Məhkəmə qərarları › İş №2-1(103)-1229/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1229/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1229/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-5611/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Xüsusi Şərtlərlə Təyinat İdarəsinə) qarşı “20 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 15.09.1982-ci ildə Bakı şəhərindəki Azərbaycan Dəmir Yolu peşə məktəbinin refrijeratorlarda mexanik kursuna daxil olub, 09 mart 1983-cü il tarixdə oranı bitirərək refrijerator mexaniki ixtisasına yiyələnmişdir. 04.04.1983-cü il tarixdə Azərbaycan Dəmir Yolu X3 Refrijerator Qatarına mexanik işinə təyin edilmişdir. Vəzifəsi refrijerator dakı yükü keyfiyyətli saxlamaqdan ibarət olmuşdur. Həm də qatar hərəkətdə olarkən yüksək gərginlik (10.000 volt) altında işləyirdik, eləcə də firion qazı zəhərləyici olduğundan, həmin işi görən mexanik vəzifəsi güzəştli şərtlərlə iş qrupuna aiddir. 27.08.1985-ci il tarixdə iddiaçı öz xahişi ilə işdən azad edilmişdir. 27.09.1985-ci il tarixdən 07.02.1986-cı il tarixə kimi Şamxor rayon “Lenin” adına sovxozda avtoçilingər, 03.03.1986-cı il tarixdən 05.05.1986-cı il tarixə kimi Azərbaycan Dəmir Yolu X3 Refrijerator Qatarında mexanik, 05.05.1986-cı il tarixdən 01.01.1991-ci il tarixə kimi baş mexanik vəzifəsində, 14.03.1991-ci il tarixdən 28.02.2018-ci il tarixə kimi böyük mexanik, 28.02.2018-ci il tarixdən 27.09.2018-ci il tarixə kimi X6 Refrijerator Seksiyasının rəhbər mexaniki, 12.10.2018-ci il tarixdən 07.01 2019-cu il tarixə kimi "xxxx" MMC-də X6 refrijerator seksiyasinın daxili avadanlıqlarına xidməti baxış və cari təmir sexinin refrijerator seksiyalarının rəhbər mexaniki, 07.01.2019-cu il tarixdən 01.03.2019-cu il tarixə kimi X6 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmiri sexinin böyük mexaniki, 01.03.2019-cu il tarixdən 24.07.2019-cu il tarixə kimi "xxxx" MMC-də X6 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmir sexinin seksiyalarının rəhbər mexaniki işləmişdir. 24.07.2019-cu il tarixdən hal hazıra kimi "xxxx" MMC-də struktur dəyişikliləri və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar X6 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidmət baxışı və cari təmir sexinin refrijerator seksiyalarının rəhbər mexaniki işləyir. İddiaçının 40 ilə yaxın əmək stajı var. Bundan 36 il, 2 ayını güzəştli şərtlər qrupuna aid olan işdə işləmişdir. İddiaçı 57 yaşından tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla biləcəyini bildirilmişdir. Cavabdeh orqanın imtinasını qanunsuz hesab edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-5611/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-5611/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. O, 09 may 1980-ci ildən 21 may 1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. iddiaçı 15.09.1982-ci il tarixdən 09 mart 1983-cü il tarixədək Bakı şəhərindəki Azərbaycan Dəmir Yolu peşə məktəbində təhsil almışdır. 04.04.1983-cü il tarixdən 27.08.1985-ci il tarixədək Azərbaycan Dəmir Yolu X3 Refrijerator Qatarına mexanik, 27.09.1985-ci il tarixdən 07.02.1986-cı il tarixə kimi Şamxor rayon “Lenin” adına sovxozda avtoçilingər, 03.03.1986-cı il tarixdən 05.05.1986-cı il tarixə kimi Azərbaycan Dəmir Yolu X3 Refrijerator Qatarında mexanik, 05.05.1986-cı il tarixdən 01.01.1991-ci il tarixə kimi baş mexanik vəzifəsində, 14.03.1991-ci il tarixdən 28.02.2018-ci il tarixə kimi böyük mexanik, 28.02.2018-ci il tarixdən 27.09.2018-ci il tarixə kimi X6 Refrijerator Seksiyasının rəhbər mexaniki, 12.10.2018-ci il tarixdən 07.01 2019-cu il tarixə kimi "xxxx" MMC-də X6 Refrijerator Seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmir sexinin refrijerator seksiyalarının rəhbər mexaniki, 07.01.2019-cu il tarixdən 01.03.2019-cu il tarixə kimi X6 refrijerator seksiyasının daxili avadanlıqlarına xidmət baxışı və cari təmiri sexinin böyük mexaniki, 01.03.2019-cu il tarixdən 24.07.2019-cu il tarixə kimi "xxxx" MMC-də X6 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmir sexinin seksiyalarının rəhbər mexaniki işləmişdir. 24.07.2019- cu il tarixdən hal hazıra kimi "xxxx" MMC-də struktur dəyişikliləri və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar X6 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmir sexinin refrijerator seksiyalarının böyük mexaniki işləyir. "xxxx" MMC-nin 12.03.2020-ci il tarixli ASER003-20 saylı arayışından görünür ki, İddiaçı, həqiqətən, 07.01.2019-cu il tarixdən 01.03.2019- cu il tarixinədək "Azərbaycan Dəmir Yollan” QSC-nin törəmə şirkəti olan "xxxx" MMC-də X6nun Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Böyük mexaniki vəzifəsində çalışmışdır. "xxxx" MMC-nin 12.03.2020-ci il tarixli AEXP0262-20 saylı arayışına əsasən, İddiaçı, həqiqətən, "xxxx" QSC-nin törəmə şirkəti olan "xxxx" MMC-də 12.10.2018-ci il tarixdən 07.01 2019-cu il tarixə kimi "xxxx" MMC-də X6 Refrijerator Seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmir sexinin refrijerator seksiyalarının rəhbər mexaniki, 01.03.2019-cu il tarixdən 24.07.2019-cu il tarixə kimi "xxxx" MMC-də X6 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmir sexinin seksiyalarının rəhbər mexaniki işləmişdir. 24.07.2019-cu il tarixdən hal-hazıra kimi X6 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmir sexinin refrijerator seksiyalarının böyük mexaniki peşəsində işləyir. "xxxx" MMC-nin X6nun 13.03.2020-ci il tarixli 10 saylı arayışından görünür ki, İddiaçı 04.04.1983-cü il tarixdən 27.08.1985- ci il tarixədək refrijerator qatarının mexaniki, 03.03.1986-cı il tarixdən 05.05.1986-cı il tarixə kimi refrijerator seksiyasının mexaniki, 05.05.1986-cı il tarixdən 01.01.1991-ci il tarixə kimi refrijerator seksiyasının rəisi vəzifəsində, 14.03.1991-ci il tarixdən 28.02.2018-ci il tarixə kimi refrijerator seksiyasının (rəhbər) mexaniki, 28.02.2018-ci il tarixdən 27.09.2018-ci il tarixə kimi refrijerator seksiyasının (rəhbər) mexaniki,peşəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 20.02.2020-ci il tarixli, **********3 və 06.07.2020-ci il tarixli, **********2 nömrəli məktubları ilə cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajım təsdiq edən sənədiər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir; güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericiliyə görə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyın edilməsi üçün «Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi 01.01.2006-ci il tarixinə 25 il ümumi iş stajı, 12 il 06 ay əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi ilə bağlı staj olmalıdır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşədə (refrijerator qatarların (seksiyaların) mexanikləri 23001000—23598 ) iş stajı 22 ildən artıq olmasına baxmayaraq, ümumi iş stajı (24 il 04 ay 03 gün) 25 ildən az təşkil olunması müəyyən olunmuşdur. Belə olan halda iddiaçının 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-5611/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar