Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1230/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər AR MN Mənzil İstismar İdarəsinə və AR Maliyyə Nazirliyinə qarşı mənzillə təmin olunma öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6007/2020 nömrəli iş üzrə 30 noyabr 2020-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Bakı şəhərində mənzillə təmin olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanı düzgün başa düşülməmiş, səhv təfsir edilməklə qərarda Fərmanın “Silahlı Qüvvələrinin” ifadəsi “Silahlı Qüvvələrində” ifadəsi kimi təhrif olunmuş formada yazılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları” ifadəsi Azərbaycanın Silahlı Qüvvələrinə məxsus olan hərbi qulluqçuları ehtiva edir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Adıçəkilən maddədən görünür ki, həmin norma ilə yalnız bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilə biləcəyi qeyd olunmuş, bir iddia ilə bir neçə cavabdehə qarşı tələblərin yönəldilməsi bu qanunda nəzərdə tutulmamış, məsələnin praktiki əhəmiyyəti birdən çox cavabdehə qarşı qaldırılmış inzibati iddialarda tələblərin xronoloji ardıcıllığı və mübahisələrin həll növbəliliyindən irəli gəlmiş, bu da öz növbəsində inzibati orqanlara yönəlmiş tələblərin dəqiqləşdirilməsini və həll edilməsini şərtləndirmişdir. İPM-in 30-cu maddəsi anlamında da birgə cavabdehliklə bağlı qanunvericiliyin tələbləri iş üzrə yerinə yetirilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İPM-in 37-ci maddəsinin tələblərini pozduğu üçün qərar cavabdeh Maliyyə Nazirliyinə münasibətdə ləğv edilməli və həmin hissədə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 35.3-cü maddəsi iddianın bütövlükdə mümkün sayılmaması barədə qəbul edilən qərardadla bağlı olduğundan, hazırkı iş üzrə də iddia bütövlükdə deyil, qismən mümkün sayılmadığından, işə mahiyyəti üzrə baxılması isə qərar formasında çıxarılan yekun məhkəmə aktı ilə yekunlaşdırıldığından, eləcə də, konkret mübahisəyə münasibətdə qərardadla müqayisədə qərar daha üstün qüvvəyə malik məhkəmə aktı olduğundan və bu baxımdan qərarın hüquqi təsir dairəsi qərardadı da əhatə etdiyindən, apellyasiya şikayətinə və ümumilikdə işə vahid məhkəmə qərarı ilə hüquqi qiymət verilə bilər. Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, AR MN Mənzil-İstismar İdarəsinin iddiaçıya ünvanlanmış 23.07.2020-ci il tarixli 2619 nömrəli məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Ordusu sıralarında xidmət illəri 20 təqvim ilindən az olduğuna görə həmin Fərman ona şamil edilmir. Hərbi qulluqçuların mənzillə və ya torpaq sahəsilə təmin olunmaq hüququ “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Odur ki, qeydiyyatda olduğu rayonun icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət edilməsi məqsədə uyğundur. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Binəqədi rayon idarəsinin 25.01.2017-ci il tarixli 18 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı 05.08.1983-ci ildən 10.07.1987-cı ilədək SSRİ SQ-də kursant, 20.08.1987-ci il tarixdən 29.08.1992-ci il tarixədək SSRİ və RF SQ-də zabit, 29.08.1992-ci il tarixdən 27.12.2010cu il tarixədək Azərbaycan Respublikası SQ-də zabit kimi həqiqi hərbi xidmət keçmişdir. ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Göründüyü kimi, Fərmanla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İşdən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi 20 təqvim ili xidmət etməsi müəyyən edilmir. Belə ki, o, 29.08.1992-ci il tarixədək Rusiya Federasiyasının silahlı qüvvələrində, 29.08.1992-ci il tarixdən 27.12.2010-cu il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, Fərmanın “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” ifadəsi məhz Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunsa da, şikayət qərarın qismən ləğvinə əsas verir. Belə ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olsa da, məhkəmə tərəfindən prosessual hüquq normaları pozulduğundan, qərar müzakirə edilən qayda və hissədə ləğv edilməli, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət qismən təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6007/2020 nömrəli iş üzrə 30 noyabr 2020-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə ləğv edilsin və həmin hissədə iddia mümkün sayılmasın. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1230/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1230/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver