Məhkəmə qərarları › İş №2-1(103)-1230/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1230/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1230/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı ““pensiya fərqinin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8017/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında) iddia (İPM.m 34.1 ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək olan müddət üçün pensiya fərqinin xx.xx.2018-ci il tarixədək DSMF-nin Səbail rayon şöbəsindən ikinci qrup əlilliyə görə aldığı əmək pesiyası ilə xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi ikinci qrup əlilliyə görə aldığı pensiya arasındakı fərqin hesablanaraq, ona ödənilməsi vəzifəsinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət dövrü aldığı yaralanma (travma) nəticəsində sağlamlığını itirmiş və ona xx.xx.1994-cü il tarixindən 2ci dərəcəli ömürlük əlillik qrupu təyin edilmişdir. O, xx.xx.1994-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək DSMF-nın Səbail rayon şöbəsindən əmək pensiyası almışdır. xx.xx.2018-ci il tarixindən isə ona 2-ci dərəcəli əlilliyə görə AR Müdafiə Nazirliyinin xətti ilə hərbi qulluqçu kimi pensiya təmin olunmuş, DSMF-nın Səbail rayon şöbəsi tərəfindən ödənilən pensiya isə dayandırılmışdır. Bu zaman DSMF-nın Səbail rayon şöbəsindən aldığı pensiya ilə ona hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında üç illik fərqin (xx.xx.2015-xx.xx.2018) cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi qərara alınmışdır. Hesab edir ki, ona təkcə axırıncı üç ilinki yox, xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək olan müddət üçün pensiya fərqi hesablanaraq ödənilməlidir. xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək olan müddət üçün pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi xahişi ilə o, xx.xx.2022-ci il tarixində ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciəti nəticəsiz qalmışdır. AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona cavab verilmişdir ki, əmək pensiyanız üzrə keçmiş üç il üçün hesablanmış 4459,68 manat fərq məbləği 2019-cu ilin sentyabr ayından etibarən “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən olan dövrdəki ayların sayına bölünməklə hissə-hissə (hər ay 123.88 manat) pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Hesab edir ki, onun əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ xx.xx.2006-cı il tarixindən yaranmışdır. “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunması hüququ nəzərdə tutulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 37.7-ci maddəsində göstərilmişdir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Etirazın əsaslarına görə iddiaçı 22 iyul 2019-cu il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin 15 avqust 2019-cu il tarixli **********3 nömrəli məktubunda əmək pensiyasının 31 avqust 2019- cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 27 may 2019-cu il tarixli MN-12021 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə pensiya təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8017/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddaçı İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassızdır. “Belə ki, iddiaçı 22 iyul 2019-cu il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin 15 avqust 2019-cu il tarixli **********3 nömrəli məktubunda əmək pensiyasının 31 avqust 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 27 may 2019-cu il tarixli MN-12021 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə pensiya təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 4459,68 manat fərq məbləği 2019-cu ilin sentyabr ayından etibarən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövrdəki ayların sayına bölünməklə hissəhissə (hər ay 123.88 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-47,28 manat maddi yardım ödənilir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçınun nümayəndəsi vəkil M.Məhəmmədov onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə olnmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhər Yasamal rayon həkim-əmək ekspert komissiyasının: VTEK-9 seriyalı, 091566 nömrəli, 1 nömrəli zonanın 495281 nömrəli arayışlarına əsasən müəyyən olnur ki, iddiaçıya xx.xx.1995-ci il tarixdə “Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” səbəbi ilə müayinə nəticəsində ikinci qrup əlillik müəyyən edilmişdir. Eyni zamanda, AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən müəyyyən olunur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2002-ci il tarixdə qiymətləndirilmiş və “keçirilmiş kəlləbeyin travması nəticəsi, baş beynin travmatik xəstəliyi qabarıq astenonevrotik sindrom; əmək zəmanəti: əməyə qadir deyil” diaqnozu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının işə əlavə olunmuş pensiya uçot vərəqindən görünür ki, 1995ci ildə əlillik dərəcəsi təyin edildikdən sonra, əlillik pensiyası da təyin olunmuş, o cümlədən, 2006-cı il tarixdən onun pensiyasının uçotu aparılmışdır. Eyni zamanda, iddiaçının pensiya işinə dair sənədlərin surətlərindən görünür ki, iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması barədə müraciəti əsasında ona həbi qulluqçu kimi əlillik pensiyası təyin olunmuşdur. Belə ki, Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli MN-12021 nömrəli məlumat vərəqinə əsasən MAHHX əsgəri kimi xx.xx.1992-ci il tarixdə “Hərbi xidmət haqqında” Qanunun18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən tərxis olunmuş iddiaçının təqvimi xidmət illəri 02 il 03 ay 04 gün, vəzifə maaşı 325,00 manat, rütbə maaşı 80,00 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, cəmi pul təminatı 469 manat təşkil etmiş və həmin məlumat vərəqi əsasında ona AR ƏƏSMN-nin DSMF-nin xx.xx.2019cu il tarixli **********9 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası müdafiəsi səbəbilə müddətsiz 80 faiz, İİ qrup əlilliyə görə 375,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin təyinatın nəticələrindən narazı qalan iddiaçı xx.xx.2019-cu il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizəilə daha sonra, xx.xx.2022-ci il tarixdə 2-ci bir ərizəsi ilə müraciət edərək pensiyasının hesablanmasında yaranmış fərqin hesablanıb xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün ona birdəfəlik ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh isə iddiaçının qeyd olunan müraciətinə ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda imtina edərək bildirmişdir ki, Mərkəzi Filialın sorğusuna əsasən Fondun Səbail rayon şöbəsinin 15 avqust 2019-cu il tarixli **********3 nömrəli məktubunda onun əmək pensiyasının 31 avqust 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Müdafiə Nazirliyi tərəfindən Filiala təqdim olunmuş 27 may 2019-cu il tarixli MN-12021 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanununun 20.16.1-ci maddəsinə əsasən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə pensiya təyin edilmiş, eyni zamanda, keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə müvafiq olaraq onun əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 4459,68 manat fərq məbləği 2019-cu ilin sentyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövrdəki ayların sayına bölünməklə hissə-hissə (hər ay 123,88 manat) pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Konkret halda, iddiaçı tərəfindən mübahisələndirilir ki, ona xx.xx.2006xx.xx.2015-ci il tarixinədək olan müddət üçün hərbi qulluqçu kimi ikinci qrup əlilliyi üzrə almalı olduğu pensiya ilə faktiki almış olduğu pensiya fərqi ona ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılar görə iddiaçı həmin tələbində haqlıdır. Birincisi ona görə ki, iddiaçıya əlillik pensiyası təyin edildikdən sonra, 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 32.2-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, əlilliyə görə mək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq iccra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün təyin edilir İkincisi, hərbi qulluqçu olması baxımından, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə əsasən keçmiş müddət üçün pensiyaların ödənməsi pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Üçüncüsü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunumunun “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki “Əmək pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir”. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenunumun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.” Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, 1995-ci il tarixdən əlillik statusu olan iddiaçının, həmin tarixdən hərbi qulluqçu kimi əlillik pensiyası almaq hüququ yarandığı halda, ona“Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvədə olan 32.1-1-ci maddəsinin redaksiyası deyil, bunda əvvəl qüvvədə olmuş qeyd olunan qanunvericiliyin tələbləri qaydasında təyin edilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçıya təyin edilmiş hərbi qulluqçu kimi əlillik pensiyasının son üç üçü ilə görə 2016-cı ildən hesablanmasının əsaslı olduğunu vurğulayn dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhz, qeyd olnanlar nəzərə alınmaqla, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə xx.xx.2019-cu il tarixdən təyin edilmiş hərbi qulluqçu kimi pensiya məbləği arasındakı fərqin ödənilməsindən cavabdehin imtinası qanunazidd olduğun və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olduğunu qeyd edərək hesab etmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8017/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8017/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar