Məhkəmə qərarları › İş №2-1(103)-1227/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1227/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1227/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, vəkili X1, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-258/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, orta məktəbi 1985-ci ildə Bakı şəhərində bitirmiş, 1985-1988-ci illərdə Ukrayna Respublikasında Hərbi Aviasiya məktəbində oxumuşdur. Həmin məktəbi bitirdikdən sonra zabit kimi SSRİ Silahlı Qüvvələrində xidmətə başlamışdır. 1998-ci ilin may ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində kapitan rütbəsində xidmətə davam etmişdir. X9 işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının vətəndaşı olaraq Cinayət Məcəlləsinin 274cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təyin edilmiş cəzanı tam çəkdikdən sonra xx.xx.2018-ci il tarixdə azadlığa buraxılmışdır. 16 yaşında atasına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 17 saylı evin 33 saylı mənzilində qeydiyyatda olmuşdur. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması barədə arayış tələb olunur. Həmin arayışı əldə etmək üçün Xidmətə müraciət etsə də, Xidmət tərəfindən bundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-258/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçıapellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğu barədə rəsmi arayış verilməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2019-cu il tarixdə arayışın verilməsindən imtina etmiş və həmin imtinasını belə əsaslandırmışdır ki, onun Azərbaycan Respublikasının vətəndaşı olmağı müəyyən edilməmişdir. Qeyd edir ki, məhkəmə heç bir araşdırma aparmadan əsassız olaraq 11 ay işi uzatmış, uzun süründürməçilikdən sonra şikayət olunan qanunsuz qərarı qəbul etmişdir. Belə ki, cavabdehə müraciət edərək qeyd etmişdi ki, 16 yaşında, doğulduğu və daha sonra yaşadığı, atası Qasımov Adil Böyük oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 17 saylı evin 33-cü mənzilində (keçmiş Oktyabr rayonu Suvorov küçəsi ev 17, mənzil 33) qeydiyyata alınmış, sonrakı həyatı hərbi xidmətlə bağlı olduğundan, yeni pasport qeydiyyatı aparılmamış, pasport qeydiyyatı ilkin vəziyyətdə qalmış və hazırda da həmin ünvanda Azərbaycan vətəndaşı olaraq qeydiyyatı saxlanılır. Əvvəllər hərbi qulluqçulara pasport verilmirdi və hərbi bilet bunu əvəz edirdi. Bu səbəbdən də yəni hərbi qulluqçu olaraq ona pasport verilməmişdir. Hərbi qulluqçulara pasport və ya şəxsiyyət vəsiqəsinin verilməsi sonrakı illərdə qəbul edilmişdir. Cinayət məsuliyyətinə cəlb edildiyi 2006-cı ildə də faktiki ünvan 3 ünvanda yaşasa da, pasport ünvanı Bakı şəhəri, 20 yanvar küçəsi, 17 saylı evin 33-cü mənzili müəyyən edilmişdir. Cəzaçəkmə müəssisəsindən də cəza müddətinin qurtardığına görə daimi yaşayış yeri olan Bakı şəhəri, 20 yanvar küçəsi, 17 saylı evin, 33-cü mənzili ünvana yola salınmış və cəzadan sonra da həmin ünvan üzrə uçota alınmışdır. Hazırda şəxsiyyət vəsiqəsi almaqdan ötrü ondan Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğu barədə sənəd tələb olunur. Cavabdeh isə imtinasında qeyd etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması mümkün olmadığından arayışın verilməsindən imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında isə qeyd etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması mümkün deyildir. Halbuki, onun cavabdehdən belə bir xahişi olmamışdır. Göründüyü kimi, o, Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğu barədə arayış verilməsini xahiş edir, cavabdeh gah Azərbaycan Respublikasının vətəndaşı olmadığı, gah Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasının mümkün olmadığı əsası ilə imtina edir, məhkəmə isə qərarını belə əsaslandırır ki, “İddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri olsa da, o, sonradan dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışına görə faktiki olaraq vətəndaşlığını itirmiş və yenidən Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin mövcud olması barədə arayış tələb etsə də, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən onun vətəndaşlıq mənsubiyyəti tanınmamışdır.” Beləliklə, cavabdeh onun ümumiyyətlə Azərbaycan Respublikası vətəndaşı olmağını qəbul etməsə də, məhkəmə onun Azərbaycan Respublikası vətəndaşı olduğunu qəbul edir, lakin sonradan dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışına görə faktiki olaraq vətəndaşlığını itirdiyini qeyd edir. Məhkəmənin nəticəsinə görə, o, Azərbaycan Respublikası vətəndaşı olmuş, lakin sonradan dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışına görə faktiki olaraq vətəndaşlığını itirmişdir. Halbuki, vətəndaşlığın faktiki olaraq itirilməsi anlayışı yoxdur. Yəni, məhkəmə anlaşılmayan ifadələrə yol verərək qərarı əsaslandırmağa çalışmışdır. X9 işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə o, Azərbaycan Respublikasının vətəndaşı olaraq, AR CM-nin 274-cü madəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 12 il müddətinə azadlqdan mərhum etmə cəzasına məhkum edilmişdi. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ilə Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş və vətəndaşlığının itirilməsi barədə məhkəmə qərarı mövcud deyildir. Belə olan halda cavabdehin imtinası qanunsuzdur və məhkəmə qərarı da qanunsuz və əsassızdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı, onun vəkili X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, mənsubiyyətlilik və vətəndaşlığın olub sonradan onun itirilməsi fərqli anlayışlardır. Məhkəmə haqlı olaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na istinad edərək qərar qəbul etmişdir. İddiaçı barəsində olan ittiham hökmündə İddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi yazılması onun hələ Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmir. Belə ki, vətəndaşlıq mənsubiyyət əsasında müəyyən olunur ki, iddiaçının da belə mənsubiyyəti olmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası mübahisələndirilən qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, valideynləri Qasımov Adil Böyük oğlu ilə X2. Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş qeydiyyat kartoçkasından görünür ki, İddiaçı xx.xx.1998-ci ildə X3 şəhərindən Azərbaycan Respublikasına qayıtmış və xx.xx.1998-ci ildə ünvan 6 ünvanı üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı qeydiyyatı barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.1998-ci ildən ünvan 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 264 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0636 saylı xx.xx.2006-cı il tarixli əmri və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 158-ci maddəsinin «a» bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduqda) müvafiq olaraq iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiq hərbi xidmətdən ehtiyata buraxılıb. X9 işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 1-81 2006 saylı xx.xx.2006-cı il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 9 saylı Cəzaçəkmə Müəssisəsinin 039 saylı xx.xx.2018-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı il tarixdə X9 işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilib, xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək cəza müddətini çəkib və cəza müddəti qurtardığına görə azad olunub, daimi yaşayış yeri olan ünvan 7 ünvanına getmişdir. İşdə olan İddiaçı Azərbyacan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmağı barədə arayışın verilməsi xahiş etmiş, lakin Xidmətin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin iddiaçıya ünvanladığı K/Q-3374 saylı xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdi ki, iddiaçının «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı olmaması müəyyən edilmişdir. Bundan sonra iddiaçı onun müraciəti ilə bağlı cavabdeh inzibati orqanın verdiyi imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, mövcud qanunvericiliyə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir; 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır; 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir; -3.13-cü bəndinə əsasən sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır; 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının dövlətin təhdükəsizliyinə ciddi zərər vuran davranışı Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Həmçinin yuxarıda adı çəkilən Qaydaların 5.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. Hazırda iddiaçı onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Cavabdeh isə hesab edir ki, iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 4.4-cü bəndinə əsasən «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İş üzrə birinci instansiya məhkəmə tərəfindən müəyyən edilmişdi ki, iddiaçı Azərbaycan SSR-də doğulsa da, sonradan Rusiya Federasiyasına köçmüş və xx.xx.1998-ci ildə Azərbaycan Respublikasına qayıtmış, sonradan bir müddət Silahlı Qüvvələrdə hərbi xidmət keçsə də, 2006-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaçının «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri olsa da, o, sonradan dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışına görə faktiki olaraq vətəndaşlığını itirmiş və yenidən Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin mövcud olması barədə arayış tələb etsə də, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən onun vətəndaşlıq mənsubiyyəti tanınmamışdır. Bununla da birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən iddiaçının müraciətinə imtina cavabı verilərkən qanunvericilik normaları pozulmamış və bununla da imtina qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 4.4-cü bəndinə əsasən «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində nəzərdə tutulanlar şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsaslardan biri kimi göstərilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-258/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-258/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar