Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1229/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9361/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 64 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən, yəni 64 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil aldığı müddət və hərbi xidmət illəri nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının az olması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9361/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9361/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işləməsi iş materiallarına əsasən sübuta yetirilmir. Belə olan halda onun mübahisəsiz sığorta stajı il 24 il 01 ay 25 gün təşkil edir. Bu isə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajı üçün kifayət etmir. Həmçinin, iddiaçının pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 18352.94 pensiya kapitalı tələb olunan 23.040 manatdan azdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçalarına əsasən, O, xx.xx.1974cü il tarixdən xx.xx.1974-cü il tarixədək Azərbaycan Su problemləri ETİ-də laborant (02 ay 14 gün), xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək tikinti ustası, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Az.SSR DİN Tikinti Trestinin Sənaye kombinatında nəzarətçi-qəbuledici (11 ay 07 gün) peşələrində işləmişdir. İddiaçı xx.xx.1978-ci il tarixdən Azçörək 2 saylı Çörək zavoduna yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə təhvil-təslimçi işinə keçirilmiş və xx.xx.1979-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (09 ay 21 gün). O, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək zavod tikinti trestində dülgərbetonçu (03 ay 27 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək yükləyici (01 il 04 ay 23 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR MənzilKommunal İdarəsində Şaumyan adına DİN-nə yardımçı fəhlə (05 ay 27 gün) peşələrində işləmişdir. İddiaçı -xx.xx.1983-cü il tarixdən 26 Bakı komissarları rayonunun Meyvə-Tərəvəz Ticarət Kontoruna 5 saylı mağazaya kiçik satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə 4 saylı mağazaya eyni vəzifəyə keçirilmiş və xx.xx.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1990-ci il tarixədək Kirov rayonu İctimai iaşə müəssisələri Birliyində İctimai iaşə bazası yanında 15 saylı yeməkxanaya qaynar içkiləri hazırlayan (02 il 01 ay 2 gün) peşəsində çalışmışdır. xx.xx.1990-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Az.SSR Ticarət Nazirliyinin nəqliyyatekspedisiya yükləmə-boşaltma müəssisəsində Kirov rayonu İctimai iaşə müəssisəsindəki qaynar içkiləri hazırlayan işindən köçürmə qaydasında müəssisənin yeməkxanasına keçirilmiş və xx.xx.1991- ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (01 il 10 gün). xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Ticarət Nazirliyinin PAEB yanında "xxxx" kiçik müəssisəsinin yeməkxana-mağazaçayçısında fəhlə (06 il 04 ay 20 gün), xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azərneftmaş” İBnin təmir inşaat sahəsində usta vəzifəsində işləmişdir (04 il 05 ay 20 gün). Eyni zamanda iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı 1970-ci ildən 03 iyul 1974-cü il tarixədək Bakı Politexnikumunda “Hidromeliorasiya” ixtisası üzrə təhsil almışdır. Həmçinin iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-ci il tarixədək hərbi xidmətdən keçmişdir. Birinci instansiya məhkəməsi işin hallarına "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 7, 23.2, 32.1-1-ci maddələrini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1, 3.2.1-ci bəndlərini, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndini, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndini, 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndini, iddiaçının hərbi xidmət keçdiyi dövrdə qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndini, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndini, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndini, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2- 159/18 nömrəli icmal məktubunu, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 1 iyul 2018 - 30 iyun 2019-cu il tarixlərdə kişilərin pensiya yaşı 64 il olaraq müyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-ci il tarixdə doğulması və xx.xx.2019-cu ildə, yəni 64 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçıya əmək pensiyasının təyin olunması üçün ən azı 25 il sığorta stajına malik olması şərtinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işləməsi iş materiallarına əsasən sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrdür. Baxılan iş üzrə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün "xxxx" kiçik müəssisəsi ilə bağlı arxiv sənədlərinin olmaması və əmək haqqı cədvəllərinin aşkar olunmadığından sığorta stajına daxil edilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Belə ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Eyni zamanda qeyd olunmalıdır ki, qeyd olunan məsələ ilə bağlı birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş, "xxxx" Kiçik Müəssisəsinin fəaliyyət göstərib-göstərməməsi, fəaliyyət göstərmişdirsə hansı tarixdən fəaliyyət göstərməsi barədə məlumatın, o cümlədən özəlləşdirilməsinin həyata keçirilib-keçirilməməsi, ləğv edilib-edilməməsi, hüquqi varisinin mövcud olub-olmaması, eyni zamanda əmək kitabçasında iddiaçının mübahisələndirilən dövrdə əmək fəaliyyətini həyata keçirdiyi qeyd edilən "xxxx" kiçik müəssisəsinin əmək kitabçasında əks edilmiş möhürünə əsasən hansı VÖEN-də, nə vaxtdan vergi uçotuna alınaraq fəaliyyət göstərməsi barədə məlumatın təqdim olunması xahiş olunmuşdur. Məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: -dövlət reyestrində "xxxx" kiçik müəssisəsinin xx.xx.1994-cü il tarixdə 18354 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının Xırdalan qəsəbəsi, 27-ci məhəllə, H.Aslanov küçəsi olması barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində mövcuddur. -"xxxx" kiçik müəssisəsinin mövcud olub-olmaması, özəlləşdirilməsinin həyata keçirilib-keçirilməməsi, ləğv edilib-edilməməsi, hüquqi varisinin mövcud olub-olmaması barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olmamış, həmçinin həmin müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin "xxxx" kiçik müəssisəsinin mövcudluğu ilə bağlı irəli sürdüyü mülahizələr bir mənalı olaraq təkzib olunmuşdur. Belə ki, məhkəmə tərəfindən həmin müəssisəsinin mövcudluğu ilə bağlı aidiyyəti üzrə bütün qurumlara sorğu verilmiş və son olaraq iddiaçının əmək kitabçasında əks olunan möhürə əsasən "xxxx" kiçik müəssisəsinin mövcudluğu ilə bağlı məlumat əldə olunmuşdur. Lakin, burada mühim olan arqument - iddiaçının həmin müəssisəsində işlədiyi illərin hansı dövrü əhatə etməsidir. Belə ki, Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arxiv çıxarışından müəyyən olunmuşdur ki, "xxxx" kiçik müəssisəsinin 1992-ci ilə dair əmr kitabına əsasən vət. İddiaçı xx.xx.1992-ci il tarixli, 28-K saylı əmri ilə xx.xx.1992ci il tarixdən yeməkxana işçisi kimi işə qəbul olunmuş və 1992-ci ilə dair hesabat cədvəllərinə görə əmək haqqı almış, lakin 1991-ci ilə dair arxiv sənədlərində İddiaçı barəsində hər hansı bir məlum aşkar olunmamışdır. Buna münasibətdə məhkəmə tərəfindən əmək kitabçasında və arxiv çıxarışında olan məlumatlara dair aparılmış təhlil nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı 28-K saylı əmri ilə "xxxx" kiçik müəssisəsində yeməkxana işçisi kimi işə qəbul olunmuş, lakin əmək kitabçasında əmrin tarixi xx.xx.1991, arxiv çıxarışında isə xx.xx.1992-ci il tarixi kimi göstərilmişdir. Göründüyü kimi, iddiaçının "xxxx" Kiçik Müəssisəsinə işə qəbul olunması ilə bağlı məlumatlarda ziddiyyətli məqamlar olmuşdur. Məhkəmə öz daxili inamına əsaslanaraq hesab edir ki, hər nə qədər də əmək kitabçasında əmrin tarixi xx.xx.1991-ci il göstərilsə də, iddiaçının "xxxx" Kiçik Müəssisəsinə əmək kitabçasında göstərildiyi (xx.xx.1991 göstərilmiş) vəzifə üzrə xx.xx.1992-ci il tarixdə işə qəbul olunması və həmin ildə əmək haqqı alması barədə məlumat mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının "xxxx" Kiçik Müəssisəsində fəaliyyət göstərdiyi dövr də xx.xx.1992 - xx.xx.1997-ci illəri əhatə edir. Eləcə də qeyd olunmalıdır ki, oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı təhsil müddəti, hərbi xidmətdə olduğu müddət, eləcə də, əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2019-cu il tarixdən pensiya hüququnun yaranması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9361/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1229/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1229/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver