Məhkəmə qərarları › İş №2-1(103)-1227/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1227/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1227/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1376/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3280/2023 nömrəli qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il traixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N №-li hərbi hissələrində əsgər kimi xidmət etmiş, N №-li hərbi hissə xidmət keçərkən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 44 günlük vətən müharibəsində iştirak etmişdir. Müharibə vaxtı xx.xx.2020-il tarixdə Xocavənd rayonu ərazisində travma almış, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-xx.xx.2021; xx.xx.2021- xx.xx.2021-ci il tarixlərədək Şilahlı Qüvvələrin Baş Klinik Hospitalında, xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021-ci il tarxlərədək Səhiyyə Nazirliyinin X1. xx.xx.2022-xx.xx.2022; xx.xx.2022-04. 11.2022-ci il tarixlərədək Səhiyyə Nazirliyinin 2 nömrəli ÄÜinik Psixiatriya Xəstəxanasında; 24.xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicədə olmuşdur. İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə “xəstəliyə görə” ehtiyata buraxılmışdır. İddiaçı xəstəliyi ilə əlaqədar dəfələrlə müxtəlif tibb müəssisələrində müalicədə və müayinədə olmuşdur. Əlilliyin təyin edilməsi üçün o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona cavabdeh orqan xx.xx.2023-cü il tarixli qərarı ilə imtina cavabı vermişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1376/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı ilə (E.Abdullayev) iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki vətəndaşda sözügedən diaqnoz aşkar edilməmişdir. Sözügedən hal İddiaçı əyani müayinələri zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Verilən sualları qısa, əsəbi cavablandırmış, ünsiyyətə həvəssiz daxil olmuş, emosional labillik, zahirən narahat, əhvalının dəyişkən olması izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona orqanizmin funksiyalarının pozulması faizinin 65-80% müəyyən edilməklə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edildi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, dəqiqləşdirilmiş formada iddia tələbinin təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla belə iddiaçı ona təyin edilmiş pensiya dayandırıldıqdan sonra digər bir quruma məktubla müraciət etmiş, lakin müraciətinə cavab verilmədiyindən, pensiyanın bərpası tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Daha sonra məhkəmə araşdırması zamanı iddiaçının pensiyasının dayandırılmasına əsasın məhz əlillik müddətinin bitməsi və yeni göndəriş əsasında yenidən əlillik təyinatının aparılmaması müəyyən edilmiş və məhkəmə icraatı zamanı iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin əlilliyin təyin edilməsi şəklində dəyişdirilmişdir. İnzibati iş materiallarından görünür ki, iddiaçının sonuncu müayinə tarixi xx.xx.2023-ci ildə olmuş, barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Hazirki iş üzrə cavabdeh tərəfindən belə bir aktın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: - SX seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçının barəsində verilən 10 dekabr 2022-ci il tarixli 14286 saylı xəstəlik haqqında şəhadətnaməsində ona Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020). Sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Hər iki gözün hipermetropiyası sağda Hm 3.50 D, solda 2.50 D, sağ gözün ambliopiyası nəticəsində görmə itiliyinin sağda 0.5-ə qədər azalması, korreksiya ilə 0.5, solda 0.8-ə qədər azalması, korreksiya ilə 1.0 olmaqla diaqnozu qoyulmuşdur. -İddiaçının tibbi göndərişində ona qoyulmuş əsas diaqnoz “üzvi dissosiativ pozuntu, üzvi dissosiativ pozuntu davranış pozuntuları ilə, uzun sürən posttravmatik stress pozuntusu” olmuşdur. -Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2002-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq ona əlillik verilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. -Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İşdən göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi hərbi həkim komissiyasının xəstəlik haqqında şəhadətnaməsinə əsasən hərbi travma alması müəyyən edilir. İddiaçı sonradan tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hazırki tələbində həmin qərarın ləğvini və ona əlillik təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən müəyyən edilir ki, iddiaçıya tibbi göndərişdə qoyulmuş “Posttravmatik stress pozuntusu” diaqnozu həmin “Meyarlar”ın “Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular” adlanan 7.5-ci hissəsində öz əksini tapmışdır. Həmin hissədə qeyd edilən ağırlaşmalar “Ağırlıq dərəcəsi, davametmə müddəti, intihar riski, nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - göstərilən pozuntuların davametmə müddəti (2 ildən çox davam edən simptomlar uzunmüddətli sayılır); - simptomların ağırlıq dərəcəsi (müvafiq klinik protokollarda olan şkalalar vasitəsilə müəyyən edilir); - intihar davranışları yerinə yetirmə riski; - dərman və psixoterapevtik müdaxilələrin effektliliyi” qeyd edilmişdir. İddiaçıya müəyyən edilmiş diaqnozun həmin “Meyarlar” a uyğun olub-olmaması ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)10857/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsi tərəfindən məhkəməyə daxil olmuş 4895 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə T 748/2024 saylı ekspert rəyi daxil olmuşdur. Ekspert rəyində göstərilmişdir ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş, edilən “Əsas diaqnoz: F06.5 Üzvi dissosiativ pozuntu, üzvi dissosiativ davranış pozuntuları, uzun sürən posttravmatik stress pozuntusu. b) Ağırlsşms F07.8 Baş beynin xəstəliyi, travması və disfimksiyası nəticəsində yaranan üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Üzvi dissosiativ pozuntu, davranış pozuntuları ilə, uzun sürən posttravmatik stress pozuntusu. F43.1 Posttravmatik stress pozuntusu, üzvi dissosiativ pozuntu, davranış pozuntuları ilə, uzun posttravmatik stess pozuntusu” diaqnozdakı əsas xəstəlik və onun ağırlaşr xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmiş, şəxsin TSEK-də müayinələri zamanı əmək qabiliyyətli hesab edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığı dərəcənin təyini zamanı ona xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndin etmək mümkün olmadı. Həmin xətəliklərlə əlaqədar hazırda onun əlavə müaliaciyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşməsindən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb cəlb oluna bilər. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmətibbi (psixiatrik) ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, yoxlanılan şəxs İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 xx.xx.2023-cü il tarixli, 7748/2023 saylı ekspert rəyində qoyulmuş “Posttravmatik stress pozuntusu” xəstəliyi müəyyən edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Yoxlanılan şəxs İddiaçı üzvi dissosiativ pozuntu. Posttravmatik stress pozuntusu xəstəliyi müəyyən edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. İş materiallarında olan iddiaçının müayinələrinə dair sənədlərlə onun həmin xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olubolmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İş materiallarında olan tibbi göndərişlərdə aparılmış qeydlərdən (status localis) görünür ki, iddiaçı zahirən narahatdır, ətrafa qarşı qıcıqlıdır, ünsiyyətə həvəssiz formada daxil olur, suallara qısa cavab verir, sual verdikdə əsəbləşir, aqressivliyə meylidir, emosional labildir. Davranışı qeyri-adekvatdır. Əllərində tərləmə qeyd olunur, əsəbilik, tez özündən çıxma, yuxusuzluq kimi şikayətləri var, aparılan müalicələr səmərəsizdir. Yaddaş pozulub,diqqəti dağınıqdır. Maraq dairəsi öz şəxsiyyətinə bağlıdır. Bütün gün ərzində evdə olur, ətrafdakılara qarşı laqeyddir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə AR Səhiyyə Nazirliyi 2 nömrəli X4 məktub ünvanlanaraq İddiaçı müalicə həkimi Leyla Mehtiyevanın həkim-mütəxəssisi qismində məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuş, həkim-mütəxəssis qismində iştirak edən Leyla Mehtiyeva da izahatında qeyd etmişdir ki, iddiaçıya ilkin olaraq təxminən 3 il əvvəl həkim məsləhət komissiyası tərəfindən üzvi dissosiativ pozuntu, üzvi dissosiativ pozuntu davranış pozuntuları ilə, uzun sürən posttravmatik stress pozuntusu diaqnozu qoyulmuşdur. Bundan 6 ay sonra ikinci dəfə xəstəxanada müayinə olunduqda vəziyyətinin daha da ağırlaşdığı müəyyən edilib. Şəxsdə olan xəstəliklər F06.3, F06.5 və F07.8 diaqnozlarına uyğun gəlib. Sonuncu dəfə 2024-cü ilin fevral ayında müalicədə olub və yenə həmin xəstəliklər ağırlaşmış şəkildə şəxsdə olmuş və 18 günlük şəxs xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdır. Lakin evə buraxılmasına baxmayaraq daimi olaraq yaşadığı yer üzrə psixiatrın da müşahidəsi altındadır. Şəxsdə olan F06.3, F06.5 və F07.8 diaqnozlara əsasən şəxs əmək qabiliyyətini müəyyən dərəcədə itirmiş şəxs hesab olunur, çünki bu xəstəliklərə əsasən şəxsdə şəxsiyyət pozuntuları yaranmış olur. Şəxs aqressivliyə meyillidir, daimi olaraq da ambulator müalicə alır. Digərlərindən patoloji dərəcədə asılıdır, bəzən kəskin passiv olur. Şəxs mütəmadi olaraq dərmanlarını atmalıdır, dərman atmasa şəxs yaşaya bilməz. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçı əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixi məhkəmə qərarında qeyd edilməmişdir. Belə ki, iddiaçının əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası diqqəti çəkir ki, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi). Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmalına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı "İnzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, onun barəsində sonuncu göndəriş üzrə (xx.xx.2023-cü il tarixli) sonuncu imtina xx.xx.2023-cü il tarixdə imzalandığından, əlilliyin təyinat tarixinin sonuncu imtina tarixi nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərar). Məhkəmə kollegiyası həmçinin nəzərə çatdırır ki, iddiaçı ona konkret neçənci dərəcə əlilliyin təyin edilməsini iddia tələbində, məhkəmə araşdırmaları zamanı qeyd etməmiş, birinci instansiya məhkəməsi də qərarında orqanizmin funksiyalarının pozulması faizini müəyyən etməmişdir. Bununla bağlı apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçıya hüquqi yardım edilmiş və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona orqanizmin funksiyalarının pozulması faizinin 65-80% müəyyən edilməklə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin hallarında göründüyü kimi, iddiaçıda 7.5.1 - posttravmatik stres pozuntusu diaqnozunun olduğu iş materiallarında olan sənədlərlə və ekspert rəyi ilə müəyyən edildiyindən, qeyd edilən diaqnozun 7.5.1.2. ağırlaşması - 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət üzrə Əlilliyin müəyyən olunması meyarlarında orqanizmin funksiyalarının pozulması faizi 65-80 və müddəti 2 il müəyyən edildiyindən, iddiaçıya da əlillik təyinatı zamanı həmin faiz və müddət göstəricisi nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1376/2024 nömrəli, 07 noyabr 2024cü il tarixli qərarı “orqanizmin funksiyalarının pozulması faizi 65-80% müəyyən edilməklə və təyinat tarixi sonuncu imtina tarixi xx.xx.2023-cü il” qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1376/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı “orqanizmin funksiyalarının pozulması faizi 65-80% müəyyən edilməklə və təyinat tarixi xx.xx.2023-cü il” qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar