Məhkəmə qərarları › İş №2-1(103)-1230/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1230/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1230/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən iddia tələbinin “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi hissəsində ləğv edilməsi, 23 saylı Şəhər Poliklinikasının göndərişi əsasında iddiaçıya 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıya 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlillik xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş, lakin növbəti göndərişlə xəstəliklər təsdiqlənsə də, cavabdeh əlilliyin təyinindən imtina etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 23 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə, anoloji məhkəmə təcrübəsi olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-912/2022 nömrəli qərarına əsasən hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi Əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, norma ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - Elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1 il müddətinə “Sağ qasıq nahiyyəsinin qarın boşluğun kəsilmiş deşilmiş yaralanmasının S vari bağırsağın zədələnməsinə görə c/ə s/v” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə “Sol a/ə posttravmatik xəs.Xr. venoz çatmamazlıq İİİ dər.Sağ qasıq nahiyyəsinin qarın boşluğun kəsilmiş deşilmiş yaralanmasının S vari bağırsağın zədələnməsinə görə c/ə s/v” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixədək 1 il müddətinə “Qarın divarının açıq yarası. Sol qasıq nahiyyəsində qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralanma. “S” varı bağırsağın və xarıcı qalça venasının zədələnməsinə görə aparılmış laparatomiya, siqmastomanın çıxarılması, xarici qalça venasının bağlanması, əməliyyatdan sonrakı vəziyyət. (xx.xx.1999) (Xroniki) (periferik) venoz çatmamazlıq, İİİ (üçüncü) dərəcəli vena çatmamazlığı. Dəqiqləşdirilməmiş peritonit. Əməliyyatdan sonra yayılmış peritonitlə fəsadlaşmaya görə relaparotomiya. Qarın boşluğunun sonasiyası və drenə edilməsi” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. -Elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə “Qarın divarının açıq yarası. Sol qasıq nahiyyəsində qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralanma. “S” varı bağırsağın və xarıcı qalça venasının zədələnməsinə görə aparılmış laparatomiya, siqmastomanın çıxarılması, xarici qalça venasının bağlanması, əməliyyatdan sonraki vəziyyət. (xx.xx.1999) (Xroniki) (periferik) venoz çatmamazlıq, İİİ (üçüncü) dərəcəli vena çatmamazlığı. Dəqiqləşdirilməmiş peritonit. Əməliyyatdan sonra yayılmış peritonitlə fəsadlaşmaya görə relaparotomiya. Qarın boşluğunun sonasiyası və drenə edilməsi” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. -Elektron çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli müayinə əsasında iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunmuşdur. -xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərar əsasında iddiaçıya diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə əlilliyin təyin olunmasından imtina olunmuşdur. -Ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik dərəcəsi təyin edilərkən onda müəyyən edilmiş diaqnoz “Qarın divarının ağıq yarası, sol qasıq nahiyəsində qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralanma, “S”-vari bağırsağın və xarici qalça venasının zədələnməsinə görə aparılmış laporatomiya, siqmastomanın çıxarılması, xarici qalça venasının bağlanması əməliyyatından sonrakı vəziyyət (xx.xx.1999) (xroniki) (periferik) venoz çatmamazlıq, İİİ (üçüncü) dərəcəli vena çatmamazlığı, dəqiqləşdirilməmiş peritonit, əməliyyatdan sonra yayılmış peritonitlə fəsadlaşmaya görə relaporatomiya, qarın boşluğunun sanasiyası və drenə edilməsi (Z02.7; Z98.8; İ87.0;İ83.3; İ87.2; R52.2; K56.0)” hazırda da müşahidə olunur. Ümumiyyətlə həmin xəstəliklər tam reabilitasiya olunmurlar, hazırda da xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdiyi təqdirdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator və ya stasionar müalicəyə cəlb oluna bilər. -23 fevral 2022-ci il tarixli Bakı 23 nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu: Z02.7 – Sol qasıq nahiyyəsində qarın boşluğuna nüfuz edən deşilmiş kəsilmiş yaralanma “S” vari bağırsağın və xaric qalça venasının tam zədələnməsinə görə aparılmış laparatomiya. Siqmastomanın çıxarılması xarici qalça venasının bağlanması əməliyyatında (1999) sonraki vəziyyət. Peritonitə görə relaparatomiyadan sonrakı vəziyyət. Siqmastomanın bağlanmasından sonrakı vəziyyət. Aşağı ətrafların xroniki venoz çatmamazlığı İV-dərəcə. Sol aşağı ətrafın trofiki xorası və atrofiyası. Daimi ağrı sindromu ilə; Ağırlaşmalar: K85.8 – Digər kəskin pankreatitlər. Xroniki pankreatin kəskinləşməsi; D50.8 – Digər dəmir defisitli anemiyalar. Anemiya; İ87.0 – Postrombotik sindrom. Xarici qalça venasının zədələnməsinə görə aparılmış laparatomiya qalça venasının bağlanması əməliyyatı (1999); İ83.0 – Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi. Sol aşağı ətrafın trofiki xorası və atrofiyası; Z96.8 – Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sol qasıq nahiyyəsində qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralanma “S” vari bağırsağın və xaric qalça venasının tam zədələnməsinə görə aparılmış laparatomiya. Siqmastomanın çıxarılması xarici qalça venasının bağlanması əməliyyatında (1999) sonraki vəziyyət. Peritonitə görə relaparatomiyadan sonraki vəziyyət. Siqmastomanın bağlanmasından sonraki vəziyyət. Aşağı ətrafların xroniki venoz çatmamazlığı İV-dərəcə. Sol aşağı ətrafın trofiki xorası və atrofiyası. Bitişmə xəstəliyi; İ87.2 – (Xroniki) (Perifirik) venoz çatmamazlıq. Sol aşağı ətrafın xroniki venoz çatmamazlığı İV-dərəcə; R52.2 – Digər daimi ağrı. Daimi ağrı sindrom ilə; K58.0 – Parallitik. Bitişmə xəstəliyi. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, ekspert rəyindən də göründüyü kimi göndərişdə olan əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə ikinci dərəcəli əlilliyin təyininə əsas verən xəstəliklər sırasında (XBT-10 kodu əsasında) müəyyən olunmuşdur. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə (2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20- K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80- İ80.3, İ83.0-İ83.9))) həmin xəstəliklər ikinci dərəcə əlilliyin təyini üçün əsas verən xəstəlik hesab edilmişdir. Cavabdeh isə, istər həmin xəstəliklərin əlillik təyinatı üçün əsas olduğunu, eləcə də iddiaçının əlilliyinin təyinatına əsas olan məhz həmin xəstəliklərin hal-hazırda da iddiaçıda davam etdiyini nəzərə almamış, ona əlilliyin təyinatından əsassız imtina etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə əsas diaqnoz kimi Z02.7 diaqnozu birbaşa öz əksini tapmasaydı belə, ən azından onun ağırlaşması kimi K85.8, İ83.0 diaqnozunda olan xəstəliklər Əsasnamədə öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, forma 88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə ekspert rəyində də öz əksini tapmışdır. Bu hal isə xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir. Həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2016-ci il tarixdən əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. 2016-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmənin qərarı ilə razılaşmayaraq onu mübahisələndirir ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən xəstəlikdən əziyyət çəkdiyi qeyd edilməsi səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir. Belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması istiqamətində hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qiymətləndirmə qanunvericiliyə uyğun aparılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş) 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ikinci dərəcəli əlilliyin təyini xx.xx.2021-ci il tarixdən həyata keçirilməlidir. Çünki İddiaçı “Qarın divarının açıq yarısı. Sol qasıq nahiyyəsində qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralanma. “S” varı bağırsağın və xarıcı qalça venasının zədələnməsinə görə aparılmış laparatomiya, siqmastomanın çıxarılması, xarici qalça venasının bağlanması, əməliyyatdan sonraki vəziyyət. (xx.xx.1999) (Xroniki) (periferik) venoz çatmamazlıq, İİİ (üçüncü) dərəcəli vena çatmamazlığı. Dəqiqləşdirilməmiş peritonit. Əməliyyatdan sonra yayılmış peritonitlə fəsadlaşmaya görə relaparotomiya. Qarın boşluğunun sonasiyası və drenə edilməsi” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilərkən əlillik müddətinin məhz xx.xx.2021-ci il tarixədək davam etdiyi göstərilmişdir. Bu səbəbdən də ikinci dərəcəli əlillik məhz xx.xx.2021-ci il tarixdən təyin edilməlidir. İddiaçıya əlillik təyin olunduğundan, cavabdehin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı iddiaçıya aid olan hissədə ləğv edilməlidir. İşin hallarına əsasən müəyyən edilir ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2. qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9513/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9513/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar