Məhkəmə qərarları › İş №2-1(103)-1226/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1226/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1226/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, X2, İddiaçı5, İddiaçı7, onun vəkili Vəkil5, İddiaçı6 nümayəndəsi X3, vəkili Vəkil1, iddiaçı X4 vəkili Vəkil2, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil4, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri X5 və X7 iştirakları ilə, İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “X6 üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və s.” tələblərinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12800/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı1 və digərləri (cəmi 686 nəfər iddiaçı, bundan sonra - iddiaçılar) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş X6 üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş X6nın hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş X6nın hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi mümkün olmadığı təqdirdə, həmin X6nın hər biri üçün onun qanunla inflyasiyadan qorunan dəyəri olan 40.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların əksəriyyəti vətən müharibəsi veteranı, qazilər və əmək veteranlarıdır. Onların mülkiyyətlərində X6 var, lakin həmin mülkiyyət hüquqlarından onlar istifadə edə bilmirlər. Belə ki, həmin paylar üzərindəki mülkiyyət hüquqları xx.xx.2011-ci ildən bəri cavabdeh İdarələr tərəfindən qəbul edilmiş qanuni qüvvəsində olmayan aktlar ilə pozulur, onlar həmin paylardan istifadə edə, sərəncam verə bilmir. xx.xx.1995-ci il tarixində Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” 8-ci bəndinin 3-cü abzasının imperativ tələbinə görə, bütün özəlləşdiriləcək əmlakın (səhmlərin) ancaq 35%-i pulla satıla bilər, qalan 65% isə ancaq və ancaq X6 (çekləri) ilə satılmalıdır. Qanunla bütün investorlar 15% əmək kollektivindən qalan payları və hərraclar üçün nəzərdə tutulmuş 50% payı ancaq və ancaq vətəndaşlardan Azərbaycan Respublikasının dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirdiyi dövlət özəlləşdirmə çeklərini əldə etməklə sahib ola bilərdi. Qanunla xarici investorlar özəlləşdirmədə iştirak etmək üçün əvvəl opsion almalı idi. Hər özəlləşdirmə opsionu vətəndaşlardan ikincili bazardan bir çek almaq hüququ verirdi. Bununla birlikdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 222 saylı Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalardan məlum olduğu kimi 2-ci bənddə “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faiz miqdarında, lakin iki min manatdan az olmamaq şərti ilə müəyyən edilir” yazılmışdır. Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent olub. Dövlət Əmlak Komitəsi 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çeki dəyərinin ən azı 500 USD və bir özəlləşdirmə payında 4 çek olduğunu nəzərə alsaq, bir paya düşən mülkiyyət əmlak ekvivalentini ən azı 2000 USD müəyyən edib. Bu dəyərin əmlak ekvivalenti qanunla təsdiqlənmiş İ Dövlət Proqramına görə inflyasiyadan qorunur. Ötən 28 ildəki inflyasiyanı nəzərə alsaq hər özəlləşdirmə payına düşən və qanunla qorunan maddi ekvivalent dəyərinin bu gün üçün ən azı 40.000 manat olduğunu təsdiqləyir. 1995-ci il ölkənin iqtisadi cəhətdən ən ağır vəziyyətində, dövlət büdcəsində heç 1 milyad dollar olmayanda dövlət tarixi sosial ədalətin təmin olunması üçün özəlləşdiriləcək bütün orta və iri müəssisələrin 65%-ni miras əmlak payı olaraq dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə əvəzləndirilməsini qanunla təsdiqlədi. Nəticədə bu gün üçün Maliyyə Nazirliyi gələcəkdə özəlləşdiriləcək bu əmlakların dəyərini yenidən qiymətləndirərsə hətta bir özəlləşdirmə payına düşən və qanunla qorunan maddi ekvivalent dəyərinin bu gün üçün bəlkə də 80.000 manat olması faktı üzə çıxar. Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunmuş 23 dekabr 2009-cu il tarixli, 202 nömrəli Fərman (qanuni qüvvəsində olmayan akt) ilə bu imkanın qarşısı alındı və iddiaçıların bu mülkiyyət hüququ pozuldu. Belə ki, həmin Fərman ilə dövlət özəlləşdirmə çeklərinin (paylarının) xx.xx.2011-ci il tarixinə qədər tədavüldə qalacağı bildirildi. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 75 saylı Fərman ilə dövriyyədə olan dövlət özəlləşdirmə çeklərinin (paylarının) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi xx.xx.2011-ci ilə qədər istifadə edilə biləcəyi qəbul olundu. 2004-cü ilə qədər heç bir qanunvericilik aktı ilə dövlət özəlləşdirmə çeklərinin (paylarının) tədiyyə vasitəsi kimi istifadə müddəti məhdudlaşdırılmadığı halda, birdən-birə xx.xx.2004-cü il tarixli, 75 saylı Fərman ilə məhdudlaşdırıldı. Göründüyü kimi, xx.xx.2011-ci il tarixində iddiaçıların mülkiyyətində olan dövlət özəlləşdirmə çekləri (payları) heç bir kompensasiya ödənilmədən tədavüldən çıxarıldığı kimi, həm də Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına, insan hüquqlarına dair qoşulduğumuz beynəlxalq müqavilələrə zidd olaraq, mülkiyyət hüquqları pozularaq dövlət özəlləşdirmə çeklərinin (paylarının) özəlləşdirmə zamanı tədiyyə vasitəsi kimi istifadəsi də qadağan edildi. Lakin bu yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12800/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim E.Abdullayev) İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “X6 üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və s.” tələbləri barədə iddiaları mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı X10 və digərləri (cəmi 16 nəfər) apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12800/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. O cümlədən, qərardaddan İddiaçı1 və digərləri (cəmi 686 nəfər) apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12800/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri 18 və 19 dekabr 2024-cü il tarixlərində elektron məhkəmə sistemi vasitəsi ilə, həm də poçt vasitəsi ilə verilmiş və poçt vasitəsi ilə verilənlər 20 dekabr 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayətləri eyni məzmunda və iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə iki əsasla iddia ərizəsini mümkün hesab edilməməsi barədə qərardad qəbul edib: Birincisi: dörd cavabdehə qarşı birlikdə iddianın irəli sürülmüş olmasıdır. İkincisi: 10 illik və 1 illik iddia müddətinin ötürülmüş olmasıdır. Yəni Məhkəmə iddiaçıların X6 üzərində mülkiyyət hüququ olduğunu inkar etməyib, əksinə belə bir hüququn olduğunu qəbul edib, lakin ondan vaxtında istifadə edilmədiyini və iddia ərizəsinin prosessual baxımdan düzgün qoyulmadığını, 1 cavabdehə qarşı irəli sürülməli olduğu halda, 4 cavabdehə birdən irəli sürülmənin yolverilməz olduğunu bildirib. Bakı İnzibati Məhkəməsinin qərardadındakı bu yanaşması qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Bu səbəblə həmin qərardad ləğv edilməli və iddiaçının (iddiaçıların) iddia ərizəsi mümkün hesab edilərək baxılmalıdır. Belə ki, Məhkəmə işi təfsilatlı araşdırmadan qərar qəbul etdiyi üçün iddiaçının irəli sürdüyü sübut və faktlara düzgün qiymət verə bilməmiş və nəticədə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin müddət ilə bağlı yanaşmasının qanunvericiliyin maddi və prosessual normalarına zidd olmasına dair əsaslandırması qanunvericiliyin normalarına ziddir. Belə ki, xx.xx.2024-cü il tarixində məhkəməyə verdikləri vəsatətdə də qeyd etdikləri kimi, X6nın mülkiyyət hüququnu təsdiqlədiyi və müddətə tabe olmadığı ulu öndərimiz – ümummilli liderimiz Heydər Əliyevin tarixi ədalət strategiyası, 1995-ci ildə nazirlərin, deputatların və yüzlərlə dövlət məmurun iştirak etdiyi özəlləşdirməyə həsr olunmuş respublikada iqtisadi islahatların həyata keçirilməsinə dair geniş müşavirəsi zamanı yekun nitqində öz əksini tapıb. Orada ulu öndərimiz özəlləşdirmə payını, pul formasında və ya qiymətli kağız formasında verilməsindən asılı olmayaraq hər bir vətəndaşın zamana tabe olmadan alacağını dəfələrlə səsləndirib. Bu həm ulu öndərimizin xalqa tarixi ədalət vədi kimi nitqində, həm də konstitusiya və qanunlarda öz əksini tapıb və bu gün də öz əhəmiyyətini itirməyib. Bu gün də birmənalı olaraq mətbuatdakı yazılarda bütün mütəxəssislər, hamı özəlləşdirmə paylarının mülkiyyət hüququ olduğunu söyləyir. X6 və dövlət özəlləşdirmə çekləri qanunla verilib. DÖÇ-lər mülkiyyət hüququnu təsdiqləyən dövlət qiymətli kağızıdır. Bu fakt DÖÇ-lər üzərindəki yazılarda da öz əksini tapıb. Həmin yazılarda heç bir müddət də qoyulmayıb. X6nın mülkiyyət hüququ olduğunu qanun birbaşa tənzimləyib və bu mülkiyyət hüququnun pul və ya qiymətli kağız formasından asılı olmayaraq bütün özəlləşdirmə dövründə vətəndaşların öz seçimindən asılı olaraq özəlləşdiriləcək hər hansı dövlət əmlakından əldə edilməsi də birbaşa formada qanunla tənzimlənib. DÖÇ-lər haqqında Əsasnamənin hazırlanması da qanunla tənzimlənib və orada da DÖÇ-lərin bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi olduğu göstərilib. Və eyni zamanda özəlləşdiriləcək bütün orta və iri dövlət əmlaklarının 65%-nin DÖÇ-lər ilə ödənilməsi də birbaşa qanunla tənzimlənib. Qanunda göstərildiyi kimi dövriyyədə olan DÖÇ-lərin tədavül vasitəsi kimi istifadə müddəti 3 il ilə məhdudlaşdırılsa da, qanunla özəlləşdirmə paylarının pul və ya DÖÇ-lər formasında verilməsindən aslı olmayaraq onların ödəmə vasitəsi kimi istifadəsi heç bir müddət ilə məhdudlaşdırılmayıb. Və ancaq birinci dəfə Ulu Öndərimiz vəfat edəndən sonra 2004-cu ildə qanunazidd olaraq DÖÇ-lərin ödəmə vasitəsi kimi istifadə müddəti məhdudlaşdırıldı. Başqa bir ifadə ilə 2011-ci ildən etibarən DÖÇ-lərin həm tədavül və həm də tədiyyəödəmə vasitəsi kimi istifadəsi Fərmanla dayandırıldı. Əmlak Komitəsi isə öz fərziyyələri ilə bunu DÖÇ-lərin dövriyyədən çıxarılması kimi dəyərləndirərək hüquqi qüvvə verməyə çalışırlar. Bu isə öz növbəsində Konstitusiyaya və qanunlara tam ziddir. Çünki qanunla verilən bu özəlləşdirmə paylarının pul və ya DQK olan DÖÇ-ləri ilə verilməsindən asılı olmayaraq necə dövriyyədən çıxarılmalı olduğunu birbaşa tənzimləyir. Lakin sonradan Əmlak Komitəsi və bəzi oliqarx məmurlar tərəfindən edilən hüquqi səhvlər nəticəsində hüquqa tam zidd olaraq və cənab Prezidentin etibarından sui-istifadə nəticəsində qanunla bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi kimi nəzərdə tutulan DÖP-lərin istifadəsi birinci dəfə 2004-cü ildə məhdudlaşdırılaraq 2011-ci il 1 yanvardan tam ləğv olundu. Ancaq onların dövriyyədən çıxarılması barədə heç vaxt dövlət orqanları tərəfindən heç bir rəsmi məlumat verilmədi. Aşağıdakı faktlar DÖÇ-lərin hələ də qanunla dövriyyədə olmasını təsdiq edir. Belə ki, ilk dəfə 2018-ci il tarixində Əmlak Komitəsinin, Legal.Az Hüquq şirkətinə verdiyi cavab məktubu ilə qanunları pozaraq bildirdilər ki, X6 (Çeklər) 2011-ci ildən dövriyyədən çıxarılıb. Həmin vaxta qədər Əmlak Komitəsi, onlara müraciət edən vətəndaşlara özəlləşdirmə çeklərinin 2011-ci ilin yanvarında tədavül və tədiyyə vasitəsi kimi istifadəsinin Fərmanla başa çatdığını yazırdılar və onların dövriyyədən çıxarılması barədə heç bir məlumat vermirdilər. Bunu aşağıdakı faktlar təsdiq edir. Birincisi, Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızılar Komitəsinin arxivinin 2016-cı ilə qədər olan məlumatlarında deyilir ki, “hal-hazırda Azərbaycanda veksellər, çeklər, istiqrazlar, səhmlər, depozit sertifikatı, ipoteka kağızı, opsion, fyuçers, mənzil sertifikatı, Mərkəzi Bankın notları və özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir”. 2011-ci ildən 2016-cı ilə kimi yazılırdı ki, hal-hazırda Azərbaycanda özəlləşdirmə çekləri dövriyyədədir. İkincisi, bu vəsatətə əlavə etdikləri Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının onlara göndərdiyi xx.xx.2017-ci il tarixli məktubunda deyilir ki, “2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən X6nın dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur”. Göründüyü kimi, X6 xx.xx.2017-cı il tarixində hələ də dövriyyədədir. Həmin tarixdən sonra da bu paylar kompensasiya edilərək dövriyyədən çıxarılmadı, sadəcə olaraq tədavül vasitəsi və ödəniş vasitəsi kimi istifadəsi 2011-ci ilin yanvar ayının 1-dən bəri qadağan edildi. Bu durum isə X6 sahiblərinin öz mülkiyyət hüquqlarından istifadəni demək olar ki, ortadan qaldırdı. Hal hazırda X6 hələ də qanunla dövriyyədə olduğu halda, onlar həmin payların mülkiyyətçiləri olaraq öz konstitusion hüquqlarından istifadə edə bilmirlər. Buna səbəb isə həmin paylar üzərindəki mülkiyyət hüquqlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına zidd olaraq cavabdeh idarələr tərəfindən məhdudlaşdırılması, pozulmasıdır. Üçüncüsü, əhalinin bəzi təbəqələrinə X6nın (çeklərinin) verilməsi işinin təşkili haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2004-cü il 95 nömrəli qərarında 2011-ci ildən 2022-ci ilə qədər 6 dəfə dəyişiklik edib. 19 oktyabr 2011-ci ildə 168 nömrəli yeni Qərarla dəyişiklik edilib. 11 dekabr 2012-ci ildə yenə də 300 nömrəli Qərarla dəyişiklik edilib. 14 fevral 2014-cü ildə 46 nömrəli ilə Qərarının 21 bəndi ilə dəyişiklik edilib. 13 may 2016-cı ildə 195 nömrəli ilə Qərarının 27 bəndi ilə dəyişiklik edilib. 7 mart 2019-cu ildə 82 nömrəli Qərarının 9 bəndi ilə dəyişikliklər edilib. 5 avqust 2022-ci ildə 285 nömrəli Qərarının 8-ci bəndi ilə dəyişiklik edilib. Bundan başqa, özəlləşdirmə payları ilə bağlı Nazirlər Kabineti başqa bir (https://eqanun.az/framework/26741) “X6 (çekləri) ilə bağlı bəzi normativ sənədlərin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2 oktyabr 2013-cü il tarixli 276 nömrəli qərarı da var. Dördüncüsü, Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli, 579 nömrəli Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə sonradan 22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanla dəyişikliklər edilib. İşin düzgün araşdırılması üçün yuxarıdakı hüquqi hallar qiymətləndirilməli və izah edilməlidir. Əgər bu belə deyilsə və Çeklər dövriyyədən çıxarılıbsa necə olur ki, 4 dövlət orqanı öz rəsmi sənədlərində DÖÇ-lərin hələ də öz hüquqi qüvvəsini itirmədiyini təsdiq edir. Əgər dövriyyədən çıxarılıbsa, bu təbii ki, normativ hüquqi akt ilə olmalı idi və iddiaçılar məhkəmədə cavabdehin nümayəndəsindən həmin normativ hüquqi aktı tələb etdilər, lakin cavabdehin nümayəndəsi həmin normativ hüquqi aktı məhkəməyə təqdim edə bilmədi. Çünki belə bir normativ hüquqi akt yoxdur ki, DÖÇ-ləri dövriyyədən çıxarsın. Bu günə qədər rəsmi olaraq dövlətə məxsus heç bir mətbuat orqanı DÖÇ-lərin dövriyyədən çıxarılması barədə heç nə yazmayıb. Hətta Əmlak Komitəsi özü belə heç bir yazı - elan verməyib. Qanunla DQK-ları dövriyyədən çıxarılmamışdan 1 ay əvvəl emitent özü mətbuatdan elan verməlidir. 2000-ci ildə Fərmanla qəbul olunmuş X1 ilk redaksiyasının 7.2 və 7.4-cü bəndində deyilirdi ki, “DÖÇ-ləri dövriyyədən çxarıldıqdan sonra əmlaklar pul hərracında satılacaq”. Göründüyü kimi, burada “Tədavüldən” deyil, “Dövriyyədən çıxarıldıqdan sonra” deyilir. Çünki DÖÇ-ləri dövriyyədə qaldığı müddət ərzində Qanunla bütün özəlləşdirmə dövrü üçün orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı 65% əmlak dəyəri həcmində ödəmə vasitəsidir. 22 iyun 2010-cu il tarixli, 283 nömrəli Fərmanla bu bəndləri dəyişdirib, əvəzində DÖÇ-ləri “dövriyyədən” deyil, “tədavüldən” çıxarıldığı halda yazılmışdır. Bu durum mülkiyyət hüquqlarını pozmuşdur. Bütün bunlara baxmayaraq, Bakı İnzibati Məhkəməsi hesab edib ki, iddiaçılar bu iddia ərizəsi ilə bağlı iddia müddətinin ötürüb. Hesab edirlər ki, məhkəmənin gəldiyi bu nəticə aşağıdakı hüquqi əsalar səbəbi ilə qanunvericiliyə ziddir. Belə ki, bununla Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə (10 illik iddia müddəti) və “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsinə (1 il) istinad edərək iddiaçının iddia müddətinin ötürdüyünü hesab edib. Bu nəticə mülkiyyət hüququ ilə bağlı qanunvericilik normalarının kobud şəkildə pozulmasıdır. Belə ki, iddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir. Mülkiyyət hüququnun pozuntularına isə iddia müddəti şamil olunmur. Bundan başqa, məhkəmənin 4 cavabdeh idarəyə qarşı eyni iddia ərizəsi ilə müraciət edilmənin yolverilməz olduğunu qəbul etməsi qanunvericiliyin maddi və prosessual normalarına ziddir. Belə ki, qanunverici orqan qəbul etdiyi Məcəllə ilə bir neçə şəxsin birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilməsinə icazə verib. Belə bir durumda məhkəmənin qanunu pozaraq dörd cavabdehə qarşı bir iddianın qaldırılmasının yolverilməz olduğunu qəbul etməsi və bu səbəblə iddianın mümkün hesab edilməməsi qanunun birbaşa pozulmasıdır. Məhkəmə iclasında da bu dörd cavabdehin onlara göstəriləcək hüquqi yardım əsasında 1 cavabdehə qədər azalda biləcəyini ifadə etmişlər. Lakin məhkəmə bunu nəzərə almamışdır. Bütün bunlar məhkəmənin işi araşdırmaq istəmədiyini təsdiq edir. Ona görə də məhkəmə qərardadının ləğv edilməsi və iddia ərizələrinə baxışın təmin olunması xahiş edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar, onların nümayəndə və vəkilləri apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər iddiaçılar və digər cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştiraklarını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12800/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, iddia tələbində iddiaçıların tələbi 2 hissədən ibarətdir: 1.X6 üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması, həmin payların hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması; 2.Bu mümkün olmadığı təqdirdə isə həmin X6nın hər biri üçün onun qanunla inflyasiyadan qorunan dəyəri olan 40.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların iddia tələbinin birinci hissəsi İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş “əmlak” tələbinə dair, ikinci hissəsi isə həmin maddədə nəzərdə tutulmuş “inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiadır. İddiaçılar iddia tələbinin birinci hissəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, ikinci hissəsini isə bütün cavabdehlərə qarşı yönəltmişdir. Qeyd edilməlidir ki, cavbdehlərin hər biri müxtəlif inzibati orqanlar olmaqla qanunvericiliklə onlara aid edilmiş səlahiyyətlərə malikdirlər. İddiaçının iddia tələbləri isə yalnız bir inzibati orqanın səlahiyyətinə aid ola, onların hüquqlarının pozulması bir orqanın hərəkət və ya hərəkətsizliyi üzündən baş verə və tələb bir inzibati orqana qarşı yönəldilə bilərdi. Lakin, iddiaçılar öz tələblərini dörd inzibati orqana qarşı yönəltmişlər. Həmçinin, iddiaçılar X6nın hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətinə aid olduğunu hesab edirlərsə, yalnız həmin iddia tələbini irəli sürməli idilər. Lakin, iddiaçılar bununla yanaşı dəymiş ziyana qarşı kompensasiya tələbini irəli sürmüş, həmin tələbi dörd inzibati orqana qarşı yönəltmiş və onlara ziyan dəyməsinin hansı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsini əsaslandıra bilməmişlər. Məhkəmə hesab etmişdir ki, iddianın bu şəkildə qoyulması yolverilməzdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ölkə vətəndaşlarına paylanmış X6nın (çeklərinin) tədavüldə olma müddəti 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamışdır. Beləliklə də konkret halda, iddiaçılar onlara verilmiş özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanı qaçırmış, hətta həmin vaxtdan Azərbaycan Respubliksının Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik iddia müddəti də keçmişdir. İddiaçılar qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüquqlarını itirdikləri halda, onlarda qalmış çeklərə görə cavabdehlərə qarşı onlara vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşlər. “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Göründüyü kimi, iddiaçılar kompensasiya tələbini irəli sürmək üçün qanunla müəyyən olunan iddia müddətini ötürmüşlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə sərgilədiyi hüquqi mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Özəlləşdirmə çekləri tədavülə “Azərbaycan Respublikasında X6 (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 450 nömrəli Fərmanına əsasən buraxılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən X6 (çekləri) Azərbaycan Rspublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağız hesab olunur. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» 16 may 2000-ci il tarixli (№878-İQ) Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi manat və qanunvericiliklə müəyyən edilmiş qaydada X6 (çekləri) hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmanı ilə təsdiq olunmuş, “Azərbaycan Respublikasında X6 (çekləri) haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən özəlləşdirilən dövlət əmlakının (o cümlədən dövlət müəssisələrinin əsasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin investisiya fondlarının səhmlərinin) alınmasında (ödəniş vasitəsi kimi) X6ndan (çeklərindən) tam və ya hissəhissə istifadə oluna bilər. Qanunvericilik aktlarından göründüyü kimi, vətəndaşlara, o cümlədən, iddiaçılara verilmiş özəlləşdirmə çekləri (payları) dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi istifadə imkanını nəzərdə tutur. Lakin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 1.5-ci bəndinə (23 dekabr 2009-cu il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliyə görə) görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanmış X6 (çekləri) 2011-ci il yanvar ayının 1-dək tədavüldə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ölkə vətəndaşlarına paylanmış X6nın (çeklərinin) tədavüldə olma müddəti 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamışdır. Beləliklə də konkret halda, iddiaçılar onlara verilmiş özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanı qaçırmış, hətta həmin vaxtdan Azərbaycan Respubliksının Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik iddia müddəti də keçmişdir. İddiaçılar qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüquqlarını itirdikləri halda, onlarda qalmış çeklərə görə cavabdehlərə qarşı onlara vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşlər. “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Göründüyü kimi, iddiaçılar kompensasiya tələbini irəli sürmək üçün qanunla müəyyən olunan iddia müddətini ötürmüşlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 581/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il qərarının 10-cu bəndində qeyd edilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, ölkə vətəndaşlarına paylanmış X6nın (çeklərinin) tədavüldə olma müddəti - 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamış, ən azından, hazırkı günə bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil. Beləliklə də konkret halda, iddiaçı ona (ailəsinə) verilmiş özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanını qaçırmış, hətta həmin vaxtdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik iddia müddəti də keçmişdir. İddiaçı qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüququnu itirdiyi halda, əlində qalmış çeklərə görə cavabdehlərə qarşı ona vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşdür”. Həmin qərardadın 23-cü bəndində qeyd edilmişdir ki, “qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır”. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X6 üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması, X6nın hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi, bu mümkün olmadığı təqdirdə, həmin X6nın hər biri üçün onun qanunla inflyasiyadan qorunan dəyəri olan 40.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə iddiaçıların iddia tələbləri mücərrəd, qeyri-müəyyən olmaqla, konkret deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12800/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar