Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1226/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və X2 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi hərəkətinin təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-3994/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitutsiyasının sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 28.01.2021-ci il tarixli, M-37/2-003/2 saylı məktubun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10 000 manat pulun tutulması, Bakı şəhər Səbail rayon Polis İdarəsinin razılaşdırılmamış piket keçiriləcəyi təqdirdə barəsində tədbir görülməsinə dair şifahi xəbərdarlığı Azərbaycan Respublikası Konstitusiyasının 49, 71-ci maddəsinə zidd hesab edilməsi və həmin hüquqa müdaxilə edilməməsinin həmin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, müraciətdə qaldırılan məsələ ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsi ilə əlaqə saxlanılmış, məhkəmə sənədlərində cavabdeh qismində göstərilən X1 hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu və qısa zaman ərzində cinayət məsuliyyətinə cəlb olunacağı barədə vətəndaşa məlumat verilmişdir. Eyni zamanda, göstərilənlərə əsasən müraciətdə qeyd olunan məsələ ilə bağlı aksiya keçirmək deyil, müvafiq qurum tərəfindən şikayətə baxılması və vətəndaşla əlaqə saxlanılaraq gözləməyi tövsiyə olunmuşdur. 02 fevral 2021- ci il tarixdə AR Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında vətəndaş İddiaçı tərəfindən planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab olunmamışdır. Bu səbəbdən iddia ərizəsinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-3994/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 02 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin binasının qarşısında tək adamlıq piket keçirəcəyi və piketin 15 dəqiqə çəkəcəyi, əlində plakat tutacağı, səs gücləndirici ilə Ədliyyə Nazirliyinin icra məmurlarının qanunsuzluğundan danışacağı ilə bağlı məlumat göndərmiş və müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 28.01.2021-ci il tarixli məktubla müraciətdə qaldırılan məsələ ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsi ilə əlaqə saxlanılmış, məhkəmə sənədlərində cavabdeh qismində göstərilən X1 hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu və qısa zaman ərzində cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumat verilmişdir. Göstərilənlərə əsasən müraciətdə qeyd olunan məsələ ilə bağlı aksiya keçirmək deyil, müvafiq qurum tərəfindən şikayətə baxılması və vətəndaşla əlaqə saxlanılaraq gözləməyi tövsiyə olunmuşdur. 02 fevral 2021-ci il tarixdə AR Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab olunmamışdır. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbində isə göstərilir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində isə konkret şəkildə inzibati icraat qaydasında baxılan iddialar müəyyən edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında irəli sürülən iddia - birinci növbədə ümumi (publik) hüquq sahəsinə aid konkret məsələnin həlli məqsədilə inzibati orqan tərəfındən qəbul edilmiş və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mübahisələndirilməsi ilə əlaqədar həmin inzibati orqana qarşı qaldırılan bir iddiadır. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olubolmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Yuxarıda artıq göstərildiyi kimi, iddiaçı 02 fevral 2021-ci il tarixdə təkadamlıq piket keçirməsinə icazə verilməsini xahiş etmiş və müraciətlərinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 28 yanvar 2021-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, 02 fevral 2021-ci il tarixdə planlaşdırdığı piketin keçirilməsini məqsədəuyğun hesab edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa istinad etmiş, belə ki, həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun «Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər» adlanan 7-ci maddəsinin 1-ci hissəsi ilə isə müəyyən edilmişdir ki, «Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verəməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə və 10-cu maddələrinə əsasən, dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. Göründüyü kimi sərbəst toplaşmaq azadlığına toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilənlər əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçının hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibat Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd edilən normasının mənasından göründüyü kimi, bu Məcəllə ilə müəyyən olunmuş qayda və şərtlərə uyğun verilmiş iddianın əsaslandırıldığı hallarda həmin iddianın inzibati məhkəmə icraatı mümkündür. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir və buna istinadən doğru olaraq iddiaçı iddiasında inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, iddiaçının iddiasının vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəmə haqlı olaraq «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına müraciət etmişdir, belə ki, həmin Qərarın 7.1-ci bəndində qeyd olunub ki, «inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Belə olan halda, birinci instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün kompensasiyanın ödənilməsi ilə bağlı inzibati orqana müraciət olunmalı, tələb təmin edilmədikdə inzibati orqanın imtina qərarından müvafiq məhkəməyə şikayət olunmalıdır. Lakin iddiaçı tərəfindən vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə inzibati orqana müraciət edilmədən, cavabdeh inzibati orqanın məsələyə dair münasibəti aydınlaşdırmadan məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir ki, bu da qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Həmçinin, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə hər hansı bir öhdəliyin qoyulması tələbi üzrə də iddiaçının ilkin olaraq inzibati orqana müraciəti olmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehlər qismində Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayon Polis İdarəsini göstərmişdir. Azərbaycan Respublikasının İPM-nin 30.1 və 30.2 -ci maddələrinə əsasən Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Hazırki halda Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayon Polis İdarəsininin cavabdehlər qismində prosessual həmiştirakçılığına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-3994/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1226/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1226/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver