Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1228/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “məktubun qanunsuz hesab edilməsi və s.” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərbəst toplaşmaq azadlığını pozan cavabdehin iddiaçılara ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində (üzü Bakıxanov küçəsi istiqamətinə düşən yolun sağ tərəfində) piyadaların keçidi üçün səki zəbt olunaraq təcili sürətdə əlavə artırma aparılır. Bu səbəbdən Bakı Şəhər İcra Hakimiyyətinə Nəsimi Rayon İcra Hakimiyyətinin qarşısında piket keçirilməsi üçün müraciət etmişlər. Müraciət xx.xx.2023-cü tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmışdır. Müraciətdə piketdə 20 nəfərin iştirak edəcəyi, piketin 25 oktyabr saat 12:00-da Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin qarşısında keçiriləcəyi qeyd edilmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti 19 oktyabr 2023-cü il tarixdə həmin ərazinin sıx yol hərəkətinə yaxın olmasını və həmin yerdə piketin keçirilməsinin digər insanların sərbəst hərəkətində çətinliklər yaranmasını qeyd edib məqsədəuyğun hesab etməmişdir. Həmin cavab-hərəkət qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmiş, birinci instansiya məhkəməsinin əsassız olaraq iddianı mümkün hesab etməməsi qeyd edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçılar Azərbaycan Respublikası Konstitutsiyasının 49cu maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Nəsimi rayon İcra Hakimiyyətinin qarşısında piket kecirilməsi barədə müraciət etmişlər. Cavabdeh Bakı şəhər İcra hakimiyyəti 3-52/2-1-516- 003/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müracitə cavab olaraq bildirmişdir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab edilmir. Bundan sonra iddiacılar Bakı şəhər İcra Hakimiyyətinə qarşı “məktubun qanunsuz hesab edilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. İddianın mümkün sayılmamasına dair nəticə onunla əsaslandırılmışdır ki, “....iddiaçıların hazırkı müraciəti ilə əlaqədar, qeyd edilmiş ərazinin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olması, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olması ilə bağlı cavabdeh İcra Hakimiyyəti mübahisələndirilən məktubunda yalnız öz mövqeyini bildirmişdir. Göründüyü kimi, iddiaçıların mübahisələndirdikləri sənəd (cavabdeh İcra Hakimiyyətinin məktubu) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsuzdur.” Kollegiya aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublİkasının Qanununun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; ictimai asayişin pozulmasının qarşısını almaq üçün; iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; əhalinin sağlamlığının mühafizəsi üçün; əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-ci maddəsinin 1-ci hissəsinə və 10-cü maddələrinə əsasən, dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının təhlili onu göstərir ki, sərbəst toplaşmaq azadlığının həyata kecirilməsi ilə bağlı toplantılara həm icazənin verilməsi, həm də məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilən əsaslar mövcud olduqda icra hakimiyyəti orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. İddia ərizəsinin məzmunundan və işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir qərar qəbul edilməmişdir. Göründüyü kimi iddiaçılar öz məqsədlərinə catmaq üçün cavabdeh inzibati orqana qarşı inzibati akt qəbul edilməsi ilə bağlı məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etməli olduqları halda, yanlış iddia növündə-öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət etmişlər. İnzibati aktın qəbul edilməsi ilə bağlı məcburetmə haqqında iddianın qaldırılması üçün isə ərizə ilə inzibati orqana müraciət edilməli, inzibati orqan ərizəni rədd etdikdən sonra maraqlı şəxsin məhkəməyə müraciət hüququ yaranır. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddia ərizəsi elektron poçt vasitəsilə, “Elektron ünvan ” ünvanından daxil olmuşdur. Halbuki, iddia ərizəsi və digər sənədlər elektron formada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə məhkəməyə təqdim edilməlidir.” Bundan əlavə, iş materiallarından görünür ki, cavabeh piketin kecirilməsi ücün yer ayrılmasından imtina etməmiş, qeyd edilmiş ərazinin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olması, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaradacağını iddiaçılara bildirmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Kollegiya eyni zamanda iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıların apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1228/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1228/2024
12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver