Məhkəmə qərarları › İş №2-1(103)-123/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-123/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-123/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili İddiaçı2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “səhv ödənilmiş vəsaitin geri qaytarılması barədə müvafiq rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-688/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə səhv ödənilmiş 21578 manatın və həmin məbləğin 566 gün üçün 0,1 faizi miqdarında - 12213,15 manatın, cəmi 33791,15 manatın iddiaçıya qaytarılması vəzifəsinin qoyulması və həmin pul vəsaitinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək VÖEN-in səhv göstərilməsi nəticəsində səhv ödənilmiş 21578 manatın ona geri qaytarılması ilə bağlı müvafiq rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı X4 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək VÖEN-in səhv göstərilməsi nəticəsində səhv ödənilmiş 21578 manatın və həmin məbləğin 830 gün üçün 0,1 faizi miqdarında – 17909,74 manatın, cəmi 39487,74 manatın iddiaçıya geri qaytarılması ilə bağlı müvafiq rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, 25.06.2018-ci il tarixli ödəniş tapşırığında səhvən S Steel Company MMC-nin **********1 VÖEN-i əvəzinə öz ********* VÖEN-in yazılmışdır. VÖEN **********1 göstərilmək əvəzinə öz VÖEN-ni (**********) səhvən göstərməyi nəticəsində "xxxx" MMC-nin depozit hesabına ödəniş olunmamış, 21.578 manat məbləğ onun öz şəxsi hesab vərəqəsinə düşmüşdür. Buna görə də 05 iyul, 07 avqust 2018-ci il tarixlərdə cavabdehə və 27 iyul 2018-ci il tarixdə "xxxx" ASC-yə müraciət edərək "xxxx" MMC-nin VÖEN-i əvəzinə özünün VÖEN-nin yazılması səbəbindən VÖEN **********1 üzrə ƏDV depaziti ödənilməli idi, lakin səhvən öz VÖEN-i yazıldığı üçün səhv köçürülüb, nəticədə şəxsi hesab vərəqinə düşüb. Faktiki olaraq o, ƏDV ödəyicisi deyildir. 21.578 manat məbləğin onun şəxsi hesabından silinib "xxxx" MMC-nin depozit hesabına köçürülməsini və ya öz bank hesabına geri qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh əsassız bəhanələrlə səhvən ödənilmiş 21.578 manati geri qaytarmaqdan boyun qaçırır, səhvən ödənilmiş məbləği artıq ödəmə hesab edir. Cavabdehin geri qaytarmadığı məbləğ artıq ödənilmiş vergi olsaydı belə həmin məbləğ geri qaytarılmalı idi. Bununla bağlı 21 oktyabr 2019-cu il və 05 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmişdir. Maliyyə Nazirliyi 13 dekabr 2019-cu il tarixli, 03/05-01-686- 6881 saylı məktubla bildirmişdir ki, vergi orqanının müvafiq rəyi təqdim edildikdən sonra büdcəyə artıq ödənilmiş vəsaitin dövlət büdcəsindən geri qaytarılması qanunvericiliyin tələblərinə uyğun olaraq təmin ediləcəkdir. Buna görə də 21 yanvar 2020-ci il tarixli elektron formada ərizə ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi 11 fevral 2020-ci il tarixli elektron formalı məktubunda səhvən ödənilmiş pulu geri qaytarmaqdan əsassız bəhanələrlə boyun qaçırır. Məhkəmənin 05.08.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı X4 21.578 manat məbləğin qaytarılması barədə 18.06.2020-cu il tarixli, **********982400 nömrəli və 22.06.2020-ci il tarixli, **********147400 nömrəli ərizələr ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarbsinə müraciət etmişdir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, fazilərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisnə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Bu barədə vergi ödəyicişinə 29.07.2019-cu il tarixli, **********238900 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Həmin Qaydaların 3.1- ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. İddiaçının 18.06.2020-ci il tarixli, **********982400 nömrəli və 22.06.2020-ci il tarixli, **********147400 nömrəli müraciətləri 13.07.2020-ci il tarixli, **********535500 nömrəli məktubla cavablandırılaraq, qeyd olunan Qaydalarda nəzərdə tutulan ərizə forması ilə müraciət edilmədiyi səbəbindən müraciətin icrasının mümkün olmaması barədə iddiaçıya məlumat verilmişdir. Lakin ötən müddət ərzində iddiaçı X4 tərəfindən artıq ödənilmiş vergilərin qaytarılması barədə qaydalarda nəzərdə tutulmuş ərizə forması ilə Baş İdarəyə müraciət daxil olmamışdır. Eyni zamanda, yuxarıda adıçəkilən Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qeyd edilən Qaydaların 5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrıayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını, təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Maliyyə orqanları tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 gün müddətində məlumat verilir. Dövlət büdcəsinin mədaxili büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır. Yuxarıda da qeyd olunduğu kimi vergi ödəyicisi tərəfindən müvafiq ərizə forması ilə müraciət edilmədiyindən mübabisələndirilən məbləğlərın geri qaytarılması barədə rəyin verilməsinə qanunvericilik imkan verir. Yəni hazırki vəziyyətdə, iddiaçının hərəkətsizliyi nəticəsində vergi orqanı tərəfindən müvafiq qaydalarda müəyyən edimis prosedurların həyata keçirilməsi mümkün olmamışdır. Bundan əlavə vergi ödəyicisinə **********128500 nömrəli, 24.09.2020-ci il tarixli məktub göndərilməklə aparılan araşdırma zamanı Azərbaycan Respublikası İsmayıllı rayon icra Hakimiyyəti başçısının 30.06.2016cı il tarixli, 83 nömrəli sərəncamına əsasən İsmayıllı şəhərinin Heydər Əliyev prospektində 5 mərtəbəli otel binasının tikintisinə başlandığı müəyyən edilmişdir. Müvafiq dövr üzrə tərəfindən müxtəlif tikinti materiallarının əldə edilməsinə, tikinti işlərinin aparılmasına baxmayaraq, təqdim edilmiş bəyannamələrdə tiknitinin aparılması üçün işçilər işə qəbul edilməmiş, muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin tutulmaması barədə məlumat verilmişdir. Əlavə olaraq qeyd edilən məktubda Vergi Məcəlləsinin 150.1.1 və 150.1.2-ci maddələrinə əsasən muzdla işlədən fiziki şəxslərə ödəmə verən hüquqi və fiziki şəxslər, 150.1.7-ci maddəsinə əsasən isə vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergi tutmağa borclu olduqları və müvafiq dövrlər üçün müvafiq vergi bəyannamələrinin, aparılmış tikintinin layihəsinin, cəlb olunmuş işçilərin adı, aparılmış tikintiyə görə cəlb olunmuş şəxslərə ödənilmiş haqlar barədə məlumatların, müvafiq dövr üzrə aparılmış bank hesbaları barədə məlumatların, işçiyə ödənilən haqların nağd və ya nağsız qaydada ödənilməsinə dair məlumatların təsdiqedici sənədlər əlavə edilməklə vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçı X2 iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)- 688/2021 nömərli qərardadı ilə iddia tələbinin “həmin məbləğin 830 gün üçün 0,1 faizi miqdarında – 17909,74 manatın iddiaçıya geri qaytarılması ilə bağlı müvafiq rəy verilməsi vəifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-688/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, X4 tərəfindən VÖEN-in səhv göstərilməsi nəticəsində səhv ödənilmiş 21578 (iyirmi bir min beş yüz yetmiş səkkiz) manatın X3 geri qaytarılması ilə bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 6 №-li, 25.06.2018-ci il tarixli, “A” formalı ödəniş tapşırığından görünür ki, X4 tərəfindən (VÖEN **********) Bank Respublika ASC-də olan hesabından "xxxx" MMC-nin hesabına 21.528 manatın köçürülməsi üçün ödəniş tapşırığı verilmişdir. Vəsait alan S.Steel Company MMC-nin VÖEN-i kimi **********, yəni X2 VÖEN-i qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 03.08.2018-ci il tarixli, 1934 №-li məktubdan görünür ki, iddiaçının 25 iyun 2018-ci il tarixli, 06 nömrəli ödəniş tapşırığına əsasən vəsait sadələşdirilmiş vergi ödənişi kimi şəxsi vərəqəsinə yönləndirilmişdir. Təəssüf hissi ilə bildirmişlər ki, ödənilmiş vəsaitin geri qaytarılması üçün apardıqları danışıqlar heç bir nəticə verməmişdir. Tərəflərindən vəsaitin geri qaytarılması üçün Vergilər Nazirliyinin AVİS Kargüzarlıq altsistemi vasitəsi ilə göndərilən, **********145300 nömrəsi ilə qeydiyyata alınan məktub cavabsız qalmışdır. Vəsaitin geri qaytarılması üçün vergi orqanına müraciət etməyi xahiş olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 03/05- 01-686-688 №-li, 13.12.2019-cu il tarixli məktubdan görünür ki, qaldırılan məsələ ilə bağlı 21 oktyabr 2019-cu il tarixli ərizəsinə Azərbaycan Respublikası Maliyyə Naziriiyinin 28 oktyabr 2019-cu il tarixli, 03/05-01-600-5747 nömrəli məktubu ilə cavab verilmişdir. Təkrarən bildirmişlər ki, vergi orqanının müvafiq rəyi təqdim edildikdən sonra tərəflərindən büdcəyə artıq ödənilmiş vəsaitin dövlət büdcəsindən geri qaytarılması qanunvericiliyin tələblərinə uyğun olaraq təmin ediləcəkdir. İddiaçı Samayə Babayeva tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış 05.07.2018-ci il tarixli məktubdan görünür ki, tərəfindən 25.06.2018-ci il tarixli ödəniş tapşırığında səhvən "xxxx" MMC-nin VÖEN-i əvəzinə öz VÖENi yazılmışdır. VÖEN **********1 göstərilmək əvəzinə öz VÖEN-ni (**********) yazmışdır və səhvən göstərilmə nəticəsində "xxxx" MMC-nin depozit hesabına ödəniş olunmamış, məbləğ onun öz şəxsi hesab vərəqəsinə düşmüşdür. Bunu nəzərə alaraq 21.528 manat məbləğin onun şəxsi hesabından silinərək "xxxx" MMC-nin depozit hesabına köçürülməsini və ya o mümkün deyilsə öz bank hesabına geri qaytarılmasını xahiş etmişdir. İddiaçı Samayə Babayeva tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanlanmış 13.07.2018-ci il tarixli məktubdan görünür ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə məlumat formasında vergi ödəyicisi haqqında məlumatı üzrə artıq ödəmənin yaranma tarixi olaraq şəxsi hesab vərəqəsində göstərilən 28.06.2018 tarixinin əsas götürülməsini xahiş etmişdir. Yəni ərizədə göstərdiyi 25.06.2018 tarixinin 28.06.2018 olaraq düzəliş edilməsini, artıq ödəmənin yaranma tarixi olaraq nəzərə alınmasını xahiş etmişdir. İddiaçı Samayə Babayeva tərəfindən vergi orqanına ünvanlanmış 07.08.2018-ci il tarixli “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Məlumat forması”ndan görünür ki, Samayə Babayeva artıq ödəmə ilə bağlı vergi orqanına müraciət etmişdir. İddiaçı Samayə Babayeva tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 21.01.2020-ci il tarixli məktubdan görünür ki, 1 yanvar 2020-ci il tarixdən etibarən qüvvəyə minmiş Vergi Məcəlləsinə əsasən mükəlləfiyyət növündən asılı olmayaraq, vergi borcu olmayan bütün vergi ödəyiciləri tərəfindən rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər 20 gün ərzində ona geri qaytarılır. Qeyd olunanları nəzərə alaraq ƏDV ödəyicisi olmadığına baxmayaraq rekvizitlərin səhv göstərilməsi nəticəsində şəxsi hesab vərəqəyə yazılmış 21 528.00 manat artıq ödənilmiş ƏDV məbləğini 21.01.2020 tarixli **********522700 saylı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə müraciətinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21.01.2020-ci il tarixli iddiaçıya ünvanlanan artıq ödənilmiş məbləğin geri qaytarılması barədə məktubdan görünür ki, müraciətinə baxılmışdır. Bildirilir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il, 313 nömrəli “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Müraciətlə əlaqədar bildirmişlər ki, tərəfindən 03.05.2018-ci il tarixdən cari tarixədək olan dövr üzrə bank hesabları barədə məlumatlar vergi orqanına təqdim edildikdən sonra qeyd olunan məsələyə qanunvericilikdə nəzərdə tutulan qaydada baxılacaqdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqlarındadır. 24.0.4-1-ci maddəsinə əsasən vergi ödəyicisinin müraciəti əsasında hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, fаizlərə, maliyyə sanksiyalarına və inzibati cərimələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada üzləşmə aktını “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə təqdim etmək vergi orqanlarının vəzifələrindədir. 24.0.10-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifələrindədir. 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 87.5-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından və bu Məcəllənin 179-cu maddəsindən asılı olmayaraq, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda bu Məcəllənin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının: 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1.3-cü bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10-cu bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. 5.1-ci bəndinə əsasən maliyyə orqanları və sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Qaydalara 1 nömrəli əlavədə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizənin forması müəyyən edilmişdir. Həmin formaya əsasən ərizədə ərizə təqdim edilən vergi orqanının və ya gömrük orqanının adı, vergi ödəyicisinin tam adı, VÖEN-i, Bank rekvizitləri (bankın adı, müxbir hesabın nömrəsi və şəxsin bank hesabının nömrəsi), tarixinə yaranmış artıq ödəmələrin qaytarılması xahişi, artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla), artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla), artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla), cəmi (manat, rəqəmlə və sözlə), ərizəni tərtib edən şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, imza, tarix qeyd edilməlidir. 07.08.2018-ci il tarixli iddiaçı X4 tərəfindən doldurulmuş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Məlumat forması”ndan görünür ki, Samayə Babayeva tərəfindən ərizə Qaydaların 1 nömrəli əlavəsinə uyğun formada tərtib edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Samayə Babayevanın 21.01.2020-ci il tarixli müraciətinə cavab olaraq cavabdeh inzibati orqan iddiaçı tərəfindən 03.05.2018-ci il tarixdən cari tarixədək olan dövr üzrə bank hesabları barədə məlumatlar vergi orqanına təqdim edildikdən sonra qeyd olunan məsələyə qanunvericilikdə nəzərdə tutulan qaydada baxılacağını bildirmişdir ki, bu hal artıq və ya səhv ödənilmiş pul vəsaitin geri qaytarılması prosedurlarında nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-688/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar