan, fəaliyyət ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ Lökbatan qəsəbəsi, ev. Sədərək TM-ə gedən yolun Şimal Qərbi olan fiziki şəxsdir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********2681 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə iddiaçıya 58748.69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Vergi Məcəlləsi: Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ... 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: … 58.7-1.9. 58.7-1.9. həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə; “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası: 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;

4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə fakturası” ilə sənədləşdirilir. İşin hallarından müəyyən edilir ki, cavabdeh “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad olunmuşdur). Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsaslarıqanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiy hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə etməsinə baxmayaraq, operativ vergi nəzarət tədbiri nəticəsində xx.xx.2023 il tarixdən, xx.xx.2024-cü il tarixədək olan dövr yoxlanılmış və bunun nəticəsində iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir. Kollegiya bildirir ki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş tələblərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilir. Cavabdehin belə davranışı isə operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir. Eyni zamanda cavabdeh iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyini iddia etsə də bu halı sübuta yetirə bilməmişdir. Cavabdeh iddiaçının elektron qaimə-faktura verilmədən topdan qaydada satılması faktının aşkar olunduğunu bildirsə də, Kollegiya cavabdehin qeyd edilən dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi də iş üzrə sənədlərlə təsdiq olunmur. Başqa sözlə, cavabdeh iddiaçının nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdığı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, həmin halı sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir (“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı). AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12582/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar