Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1226/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı “hüquqların pozulmasının tanınması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-10968/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların pozulmasının tanınması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia qaldıraraq, cavabdeh tərəfindən ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 4 sayı Protokolunun 2-ci maddəsinin pozuntusunun tanınması və vurulmuş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-10968/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1236/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1599/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1236/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün geri qaytarılmışdır. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, Kollegiya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. AR İPM-in 12.1-ci maddəsinə əsasən , məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsaəsn, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qeyrimümkün sayılması nəticəsinə gəlinərkən işin hallarına hərtərəfli yanaşılmamış, bununla da obyektiv araşdırma prinsipinin tələbləri pozulmuşdur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından düzgün iddia növünün müəyyən olunmasında İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsini yerinə yetirməli, eləcə də işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Belə ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi hüququnun pozulmasının tanınmasından və vurulmuş ziyanın ödənilməsindən ibarətdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, əslində tanınması tələb olunan hüququn pozulması inzibati orqanın hərəkətinin (və ya hərəkətsizliyinin) qanuniliyinə və onun nəticəsinə bağlıdır. Başqa sözlə, iddiaçının hüququnun pozulub-pozulmamasına qiymət verilməsi üçün iddiaçıya münasibətdə inzibati orqan tərəfindən həyata keçirilən hərəkətin (inzibati akt və ya faktiki xarakterli hərəkət formasında) qanunsuz olub-olmaması və hüququn pozulması ilə həmin hərəkətin qanunsuzluğu arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu baxımdan iddiaçının hazırkı tələbinin məzmunu, onun hüquqi marağı və irəli sürdüyü tələb vasitəsi ilə nail olmaq istədiyi məqsəd müəyyənləşdirilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağının və məqsədinin müəyyən olunması baxımından məhkəmə üçün iddiaçının irəli sürdüyü tələbin ifadə tərzi deyil, hansı nəticəyə nail olmaq istədiyi əhəmiyyət kəsb edir. Bu mənada iddiaçının hazırkı tələbinin mahiyyət etibari ilə Tbilisiyə uçuşun qadağan olunması üzrə hərəkətin qanunsuz sayılmasına, yoxsa ona münasibətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq olunmuş “çıxışı qadağandır” statuslu məhdudiyyətin ləğvinə yönəldiyi dəqiqləşdirilməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, iddiaçıya hava limanında Tbilisiyə uçuşun qadağan olunması məhz həmin məhdudiyyətə əsaslanır və həmin məhdudiyyətə görə dövlət sərhədindən buraxılmadığı üçün iddiaçı hüququnun pozulduğunu iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan birinci halda, yəni Tbilisiyə uçuşun qadağan olunması üzrə hərəkətin qanunsuz sayılması barədə iddia tələbi İPM-in 36-cı maddəsində nəzərdə tutulmuş tanınma haqqında iddia növünə aid edilməlidir. Belə ki, həmin hərəkət, yəni uçuşa tətbiq olunan qadağada ifadə olunan inzibati akt artıq icra olunmuşdur və bu mənada onun (hüquqi qüvvəsini itirmiş, mövcud olmayan inzibati aktın) mübahisələndirmə haqqında iddia vasitəsi ilə mübahisələndirilməsi istisna edilməlidir. İkinci halda isə, yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya münasibətdə tətbiq olunmuş “çıxışı qadağandır” statuslu məhdudiyyət barədə qərarın (həmin qərar və məhdudiyyət qüvvədədirsə) mübahisələndirilməsi iddiaçının hüquqi marağının mahiyyəti və prosessual qənaət prinsipi baxımından daha məqsədəuyğun olardı. Məhkəmə tərəfindən həmin iddia növündən istifadənin mümkünlüyü də müzakirə edilməlidir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə düzgün iddia növünün seçilməsi və yalnız bundan sonra həmin iddia növünə münasibətdə mümkünlük şərtlərinin yoxlanılması zəruridir. Bu zaman nəzərə alınmalıdır ki, tanınma haqqında iddia növünə münasibətdə iddiaçı tərəfindən inzibati orqana ilkin müraciətin edilməsi tələb olunmur və belə mümkünlük şərti nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, vurulmuş ziyanın ödənilməsi barədə tələb inzibati aktın qanunsuzluğunun tanınmasına bağlıdır və tanınma haqqında iddia qaldırmaqda iddiaçı həm də iqtisadi marağının təmin olunması, yəni vurulmuş ziyanın kompensasiya olunması məqsədini güdür. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya münasibətdə tətbiq olunmuş “çıxışı qadağandır” statuslu məhdudiyyət barədə qərarın (məhdudiyyətin) qüvvədə olduğu təqdirdə mübahisələndirmə haqqında iddianın mümkünlük şərtləri İPM-in müvafiq maddələrinə (32 və 35-ci maddələrinə) uyğun olaraq yoxlanılmalıdır. Odur ki, hazırki iş lazımi növbəti prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Beləliklə, yuxarıda sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyaisya şikayəti birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan, 01 dekabr 2021-ci il tarixli qərar ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)- 10968/2021 saylı qərarı ləğv edilməli və inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-10968/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı “hüquqların pozulmasının tanınması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1226/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1226/2023
17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver