Məhkəmə qərarları › İş №2-1(103)-1227/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1227/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1227/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5485/2021 saylı, 29.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 64,6 yaşdan, yəni 07.04.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 07.04.2020-ci il tarixdən, yəni 64,6 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1977-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil aldığı müddət və hərbi xidmət illəri nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının az olması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5485/2021 saylı, 29.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5485/2021 saylı, 29.11.2021-ci il tarixli ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məblğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5485/2021 saylı, 29.11.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5485/2021 saylı, 29.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasına əsasən, iddiaçı: -19.06.1974-cü il tarixdən Azərbaycan SSR Meşə və Ağac emalının Sənaye Nazirliyinin Bakı Mebel Fabrikinin 2 №-li sexdə tələbə-xarrat qəbul edilmiş, 01.10.1974-cü il tarixdə xarrat işinə 2 dərəcə verilmiş və 14.10.1974-cü il tarixdən öz xahişi ilə işdən azad edilmiş; (03 ay 26 gün) -08.01.1975-ci il tarixdən 10.04.1975-ci il tarixədək Azərbaycan SSKP “Kommunist” Nəşriyyatında İTŞ (İnzibati-təsərrüfat şöbəsi) kuryer; (03 ay 04 gün) -16.06.1977-ci il tarixdən 21.06.1977-ci il tarixədək Bakı Elektrik montaj məhsullar zavodunun nəqliyyat sahəsinə xüsusi maşın (2.5 tank) sürücü; ( 06 gün) -24.06.1977-ci il tarixdən 12.09.1978-ci il tarixədək C.Cabbarlı adına “Azərbaycan Filmi” Kinostudiyasının avtonəqliyyat sexinə 3-cü sinif sürücüsü; (01 il 02 ay 19 gün) -13.07.1978-ci il tarixdən Bakı Pambıq Fabriki Azərbaycan SSR MLP İctimai yerlərinin ilməçisi qəbul edilmiş, 25.01.1979-cu il tarixdə Yumşaldıcı-lifdidən maşınlar operatoru keçirilmiş və 06.03.1980-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (01 il 07 ay 25 gün) -25.04.1980-ci il tarixdən Azərbaycanın SSKP “Kommunist” Nəşriyyatı Avtonəqliyyat sexinə 3-cü sinif sürücü vəzifəsinə qəbul edilmiş, 06.01.1981-ci il tarixdə MTTŞ ekspeditor keçirilmiş, 01.04.1981-ci il tarixdə MTTŞ işçisi keçirilmiş və 23.04.1981ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (11 ay 29 gün) -10.06.1981-ci il tarixdən 14.08.1982-ci il tarixədək Azərbaycan MAT Bakı PATO “Benzovoz” Xüsusi avtobazaya 3-cü sinif sürücüsü; (01 il 02 ay 05 gün) -19.08.1982-ci il tarixdən 25.08.1986-cı il tarixədək Azərbaycan SSR “Soyuzelektrozavod” AİT “Bakkondisioner” İstehsalat Birliyi Baş Ofisi-Bakı Məişət Kondisionerləri Zavodunun Nəqliyyat sexinə avtomobil sürücü; (04 il 07 gün) -06.02.1989-cu il tarixdən 05.12.1997-ci il tarixədək Azərbaycan SSR Qosaqroprom 26 Bakı Komissarlığı adına Təmir-mexanika zavodunu nəqliyyat sahəsində sürücü; (08 il 09 ay 28 gün) -13.04.1998-ci il tarixdən "xxxx" ASTC-də sürücülər ərazi sahəsinə qəbul edilmiş, 18.07.1998-ci il tarixdə "xxxx" kiçik müəssisəsində sürücü qəbul edilmiş və 26.11.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. (07 il 07 ay 14 gün) İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 1971-ci ildən 27 iyul 1974-cü il tarixədək 8 №-li orta texniki peşə məktəbində təhsil almışdır. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, iddiaçı 28.04.1975-ci il tarixdən 28.04.1977-ci il tarixədək hərbi xidmətdən keçmişdir. Birinci instansiya məhkəməsi işin hallarına "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 7, 23.2, 32.1-1-ci maddələrini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1, 3.2.1-ci bəndlərini, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndini, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndini, 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndini, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndini, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2- 159/18 nömrəli icmal məktubunu, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni 07.04.2020-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyasıhüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək kişilərin pensiya yaşı 64 yaş 06 ay müyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-cı il tarixdə doğulması və 07.04.2020-ci il tarixində, yəni 64,6 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçıya əmək pensiyasının təyin olunması üçün ən azı 25 il sığorta stajına malik olması şərtinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (=30 il 11 ay 02 gün) çox təşkil edir. Cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının 06.02.1989-cu ildən 05.12.1997-ci ilə qədər işlədiyi 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodu və 18.07.1998-ci il tarixdən 26.11.2005-ci il tarixinədək işlədiyi "xxxx" kiçik müəssisəsi ilə bağlı faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmaması mülahizəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının həmin müəssisələrdə işləməsi onun əmək kitabçasında qanunvericiliklə müəyyən olunmuş qaydada qeyd olunmuşdur. Eyni zamanda, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28.07.2021-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı maşınqayırma icarə zavodunun bazasında "xxxx" ASC-nin özəlləşdirmə planı mövcuddur, iş yeri həmin müəssisə hesab edilən işlərin sayı 109 nəfər olaraq qeyd edilmiş, özəlləşdirmə planında vətəndaş İddiaçı Məhəmməd oğlunun adı 06.02.1989-cu ildən 01.04.1997-ci il tarixə qədərki “işçilər haqqında” məlumat siyahısında mövcud olmuşdur. İddiaçının əmək kitabçasını imzalamış İ.Zeynalovun direktoru olduğu "xxxx" Kiçik Müəssisəsinin (VÖEN:**********) mövcudluğu ilə bağlı isə məlum olmuşdur ki, həqiqətən də həmin VÖEN altında müəssisə 15.02.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır. 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodunun mövcudluğu isə birinci instansiya məhkəməsində aparılan icraat zamanı sübuta yetirilmişdir. Belə ki, 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodunun "xxxx" ATSC olması iddiaçı ilə eyni iş yerində işləyən vətəndaşın əmək kitabçası əsasında müəyyən olunmuş, sonradan məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda həqiqətən də Zavodun "xxxx" ATSC adı altıda fəaliyyət göstərdiyi əks olunmuş və ən əsası iddiaçının həmin dövrlərdə işləməsi ilə bağlı məlumat müvafiq olaraq təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yarandığı 07 aprel 2020-ci il tarixdən iddiaçının pensiya hüququnun yaranması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5485/2021 saylı, 29.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar