Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1228/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1951-ci il tarixdə Kürdəmir rayonunun Türkədi kəndində anadan olmuş, ünvan 1 mən. 5 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-979/2020 nömrəli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanının yanında yerləşən qeyri-yaşayış sahəsinə (qaraja) mülkiyyətçi olaraq, onun adını qeyd edərək texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx xxxxx 1999-cu il tarixli, 523 saylı sərəncamına əsasən ünvan 2 ünvanın yanında qaraj tikilməsi üçün sahə verilmişdir. Həmin sahəni istifadə edərək orada qaraj tikmişdir. Həmin qarajın qeydiyyata alınması üçün çıxarışın və texniki pasportun verilməsi ilə baglı iddiaçı ilkin olaraq Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin Badamdar Qəsəbəsində Nümayəndəliyinə müraciət etmişdir. Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsində nümayəndəliyi iddiaçının müraciəti əsasında Bakı Şəhəri Texniki İnventarlaşdırma və Vətəndaşların Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin rəisinə cənab A.X.Qaraşova məktubla müraciət etmişdir. Həmin müraciətdə ünvan 2nın yanında yerləşən qarajın iddiaçının adına texniki pasportun verilməsi xahiş edilmişdir. Bakı şəhəri Texniki İnvertalaşdırma və Vətəndaşların Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə ünvanlanımş məktuba iddiaçı cavab almamışdır. Bakı şəhəri Texniki İnvertalaşdırma və Vətəndaşların Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə ünvanlanmış məktuba cavab gəlmədikdən sonra iddiaçı AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həmin qarajın çıxarışının və texniki pasportunun verilməsi üçün müraciət etmisdir. İddiaçının müraciəti əsasında cavabdeh xx.xx.2019-cu il tarixli, **********01 saylı məktubla iddiaçıya bildirmişdir ki, sozügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (qaraja) texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Cavabdehin məktubda göstərdiyi məlumat tamamilə reallığa uyğun deyil. İddiaçı şəxsən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsində nümayəndəliyinə müraciət etmişdir ki, Bakı şəhəri Texniki İnventarlaşdırma və Vətəndaşların Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə məktub yazılsın və texniki pasport verilsin. Həmin məktubun surəti iddia ərizəsinə əlavə edilmişdir. Həmin qaraja dair çıxarışın və texniki pasportun verilməsi iddiaçının marağındadır və buna görə inventarlaşmağın qeydiyyata alınmasında şərait yaradardı. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanının yanında yerləşən qarajın mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qeydiyyatına alınması, texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-979/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-979/2020 nömrəli qərarı ilə (Hakim-M.Hacıbəyova) iddia təmin edilmiş, ünvan 2nın yanında yerləşən qarajın mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qeydiyyatına alınması, texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə qərardan narazı olan cavabdeh qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq qeyri-yaşayış binasının tikintisinə icazə sərəncamı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş eskiz layihə və istismara icazə sənədi İdarəyə təqdim edilməmişdir. Bundan əlavə, ərizəyə əlavə edilmiş sərəncamda torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, ərizəyə əlavə edilmiş cizgi icra hakimiyyətinin qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Qeyd olunanlardan əlavə, sözügedən ünvanda yerləşən qeyri-yaşayış binasında (qaraj) texniki inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. İşin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi İbrahim Kəlbiyev izahat verərək məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinə etiraz etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən apellyasiya şikayətinə dair etiraz təqdim olunmuş, etirazda apellyasiya şikayətinin rədd edilərək birinci istansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin başçısının “Qaraj tikintisi haqqında” xx xxxxx 1999-cu il tarixli, 523 nömrəli sərəncamı ilə Ə.Əmirov adına Neftqazçıxarma İdarəsinin 01-İİ/239 saylı, xx.xx.1999-cu il tarixli xahiş məktubunu və Bakı Şəhərsalma Memarlıq Baş İdarəsinin razılığını nəzərə alaraq iddiaçıya Badamdar qəsəbəsinin şimal-şərqində, Badamdar şossesi 123 saylı yaşayış binasının yanında, eskiz-cizgidə göstərilən variantda qaraj tikintisi üçün sahə ayrılması qərara alınmışdır. İddiaçının qarajın mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınması, texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair müraciətindən cavabdeh imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri ola bilər. İddia ərizəsinin məzmunundan və iddiaçının verdiyi izahatdan göründüyü kimi, iddiaçı istifadəsində olan Badamdar qəsəbəsinin şimal-şərqində, Badamdar şossesi 123 saylı yaşayış binasının yanında yerləşən qaraja dair texniki pasportun tərtib edilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi irəli sürərkən, Səbail rayon İcra Hakimiyyətinin başçısının “Qaraj tikintisi haqqında” xx xxxxx 1999-cu il tarixli, 523 nömrəli sərəncamına əsaslanmışdır. İş üzrə apellyasiya məhkəməsi tərəfindən göndərilmiş məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı xx.xx.2020-ci il tarixli, 530 nömrəli məktubla (məktub direktor Ağakişi Allahverdiyev tərəfindən imzalanmışdır, Əsas: Fond – 139. Siy.-1. iş-799. vər. 134) Səbail rayon İcra Hakimiyyətinin başçısının “Badamdar qəsəbəsində məişət şəraitinin yaxşılaşdırılması” barədə xx xxxxx 1999-cu il tarixli, 523 nömrəli sərəncamının müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. Məktubda bildirilmişdir ki, həmin sərəncama adlı siyahı əlavə edilməmiş və İddiaçı barəsində heç bir məlumat yoxdur. Məktuba əlavə edilmiş “Badamdar qəsəbəsində məişət şəraitinin yaxşılaşdırılması” barədə sərəncamın surətindən görünür ki, həmin sərəncama əsasən Ə.Əmirov adına Neftqazçıxarma İdarəsinin 01-İİ/234 saylı, xx.xx.1999-cu il tarixli xahiş məktubunu və Bakı Şəhərsalma Memarlıq Baş İdarəsinin razılığını nəzərə alaraq Badamdar qəsəbəsinin şimal-şərqində, Badamdar şossesi 113a saylı yaşayış binasının arxasında olan sahədə, eskiz-cizgidə göstərilən variantda məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Ə.Əmirov adına Neftqazçıxarma idarəsinin fəhlə və qulluqçularına sahə ayrılmışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin başçısının “Qaraj tikintisi haqqında” xx xxxxx 1999-cu il tarixli, 523 nömrəli sərəncamında Badamdar qəsəbəsinin şimal-şərqində, Badamdar şossesi 123 saylı yaşayış binasının yanında, eskiz-cizgidə göstərilən variantda qaraj tikintisi üçün vət. İddiaçı sahə ayrılmışdır. İddiaçı Badamdar qəsəbəsinin şimal-şərqində, Badamdar şossesi 123 saylı yaşayış binasının yanında yerləşən qaraja dair texniki pasportun tərtib edilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir. Məhkəmə sorğusuna cavab olaraq, daxil olmuş “Badamdar qəsəbəsində məişət şəraitinin yaxşılaşdırılması” barədə sərəncamda isə Badamdar qəsəbəsinin şimalşərqində, Badamdar şossesi 113a saylı yaşayış binasının arxasında olan sahədə, eskizcizgidə göstərilən variantda məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Ə.Əmirov adına Neftqazçıxarma idarəsinin fəhlə və qulluqçularına sahə ayrıldığı qeyd edilmişdir. Eyni zamanda sorğuya cavaba əlavə edilən cizginin surətində (H.Qasımzadə tərəfindən imzalanmış) 113A nömrəli ev göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində qeyd etdiyi qarajın tikilməsi üçün nəzərdə tutulmuş sahə, onun tərəfindən iş materiallarına əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin başçısının “Qaraj tikintisi haqqında” xx xxxxx 1999-cu il tarixli, 523 nömrəli sərəncamında qeyd edilmiş sahə və məhkəmə sorğusuna cavab olaraq daxil olmuş Səbail rayon İcra Hakimiyyətinin başçısının “Badamdar qəsəbəsində məişət şəraitinin yaxşılaşdırılması” barədə xx xxxxx 1999-cu il tarixli, 523 nömrəli sərəncamında göstərilmiş sahələr arasında uyğunsuzluqlar mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin (qarajın) iddiaçıya ayrılması haqqında ilkin hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq olması səbəbindən həmin qaraj üzərində iddiaçının mülkiyyət hüququ qeydə alına bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş Səbail rayon İcra Hakimiyyətinin başçısının “Qaraj tikintisi haqqında” xx xxxxx 1999-cu il tarixli, 523 nömrəli sərəncamında Badamdar qəsəbəsinin şimal-şərqində, Badamdar şossesi 123 saylı yaşayış binasının yanında, eskiz-cizgidə göstərilən variantda qaraj tikintisi üçün vət. İddiaçı sahə ayrıldığı qeyd edilmiş, işin obyektiv həlli məqsədilə məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Səbail rayon İcra Hakimiyyətinin başçısının “Badamdar qəsəbəsində məişət şəraitinin yaxşılaşdırılması” barədə xx xxxxx 1999-cu il tarixli, 523 nömrəli sərəncamında isə Badamdar qəsəbəsinin şimal-şərqində, Badamdar şossesi 113a saylı yaşayış binasının arxasında olan sahədə, eskiz-cizgidə göstərilən variantda məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Ə.Əmirov adına Neftqazçıxarma idarəsinin fəhlə və qulluqçularına sahə ayrıldığı qeyd edilmişdir. Həmçinin, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş eskiz-cizgidə də qarajın tikintisi üçün nəzərdə tutulmuş sahə Badamdar qəsəbəsinin şimal-şərqində, Badamdar şossesi 123 saylı yaşayış binasının yanı kimi qeyd edilmiş, məhkəmə kollegiyası sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən cavab olaraq daxil olmuş eskiz-cizgidə ünvan Badamdar qəsəbəsinin şimal-şərqində, Badamdar şossesi 113a saylı yaşayış binasının arxası kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı sözügedən ziddiyyətli məqamlara aydınlıq gətirə bilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan və sorğuya cavab olaraq daxil olmuş Sərəncamların mətnlərində fərqlilik olduğundan, iddiaçının təqdim etdiyi sərəncamın mətnində vizual şəkildə düzəlişin olması gözlə göründüyündən, məhkəmə kollegiyası iş materiallarında olan Sərəncamın mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sərəncam hüquqmüəyyənedici sənəd qismində qəbul edilə bilməz. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-979/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “ünvan 2nın yanında yerləşən qarajın mülkiyyət hüququ ilə iddiaçının adına dövlət qeydiyyatına alınması, texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1228/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1228/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver