Məhkəmə qərarları › İş №2-1(103)-1228/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1228/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1228/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X5 Üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüquqların qeydə alınması və çıxarışın verilməsi” haqqında iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1626/2022 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli 123 nömrəli qərarına əsasən İddiaçı Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “H” nömrəli ayrılmış bağ sahəsinin (Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli orderi) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində bağ sahəsinin ünvanında texniki yanlışlığa yol verilərək 120 “H” kimi göstərilmişdir, əslində bağ sahəsinin nömrəsi 120 “N”-dir. Odur ki, bağ sahəsinin nömrəsinin 120 “N” kimi oxunması xahiş olunur. İddia ərizəsində yol verilmiş formal xəta məhkəmə tərəfindən nəzərə alınmışdır. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı şəhəri, Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 ha sahəsi olan 120 “N” nömrəli bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli 123 nömrəli qərarına əsasən İddiaçı Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “N” nömrəli bağ ayrılmışdır. Bu barədə Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsi tərəfindən ona həmin bağ sahəsinə dair 26 nömrəli order verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2021-ci il tarixdə C81/2-112/2 sayla verilmiş Arxiv arayışından da görünür ki, Mərdəkan 204 nömrəli ВTK-da 120 “N” saylı bağ sahəsi İddiaçı ayrılmışdır. xx.xx.2021ci il tarixdə bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06 iyul 2021-ci il tarixli **********98 saylı cavab məktubu ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, qeyd edilən bağ sahəsinə dair eyni ВTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsə ayrılmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə göstərdiyi bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlandığı üçün çölölçmə işlərinin aparılması idarənin mütəxəssisləri tərəfindən mümkün olmamışdır. Hesab edir ki, cavabdehin bağ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi əsassızdır. Ona görə də məhkəməyə müraciət edir. Bildirir ki, onun tərəfindən lazım olan bütün sənədlər cavabdehə təqdim olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən bağ torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, qeyd edilən bağ sahəsinə dair eyni ВТК nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsə (X15) ayrılmışdır və eyni nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydiyyata alınmışdır. Həmçinin, qeyd olunan bağ sahəsi ilə bağlı digər şəxslər tərəfindən İdarəyə müraciət daxil olmuşdur. İdarəyə daxil olan məlumata əsasən, bağ sahəsinə iddia edən digər şəxs X9 iddiaçı qismində çıxarışın verilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir və iş məhkəmənin icraatındadır (2-1(112)- 5539/2021). Bundan əlavə, göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlandığı üçün çölölçmə işlərinin aparılması idarənin mütəxəssisləri tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********98 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X9 və X12 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1626/2022 saylı qərarı ilə (hakim G.Sevdimalıyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yerli baxış zamanı müəyyən edilmişdir ki, X10 adına ilkin qeydiyyatdan keçmiş 120n saylı bağ sahəsi onun iddia etdiyi bağ sahəsinin qonşuluğundadır və iddia olunan bağ sahəsinə hər hansı bir aidiyyəti yoxdur. Göstərildiyi kimi X4 isə onun xeyrinə 120n saylı bağ sahəsindən imtina etməsi barədə sənəd mövcuddur. Sərəncamla və orderlə ona verilmiş 120n saylı bağ sahəsi ilə X8 mülkiyyətində olan 120n saylı bağ sahələri ayrı-ayrı olan bağ sahələridir və qonşu bağ sahəsinin onun iddia tələbinə heç bir aidiyyəti yoxdur. Məhkəmənin həmin bağ sahəsi ilə bağlı sənədlərə istinad etməsi tam əsassızdır. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərə birtərəfli qiymət verilmişdir. Belə ki, onun iddia tələbi 204 №li ВТК nəzdində 120n saylı bağ sahəsinədir və həmin bağ sahəsini X12 (120b) və X9 (120n) bacısına və ona satmışlar. Bu barədə onların notariat qaydasında təsdiq olunmuş razılıq ərizələri və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamları iş materiallarında mövcuddur. Buradan belə nəticə çıxır ki, 2 bağ sahəsinə 120n nömrəsi verilmişdir. Hal-hazırda digər 120n saylı bağ sahəsi qonşu sahədir və onun iddiasına heç bir aidiyyəti yoxdur. X4 adına olan orderdə göstərilən 120q nömrəli bağ sahəsinin mübahisə predmeti olan bağ sahəsinə aid olubolmaması isə hər hansı bir sənədlə öz təsdiqini tapmır, yəni iş materiallarında həmin bağ sahəsinin yerləşdiyi yerin koordinatlarını təsdiq edən hər hansı bir sənəd yoxdur. Məhkəmənin göstərdiyi kimi əgər qəbul etsək ki, 120b və 120q nömrəli bağ sahələri mübahisə predmetidir, onda məhkəmə necə sübut edir ki, onun iddia etdiyi bağ sahəsi 120q saylı bağ sahəsidir? Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının hakim Günel Sevdimalıyevanın sorğusuna verdiyi 13 avqust 2021-ci il tarixli 7-3119/17 saylı cavabında göstərilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 123 №li sərəncamı ilə vətəndaş İddiaçı Mərdəkanda 204 №li ВТК tərkibində 120n №li bağ sahəsi ayrılmışdır. İki bağ sahəsinə eyni nömrənin verilməsi isə onun günahı deyil. Məhkəmə bu məsələyə tam aydınlıq gətirməli idi. Lakin, məhkəmə iki eyni nömrəli bağ sahəsinin olmasına aydınlıq gətirməmiş və bu barədə araşdırma aparmamışdır. Məhkəmə qərarının 25-ci bəndində göstərilir ki, məhkəmə müəyyən edir ki, Mərdəkan bağ massivində 204 №li ВТК nəzdindəki 120n saylı bağ sahəsi nəinki iddiaçının qanuni istifadəsində deyil, həmin bağ sahəsinə mülkiyyət hüququ ilkin olaraq X10 adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış (Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli qərarı əsasında) və daha sonra digər şəxslərin adına özgəninkiləşdirilmişdir (X6, X3) və hazırda bağ evinin altındakı torpaq sahəsi ilə birlikdə mülkiyyətçisi X17 olmaqla sonuncu tərəfindən faktiki sahiblik həyata keçirilir. Reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, qanunverici vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və Mərdəkan qəsəbəsindəki 204 ВТК nəzdindəki 120n saylı bağ sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsində olmadığından iddiaçının Mərdəkan qəsəbəsindəki 204 ВТК nəzdindəki həmin 120n saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınmasına qanuni gösləntisi yoxdur. Məhkəmənin qərarının 25-ci bəndində göstərilənlər iddiaçıya verilmiş bağ sahəsinə aid edilə bilməz. Belə ki, Mərdəkan qəsəbəsi 204 №li ВТК nəzdində olan 120n saylı bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli sərəncamına əsasən hal-hazırda X8 mükiyyətində olan qonşu bağ sahəsinə onun heç bir iddiası yoxdur və təbii ki, həmin bağ sahəsi onun istifadəsində və sahibliyində ola bilməz. Məhkəmə bir halı nəzərə almamışdır ki, iş materiallarında olan Mərdəkan qəsəbəsi 204 №li ВТК nəzdində 120n nömrəli bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 123 №li sərəncamı ilə ona verilməsi barədə sənədlər mövcuddur. Lakin, məhkəmə qonşu bağ sahəsini ona verilmiş bağ sahəsi ilə eyniləşdirərək guya onun mülkiyyət hüququnun tanınmasına qanuni gözləntisinin olmadığı qənaətinə gəlmişdir. Məhkəmənin məsələyə bu cür qiymət verməsi isə həqiqəti əks etdirmir. Məhkəmə qərarının 26-cı bəndində göstərilir ki, məhkəmə əlavə olaraq qeyd edir ki, üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş X7 qərarında aid olduğu bildirilən 120q saylı bağ sahəsinə dair orderdə də Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli 3/318 №li qərarına istinad edilir. İş materiallarında olan Bakı şəhər XDS İK-nin həmin xx.xx.1991-ci il tarixli 3/318 №li qərarında X7 204 №li ВТК nəzdində hansı bağ sahəsinin ayrılması göstərilməmişdir. Lakin, həmin qərara istinadən hər birinin sahəsi 0,12 ha olmaqla 120n və 120q saylı bağ sahələrinə dair orderlərin verildiyi iddia olunur. Məlumdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 №li qərarına əsasən, vətəndaşlara ayrılan bağ sahələrinin ölçüsü 0,12 ha-dan çox olmamalı idi. Belə olan təqdirdə, X4 adına eyni zamanda həm 120n, həm də 120q saylı bağ sahələrinə dair verilmiş orderlərin etibarlı olaraq eyni dərəcədə hüquqi qüvvəsinin olub-olmamasının müəyyən edilməsini məhkəmə hazırki məhkəmə araşdırmasının predmeti hesab etmir. Müəyyən edilən hal ondan ibarətdir ki, 204 №li ВТК nəzdindəki 120n saylı bağ sahəsinə dair vaxtilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli qərarı əsasında order X10 adına verilmiş (yəni Bakı şəhər İcra Hakimiyyəti başçısının iddiaçıya münasibətdə olan xx.xx.1998-ci il tarixli qərarından əvvəl) və daha sonra məhz həmin şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və 204 №li ВТК nəzdindəki bağ sahəsi iddiaçının sahibliyində və istifadəsində olmamışdır (hazırda da deyil). Məhkəmə qərarın bu bəndində də məsələyə səhv yanaşmışdır. Belə ki, məhkəmə qonşu bağ sahəsini yenə də onun iddia etdiyi bağ sahəsi ilə eyniləşdirmişdir. Halbuki, o, vətəndaş X13 verilmiş 120n saylı bağ sahəsinə iddialı deyil. O, X7 aid olmuş və sonuncunun onun xeyrinə imtinasından sonra ona verilmiş 120b nömrəli bağ sahəsi ilə ümumi hasar daxilində yerləşən 120n saylı bağ sahəsinə iddialıdır. Məhkəmə sərəncamların hansının əvvəl, hansının sonra verilməsinə qiymət vermək əvəzinə, həmin sərəncamların verilməsi üçün əsas olmuş sənədləri araşdırmalı idi. Təbii ki, məhkəmənin əsas kimi götürdüyü qonşu bağ sahəsi onun sahibliyində və istifadəsində ola bilməz və hal-hazırda da deyil. Məhkəmənin onun iddia tələbinə münasibətdə gəldiyi nəticə səhvdir, iddia tələbinin təmin edilməməsi isə tam qanunsuz və əsassızdır. Qərar qəbul edilərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanının bağ sahələrinin mülkiyyətə verilməsi ilə bağlı tələbləri, Mülki Məcəllənin 139-1-ci maddəsinin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1626/2022 saylı qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022ci il tarixli, 2-1(112)-1626/2022 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1626/2022 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instnasiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 №-lı sərəncamı ilə vətəndaş İddiaçı Mərdəkanda 204 №-lı ВТК tərkibində 120n №-lı bağ sahəsi ayrılmışdır. Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki 120n saylı bağ sahəsinin və 120 nömrəsi ilə əlifba sırasına əsasən sıralanmış bağ sahələrinin sxematik xəritəsinin və 120n saylı bağ sahəsinin qeydiyyat qovluğundakı sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Mərdəkan qəsəbəsi, 120n saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti və sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin qeydiyyat qovluğundan görünür ki: -Bağların sxematik xəritəsinə əsasən 120 “n”, 120 “b” və 120 “q” saylı bağ sahələri bir cərgədə yerləşir; -Bağlar Təsərrüfatı İdarəsinin 20 №-li orderinə əsasən, Mərdəkan 204 №-li BTK nəzdində 120 “n” nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1256 nömrəli qərarına əsasən X13 ayrılmış və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir; -Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 239 nömrəli Sərəncamına əsasən, Mərdəkan qəsəbəsi, 120 “N” saylı bağ sahəsində vətəndaş X10 tikdiyi 1 mərtəbəli, 2 yaşayış otağı sahəsi-23,76m2, köməkçi sahə-53,04m2, açıq eyvan-27,65m2, torpaq sahəsində hin-7,54m2, ayaqyolu -16m2, qaraj-26,40m2, hovuz- 19,17m2, cəmi torpaq sahəsi - 1200m2 dən ibarət olan yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması qərara alınmışdır; - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, ev 120N saylı bağ evi və altındakı 0,12 ha torpaq sahəsinə X10 hüquqları xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; -Həmin bağ evi və altındakı torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirilmiş (xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına, daha sonra xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X1 adına, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına), hazırda bağ evi və altındakı 0,12 ha torpaq sahəsi üzərində X8 xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı mövcuddur. -Eyni zamanda arxiv qovluğunda olan sənədlərə əsasən, Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarına əsasən 120n nömrəli orderlə X7 204 №-li BTK nəzdində sahəsi 0,12 ha olan 120 N nömrəli bağ sahəsi ayrılmışdır. X9 tərəfindən Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış müraciətdə Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318 №-li qərarına əsasən ona məxsus olan Köçəri bağlar sahəsində 204 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsinin tikintisi ilə birlikdə 120n saylı bağ sahəsini İddiaçı adına keçirilməsini xahiş etmişdir. -X9 tərəfindən Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış müraciətdə Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarına əsasən ona məxsus olan Köçəri bağlar sahəsində 204 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsinin tikintisi ilə birlikdə 120n saylı bağ sahəsini İddiaçı adına keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar, məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən bildirilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 3/318 №-li qərarı 14 (on dörd) vərəq olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Qərarın vətəndaş X7 bağ sahəsi verilməsi barədə müvafiq hissəsi məhkəməyə təqdim olunmuşdur. Qərarın 2.3.100-cü bəndinə əsasən, 204 №-li BTK nəzdində X7 torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən bildirilmişdir ki, bağ sahələrinin ayrılması, addan-ada keçirilməsi, bölünməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1256 nömrəli qərarına əsasən X13 Mərdəkan BTK № 204 nəzdində 120n saylı bağ sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış yerində müayinə nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının göstəriyi sahə sxematik xəritəyə əsasən 120 b və 120 q saylı bağ sahələrinin ərazisidir və üzərində tikili mövcuddur. 120 n saylı bağ sahəsi X8 faktiki sahibliyində və istifadəsində olmaqla torpaq sahəsində bağ evi mövcuddur. İşdən müəyyən olunur ki, Mərdəkan bağ massivində 204 №-li BTK nəzdindəki 120n saylı bağ sahəsinə dair üç order mövcud olmuşdur: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1256 nömrəli qərarına əsasən X13; - Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarına əsasən 120n nömrəli orderlə X7; - Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 №-lı sərəncamı ilə İddiaçı; Arxiv qovluğunda X4 qeyd edilən 120n saylı bağ sahəsindən İddiaçı xeyrinə imtinası mövcuddur. Həmçinin, işdən göründüyü kimi Mərdəkan bağ massivində 204 №-li BTK nəzdindəki 120n saylı bağ sahəsinə mülkiyyət hüququ faktiki və hüquqi olaraq vaxtilə X18 tərəfindən qanuni əqdlər əsasında bir neçə dəfə ötürülmüş və hazırda X8 mülkiyyətində olmaqla sonuncu tərəfindən faktiki sahiblik həyata keçirilir. İddiaçının iddia etdiyi torpaq sahəsi Mərdəkan bağ massivində 204 №-li BTK nəzdindəki 120n saylı bağ sahəsi olsa da, iş materiallarına (eləcə də yerində müayinəyə) əsasən müəyyən edilmişdir ki, həmin sahə faktiki olaraq 120n saylı bağ sahəsi ilə qonşu olan 120 b və 120 q saylı bağların ərazisidir. Mərdəkan bağ massivində 204 №-li BTK nəzdindəki 120 b və 120 q nömrəli bağlara dair isə digər üçüncü şəxslərə məxsus (X12 və X9) orderlər mövcuddur. 204 №-li BTK nəzdindəki 120 b və 120 q nömrəli bağların ərazisinə uyğun gələn sahə üzərində sahibliyin kimin tərəfindən həyata keçirilməsi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş X7 aid olduğu bildirilən 120 q saylı bağ sahəsinə dair orderdə də Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarına istinad edilir. İş materiallarında olan Bakı şəhər XDS İK-nin həmin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarında X7 204 №-li BTK nəzdində hansı bağ sahəsinin ayrılması göstərilməmişdir. Lakin həmin qərara istinadən hər birinin sahəsi 0,12 ha olmaqla 120 N və 120 Q saylı bağ sahələrinə dair orderlərin verildiyi iddia olunur. Məlumdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 №-li qərarına əsasən vətəndaşlara ayrılan bağ sahələrinin ölçüsü 0,12 ha-dan çox olmamalı idi. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 140.1-ci maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qanunvericiliyin tələblərinə və işin hallarına əsasən yoxlayıb qiymət verərək hesab edir ki, Mərdəkan bağ massivində 204 №-li BTK nəzdindəki 120n saylı bağ sahəsi nəinki iddiaçının qanuni istifadəsində deyil, həmin bağ sahəsinə mülkiyyət hüququ ilkin olaraq X10 adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış (Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli qərarı əsasında) və daha sonra digər şəxslərin adına özgəninkiləşdirilmişdir (X6, X3) və hazırda bağ evinin altındakı torpaq sahəsi ilə birlikdə mülkiyyətçisi X17 olmaqla sonuncu tərəfindən faktiki sahiblik həyata keçirilir. Reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, qanunverici vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və Mərdəkan qəsəbəsindəki 204 BTK nəzdindəki 120n saylı bağ sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsində olmadığından iddiaçının Mərdəkan qəsəbəsindəki 204 BTK nəzdindəki həmin 120n saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınmasına qanuni gözləntisi yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1626/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar