Məhkəmə qərarları › İş №2-1(103)-1228/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1228/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1228/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasını Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X5 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7060/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının hazrıkı tələbin ədari müraciətinə baxılaraq təmin edilməsindən imtina edilmişdir

2. Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 6/249 nömrəli “Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahəsinin ayrılması”na dair qərarının arxiv çıxarışından görünür ki, 81 nömrəli Ləhiş bağ-tikinti kooperativinin 34 nəfərdən ibarət üzvlər siyahısı təsdiq edilmiş və kooperativin üzvü kimi İddiaçı da bağ sahəsi ayrılmışdır.

3. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatinin inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 81 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 30 nömrəli orderin surətindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 №li qərarına əsasən Ləhiş bağlar massivində 81 №li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 2682 nömrəli bağ sahəsi ayrılmışdır.

4. Müvafiq sorğu əsasında cavabdeh qeydiyyat orqanı tərəfindən həm 81 nömrəli BTK-nın, həm də iddiaçının mülkiyyətində olan 2682A saylı bağ sahəsinin arxiv əsaslarında olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş:.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 2682a saylı bağ sahəsi, xx.xx.2014-cü ildə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır.

6. 81 nömrəli BTK tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 30 nömrəli orderin surətindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 №li qərarına əsasən Ləhiş bağlar massivində 81 №li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 2682a nömrəli bağ sahəsi ayrılmışdır.

7. 81 nömrəli BTK üzvlərinin siyahısından görünür ki, İddiaçı adı 30-cü sırada göstərilmişdir.

8. 81 nömrəli BTK-nın Ləhiş bağlar massivində yerləşən bağların bölgü sxemində 2682 və 2682 a saylı bağ sahələrinin mövcud olduğu görünür.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 81 nömrəli X1 üzvü kimi xx.xx.1989-cu il tarixli order əsasında ona verilmiş ümumi sahəsi 0.12 ha olan 2682 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində Bakı şəhər XDS İcraiyyə Komitəsinin (indiki BŞİH) 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarı əsasında 81 nömrəli X3 tərəfindən verilmiş 0.12 ha 2682 nömrəli bağ sahəsi iddiaçıya məxsusdur. 2682 nömrəli bağ sahəsi 81 nömrəli X1 xx.xx.1989-cu il tarixli orderi əsasında ona verilmişdir. Həmin vaxtdan başlayaraq qeyd edilən torpaq sahəsi onun faktiki olaraq sahibliyindədir. Torpaq sahəsində ev tikmiş və bağ kimi istifadə edir. Həmin bağ sahəsinə dair çıxarış almaq üçün cavabdehə müraciət etmiş, bununla əlaqədar orderin surətini və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından Bakı şəhər XDS İK-nin (indiki BŞİH) 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarının təsdiq edilmiş ksero surətini cavabdehə təqdim etmiş, lakin torpaq sahəsi üzərində iddiaçınn hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə cavab verilmişdir. İddiaçı cavabdehin uzun illər faktiki olaraq onun istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsindən imtina etməsini qanunsuz və əsassız hesab edir.

11. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən təqdim edilmiş 6/249 nömrəli, xx.xx.1989-cu il tarixli sərəncama istinadən verilmiş 30 nömrəli order əsasında 81 nömrəli X3 nəzdində İddiaçı adına 2682A saylı torpaq sahəsi **********12 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.1989-cu il tarixli, 30 nömrəli orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7060/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 6/249 saylı qərarına uyğun olaraq 81 №li BTK tərəfindən tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 30 nömrəli order üzrə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 2682 saylı 0,12 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7060/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 25. Bərabərlik hüququ V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

32. İş materiallarından göründüyü kimi, iddiaçının hüquqi marağı faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 81 nömrəli X1 üzvü kimi xx.xx.1989-cu il tarixli order əsasında ona verilmiş ümumi sahəsi 0.12 ha olan 2682 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-cimaddələrinin tələblərindən göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

34. İddiaçı tələbinin faktiki əsası kimi, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatinin inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 81 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 30 nömrəli orderi çıxış edir ki, bu order əsasında İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 №li qərarına əsasən Ləhiş bağlar massivində 81 №li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 2682 nömrəli bağ sahəsi ayrılmışdır.

35. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.

36. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusu əsasında cavabdeh qeydiyyat orqanı tərəfindən həm 81 nömrəli BTK-nın, həm də iddiaçının mülkiyyətində olan 2682A saylı bağ sahəsinin arxiv əsaslarında olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 2682a saylı bağ sahəsi, xx.xx.2014-cü ildə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır. - 81 nömrəli BTK tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 30 nömrəli orderin surətindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 №li qərarına əsasən Ləhiş bağlar massivində 81 №li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 2682a nömrəli bağ sahəsi ayrılmışdır. 81 nömrəli BTK üzvlərinin siyahısından görünür ki, İddiaçı adı 30cü sırada göstərilmişdir. - 81 nömrəli BTK-nın Ləhiş bağlar massivində yerləşən bağların bölgü sxemində 2682 və 2682 a saylı bağ sahələrinin mövcud olduğu görünür.

37. Həmçinin, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, idarənin arxiv məlumatlarına əsasən təqdim edilmiş 6/249 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına istinadən verilmiş 30 nömrəli order əsasında 81 nömrəli X3 nəzdində İddiaçı adına 2682A saylı torpaq sahəsi **********12 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.1989-cu il tarixli, 30 nömrəli orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, orderin əsli və verilməsi üçün əsas olmuş qərar mövcuddur. Həmçinin 2682 nömrəli bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdehin arxiv məlumatlarına əsasən bağların bölgü sxemində sözü gedən torpaq sahəsinin, yəni 2682 nömrəli bağ sahəsinin mövcudluğu müəyyən olunur. Eyni zamanda cavabdehin “eyni order yenidən təqdim edilərək qeydiyyatın aparılması xahiş edilir” dəlili ilə bağlı Kollegiya bildirir ki, 2682A saylı bağ sahəsinin verildiyini müəyyən edən orderdən göründüyü kimi bağ sahəsinin nömrəsi hazırkı bağ sahəsinin nömrəsindən fərqlidir, yəni hazırkı halda sözügedən bağ sahəsinin nömrəsi 2682-dir. Hansı ki, cavabdehin arxiv məlumatlarına əsasən bağların yerləşmə cizgisində (sxemi) hər iki bağ sahəsinin mövcud olduğu və iddiaçının üzvlərnin siyahısında da iddiaçının adının olduğu müəyyən olunur.

39. Göründüyü kimi, cavabdehin eyni orderi təkrar istifadə etməsi dəlili ağıda qeyd edilənlərlə də təkzib olunur. Belə ki, “2682A” saylı bağ üzrə mülkiyyət hüququnun qeydə alınmasına əsas olan orderdə “A” hərfinin sonradan orderə əlavə edilməsi texniki baxımından mümkünlüyü ağlabatan olduğu halda, “2682” saylı bağa dair orderdə qeyd edilən hal mümkün olmamaqla yanaşı (çünki konkret olaraq rəqəmlər göstərilmiş və hər hansı hərf əlavəsi olmamışdır), həmin orderin əslindən də görünür ki, hər hansı düzəliş və ya əlavə edilməmiş, həmçinin həmin orderin saxta olduğuna dair cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 6/249 saylı qərarı əsasında 81 №li BTK-dan 0,12 ha sahəsi olan 2682 saylı bağ sahəsinin iddiaçıya ayrılmasına dair xx.xx.1989-cu il tarixli, 30 nömrəli order Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, orderin verilməsi üçün əsas olmuş Bakı şəhər X6 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarının arxiv əsası mövcuddur, iddiaçının adı sözügedən BTK üzvlərinin siyahısında nəzərdə tutulmuşdur. Həmin qərar və order hazırda qüvvədədir, ləğv və ya etibarsız edilməmişdir.

41. Bundan əlavə, 2682 nömrəli bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddia olunan bağ sahəsi iddiaçının istifadəsinə qanuni əsaslarla verildiyindən, o, həmin bağ sahəsinə mülkiyyət hüququnu əldə etmişdir. Beləliklə, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə etməkdə haqlı olmuşdur.

43. Kollegiya nəzərə çatdırır ki, qərarın və ya orderin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni, order öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir.

45. Kollegiya qeyd edir ki, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir və həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

46. Cavabdehin imtina dəlillərinin əsassız olması nəticəsində iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.

48. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7060/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7060/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar