Məhkəmə qərarları › İş №2-1(103)-1229/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1229/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1229/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehna qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı “faktların müəyyən edilməsi” barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini, iddia tələbinin isə “Xanlar adına Kolxozda 1985-1993-cü illər, daha sonra 1993-2002-ci il tarixdə Qaraçuxur İdarəsində işlədiyi illərin, həmçinin əyani təhsil aldığı müddətin də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Son olaraq iddiaçı məhkəməyə yenidən iddia tələbinə dəqiqləşmə verərək 25 noyabr 1979 – 28 may 1985-ci il, 31 dekabr 1985 – 02 aprel 1993-cü il, 10 may 1993 – 26 yanvar 2002-ci illərin iş stajında nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin etməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçının qənaətinə görə onun 25 noyabr 1979 – 28 may 1985-ci il, 31 dekabr 1985 – 02 aprel 1993-cü il, 10 may 1993 – 26 yanvar 2002-ci tarixədək işləməsi əmək kitabçası ilə təsdiq olunduğundan, həmin dövrlər pensiyanın hesablanması zamanı nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz iddiaçıya verilən imtina məktubu ilə eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq cavabdeh inzibati orqan tərəfindən **********9 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-ci il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 8 il 8 ay olduğu halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində Kəlbəcər rayonu X3 işə daxil olma, işdən çıxma əmrləri olmadığı və möhürlə təsdiq edilmədiyi üçün (1985-1993-cü illər) sözügedən müəssisədə olan əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. xx.xx.2006-cı il tarixədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməli və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Buna baxmayaraq iddiaçı tərəfindən inzibati orqana əyani təhsil haqqında arayış təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasının surəti və "xxxx" ASC tərəfindən verilmiş arayış arasında ziddiyyət müəyyən edilmişdir. Belə ki, inzibati icraat materiallarına əlavə edilmiş arayışa əsasən iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək fasiləsiz iş stajı ilə 3-cü dərəcəli betonçu vəzifəsində çalışmışdır. Lakin təqdim edilmiş əmək kitabçasında iddaçının xx.xx.2002-ci il tarixdə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti Xüsusi Tamamla işləri idarəsi tərəfindən möhürlə təsdiqlənmiş və xx.xx.2002-ci il tarixli əmrlə 3-cü dərəcəli fəhlə qəbul edilməsi ilə bağlı qeyd aparılmışdır. Beləliklə, iddiaçının müraciətinə uyğun olaraq, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23.993,25 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (307,79 manat) dəyişiklik olmamışdır. Beləliklə, İddiaçı 1985-1993-cü illərdəki əmək fəaliyyəti dövründə əmək haqqı (aylar üzrə) alması barədə faktı təsdiqləyən mötəbər sübutların olmaması, habelə əmək kitabçası ilə arayış arasında ziddiyyətin olması səbəbindən belə nəticəyə gəlmək mümkündür ki, İddiaçı müvafiq dövrlərdə sığortaolunan kimi qeydiyyatı olmadığından müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddianın təmin edilməsi, 25 noyabr 1979 – 28 may 1985-ci il, 31 dekabr 1985 – 02 aprel 1993-cü il, 10 may 1993 – 26 yanvar 2002-ci illərin iş stajında nəzərə alınmaqla İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı əmək kitabçasında qeyd edilmiş 1985-1993-cü illər üzrə Kəlbəcər Rayon X3 işlədiyi dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə daxilolma, işdən çıxma əmrləri olmadığı və möhürlə təsdiq edilmədiyi üçün) həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan dövrləri tam araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən heç bir əsas olmadan ehtimal əsasında xx.xx.1985xx.xx.1993-cü il tarixləri sığorta stajına daxil etməklə iddianı təmin etmişdir. Belə ki, məhkəmənin mövqeyinə əsasən sözügedən dövr üzrə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək, işdən çıxarma barədə səhv və qeyri-dəqiq yazılara görə cavabdehlik məhz işəgötürənin məsuliyyətindədir. xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı işdə isə iddiaçının təqdim etdiyi əmək kitabçasında onun tərtib edildiyi xx.xx.2006-cı il tarixədək olan müddətə dair qeydləri birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələbləri nəzərə alınmaqla tədqiq etməməklə, iddiaçının əmək kitabçasında göstərilən qeydlərinin hansı sənədə istinadən yazıldığı göstərilməmişdir. Eyni zamanda, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-ci il tarixədək hərbi xidmət illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 8 il 8 ay olduğu halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxxx 1957-ci il təvəllüdlüdür. -Diplomun surətindən görünür ki, iddiaçı 1979-cu il tarixdən 28 may 1985-ci il tarixədək “zootexniya” ixtisası üzrə təhsil almışdır. -Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1985-1993-cü il tarixdə Kəlbəcər rayon X3 zoomühəndis, xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti Xüsusi Tamamlama İşləri İdarəsində, bundan sonra isə müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -"xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 10 may 1993-cü il tarixdən 17 mart 1993-cü il tarixədək 3-cü dərəcəli betonçu vəzifəsində işləmişdir. -Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş sorğuya cavab məktubundan və məktuba əlavə olunmuş əmrlərin surətindən görünür ki, İddiaçı 29 noyabr 1979-cu il tarixdən 28 may 1985-ci il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “zootexniya” ixtisasının əyani təhsil formasında təhsil almış və təhsili bitirdiyinə görə ona HB № 964260 seriyalı, 228382 qeydiyyat nömrəli adi diplom verilmişdir. -Kəlbəcər rayon Dövlət Arxivi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı 1985-1993-cü illər Kəlbəcər rayon “Xanlar” adına kolxozda işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı sənəd mövcud olmamışdır. Ona görə ki, Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatların, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv idarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2001-ci il tarixinə əmək kollektivi üzvlərinin siyahısından görünür ki, İddiaçı 10 may 1993-cü il tarixdən betonçu vəzifəsində işləmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 307,79 manat müəyyən edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək onun 29 noyabr 1979 – 28 may 1985-ci il tarixədək aldığı təhsil, 31 dekabr 1985 – 02 aprel 1993-cü il, 10 may 1993 – 26 yanvar 2002-ci illər ərzində isə işlədiyi iş stajının sığorta stajına daxil edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaçının müraciətinə imtinanı aşağıdakı hallar ilə əsaslandırmışdır: - İnzibati orqana əyani təhsil haqqında arayışın təqdim edilməməsi; - Əmək kitabçasında iddiaçının Kəlbəcər rayonu X3 işləməsi ilə bağlı işə daxilolma, işdən çıxma barədə əmrlərin olmaması və möhürlə təsdiq edilməməsi; - "xxxx" ASC tərəfindən verilmiş arayış ilə əmək kitabçasında əks olunan qeydlər arasında ziddiyyətli məqamların olması. Hazırda cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili odur ki, İddiaçı əmək kitabçasında qeyd edilmiş 1985-1993-cü illər üzrə Kəlbəcər Rayon X3 işlədiyi dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə daxilolma, işdən çıxma əmrləri olmadığı və möhürlə təsdiq edilmədiyi üçün) həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan dövrləri tam araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən heç bir əsas olmadan ehtimal əsasında xx.xx.1985-xx.xx.1993-cü il tarixləri sığorta stajına daxil etməklə iddianı təmin etmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci bəndinə əsasən, 01 iyul 2022-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş); -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. İddiaçıya 65 yaşı tamam olduğu, yəni xx.xx.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Tərəflər arasında mübahisənin yaranmasının əsası iddiaçının ümumi sığorta stajına daxil edilməyən 29 noyabr 1979 – 28 may 1985-ci il, 31 dekabr 1985 – 02 aprel 1993-cü il, 10 may 1993 – 26 yanvar 2002-ci il tarixləri əhatə edən dövrlər təşkil edir. Cavabdeh apelyasiya şikayətində iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-ci il tarixədək hərbi xidmət illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 8 il 8 ay olduğu halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alındığını qeyd etdiyi üçün məhkəmə kollegiyası göstərilən illərin sığorta stajına daxil edilməsi ilə bağlı hər bir dövrə ayrı-ayrılıqda münasibət bildirərək qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarında olan əmək kitabçasının, diplomun və sorğuya cavab məktubuna əlavə olunan əmrlərin surətindən görünür ki, İddiaçı 29 noyabr 1979-cu il tarixdən 28 may 1985-ci il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “zootexniya” ixtisasının əyani təhsil formasında təhsil almış və təhsili bitirdiyinə görə ona HB № 964260 seriyalı, 228382 qeydiyyat nömrəli diplom verilmişdir. Göründüyü kimi iddiaçının “zootexniya” ixtisası üzrə aldığı təhsilin təhsil formasının “əyani” olduğu müvafiq olaraq aidiyyəti ali təhsil müəssisəsinin arayışı və müvafiq əmrlər ilə təsdiq edilmişdir. Bu səbəbdən, iddiaçının 29 noyabr 1979-cu il tarixdən 28 may 1985-ci il tarixədək aldığı təhsil müddəti iş stajına daxil edilməlidir. Kəlbəcər rayonu Aqrar Sənayesində işlədiyi illərin (31 dekabr 1985 – 02 aprel 1993cü il) ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın müddəalarınına istinad edir. Belə ki, hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının əmək kitabçasından görünür ki, o, 1985 – 1993-cü illərdə Kəlbəcər rayon X3 zoomühəndis üzrə əmək fəaliyyətini icra etmişdir. Cavabdeh inzibati orqanın istinadlarına görə iddiaçının Kəlbəcər rayon X3 işlədiyi zoomühəndis üzrə əmək fəaliyyətini əks etdirən əmrlərin (işə daxilolma və işdən çıxma) tarixləri və nömrələri əks olunmadığından, həmin dövrün sığorta stajına daxil edilməsini istisna edir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmır və bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın müddəaları ilə əsaslandırır. Belə ki, həmin Qaydaların: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndinə əsasən müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Beləliklə, qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək, işdən çıxma barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır. Başqa sözlə desək iddiaçının əmək kitabçasında işə daxilolma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələrin olmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Birinci instansiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq müvafiq araşdırma aparmış, lakin iddiaçının Kəlbəcər rayon X3 işlədiyi müddət ilə bağlı məlumat (sənədlərin işğal zonasında qalması əsası ilə) əldə edə bilməmişdir. İddiaçının işlədiyi Kəlbəcər rayon X5 ilə bağlı arxiv sənədlərinin olmaması və əmək haqqı cədvəllərinin aşkar olunmaması (işğal zonasında qalması) iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Hazırki işdən də göründüyü kimi iddiaçının sığorta stajına daxil edilməsini tələb etdiyi illər xx.xx.2006-cı il tarixədək olan dövrü əhatə etdiyindən və həmin dövr əmək kitabçasında əks olunduğundan, həmin dövr sığorta stajına daxil edilməlidir. Daxil edilməli müddətə münasibətdə isə qeyd edilir ki, iddiaçının tələbi üzrə daxil olunmalı müddət 31 dekabr 1985 – 02 aprel 1993-cü il tarixləri əhadə edir. Çünki, iddiaçının işlədiyi illər ilə bağlı müddət konkret müəyyən olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının işə daxil olduğu ilin son gününü iddiaçının dəqiqləşmə barədə ərizəsinə uyğun olaraq və Kəlbəcər rayonunun Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi tarixədək olan müddəti iddiaçının sığorta stajına daxil edir. "xxxx" ASC-də işlədiyi illərlə (10 may 1993 – 26 yanvar 2002-ci il) bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının həmin dövrdə işlədiyi müddəti sığorta stajına daxil etmir və bu halı onunla əsaslandırır ki, "xxxx" ASC tərəfindən verilmiş arayış ilə əmək kitabçasında əks olunan qeydlər arasında ziddiyyətli məqamlar mövcuddur. Bununla bağlı qeyd olunmalıdır ki, həqiqətən də iddiaçının "xxxx" ASC-də işlədiyi müddət əmək kitabçasında əks olunmamışdır. Lakin həmin müddətin əmək kitabçasında əks olunmaması vəziyyəti iddiaçının ziyanına dəyişmir. "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 10 may 1993-cü il tarixdən 17 mart 1993- cü il tarixədək 3-cü dərəcəli betonçu vəzifəsində işləmişdir. Göründüyü kimi müəssisənin özü də iddiaçının həmin dövrdə betonçu vəzifəsində işlədiyini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti orqanlara sorğular ünvanlanmış və aparmış olduğu araşdırma nəticəsində iddiaçının həqiqətən də 10 may 1993-cü il tarixdən etibarən "xxxx"da betonçu vəzifəsində işlədiyini müəyyən etmişdir. Bu hal, yəni iddiaçının həmin dövrdə işləməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2001-ci il tarixinə əmək kollektivi üzvlərinin siyahısında öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının "xxxx" ASC-də işləməsini təsdiq edən dəlillər mövcud olduğundan, həmin müddət sığorta stajına daxil edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı 10 may 1993-cü il tarixdən etibarən "xxxx"da betonçu vəzifəsində işləsə də, o, 26 yanvar 2002-ci il tarixdə başqa vəzifəyə keçirilmişdir ki, bu da onun sığorta stajına daxil edilməli müddətin xx.xx.1993-xx.xx.2002-ci il dövrləri əhatə etdiyini göstərir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının "xxxx" ASC-də xx.xx.1993xx.xx.2002-ci il dövrü əhatə edən müddət onun sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7376/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar